Bakı Xəbər.-2017.-12 iyul.-№121.-S.13.

 

Tarixdə iz buraxanlar: Cavanşir

 

Fazil Qaraoğlu,

professor 

 

Yeddinci əsrin əvvəllərində Azərbaycanın şimalında Azərbaycan dövlətçiliyi yenidən bərpa olunub. Bu dövlət tarix ədəbiyyatında Albaniya - Girdiman dövləti adlanır. Bu dövlətin yerləşdiyi Girdiman ərazisi əvvəllər Qazax - Şəmkir bölgəsini əhatə edib. Sonralar Kür çayının sol sahilinə doğru irəliləyən Mehranilər öz hakimiyyətini, Göyçay çayı və Girdiman çayı hövzələri də daxil olmaqla, bütün Albaniyada yayıblar.

 

Bu ərazidə onlar Girdiman qalasını, Mehrəvan şəhərini və alban məbədlərini inşa ediblər. Mehranilər dövlətin paytaxtını Qəbələdən Bərdəyə köçürüblər. Bu dövlət özünün ən gözəl vaxtlarını Azərbaycanın görkəmli dövlət adamı, müdrik siyasətçi və diplomat, mahir sərkərdə Cavanşirin hakimiyyəti zamanında (642-681-ci illərdə) yaşayıb.

Bu zaman Ərəbistan yarımadasında yeni və qüdrətli dövlət olan Ərəb dövləti yaranmışdı. Bu dövlət işğallar yolu ilə ömrünün qürub çağlarını yaşayan Sasanilər imperiyasının varlığını təhlükə altına almışdı. Vəziyyəti belə görən Sasani hökmdarı III Yezdəgerd ərəblərə qarşı mübarizə aparmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən ordu tələb edib. O, Cavanşiri orduya başçı təyin edərək Sasanilərə köməyə göndərib.

Qum səhralarını tufan kimi keçib gələn 20 minlik ərəb ordusu Dəməşq yaxınlığında igid Azərbaycan sərkərdəsi ilə qarşılaşıb. Tarixçilərin verdiyi xəbərə əsasən, Cavanşir ərəb ordusunun iki sərkərdəsini amansız döyüşdə məhv edib, ərəb qüvvələrini Fərat çayı ətrafına səpələyib. Günəşin üzünü qaraldan amansız çarpışma başlandıqda, əsgərlərin arasında vuruşan fədakar Azərbaycan oğlu özünün heyrət doğuran vuruşu ilə hamını ruhlandırıb. Fəqət Azərbaycan döyüşçü dəstələri rəqibin getdikcə artan qüvvələri qarşısında tab gətirə bilməyib. Bu zaman 7 yerindən ağır yaralanan Cavanşir atı ilə Dəclə çayının lal sularına atılıb və digər sahilə çıxıb. Sasani şahı III Yezdəgerd Azərbaycan sərkərdəsinin bu misilsiz igidliyindən xəbər tutduqda onunla şəxsən görüşmək istəyib. İranın adlı-sanlı əyanları qarşısında III Yezdəgerd Cavanşiri sərkərdələrə layiq mükafatlandırıb. Ona bayraq, iki qızıl nizə, qızıl suyuna çəkilən iki qalxan bağışlayıb. Bu hörmətdən sonra Cavanşir daha da şöhrətlənib.

Bu zaman nanəcib Sasani zadəganları ərəblərin qabağından qaçaraq Albaniyaya soxulur. Onlar Cavanşirin vaxtilə onlara etdiyi yaxşılıqları unudaraq, namərdcəsinə onun torpaqlarında qətl və qarətlər törədir, Cavanşirin anasını, qardaşını və minlərlə dinc sakini əsir alıb aparırlar. Bu vaxt Girdiman qalasında olan Cavanşir həmin xəbəri eşidib ildırım sürətilə hücuma keçir. O, yol boyu qəlbində Sasanilərin namərdliyinə təəssüf hissi keçirərək: "Mən 7 il bu nanəciblərdən ötrü Dəclə və Fərat vadilərində ərəblərlə döyüşdüm. Bunlar isə öz vətənlərini qorumaq əvəzinə namərdcəsinə mənim ölkəmə soxulublar. Mənim əzizlərimi, sülhsevər dinc təbəələrimi əsir ediblər. Bu naxələfləri yaxşıca cəzalandırmaq lazımdır" - deyir. Yenilməz sərkərdə düşməni haqlayıb məğlubiyyətə uğradır və əsirləri xilas edir. Azərbaycan tarixçi-salnaməçisi Musa Kalankatlı "Alban tarixi" adlı əsərində belə yazır: "Mən doğrusunu deyirəm: O, balalarını itirmiş ayı kimi qəzəblənərək sürətlə öz doğma diyarının sərhədindən Kürün o tayına keçdi. Orada ehtiyatlı tərpənərək soyuqqanlılıqla döyüşə girdi. Qorxmaz bir döyüşçü kimi elə böyük igidliklər göstərdi ki, yağıların heç biri ölümdən yaxa qurtara bilmədi".

