Xalq qəzeti.-2017.-21 may.-¹108.-S.5.
Naxçıvan turizm məkanı kimi tanınmağa iddialıdır
Ruhiyyə Rəsulova,
Naxçıvan Televiziyasının baş redaktoru
Turizm dünya iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi qəbul edilir. Turizm potensiallı ölkələr bu sahədən il ərzində külli miqdarda gəlir əldə edir, dövlət büdcələrinin böyük hissəsini bu sahənin hesabına formalaşdırırlar. Bu gün Azərbaycan dövlətinin də qarşısında duran əsas hədəf qeyri-neft sektorunun inkişafı çərçivəsində turizm sənayesini aktivləşdirməkdir.
Turizm sektoru ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirməklə yanaşı, həm də ölkənin dünyada tanınmasına imkanlar açır. Tanıtım məsələsindən söz düşmüşkən deyək ki, son illər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin turizm potensialının tanınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın paytaxtımızda təşkili də, şübhəsiz ki, turizm sektoruna təsirsiz ötüşməyəcək.
Turizm sektorunun inkişafı üçün aşağıdakı şərtlərin olması vacibdir: mövcud təbii-coğrafi şərait, zəruri infrastruktur, sabitlik, zəngin tarixi-mədəni irs, yüksək xidmət, münasib qiymət və sair. Bu amillərin hər birini özündə birləşdirən Naxçıvan Muxtar Respublikası da turizm məkanı kimi tanınmağa iddialıdır. Dünyada Duzdağı, Əshabi-Kəhf, Göygöl, Batabat kimi təbiət möcüzələri olan ölkələri barmaqla saymaq olar. Müasir infrastruktur, turizmin inkişafı məqsədilə yaradılan şərait, münasib qiyməti və gülərüz personalı ilə xidmət göstərən otellər, zəngin mətbəxi, füsunkar təbiəti, dini və sağlamlıq ocaqları, tarixi abidələri, mədəniyyəti, incəsənəti Naxçıvanı cəlbedici məkan kimi səciyyələndirir.
Dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək isə bu sahənin inkişafını daha da sürətləndirib. Ötən il martın 18-də Ali Məclisdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində, xüsusilə muxtar respublikanın turizm potensialının təbliği sahəsində ardıcıl tədbirlər görülür.
Milli dəyərlərin və milli mətbəx nümunələrinin təqdim və təbliğ olunduğu festivalların keçirilməsi artıq bir ənənə halını alıb. Belə festivallar turistlərin marağını daha çox cəlb edir. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artıb. Cari ilin ilk rübü ərzində muxtar respublikaya gələn turistlərin sayı bir il öncəyə nisbətdə 5,1 faiz artaraq 98,8 min nəfər təşkil edib.
Görülən işlər sırasında Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisaslarının açılması, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili turizmin inkişafı məqsədilə son illər həyata keçirilən məqsədyönlü tədbirlər sırasındadır. Ötən dövrdə universitetlərin məzunları olmuş ixtisaslı kadrlar sahələri üzrə müvafiq işlə təmin olunmuşlar.
Hazırda muxtar respublikada 9 turizm firması fəaliyyət göstərir. Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyyə-Mədrəsə binasında yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialını tanıtmaq üzrə ixtisaslaşıb. Mərkəzin 3 dildə–Azərbaycan, rus və ingilis dillərində saytı fəaliyyət göstərir. Sayt vasitəsilə Naxçıvanın turizm potensialı ilə bağlı məlumatları əldə etmək mümkündür. Mərkəz tərəfindən “Naxçıvan-Ordubad”, “Naxçıvan-Əlincəqala”, “Naxçıvan-Gəmiqaya”, “Naxçıvan-Əshabi–kəhf”, “Naxçıvan-Qarabağlar”, “Naxçıvan-Şahbuz-Batabat”, “Naxçıvan-Gülüstan” turist marşrutları hazırlanaraq turistlərə təklif olunur.
Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi abidələrin və dini ocaqların bərpası istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər turizmin əksər növlərinin inkişafı üçün real zəmin yaradıb. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, yaşayış məntəqələrinin qaz, su, elektrik, rabitə və internet təminatı, bütün bölgələri əhatə edən quruculuq tədbirləri turizmin inkişafına imkanlar açıb. Təbii ki bura əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri ilə məşğul olması, qonaqpərvərliyi və zəngin süfrə mədəniyyətinə malik olması da təsir göstərir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə kənd turizminin inkişafı mövzusunda keçirilən maarifləndirici tədbirlər bu sahənin inkişafına hesablanıb. Əhalinin iştirakı ilə keçirilən tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılır. Həyata keçirilən tədbirlər nəticəsində indi muxtar respublikanın ən səfalı kəndlərində–Biçənəkdə, Ağbulaqda, Dırnısda, Şahbulaqda, Küküdə və onlarca belə yaşayış məntəqələrində evlər turistlərə təklif olunur. 45 belə kirayə ev haqqında məlumat Turizm İnformasiya Mərkəzinin saytında (turizm.nakhchivan.az) yerləşdirilib.
