Bakı Xəbər.-2017.-14 iyul.-№123.-S.13.

 

Tarixdə iz buraxanlar: Yusif Əbu Cac

 

Azərbaycanın dövlətçilik ənənələrinin gücləndirilməsi, Azərbaycan torpaqlarının ilk dəfə olaraq vahid milli dövlətin tərkibində birləşdirilməsi türk əsilli hökmdar Yusif Əbu Sac oğlunun adı ilə bağlıdır.

 

Fazil QARAOĞLU,

professor

 

Yusif Əbu Sac Azərbaycanın müstəqil dövlətçilik tarixində parlaq iz qoyan tarixi şəxsiyyətlərdən biridir. Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanın cənub torpaqlarında yaranan Sacilər dövlətinin gücləndirilməsində onun böyük rolu olub. Sacilər dövlətinin əsasını 879-cu ildə Əbu Sac Divdad qoyub. Paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil olan bu dövlət bütün Azərbaycan torpaqlarını birləşdirən ilk dövlətimizdir.

Mənbələrin məlumatına görə, Sacilər sülaləsinin banisi Əbu Sac Divdad xilafət ordusunda xidmət edən məşhur türk sərkərdələrindən biridir. Dəfələrlə ərəb qoşunlarının ən mürəkkəb hərbi əməliyyatlarına başçılıq edən Əbu Sac Xilafətdə şöhrət və nüfuz qazanmışdı. Dövlət qarşısındakı xidmətlərinə görə Xilafətin ən zəngin və böyük əyalətlərindən sayılan Azərbaycan mülk olaraq Sacilərə verilmişdi. Sərkərdəlik məharətilə yanaşı, dövlət idarəçiliyini də mükəmməl mənimsəyən digər türk sərkərdələri kimi, Əbu Sac Divdad da bu sahədə nümunə göstərib. O, möhkəm qayda-qanun, ədalətli idarə sistemi yaratmışdı. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə 120 min dinar xərac göndərir, xəlifə sarayında etibar və nüfuzlarını qoruyub saxlayırdılar. Əbu Sac Divdadın oğlanları Məhəmməd Əbu Sac və Yusif Əbu Sac da Xilafətin görkəmli sərkərdələri kimi tanınırdılar.     

879-cu ildən 941-ci ilə qədər hakimiyyətdə olan Sacilərin dövründə Azərbaycanın cənub torpaqları müstəqil dövlətə çevrilib. Xilafət zəiflədikcə, ayrı-ayrı əyalətlər onun tabeliyindən çıxdıqca Sacilər də öz müstəqilliyini genişləndirib, Azərbaycanda müstəqil dövlətçilik ənənəsinin bərpası istiqamətində fəaliyyət göstəriblər.

Divdadın vəfatından sonra Sacilər dövlətində hakimiyyətə yiyələnmək uğrunda sülalədaxili mübarizə başlayıb. Əmirlər Divdadın oğlu Məhəmmədi hakimiyyətə gətiriblər. Bu isə Yusifin və onun tərəfdarlarının kəskin narazılığı ilə qarşılanıb. Çünki Yusif Məhəmməddən daha bacarıqlı və təcrübəli olub, həm də hakimiyyət o dövrün qaydalarına əsasən Yusifə çatmalı idi, çünki hələ Divdadın sağlığında o, vəliəhd elan olunmuşdu.

Hərbi işi yaxşı bilən Yusif bir dəstə ilə kifayət qədər güclü olan Məhəmmədi 901-ci ildə məğlubiyyətə uğradıb. O, alicənablıq göstərərək Məhəmmədi bağışlayıb və onunla qalıb dövlət idarəçiliyində iştirak etməsini təklif edib. Fəqət Məhəmməd bu təkliflə razılaşmayaraq Bağdada gedib. Beləliklə, Yusif Sacilər dövlətinin başına keçib.