Cavanşirin dövlətçilik fəaliyyətində ölkənin daxili əmin-amanlığını təmin etməklə yanaşı, uğurlu xarici siyasət yeridərək Ərəb, Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya salması mühüm yer tutur. O, ölkədə dinc quruculuq işlərinə başlamaq üçün şərait yaradıb. Azərbaycan tarixçi-salnaməçisi Musa Kalankatlı yazırdı ki, "O, İberiya sərhədlərindən Hun keçidinə və Araz çayına qədər ərazilərə əsl şah kimi əzəmətlə hökmranlıq edib".

Cavanşirin mahir diplomat olması onun Ərəb, Bizans və Xəzər dövlətləri kimi güclü qonşularla yeritdiyi çevik və ardıcıl siyasətdə özünü göstərir. Tarixçi-salnaməçi onu belə mədh edir: "Uca Allahın hökmü ilə Cavanşir şöhrət və əzəmət üçün doğulmuşdu və Uca Tanrı bugünə qədər ona hər işdə şöhrət sahibi olmağı layiq bilmişdi."

664-665-ci illərdə ölkəyə soxulan xəzərlər Kür sahilinə qədər irəliləmişdilər. Mütəşəkkil Azərbaycan ordusu əks-hücuma keçərək xəzərləri Albaniyadan çıxara bilir. Bu barədə Azərbaycan tarixçi-salnaməçisi Musa Kalankatlı belə yazır: "O günü Cavanşir böyük qələbə qazandığı üçün onlara belə söylədi: "Gedin, Çola qapılarından (Dərbənd keçidinin adlarından biri) geri qayıdın və bir də buraya gəlməyin, çünki Uca Tanrı sizin gücünüzü heç etmişdir." Eyni zamanda gənc hökmdar başa düşürdü ki, xəzərlər kimi qüdrətli və döyüşkən bir qüvvə ilə dinc yanaşı yaşamaq faydalıdır, həm də onlar eyni kökə malikdirlər. Bu zaman Xəzər xaqanının elçiləri Bərdəyə gələrək Alban hökmdarını görüşə dəvət edir.

Xəzər xaqanı Kür çayının axarının şimal sahillərində ordugah qurmuşdu. Cavanşir Məşvərət Məclisini çağırır və əyanlara bu barədə məlumat verir. Uzun götür-qoydan sonra Məclis onunla görüşə getməyə qərar verir. Yol boyu gənc hökmdar bu görüşün məqsədini götür-qoy edir, xəyalında Xəzər xaqanı ilə aparacağı danışıqların planını cızır: "Xaqanın sülh təklifini mütləq qəbul etməliyəm. Deyirlər, onun çox ağıllı və gözəl bir qızı var. Bəlkə elə onunla evlənməyi də xaqana təklif edim. Tarixdə belə "nikah diplomatiyası" halları çox olub. Bu yolla xəzərlərin torpaqlarımıza basqınlarının qarşısını almaq olar".

Bir azdan atlılar Kürün sahilinə yetişir. O biri sahildə xəzər ordugahı aydın görünürdü. Xəzər xaqanı Girdiman hökmdarına hörmət əlaməti olaraq, böyük və bəzəkli bir qayığa minərək Kürün cənub sahilinə doğru üzür. Onun yanında bir minbaşı, bir katib, bir nəfər də şaman var idi. Qayıq sahilə çatan kimi Cavanşir atdan düşüb ona yanaşır. Hər iki hökmdar qayığın kənarında bir-birinə əl verdi və qucaqlaşır. Kürün hər iki sahilində üzbəüz dayanmış Azərbaycan və xəzər qoşunları bu görüşü alqışlarla qarşılayır.

