Ekspress.-2017.-12 aprel-№ 62.-S.10.
Vətəndaş cəmiyyətində ictimai münasibətlərin tənzimlənməsi
Rəşid Rəşad
İctimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.
BMT-nin keçmiş baş katibi Kofi Annan cəmiyyətin gələcək inkişafı nöqteyi-nəzərindən vətəndaş cəmiyyətinin əhəmiyyətini çox dəqiq şəkildə ifadə edib: "Bütün bəşəriyyətin xoş gələcəyinə ümidlər yaradan yeganə yol qarşılıqlı əlaqə və əməkdaşlıq yoludur, hansı ki, bütün ictimai qüvvələr - dövlət, xüsusi sektor, təhsil və tədqiqat müəssisələri, bütün formalarında vətəndaş cəmiyyəti - müəyyən məqsədlərə nail olmaq üçün öz güclərini birləşdirməlidirlər" ("ayna.az").
Qeyd edək ki, dünya təcrübəsində hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlətin həlledici rol oynadığı göstərilir.
Ekspertlərin fikrincə, XX əsrin II yarısında iqtisadiyyatın sosial yönümünün güclənməsi isə iqtisadiyyata dövlətin müdaxiləsinin yeni və eyni zamanda çox mühüm mərhələsi kimi qeyd oluna bilər. Məhz həmin dövrdə istehsalın azalması və eyni zamanda inflyasıya baş verib. O da qeyd olunur ki, mövcud sosial-iqtisadi proseslərlə əlaqədar olaraq digər bir cərəyan-monetarizm meydana gəldi ki, nəticədə də monetarizm müasir mühafizə-karlığın ən aparıcı cərəyanı hesab olundu ("unec.edu.az").
Hüquqşünas İsrayıl İmamlı qeyd edir ki, beynəlxalq hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquq yaradıcılığı, beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir. Belə ki, hüquqi cəhətdən məcburilik beynəlxalq hüquqi normaların səciyyəvi əlamətidir. Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir: "Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir. Beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin həmin hüquqa uyğun olaraq öz üzərilərinə götürdüyü vəzifədən ibarətdir. Yəni, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyanat da müvafiq öhdəlik doğura bilər. Beynəlxalq hüquq normaları, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. Lakin xüsusi vurğulamaq lazımdır ki, hər hansı ümumi beynəlxalq hüquq normasının, yəni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heç də bütün dövlətlərin hər birinin razılığı tələb olunmur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq, ondan qabaq təşəkkül tapmış və hamılıqla qəbul edilmiş normadan imtina edə bilməz və ona riayət etməyə borcludur".
Hüquqşünas onu da qeyd edir ki, dövlətimiz müstəqillik qazanandan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, genosid aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq üzərinə götürmüş sayılırdı: "Beynəlxalq hüquqda normayaratma beynəlxalq müqavilələrin bağlanması və adətlərin formalaşması vasitəsilə baş verir. Bu baxımdan beynəlxalq təşkilatların, ilk növbədə BMT və onun ixtisaslaşdırılmış idarələrinin qətnamə və qərarları xüsusi əhəmiyyət kəsb edir. Həmin aktlarda çox vaxt, artıq formalaşmış adət hüquq normaları təsbit edilir, eyni zamanda, beynəlxalq münasibətlərin subyektlərinin müəyyən davranış qaydaları həvəsləndirilir ki, bu da norma və adətlərin yaranmasına gətirib çıxarır. İstənilən kateqoriya və ya anlayışın müəyyənləşdirilməsində ümumi nəzəri müddəa ilə yanaşı hər bir hüquq sahəsinin xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu baxımdan beynəlxalq hüquq heç də istisnalıq təşkil etmir" ("remedium.az").