Yusif Əbu Sac Sacilər sülaləsi hökmdarları arasında ən görkəmlisi olub və dövlətə uzun müddət - 901-927- illərdə rəhbərlik edib. Yusifin həyatı sülalənin başqa hökmdarlarına nisbətən daha maraqlı və keşməkeşli olub.

Yusif Əbu Sac uzaqgörən bir hökmdar kimi yaxşı başa düşürdü ki, bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmədən güclənməkdə olan Bizans təcavüzünün qarşısını almaq mümkün olmayacaq. O, əvvəlcə Bağdad Xilafəti ilə münasibətlərdə ehtiyatlı mövqe tuturdu. Şübhəsiz ki, Azərbaycan kimi strateji əhəmiyyətli bir ərazidə yeni müstəqil dövlətin, həm də türk mənşəli sülalə tərəfindən idarə olunan bir dövlətin yaranması Xilafətin mənafeyinə zidd idi.

Yusif Əbu Sac 912-ci ildə Xilafət sarayına xərac göndərilməsini dayandırmaq qərarına gəlir. Azərbaycanın dövlətçilik ənənələrinə sadiq qalan Yusif sarayda Məşvərət Məclisi yaratmışdı. Ən mühüm məsələlər bu Məclisdə müzakirə olunurdu. Bir dəfə Məclisin yığıncağında Yusif belə deyib: "Mən bu qərara gəlmişəm ki, Xilafət sarayına xərac göndərilməsini tamamilə dayandırım. Ərəb xəlifələri biz türklərdən həmişə fayda götürsələr də, əvəzində onlardan çox ziyanlar görmüşük. Azərbaycan dövlətçiliyini ləğv edən, Babək kimi yenilməz bir türk oğlunu bizim nəsildən olan Afşinin əli ilə aradan götürən bir dövlətdən bundan artıq nə gözləmək olardı? Elə Afşinin taleyini də xatırlamalıyıq. Xəlifə onun bu xidmətini necə qiymətləndirdi? O, acından və susuzluqdan zindanda əzabla məhv edildi. Xəlifə Afşinlə niyə belə amansız rəftar edib? Mən ərəb tarixçilərinin əsərlərini oxumuşam. Onlar yekdilliklə təsdiq edirlər ki, əslində Afşin Babəklə həmfikir olub, türklərin müstəqil dövlətçiliyini bərpa etmək istəyib. Fəqət xristian feodalı Səhl ibn Sumbata inanan Babək Afşinə inanmayıb. İndi məqam yetişib. Biz onların bu arzusunu yerinə yetirməliyik!"

Yusif Əbu Sacın bu sözləri alqışlarla qarşılanıb. Xilafət sarayına vergilərin göndərilməsinin dayandırılması qərara alınıb. Bu qərar artıq müstəqillikdən xəbər verirdi. Bundan sonra Yusifin əmri ilə üzərində onun adı yazılan pullar kəsilir. Toplanan xərac dövlətin xəzinəsinə daxil edilərək ölkənin iqtisadi inkişafına yönəldilir.

Bundan qəzəblənən xəlifə özünün ən görkəmli sərkərdələrindən olan Xaqan əl-Müflinin başçılığı ilə 917-ci ildə Azərbaycana güclü qoşun göndərir. Yusif qüvvələrin qeyri-bərabərliyini düzgün qiymətləndirərək xəlifə ilə danışıqlar aparır və onlar arasında ildə 120 min dinar məbləğində xərac vermək şərtilə razılaşma əldə olunur. Xəlifə qoşuna geri qayıtmaq əmri verir.