Xaqan Cavaşiri qayığa dəvət edir. Albaniya ordusunun sərkərdəsi, salnaməçi-tarixçi Musa Kalankatlı və bir nəfər alban ruhanisi Cavanşiri müşayiət edirdi. Alban hökmdarının əzəmətli görünüşü, şahanə geyimi, silahı, parlaq nişanları Xəzər xaqanını və onu müşayiət edənləri heyrətdə qoymuşdu.

Cavanşır əvvəlcə xaqana nəfis və gözəl bir alban qılıncı bağışlayır. Xaqan isə əvəzində Cavanşirə böyük bir yay-ox verir. Sonra Cavanşir xəzər hökmdarını salamlayaraq deyir: "Ulu xaqan Alban torpağına xoş gəlib. Siz Sasani, Ərəb və Bizans qüvvələrini sarsıdan Albaniya - Girdiman dövlətinin torpağına çağırılmamış gəlib xalqın narahatlığına səbəb olmusunuz. Bu xalq öz şərəfini müdafiə etmək, qılınc vurmaq qüdrətinə malikdir. Fəqət, ulu xaqan, bizim xalqımızın iti qılıncı olduğu kimi, böyük qəlbi və dərin zəkası da var. Biz sizinlə qəlbimiz və ağlımızla rəftar etməyi qərara almışıq. Biz heç bir zaman Xəzər torpağına girməyi fikrimizə belə gətirməmişik. Biz sülhsevər və azad yaşamaq istəyən bir xalqıq. Ona görə bütün xalqların azadlığına da hörmət edirik. Doğrudur, Xaqanın bizim yurda gəlişinin səbəbini hələ anlaya bilməmişik, fəqət bizim aramızda düşmənçiliyə heç bir səbəbin olmamasına və bir dost kimi yaşaya biləcəyimizə inanıram. Xaqanın məni anlamasına və bir qardaş kimi ayrılmasına mən qəlbən şad olardım!"

Xəzər xaqanı Cavanşirin müdrik və mərd danışığı qarşısında heyran qalır. Salnaməçi yazır ki, Cavanşirlə xaqan hər ikisinin anladığı bir dildə, doğma türk dilində danışırdılar. Bundan təsirlənən Xaqan Cavanşirə deyir: "Məndən və mənim nəslimdən Sizə, böyük hökmdara və onun xalqına, övladlarına salam olsun! Mən böyük Girdiman - Albaniya hökmdarının ruhuna şəfa və sənin nəslinə uzun ömür arzu edirəm. Mənim və mənim xalqımın Albaniyaya gəlməsində məqsəd Sizinlə dost olmaq, bir səhv üzündən Muğan əhalisindən qarət edilən malları və əsir edilən insanları geri qaytarmaqdır".

Danışıqlar xeyli davam edir. Səf çəkib duran qoşun hissələri bu danışığın nəticəsini səbrsizliklə gözləyirdi. Nəhayət, Xəzər xaqanı qayığın baş tərəfindən, oturduğu yerdən qalxaraq onun qabağına gələn Cavanşirlə üz-üzə duraraq deyir: "Mən səndəki sədaqət və kamala heyranam. Mən sənə inanıram, səninlə qardaşlığa and içirəm!" Cavanşir: "Mən də and içirəm!" - deyərək cavab verir.

Hökmdarlar qucaqlaşırlar. Ordu cərgələri gurlayır, borular çalınır, ətrafı şadlıq sədaları bürüyür. Onlar dostluq əlaməti olaraq qılınclarını dəyişirlər. Cavanşir diplomatik qələbə qazanmışdı: Xəzər xaqanından sülh və dostluq təminatı, qızı ilə evlənməyə razılıq almış, əsir edilən insanları xilas etmiş, yağmalanan el sərvətini qaytarmağa müvəffəq olmuşdu.