Deputat Kamran Bayramovun fikrincə, istənilən sivil cəmiyyətdə yeni ictimai münasibətlər yarandıqda həmin münasibətləri tənzimləyən hüquqi normalar yaradılır. Bununla əlaqədar istənilən dövlətdə onun ictimai həyatında dəyişikliklərdən irəli gələn hüquq normalarının daimi təkmilləşdirilməsi prosesi baş verir. Burada ölkəmiz istisna deyil, əksinə Azərbaycan Respublikasının XXI əsrdə inkişaf templəri, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan və bütün sahələri əhatə edən islahatlar qanunvericiliyimizin daim təkmilləşdirilməsini, onun hazırkı vəziyyətə uyğunlaşdırılmasını zəruri edib. İstənilən dövlətin hüquq sistemində onun nisbi sabitliyini təmin edən normativ akt vardır, bu da dövlətin Əsas Qanunudur, Konstitusiyadır. Bu onunla əlaqələndirilir ki, Əsas Qanunun normaları hüquqi münasibətlərin bütün iştirakçılarının davranışının əsas qaydalarını müəyyən edir və həmin normalar dəyişiklərə ən az məruz qalan normalardır. Eyni zamanda, Əsas Qanunun müddəalarının tələsik, konyuktur formada dəyişdirilməsini qarşısını almaq məqsədilə konstitusion normalar yüksək hüquqi müdafiə ilə təmin olunur. Lakin Konstitusiyaya dəyişikliklərin edilməsi, onun köhnə müddəalarının müasir normalarla əvəz edilməsi zərurəti gec-tez yaranır. Bu, təbii prosesdir və buna obyektiv və düzgün yanaşmaq lazımdır. İstənilən demokratik dövlətdə referendum siyasi və ideoloji baxımdan o halda səmərəli ola bilər ki, əhali tərəfindən vacib demokratik institut kimi düzgün qəbul edilmiş və dəstəklənmiş olsun, ictimai rəy isə yanlış sosial dəyərlərlə çaşdırılmamış olsun".
Bayramov onu da qeyd edir ki, Azərbaycan Respublikasının siyasi-hüquqi və iqtisadi sistemində həyata keçirilən islahatların dərinliyi və miqyası dəyişikliklərə əhalinin geniş təbəqələrinin cəlb edilməsini şərtləndirir: "Müasir dövlətçiliyin formalaşdırılması prosesində birbaşa xalq hakimiyyəti institutlarına, o cümlədən ümumxalq səsverməsinə, yəni referenduma xüsusi yer ayrılır. Bu baxımdan xalq hakimiyyətinin müxtəlif formalarının geniş tətbiq edilməsi müasir dövlətin idarə edilməsinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynaya bilər.
Referendumda iştirak etmək hüququ vətəndaşlara ictimai və dövlət həyatından irəli gələn məsələlərin həllində birbaşa iştirak etmək və cəmiyyətin inkişafına təsir göstərmək imkanlarını yaradır. Azərbaycan Respublikası vətəndaşlarının ümumxalq səsverməsində iştirak etmək hüququ dövlətimizin demokratik quruluş əsaslarının söykəndiyi fundamental konstitusion dəyərlərin ifadəsi kimi qiymətləndirilməlidir" (1news.az").
Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir: "Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür".
V. Ömərov onu da qeyd edir ki, vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdə şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir: "Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Vətəndaş cəmiyyəti sosial, sosiomədəni və mənəvi sahələrin fəaliyyətini onların təkrar fəaliyyətini onların təkrar istehsalını, nəsillərdən-nəsillərə ötürülməsini təmin edir. Burada dövlətdən ayrı və müstəqil ictimai təsisatlar və münasibətlər mövcuddur ki, xüsusi maraqların reallaşması və müdafiəsi üçün şərait yaradır".
Yeri gəlmişkən, vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosial və siyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilir və konsensus, kompromis yaranır (anl.az).
Fəlsəfə doktorunun fikrincə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir: "Qərb dünyasında təşəkkül tapan və indi dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət "cənnət" axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət, ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir".