Bakı xəbər.-2017.-19 yanvar.-№10.-S.13.

 

Azərbaycan dilinin tarixi təşəkkülü...

 

İradə SARIYEVA

 

Azərbaycan dili xalqımızın ən böyük sərvəti, müstəqil dövlətimizin dayağıdır. Hər bir xalqın mədəniyyət tarixində dilin xüsusi yeri var və dili olmayan xalq, demək olar ki, xalq deyil.

 

Azərbaycan dilinin təşəkkül tarixi haqqında bir sıra fikir və mülahizələr, tədqiqat əsərləri mövcuddur. Azərbaycan dili minillərin sınağından üzüağ çıxaraq günümüzə qədər öz varlığını qoruya bilib. Ana dilimizin gözəlliyi, mədəniyyətimizin inkişafında oynadığı rol haqqında çox danışmaq, çox yazmaq olar. Ana dilimiz dövlətçiliyimizin əsas atributlarından biridir.

Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa İsgəndərzadənin birgə müəllifliyi ilə işıq üzü görən "Azərbaycan dili və nitq mədəniyyəti" nəşrində Azərbaycan dilinin tarixinə dair olduqca diqqətçəkən məlumatlar yer alıb.

Nəşrdə qeyd edilir: "Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir. Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu bir sıra əsrlərin məhsuludur. İlk dövrlərdə, başqa dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf etdikcə, dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.

Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətində yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra işğallarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix meydanından çıxarmaq idi. Lakin Azərbaycan xalqı tarix boyu bu mənfur işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini də mühafizə edib saxlamışdır.

İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azərbaycan dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-yavaş ədəbi zəmin əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə baxmayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sənətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar. Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbaycan dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni zamanda "...öz həyatilik və sabitliyini sübut etmiş, hətta, öz növbəsində, ərəb və xüsusilə də fars dilinə də təsir göstərmişdir". Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur".

Alimlər bildirir ki, bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilib. Yazılanlara görə, bu dövrdə Azərbaycan dilinin müstəqilliyi uğrunda mübarizə daha da kəskinləşib. Qeyd edilənə görə, dövrün qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa başlayıb.

Yazılanlara görə, həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov dilimizin çox nadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışıb: "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli maarifpərvərləri - M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqaları dilimizin milli orijinallığı uğrunda ciddi mübarizə aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər. Bütün sahələrdə olduğu kimi, dil sahəsində də inkişaf üçün geniş imkanlar yarandı.

Sovet dövründə Azərbaycan dilinin lüğət tərkibi, qrammatik quruluşu, üslubları bəlkə də min ilə bərabər bir inkişaf yolu keçdi. Hazırda dilimiz öz inkişafını davam etdirir.

Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir. Bunun da nəticəsində həm özü zənginləşmiş, həm də başqa dillərin inkişaf etməsində müəyyən rol oynayıb. Ayrı-ayrı dövrlərdə Azərbaycan dilindən fars, aqul, ləzgi, tabasaran, erməni, rus, gürcü və başqa dillərə çoxlu söz və ifadə keçmişdir. Məsələn:

1. Fars dilinə keçən sözlər: alov, araba, bəzək, bağça, qovurma, qundaq, quş, dəyənək, döşək, otaq, ordu, ocaq, ilxı, sancaq, tənə, ton, çaxmaq, çəkmə, çolaq, çubuq, elçi, yaylaq, şiş və s.

Fars dilinə keçən Azərbaycan sözlərinin tarixi çox qədimdir.

Belə ki, hələ XII-XIII əsrlərdə yazıb-yaradan fars yazıçıları öz əsərlərində Azərbaycan sözləri işlətmişlər. Səfəvilər dövründə isə, yəni XV əsrin sonundan başlayaraq XVIII əsrin birinci yarısına qədər (1499-1736) azərbaycanlıların hakimiyyət başında olduqları zaman Azərbaycan dilindən fars dilinə keçən sözlərin sayı daha da çoxalmışdır.

2. Aqul dilinə keçən sözlər: çöl, qum, dustaq, balıq, bulaq,  yaylıq, yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, qarğa, duz, qalın, doğru və s.

3. Ləzgi dilinə keçən sözlər: ad, bağça, gözəl, güzgü, dərin, düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, turp, paltar, saçaq və s.

4. Rus dilinə keçən sözlər: arbuz (qarpız), anbar, başlıq, sarafan, kalpak, saray, utyuq (ütü), kazak, sazan, almaz, kamış (qamış), qaraul (qarovul), barsuk (porsuq), tuman, karandaş, aşuq (aşıq), çerdak, sunbuk (sandıq), izyum (üzüm) və s.

5. Gürcü dilinə keçən sözlər: qonaq, qoçaq, tutsaq, körpə, keçəl, ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq, çolaq, ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s.

