Ekspress. - 2017.- 15-17 iyul. - ¹ 124. - S. 10.

 

Ahılların sosial müdafiəsi

 

Murad Məmmədli

 

Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim diqqətindədir. Həyata keçirilən uğurlu siyasət də məhz ölkə vətəndaşlarının rifahı üçündür. Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti ümummilli lider Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb.

Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu siyasət Azərbaycan prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə qəbul edilmiş Dövlət Proqramına və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Prezident dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə vurğulayıb.

Bu gün Azərbaycan ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin həyata keçirildiyi, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması üçün məqsədyönlü işlərin aparıldığı, ahıllara hörmət və ehtiramla yanaşılan ölkələrdən biridir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, təsdiq etdiyi müvafiq dövlət proqramlarıına, digər sənədlərə əsasən ölkəmizdə ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycanda ahıl vətəndaşlara dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin, habelə pensiya təminatının gücləndirilməsi sahəsində ardıcıl addımlar atılır. Belə addımlardan biri də bu ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) aparılan əsaslı təmir və geniş yenidənqurma işləridir. Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırığı əsasında pansionatın əsas binasında təmir işləri nəticəsində yaşayış şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmaqla, bütün kommunal sistemlərin yenilənməsi, müəssisənin 7 hektardan ibarət ərazisinin abadlaşdırılması təmin olunmaqla yanaşı, müəssisə üçün müasir tələblərə cavab verən beşmərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq ahılların istifadəsinə verilib.

Yeni korpusda yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın pansionatda yaşayan ahıllarla görüşü həmin insanların sonsuz fərəhinə səbəb olmaqla, onların yaddaşında əlamətdar hadisə kimi qalıb. Ahıllarla görüşdə dövlət başçısı Azərbaycan cəmiyyətində bütün dövrlərdə ağsaqqallara, ağbirçəklərə böyük hörmət olduğunu və dövlətimiz tərəfindən bu ənənələrin yaşadıldığını vurğulayıb: “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir. Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var, gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə. Burada isə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcəkdir. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır”.

Pansionatda tənha ahıllar üçün qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlar əsasında yaşayış şəraiti mövcuddur (azerbaijan-news.az). Ahılların keyfiyyətli tibbi-sosial xidmətlə təmin olunmaları, onların asudə vaxtlarını mənalı keçirmələri üçün lazımi şərait yaradılıb. Burada kitabxana və idman zalları, ahılların özünüməşğulluğu, müəyyən əl işləri hazırlamaları üçün emalatxanalar sakinlərin istifadəsindədir. Burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur.

“Ahıllara sosial xidmət haqqında” qanun ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən biri olan sosial xidmət sahəsində yaranan münasibətləri tənzimləyir, onlar üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edir. Ahıllara sosial xidmət - ahılların sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara mülkiyyət növündən və təşkilati-hüququ formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət olan fəaliyyətdir. Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Ahıllara sosial xidmət (bundan sonra sosial xidmət) göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

Ahıllar müvafiq icra hakimiyyəti orqanı, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən həyata keçirilən sosial xidmətlərdən istifadə edə bilərlər.

Qanunda göstərilir ki, sosial xidmət müvafiq icra hakimiyyəti orqanı və ya dövlət sosial xidmət müəssisəsi tərəfindən ahılların razılığı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Bələdiyyə və ya özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sosial xidmət onlarla ahıllar arasından bağlanmış müqavilə əsasında göstərilir.

Sosial xidmət sahəsində ahıllar aşağıdakı hüquqlara malikdirlər: müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sosial xidmət müəssisəsini və sosial xidmət növünü seçmək; sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq; sosial xidmət müəssisələrinin işçiləri tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənilməsini tələb etmək; daxili qaydalar pozulmamaq şərtilə dini ayinlərin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq; sosial xidmət göstərilməsi qaydaları, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq; kütləvi informasiya vasitələri ilə təmin olunmaq; sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmətdən imtina etmək; sosial xidmət göstərilən zaman şəxsi xarakterli məlumatların məxfi saxlanılmasını tələb etmək.

Azərbaycan Respublikasında son illər vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin, o cümlədən ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülüb. Həyata keçirilən tədbirlərin əhəmiyyətini, ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi, ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması əmək bazarının formalaşmasında, həmçinin, sosial təminat sisteminin səmərəli işləməsində bir sıra çətinliklərə gətirib çıxarır.

Keçid dövrünün sosial-iqtisadi problemləri ilə bağlı kənd yerlərindən şəhərlərə və ölkədən kənara miqrasiya da respublikada əhalinin qocalma prosesinə böyük təsir göstərib. Təsadüfi deyil ki, kəndlərdə ahılların və xüsusilə də ahıl qadınların xüsusi çəkisi artıb.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyonadək insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bu kontingent arasında ən çətin vəziyyətdə olan məhz ahıl şəxslərdir.

Bunları nəzərə alaraq və eyni zamanda, BMT-nin Baş Məclisinin əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planından (Madrid, 12 aprel 2002-ci il) irəli gələn vəzifələrə əsaslanaraq, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanıb.

Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

- ahıl vətəndaşların sosial təminatı sahəsində hüquqlarının artırılması və onların həyata keçirilməsi;

- ahıl vətəndaşların cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi;

- ahıl vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;

- ahıl vətəndaşların sağlamlığının qorunması;

- qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlığının təmin edilməsi;

- ahıl vətəndaşların sosial müdafiəsinin təminatının elmi əsaslarının möhkəmləndirilməsi.

Dövlət Proqramı ölkənin mövcud iqtisadi, sosial və demoqrafik proseslərinin inkişaf xüsusiyyətlərini nəzərə alaraq, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirləri müəyyən edir.

Sonda onu da qeyd edək ki, hazırda Azərbaycanda 451 min nəfər ahıl şəxs yaşayır. Azərbaycanda əhalinin çox az hissəsini - 4,6 faizini ahıllar təşkil edir. Ölkədə 244 nəfər ahıl dövlət təminatında yaşayır. 12 min nəfərdən çox ahıla evlərində sosial xidmət göstərilir.