Yusif Əbu Sac yaranan əlverişli şəraitdən istifadə edərək getdikcə güclənir, müstəqilliyini artırır. Sacilər dövlətinin ərazisini genişləndirmək və dövlətin qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Yusif Əbu Sac Kaxetiyanı ələ keçirir. Məqsədi bütün tarixi Azərbaycan torpaqlarını birləşdirmək olan Yusif buna da nail olur. Məzyədi sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətini özünə tabe edir. Sacilər dövləti Zəncandan Dərbəndə qədər olmaqla bütün Azərbaycan torpaqlarını özünə birləşdirir. Dövlətin şərq sərhədləri Xəzər sahilindən başlayır, qərb sərhədləri İrəvan yaxınlığındakı bəzi yaşayış məntəqələrini əhatə edirdi. Azərbaycan torpaqlarının ilk dəfə vahid və milli dövlətdə birləşdirilməsi bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, etnik fərqlərin aradan qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşmasına müsbət təsir göstərir. Mənbələrin məlumatlarından aydın olur ki, Yusifin dövründə Sacilər dövləti, Cənubi Qafqazla yanaşı, Şərqdə güclü hərbi-siyasi amilə çevrilib.

Yusif Əbu Sacın mövqeyi möhkəmləndikcə xəlifə ilə bağladığı razılaşmanın şərtlərini də tez-tez pozmağa başlayır. Onun fəaliyyətini diqqətlə izləyən Xilafət sarayı narahatlıq keçirirdi. Ərəb xəlifəsi Müqtədir yaxın ətrafını məsləhət üçün toplayır. Qərara alınır ki, xəlifə Mötəsimin üsulundan istifadə edilsin. Saci soyuna mənsub türk əsilli sərkərdə Munis Azərbaycana göndərilən qoşuna başçı təyin edilsin. 919-cu ildə Munisin başçılıq etdiyi ərəb ordusu ilk döyüşlərdə Yusifin seçmə ordusu tərəfindən məğlub edilərək Zəncana doğru çəkilir. Tezliklə Bağdaddan kömək alan Munis Ərdəbil yaxınlığında Sacilərlə yeni döyüşlərə başlayır. Döyüşlərin birində yaralanan Yusif əsir düşərək Bağdada aparılır.

Yusifin vüqarlı cəngavər olması, alicənablıq, həssaslıq və inadkarlıq kimi keyfiyyətləri Xilafət sarayında ona dostlar və müttəfiqlər qazandırır. Onlardan biri də sərkərdə Munis idi. Məhz Munisin təkidilə xəlifə Yusifi həbsdən azad edir. Mənbələr göstərir ki, xəlifə bununla kifayətlənməyib, onu sarayda qəbul edərək şərəfinə təntənəli ziyafət verib, qiymətli hədiyyələrlə mükafatlandırıb. Sonra isə xüsusi fərman verərək onu yenidən Azərbaycanın, Rey, Qəzvin, Əbhər və Zəncan vilayətlərinin hakimi təyin edib. Müqtədir bu vilayətlərdən vergi toplanmasını, dövlət və ictimai malikanələrin idarəçiliyini Yusifə tapşırıb. Əvəzində isə o, topladığı xəracdan Xilafət xəzinəsinə ildə 500 min dinar məbləğində xərac göndərməli idi. Bundan əlavə, bu vilayətdə saxlanılan ordunun xərcini, habelə təsdiq edilmiş digər mühüm xərcləri də ödəməli idi. 922-ci ildə yenidən hakimiyyətə qayıdan Yusif dövlətçilik işləri ilə daha yaxından məşğul olur, öz müstəqilliyini daha da möhkəmləndirir.