Azərbaycan dilindən gürcü dilinə keçmiş sözlər müxtəlif sahələrə aid olaraq həm ədəbi, həm də danışıq dilində işlədilir. Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin lüğət tərkibinin inkişafında həm mənbə, həm də vasitəçi dil olmuşdur. Bunu başqa şəkildə desək, Azərbaycan dili həm öz sözlərini vermiş, həm də başqa dillərdən söz almaqda həmin dillər üçün vasitəçilik etmişdir. Bu dilin vasitəsilə gürcü dilinə yüzlərlə ərəb və fars mənşəli sözlər daxil olmuşdur. Məsələn: adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəbbə, mütəkkə, mismar, məsləhət, pəncərə, pərvanə, reyhan, saat, surət, ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir. Belə bir vəziyyət Azərbaycan dilinin geniş təsir dairəsinə malik olduğunu göstərir.

Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hazırda da davam edir. Bunu təkcə Dağıstan dillərində yox, qonşuluqda olan başqa dillərdə də görmək olur. Ümumiyyətlə, başqa dillərə keçmiş Azərbaycan sözləri həmin dillərin lüğət tərkibinin ayrılmaz ünsürünə çevrilmişdir".

Nəşr müəlliflərinin bildirdiyinə görə, hər xalqın və millətin ancaq bir dili olur. Yazılana görə, həmin dil o xalq və ya millətin ümumi dili olduğu üçün ümumxalq dili deyilir.

Ümumxalq dili çox geniş anlayışdır. Belə ki, ümumxalq dili dedikdə, xalqın bütün dil vasitə və formalarının məcmusu nəzərdə tutulur: "Dildə hər nə varsa, bunların hamısını ümumxalq dili əhatə edir. Öz inkişafının müəyyən mərhələsinədək Azərbaycan dili vahid tərkibli ümumxalq dili formasında olmuşdur. Lakin sonralar bu dilin tərkibində bir-birindən az-çox fərqlənə bilən qollar əmələ gəlmişdir. Bu qollar, başlıca olaraq, cəmiyyət üzvlərinin dildən nə dərəcədə istifadə edə bilməsi ilə əlaqədar yaranmışdır.

Məlumdur ki, hər bir xalq və ya millətin bütün üzvləri ümumxalq dilindən eyni şəkildə, eyni qaydada istifadə edə bilmirlər. Məsələn, ziyalılar, xüsusən alim və yazıçılar dildən daha məharətlə istifadə etməyə meyl göstərir. Onlar ümumxalq dilinin söz və ifadələrini, qayda-qanunlarını daha da cilalayır və daha mükəmməl şəklə salırlar. Lakin savadsız və azsavadlılar isə dildən, bir növ, "xam" şəkildə istifadə edirlər. Bu deyilənlərə görədir ki, müasir Azərbaycan ümumxalq dili tərkibcə 2 qola ayrılır: 1) ədəbi danışıq, yaxud ədəbi dil, 2) qeyri-ədəbi danışıq, yaxud danışıq dili.

Bu şərti bölgüdə "ədəbi dil" və "danışıq dili" məfhumlarını, eyni zamanda, dilin "tərkib tərəfləri" də adlandırmaq olar.

Ümumxalq dilinin iki qola ayrıldığını M.Qorki çox gözəl şərh etmişdir: "Dilin ədəbi və xalq dili deyə ikiyə bölünməsi yalnız onu göstərir ki, necə deyərlər, bir "xam" dil var, bir də sənətkarlar tərəfindən işlənmiş "dil".

Ümumxalq dilinin iki qola ayrılmasını şərti mənada başa  düşmək lazımdır, çünki yuxarıda qeyd edildiyi kimi, hər xalqın bir neçə deyil, ancaq bir dili olur. Buna görə də Azərbaycan ədəbi dili dedikdə bir dili, Azərbaycan danışıq dili dedikdə isə başqa dili düşünmək olmaz. Bunların hər ikisinin əsası eynidir.

Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televiziyada, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir".

Müəlliflər yazır ki, hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Tədqiqatçılara görə, ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir. Yazılanlara görə, ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır: "Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı təxminən aşağıdakı formalarda olmuşdur:

1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür;

2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli sözlər seçilib qəbul edilmişdir;

3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır.

Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir.

Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyil. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir. Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir.

Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.

Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar.

Nümunə üçün bunlardan leksik normaların tələbinə nəzər salaq. Kobud, loru və söyüş xarakterli sözləri ədəbi dildə işlətmək olmaz. Müasir leksik normalara əsasən, çətin ərəb və fars sözləri dilimizdə işlənmir. Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus çoxlu qaydaları var.

Ədəbi dilin normaları daimi deyil. Bunlar dilin inkişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşir, dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıradan çıxır. Ədəbi dilin orfoqrafik normaları dövlət tərəfindən təsdiq olunur. Digər normalara da ictimaiyyət tərəfindən riayət edilir. Bunların qanuniləşməsinə xüsusi fikir verilir. Ədəbi dil normalarının sabitləşməsində və möhkəmlənməsində digər idarə və müəssisələrlə yanaşı, ali məktəblərin də xüsusi rolu var. Buna görə də ədəbi dilin təmizliyi və inkişafı üçün ali məktəblərdə ədəbi normalara düzgün riayət etmək, onun sabitliyi uğrunda müntəzəm olaraq mübarizə aparmaq lazımdır".

Dil xalqımızın dünəni, bu günü və sabahıdır. Dilimizə dövlət qayğısı olduqca yüksək səviyyədədir və növbəti araşdırmalarımızda bu barədə də danışacağıq.