Muxtar respublikada turizm sahibkarlığının da inkişafına diqqət yetirilir. Kənd turizminin inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən kreditlər verilir.
Son illər Naxçıvan öz stendi ilə turizm sərgilərində iştirak edir, səmərəli təbliğat və təşviqat işləri görülür. 2017-ci il aprelin 8-də Bakı Ekspo Mərkəzində Dünya Turizm Təşkilatının himayəsi altında keçirilən regionun ən böyük turizm sərgisi sayılan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisində muxtar respublikanın “Naxçıvan” stendi ilə iştirakı buna misaldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ziyarət etdiyi sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspozisiyasında qədim diyarın turizm zənginliyi və unikal məkanlar üzrə fəaliyyət göstərən marşrutlar nümayiş olunub. Burada yerləşdirmə obyektlərinin reklamları, həmçinin Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış muxtar respublikanın turist marşrutlarını əks etdirən buklet və reklam-informasiya materialları yer alıb. Turizm ehtiyatlarının təbliği baxımından böyük əhəmiyyət daşıyan belə bir sərgidə Naxçıvanın da öz stendi ilə iştirak etməsi, heç şübhəsiz, öz bəhrəsini verəcəkdir.
Turizm elə bir sahədir ki, davamlı təbliğat işlərinin aparılmasını şərtləndirir. Mövsümün başlandığı bir vaxtda muxtar respublikanın turizm potensialını təbliğ etmək, eləcə də turizmi canlandırmaq, yeni partnyorlar qazanmaq, xarici turizm firmaları ilə əlaqələri gücləndirmək mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aprel ayında “Nəqşicahan Holdinq” tərəfindən qədim diyara infotur təşkil edilib. İnfotur çərçivəsində Türkiyə, İran, Kipr və Küveytdən, eləcə də paytaxt Bakıdan, ümumilikdə, 220 sahibkar və turizm mütəxəssisi Naxçıvana gəlib.
Naxçıvana təşkil edilən infotur həm xarici, həm də yerli turizm firmalarının fəaliyyətlərini genişləndirmələri üçün bir stimul oldu. Digər tərəfdən, muxtar respublikanın turizm potensialının təbliğinə şərait yaratdı. İnfotur iştirakçılarının geri döndükdən sonra sosial şəbəkələrdə Naxçıvan təəssüratları barədə yazdıqları statuslar, paylaşdıqları çoxsaylı fotoşəkillər və videogörüntülər də bunu bir daha təsdiq edir.
Turizm öz növbəsində yeni xidmət və istehsal sahələrinin inkişafını da şərtləndirir. Ötən dövr ərzində istifadəyə verilən Uzun-oba istirahət kompleksi, Naxçıvan atçılıq klubu, iri ticarət mərkəzləri, kafelər, restoranlar, Naxçıvan şəhərində fəaliyyətə başlayan yeni xidmət sahəsi – dünyanın məşhur firmalarının istehsal etdikləri ətriyyat və kosmetika mağazası– “İdeal” kimi məkanlar turistlər üçün nümunəvi xidmətin və mənalı istirahətin ünvanlarıdır.
Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri yaradan sənətkarları, qonaqpərvərliyi, sabitliyi ilə dünyanın istənilən ölkəsindən gələn turisti heyrətləndirməyə qadirdir.
Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib. Sözsüz ki, Naxçıvanı daha geniş sferada tanıdacaq bu möhtəşəm tədbir turizmin inkişafına da təkan verəcək. İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin nümayəndələrinin iştirakı, o cümlədən dünya mediasının diqqətinin həmin ərəfədə Naxçıvana yönəldilməsi, eyni zamanda, bu qədim diyarın turizm potensialının təbliğinə geniş imkanlar açacaq. 1996-cı ildən başlayaraq Naxçıvan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Muxtar respublikanın inkişaf səviyyəsi, burada əldə edilən uğurlar, eyni zamanda, beynəlxalq tədbirlərin keçirilməsində qazanılan böyük təcrübə belə deməyə əsas verir ki, Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu şərəflə daşıyacaq.
Turizm ümumxalq işidir. Hər birimiz Naxçıvanın təbliğinə çalışmaqla, bu məqsədlə sosial şəbəkələrdəki imkanlarımızdan istifadə etməklə turizmin muxtar respublika iqtisadiyyatındakı rolunu gücləndirə və Azərbaycanın bu qədim və gözəl guşəsinin daha geniş miqyasda tanınmasına töhfəmizi vermiş olarıq. Turizmin inkişafı həm də Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə dəstəkdir.