Yusif Əbu Sacın həyatı faciə ilə sona çatıb. Bunun səbəblərini o dövrün salnaməçi-tarixçiləri müxtəlif faktlarla izah edirlər. Belə ki, Yusifin hərbi istedadına yaxşı bələd olan xəlifə onu qərmətilərlə müharibəyə göndərir. Bəs, Xilafətdən demək olar ki, asılı olmayan Yusifin xəlifənin bu göstərişini əməl etməsi nə ilə bağlı idi? Əlbəttə, bunun müəyyən səbəbləri var idi. Çox güman ki, Yusif qərmətilər üzərində qələbədən sonra hökmən Bağdad üzərinə hücum edə bilərdi. Ona görə də onun qoşunla Bağdada yaxınlaşması sarayda ciddi təşviş doğurmuşdu. Yusifin həyatının son günləri İbn Miskəveyh tərəfindən belə təsvir edilir: "927-ci il dekabr ayının 27-də Kufə şəhərinin qapıları qarşısında Yusifin qoşunları ilə qərməti hökmdarı Əbu Tahir qoşunları arasında döyüş baş verdi. Yusif döyüşün əvvəllərində qərmətilərin gücünə əhəmiyyət vermədi. Döyüş səhərdən başlayaraq axşama qədər davam etdi. Yusifin qoşunları bütün günü ox atışması ilə qərmətilərə çox tələfat versə də, axşama yaxın Yusif yaralandı və əsir alındı."

Yusif saxlandığı çadırdan çıxıb kədərlə döyüşün gedişinə tamaşa edirdi. Keçdiyi çətin yola nəzər salır, şərəfli işlərini, buraxdığı səhvləri xəyalında canlandırırdı. Xəlifənin bu hiyləsinə aldandığı üçün özünü məzəmmətləyirdi. O başa düşmüşdü ki, bu faciədə xəlifənin əli var. Yəni xəlifə qərmətilərin əli ilə onu aradan götürmək istəmiş və məqsədinə nail olmuşdu. Yusifə bircə şey təskinlik verirdi: Azərbaycan torpaqlarının bütövlüyünü qoruyub saxlamağa nail olmuş, "qara donlu kafirlər"in məkrli planlarını puça çıxarmışdı. Lakin Yusifin hərəkətlərini diqqətlə izləyən qərməti hakimi Əbu Səid qaçmaq istədiyini bəhanə edərək onu namərdcəsinə edam etdirir.

Saci hökmdarları arasında Yusif Əbu Sacın özünəməxsus yeri və rolu var. Öz igidliyi, cəsurluğu, ağıllı və uzaqgörən siyasəti ilə fərqlənən bu hökmdar haqqında dövrünün tarixçiləri çox geniş məlumatlar verir, onun yüksək qabiliyyətindən söz açırlar. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov yazırdı: Yusif İbn Əbu Sac Sacilər sülaləsinin ən görkəmli nümayəndəsidir. Onun hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları bir hakimiyyət altında birləşdirilmişdi..."

Yusif Əbu Sac dövlətin sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirmiş, səddin içərisində uçulub dağılmış hissəni yenidən qurdurmuşdu. Bərdə, Marağa, Ərdəbil şəhərlərində üzərində "Saci hökmdarı Yusif" yazılmış pulların kəsilməsi də o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir.

Yusif Əbu Sac dövrünün görkəmli dövlət xadimi və istedadlı sərkərdəsi olmaqla yanaşı, həm də yaxşı təhsil görmüş, savadlı bir hökmdar idi. Xilafətin zindanında olduğu zaman yazdığı şeirlərindən bəzi parçalar qalır. Yusif bu beytlərdə ölümdən qorxmadığını göstərir. O, həm də öz taleyindən şikayətlənir, dəfələrlə yaxşılıq etdiyi adamların ona pis əməllərlə cavab verdiklərindən söhbət açır.

Yusifin vəfatından sonra Sacilər dövlətinin əvvəlki qüdrətini qoruyub saxlamaq mümkün olmayıb. 941-ci ildə bu dövlət digər bir Azərbaycan dövləti olan Rəvvadilər dövləti ilə əvəzlənib.

Bu gün biz təxminən min il bundan əvvəl yaşamış, öz coşğun fəaliyyəti ilə dövlətçilik tariximizdə silinməz izlər qoymuş bir dövlət adamımız haqqında az da olsa bəhs etdik. Gələcək nəsillər üçün nümunə ola biləcək belə şəxslərin həyat və fəaliyyətinin tədqiqi və öyrənilməsi davam etdirilməlidir.

Allah rəhmət eləsin.