Bakı xəbər.-2017.-9 iyun.-№102.-S.15.

 

Tarixdə iz buraxanlar: Tomris

 

Fazil Qaraoğlu,

professor 

 

Tariximizin qədim vaxtlarında Azərbaycanın şimal torpaqlarında məskunlaşan türk mənşəli saklar Araz çayından şimala doğru uzanan ərazidə Massaget şahlığını yaratmışdılar. Sak-massagetlərin əsas məşğuliyyəti maldarlıq idi. Onlar ömürlərini at belində keçirir, yayda yaylaqda, qışda qışlaqda yaşayırdılar. Doğma torpaqlara göz dikən düşmənlərə qarşı mübarizədə döyüşkənliklərini və cəngavərliklərini daha da artırırdılar. Massagetlər Günəş ilahına sitayiş edir, onu özləri üçün ən ulu varlıq hesab edirdilər. Ən çox sevdikləri atı da məhz bu ilahın şərəfinə qurban verirdilər. Onlar ata müqəddəs və sürətli canlı kimi baxır və belə hesab edirdilər ki, dünyada mövcud olan ən sürətli canlını Günəş ilahına qurban vermək lazımdır.

 

Azərbaycanın cənub torpaqlarını, Yaxın və Orta Şərqin çox hissəsini zəbt edən Əhəməni hökmdarı II Kirin bir arzusu var idi: hansı yolla olursa-olsun, Azərbaycanın şimal torpaqlarını da öz dövlətinə qatmaq, igid massagetləri özünə tabe etmək. Azərbaycanın şimal torpaqlarında hökmranlıq edən Massaget hökmdarının dul xanımı Tomris onun bu arzusu yolunda ciddi maneə olaraq qalırdı.

Həyat yoldaşı vəfat edəndən sonra massagetlərin hökmdarı olan bu qəhrəman məleykə vətənini sevən, onun yolunda ölməyə hazır olan, azadlığı hər şeydən üstün tutan bir xanım, şərafətli bir ana idi. Tomris xatun tədbirli və təmkinli sərkərdə, ağıllı və inamlı hökmdar olması ilə xalqın hörmət və etimadını qazanmışdı.

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əminamanlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə - dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, vətənpərvərlik, müdriklik nümunələri olmuşlar.

Bu barədə "tarixin atası" Herodot məlumat verir. Qədim tarixçi yazır ki, massagetlərə açıq döyüşdə qalib gələ bilməyəcəyini anlayan II Kir hiyləyə əl atır. Elçilər göndərib Tomrislə evlənmək istədiyini bildirir. Onun bu istəyinin arxasında evlənmək deyil, bir hiylə durduğunu başa düşən Tomris xatun onu rədd edir. Tomrisin Kirə rədd cavabı verməsinin 3 əsas səbəbi vardı:

1. Kir Tomrislə evlənməklə onun idarəçiliyində olan torpaqları ələ keçirəcəkdi. Bu isə Tomris üçün, eləcə də türk boyları üçün qəbuledilməz idi.

2. Tomrisin babası Alp Ər Tunqanı Əhəmənilərin babaları xaincəsinə zəhərləyib öldürmüşdülər.

3. Tomris yurduna işğalçılıq niyyətilə daxil olan və millətinə düşmən gözü ilə baxan bir imperatorluğun başçısı ilə evlənməyi şərəfinə sığışdırmırdı.

Massagetlərin Kuruş adlandırdıqları II Kir hiyləsinin baş tutmadığını gördükdə hücuma keçmək qərarına gəlir. Bu məqsədlə o, ordunun Araz çayından keçməsi üçün körpülər salmağı, körpü əmələ gətirən sallar üzərində qüllələr ucaltmağı əmr edir. II Kir ciddi-cəhdlə bu işə girişdiyi vaxt Tomris ona belə bir sifarış göndərir: "Midiyalıların şahı, öz niyyətindən əl çək! Axı düzəltdirdiyin bu körpülərin sənə xeyri dəyib-dəyməyəcəyini əvvəlcədən görə bilməzsən. Burax bunları, öz hökmdarlığında şahlıq et, bizim də hökmdarlığımızda hakimiyyət sürməyimizə paxıllıq etmə. Onsuz da sən bu məsləhətə məhəl qoymayacaqsan, öz bildiyin kimi hərəkət edəcək, müharibəyə başlayacaqsan. Sən massagetlər üzərinə yürüş etmək həvəsindəsənsə, onda çayın üzərindən körpü saldırmağı dayandır. Müqavimətsiz çayı keç, gəl ölkəmizə, biz çaydan üç günlük məsafəyə çəkilərik. Bizi öz torpaqlarına buraxmaq istəsən, sən də belə hərəkət et".

Herodot yazır ki, Tomrisin bu sifarişini eşidən II Kir təcili məşvərət məclisini çağırır və əyanlarından məsləhət istəyir. Uzun sürən müzakirədən sonra əyanlar yekdilliklə Tomrisi öz orduları ilə Əhəmənilər ərazisində qarşılamaq fikrinin üzərində dayanırlar. Fəqət yığıncaqda iştirak edən lidiyalı Krez bu fikrin əleyhinə çıxaraq belə deyir: "Sən düşməni ölkənin içərilərinə buraxsan və məğlub edilsən, öz dövlətinin süqutunun səbəbkarı olacaqsan. Aydın məsələdir ki, massagetlər sənin üzərində qələbə çaldıqdan sonra xoşluqla ölkəni tərk etməyəcəklər... Öz torpağında düşmən üzərində qələbə çalsan, bunun özü də elə bir böyük qələbə sayılmayacaq. Öz torpağında qələbə çalmaq hara, massagetləri öz ölkələrində təqib etmək hara! Həm də Kir üçün, oğlu Kambis üçün dözülməz, rüsvayçı haldır ki, qadına tabe olasan və onu öz torpağına buraxasan." Beləliklə, Krez Əhəməni hökmdarına Araz çayını keçib massagetləri öz ölkələrində təqib etməyi məsləhət görür. O, II Kirə qələbə çalmağın hiylə yolunu da öyrədir: "Bildiyimə görə, massagetlər farsların dəbdəbəli həyat tərzinə bələddirlər. Odur ki, biz düşərgəmizdə onlar üçün çoxlu qoyun kəsməli, zəngin ziyafət təşkil etməli, süfrəyə tünd şərabla doldurulmuş qablar və hər cür ləziz yeməklər qoymalıyıq. Bütün bunları hazırladıqdan sonra qoşunların cüzi bir hissəsini burada qoyub, təzədən geriyə çəkməliyik. Zənnimdə yanılmıramsa, düşmən bu ləziz yemək-içməyi görən kimi onun üstünə cumacaq və bizim əlimizə böyük qəhrəmanlıq göstərmək üçün əlverişli fürsət düşəcək."

II Kir xeyli götür-qoydan sonra Krezin məsləhətini qəbul edir. O, Tomrisə xəbər göndərir ki, geri çəkilsin, Araz çayını keçib onun üstünə gəlir.

Ölkəmizin müdrik, qeyrətli hökmdarı verdiyi vədə əməl edir, sözünün üstündə durur. Öz qoşununu ölkənin içərilərinə çəkir. Herodotun təfsilatı ilə nəql etdiyi bu hadisə Tomrisin nə qədər şərafətli, alicənab bir hökmdar olduğunu sübut edir. Onun sözünə sadiqliyi insanda heyrət və iftixar hissi doğurur. Çünki düşməni ölkənin içərilərinə buraxmaq nə qədər ağır olsa da, Tomris bu yolu seçir, "söz danışıqdan keçər" deyərək öz vədinə əməl edir. Bu hərəkət Tomrisi tarixin gözündə ucaltmış, "Böyük Kir" ləqəbli Əhəməni hökmdarının əzəmət və şöhrətini alçaltmışdır.

Tomris bu addımı atarkən, hər şeydən əvvəl öz ordusuna, arxasında dayanmış xalqına güvənirdi. Bu çətin anda xalq onu darda qoymur, dinc həyatı döyüş ruhu ilə əvəzləyir.

Uğursuzluqdan ehtiyat edən II Kir öz növbəsində Kambisi Krezlə birlikdə paytaxt Persepola göndərir. Özü isə ordusu ilə birlikdə Araz çayını keçir. Ordu bütün günü yol gedərək massagetlərin yaxınlığında düşərgə salır. Kirin əmrilə dəbdəbəli bir ziyafət süfrəsi açılır. Sonra isə burada zəif bir döyüşçü dəstəsi qoyaraq əsas qüvvələri ilə geri çəkilir. Bu zaman hücuma keçən Massaget ordusu düşmən üzərində asanlıqla qələbə çalır. Ordugahı ələ keçirən zaman buradakı zəngin süfrəni görən massaget döyüşçüləri doyunca yeyib-içirlər. "Türkün başına nə iş gəlsə sayğısızlıqdan gələr" müdrik kəlamı burada da özünü doğruldur. Keflənmiş əsgərlər arxayıncasına yatırlar. Belə bir münasib şəraitdə II Kirin ordusu hücuma keçərək Massaget ordusunu məhv edir, bir hissəsini isə əsir götürür. Ordunun başçısı Tomrisin oğlu Sparqapis də əsir düşənlərin arasında olur.

Bundan sonra intiqam hissi ilə yaşayan Kir daha tez-tez hücumlar edir. Bu savaşda Tomrisin oğlu məğlub olur və məğlubiyyətlə barışmadığı üçün özünü öldürür...

Hadisədən xəbər tutan ananın qəlbi qan ağlasa da, xalq içərisində qürurunu pozmur, mətanəti sarsılmır. O, öz elçilərini bu sözlərlə II Kirin yanına göndərir: "Qaniçən Kir, bu hünərinlə öyünmə, şərab sizin də əqlinizi başınızdan alar. Şərabın təsiri ilə sərxoş olanda siz farslar da nalayiq sözlər işlədirsiniz. Sən mənim oğluma döyüş meydanında mərd-mərdanə, kişi kimi yox, zəhərin gücünə, hiylə ilə qalib gəldin. İndi gəl mənim xeyirxah sözlərimi dinlə: sən Massaget ordusunun üçdə birini namərdcəsinə məhv etdin, yaxşısı budur oğlumu özümə qaytar və nə qədər ki əlim dəyməyib, sağ-salamatsan, üzüsulu mənim torpağımdan çıx get. Sözümə əməl etməsən, and olsun massagetlərin Günəş ilahına ki, nə qədər acgöz olsan da, səni qanla doyuzduracağam".