Cavanşir uzaqgörən bir dövlət xadimi kimi yaxşı başa düşürdü ki, qüdrətli Ərəb Xilafəti ilə bacarmaq çox çətindir. Ölkənin müstəqilliyini qorumaq üçün hərbi gücə malik olmaqla yanaşı, ərəblərlə münasibətlərin dinc yolla qaydaya salınması da mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə də Cavanşir iki dəfə - 667 və 670-ci illərdə Dəməşqə Xilafət sarayına gedir. Xəlifə I Müaviyə onu şahlara layiq böyük ehtiramla qarşılayır. Onun şəxsi nüfuzunu və qabiliyyətini, habelə Albaniyanın strateji-coğrafi mövqeyini yüksək qiymətləndirən I Müaviyə Bizansla danışıqlarda Cavanşirin vasitəçi olmasını istəyir. Cavanşir də öz növbəsində bu danışıqları elə məharətlə aparır ki, hər iki tərəf razı qalır. Bu barədə "Alban tarixi" adlı əsərdə belə yazılır: "...Xəlifə Cavanşir üçün öz doğma qardaşının sarayını hazırlamağı əmr etdi, axşam yeməyinə onunla birlikdə oturdu. Sonra o, Konstantinopoldan gələn əsilzadə ərlər ilə sülh danışığı aparmağı Cavanşirə tapşırdı. Xəlifə onun dərin biliyinə heyrət edirdi. Yunan hökmdarının elçiləri də ondan çox razı idilər, çünki o, hər vəchlə xəlifənin fikrini onların xeyrinə yönəltməyə çalışırdı".

Xəlifə Cavanşiri qiymətli hədiyyələrlə mükafatlandırır. Salnaməçi-tarixçi belə nəql edir: "Xəlifə Cavanşirə Hindistandan gətirilən və yaxşı öyrədilən bir fil bağışladı. Bu fil xəlifə sarayının təmtəraqlı bəzəyi və möcüzəsi sayılırdı. Bununla yanaşı başqa bəxşişlər də verilmişdi: mirvarilərlə bəzədilən qızıl qınlı polad qılınc, qızılı sapla tikilən geyim və parçalar, xəlifənin özünün mindiyi 52 iti yerişli at... Tarix başlanandan bugünə kimi heç kəs eşitməmişdi ki, aşağı rütbəli kimsəyə belə hörmət göstərilsin".

Xəlifə Sünik knyazlığının idarəçiliyini Cavanşirə tapşırır. Müaviyə eyni zamanda Azərbaycanın da idarə olunmasını ona təklif edir. Fəqət uzaqgörən hökmdar bu təklifi qəbul etmir, əvəzində xəlifədən Albaniyanın üzərinə qoyulan vergiləri azaltmağı xahiş edir. I Müaviyə bu xahişi yerinə yetirir və Albaniya üzərinə qoyulan vergilərin üçdə birə endirir. Musa Kalankatlı dəfələrlə qeyd edir ki, xəlifə Cavanşiri elə ehtiram və təmtəraqla qəbul edirdi ki, digər canişinlərin heç biri belə şərəfə layiq ola bilməmişdi.

Cavanşir öz ölkəsini ədalətlə idarə edir, xalqın güzəranının yaxşılaşması qayğısına qalırdı. Öz dövlətinin paytaxtını abadlaşdırır, gözəl saraylar inşa etdirirdi. Məhz bu qayğının nəticəsi olaraq Bərdə şəhəri qısa bir zamanda, mənbələrdə deyildiyi kimi, Arranın baş şəhərinə çevrilir. Cavanşir müdrik adamları - alim və şairləri öz sarayına toplayıb onları himayə edir.

Cavanşirin müsəlman hökmdarı ilə yaxınlaşması, Albaniya ilə Ərəb xilafəti arasında münasibətlərin yaxşılaşması xristian mənşəli feodalların xoşuna gəlmir. 681-ci ildə o, sui-qəsd nəticəsində öldürülür.

Cavanşirin adı nəsillərdən-nəsillərə keçərək müstəqillik, müdriklik, qəhrəmanlıq və mərdlik rəmzi kimi əbədi yaşayır və yaşayacaq. 

Allah rəhmət eləsin.