Bu sözlərə Kir etinasızlıqla yanaşır, Tomrisin təklifini rədd edir. Sparqapis ayıldıqda özünün acınacaqlı vəziyyətini görür və bu rüsvayçılığa dözməyərək özünü öldürür. Qəlbinə bala dağı çəkilən hökmdar ana isə sarsılmır. Sarsılarsa Vətənin tapdağ altında qalacağını, yağı düşmənin sevinəcəyini bildiyindən, bu itkiyə mətinliklə dözərək qoşununu həlledici döyüşə hazırlayır. Eramızdan əvvəl 530-cu ildə baş verən döyüş II Kir üçün sonuncu döyüş, Tomris üçün isə əsl cəngavərlik meydanı olur. Olduqca qanlı olan bu döyüş haqqında Herodot ətraflı məlumat verir. Belə ki, düşmən tərəflər əvvəlcə qarşı-qarşıya dayanıb, aralıdan bir-birini oxa tuturlar. Oxları tükəndikdə isə qılınc və nizə ilə döş-döşə gəlirlər. Döyüş massagetlərin qələbəsi ilə başa çatır. Məğlub olan Kir öldürülür. Tomrisin əmrilə onun başı kəsilir və içi qanla doldurulmuş tuluğa salınır. II Kirə tökdüyü qanlar qədər qan udduracağına and içən hökmdar-ana deyir: "Qaniçən Kir! Sən qan istəyirdin. Buyur, nə qədər istəyirsən iç!" Bu qələbə Azərbaycanın dövlətçilik və hərb sənəti tarixində ən şanlı səhifələrdən biridir. Tomrisin qeyrəti və yenilməzliyi isə Azərbaycanın şərəf simvoludur. Bu əyilməzlik, polad iradəlilik sonra gələn analar üçün əsl ibrət dərsi oldu. Tomrisin bu qələbəsi onların qəlbində şölələndi, aləmə nur saçdı. Onun qəhrəmanlıq nümunələrini təkrar edən neçə-neçə cəngavər analarımız, bacılarımız meydana gəldi.  

Bu zəfərin qazanılmasında döyüşdən əvvəl Tomrisin etdiyi çıxışın böyük rolu olmuşdu. Döyüş öncəsi qoşunun qarşısında dayanan Tomris xatun ordusuna bu sözlərlə səslənmişdi: "Qarşımızdakılar dünyanın ən vəhşi, ən qəddar və sayca ən böyük ordusudur. Ancaq bilirəm, göylərin altındakı heç bir ordu bu bütövlənmiş Ayın altında od saçan gözlərinizdən daha cəsur deyil. Yenə bilirəm, yer üzündə heç bir ordu ulusu və yurdu üçün çarpan ürəklərinizdən böyük deyil. Gündüzümüzü aydınladan Günəşə, gecəmizi aydınladan Aya və babalarımızın ruhuna and olsun, atlarımızın otladığı bu torpaq qanımla qızıla boyansa da, heç kimin, eləcə də Əhəmənilərin əsarəti altına girməyəcəyəm..."

"Tarixin atası" Herodot Tomrisin qəhrəmanlığını bir tarixçi kimi qəbul edir və onu tarixin şanlı səhifələrinə qızıl hərflərlə həkk edir. O, Tomris ananın qürurlu və mərd davranışına real qiymət verərək, nəinki bu qadın hökmdarın, hətta bütün Massaget xalqının cəsarətinə heyran qaldığını gizlətmir. Hökmdarın oğlunun intihar etməsini də qəhrəmanlıq kimi qəbul edir.

2500 il bundan əvvəl mövcud olmuş müstəqil Azərbaycan dövlətinin hökmdarı Tomris ana güclü düşmən qarşısında əyilməyib, biabırçı şərtləri qəbul etməyib, əvvəlcə düşmənə sülh və mehribançılıq təklif edib, bu qəbul edilmədikdə mətanətlə və cəsarətlə düşmənin üzərinə gedərək qeyri-bərabər döyüşə girib və onu məğlub edib. Öz doğma oğlu döyüşdə həlak olsa da, Tomris ana bundan sarsılmayıb, intiqamını alıb. Səbrli, təmkinli və ağıllı məsləhətlər verən bir qadın, qüdrətli və müdrik hökmdar, qürurunu və əzəmətini saxlayan bir ana, qəhrəman və cəsur döyüşçü kimi tanınıb. Qəhrəman türk qadını Tomris ana keçmiş dünyanın başçılarına yüz illər boyu ibrət olacaq bir dərs verib.

Allah rəhmət eləsin.