Paralel.-2016.-13 yanvar.-¹ 6.-S.5.
Naxçıvan MR Ali Məclisi 1991-ci il martın 14-də referendumda iştirak etməmək haqqında qərar qəbul edib
Heydər Əliyev: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, qəti əleyhinəyəm"
Əvvəli ötən sayımızda Saxta referendumda iştirak etməyən Naxçıvana qarşı hücum başladı. Aprelin 5-də Muxtar Respublika Ali Məclisinin sədri Afiyəddin Cəlilov vəzifədən azad edildi. Moskva ermənilərin əli ilə Naxçıvan əhalisini cəzalandırmağa çalışdı. Aprelin 10-da Şərur, mayın 20-də Sədərək yenidən güclü atəşə tutuldu. Heydər Əliyev respublikada xalq kütlələri tərəfindən başlanmış milli dövlət quruluşunun dirçəlişi hərəkatını dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına başlandı. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Muxtar Respublika Ali qanunverici orqanı "Ali Məclis" adlandırıldı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika başçıları Ə. Vəzirovun, A. Mütəllibovun və onların əlaltılarının günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. Naxçıvan MR Ali Məclisində DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyət müzakirə olundu, imperiya və respublika rəhbərliyinin bu sahədə yol verdiyi bağışlanılmaz səhvlər açılıb göstərildi, rəhbərlikdən bu bölgələrdə Azərbaycanın hüquqlarının bərpa olunmasına istiqamətləndirilmiş təxirəsalınmaz tədbirlər görülməsi tələb edildi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral sessiyasındakı çıxışında respublikada yaranmış vəziyyətin səbəblərini təhlil etdi və göstərdi ki, "biz torpaqlarımızı özümüzə qaytarmalıyıq, orada hakimiyyətimizi bərpa etməliyik, biz respublikamızın suverenliyini təmin etməliyik". Heydər Əliyevin bu çıxışı qüvvələri səfərbər edib, müdafiədən hücuma keçməyə çağırış idi. Heydər Əliyevin irəli sürdüyü təkliflərin xalqda böyük hərəkat doğuracağından qorxuya düşən, onları qaragüruhçu qalmaqalda itirib-batırmağa çalışan iqtidar əlaltıları sessiyada çığır-bağır saldılar. Bu cəhdləri millət vəkili, xalq şairi Bəxtiyar Vahabzadə sessiyadakı çıxışında ifşa etdi: "Biz bu gün böyük həyat təcrübəsinə və siyasi diplomatik biliyə malik olan, bütün ömrü boyu siyasət qazanında qaynayıb-bərkiyən bu vətən oğlunun ağlından, təcrübəsindən istifadə etmək əvəzinə, vətənin taleyinə tüpürüb şəxsi ambisiyamızı qabağa çəkdik". Qaragüruhçuların əməllərini insanlar etirazla qarşıladılar. Naxçıvan MR-də həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana örnək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilib "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu. Azərbaycan yazıçıları Heydər Əliyevi 1991-ci ilin martında öz qurultaylarına dəvət etdilər. Ona böyük hörmət və sayğı göstərdilər. Bu, xalqın, ziyalıların öz böyük oğluna həqiqi ehtiramının daha bir təzahürü idi. Kommunist rejimi respublikada son günlərini yaşayırdı. 1990-cı ilin əvvəllərindən SSRİ Konstitusiyasının ölkədə Kommunist Partiyasının rəhbər və istiqamətverici rolunu qanuniləşdirən 6-cı maddəsini ləğv etmək çağırışı altında demokratik hərəkatın genişləndiyi bir vaxtda partiya daxilində müxtəlif cərəyanlar meydana gəlmişdi. "Sov.İKP-də demokratik platforma" kommunizm qurmaq kimi utopik son məqsədi inkar edir, "Yeniləşən partiya" şüarı irəli sürür, idarəçilikdə mövcud inzibati-amirliyin tədricən demokratik metodlarla əvəz olunmasını vacib bilirdi. Respublika kommunistləri arasında da SSRİ-də qurulmuş cəmiyyətin sosializm cəmiyyəti olmadığını bildirən, marksizm mənbələrindən öyrənməyə qayıtmağı təkid edən, Sov.İKP-də "marksist platforması" mövqeyində dayananlar vardı. Hətta onların bir qrupu hələ 1989-cu ilin yayında təşkilatlanmış, "Hümmət" adlı bülleten buraxaraq öz məqsədlərini elan etmişdi. Bu qrup idarəçilikdə yol verdikləri ciddi qüsurlara görə kommunist rəhbərləri tənqid edir, bütün kommunistləri "xalqın xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa" çağırırdı. Sov.İKP-nin 1990-cı ilin iyulunda "Humanist, demokratik sosializm" şüarı altında keçən XXVIII qurultayı güclü müqavimətə baxmayaraq, "demokratik platforma"nı müdafiə etdi, qurultayın yekun sənədlərinə partiyanın sosial demokratikləşdirilməsinə dair ideyalar salındı. Mərkəzi Komitənin Siyasi Bürosu respublikaların partiya rəhbərlərindən-birinci katiblərdən formalaşdırıldı. Bu orqan tədricən ali hakimiyyət funksiyasından məhrum edildi. Lakin əks qüvvələr də sürətlə qruplaşmağa başladılar. Aprelin 23-də SSRİ prezidenti ilə referendumda iştirak etmiş 9 respublikanın yüksək vəzifəli şəxsi Moskva yaxınlığındakı Novo-Oqaryova prezident iqamətgahında tezliklə yeni ittifaq müqaviləsi -"Suveren Dövlətlər İttifaqı" müqaviləsinin bağlanacağı haqqında niyyət protokolu imzaladılar. Müqavilə bağlandıqdan sonra altı aydan gec olmayaraq ittifaq orqanlarına yeni seçkilər keçirilməsi və bu yolla rəqiblərin siyasi hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulurdu. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 iyun tarixli sessiyası, Demblokun etirazına baxmayaraq, bu layihəni ümumən bəyəndi və başda prezident olmaqla Azərbaycan adından onu imzalayacaq nümayəndə heyətini təsdiq etdi. İmperiya rəhbərliyi may-iyun aylarında Goranboyda erməni quldurlarına köməyi azaltmaqla həm Ümumittifaq referendumunda iştirak etməmiş Ermənistanı "cəzalandırdı", həm də Azərbaycanda Mütəllibov rejimini bir qədər populyarlaşdıra bildi. Bundan istifadə edən prezident mövqelərini möhkəmləndirmək, parlamentdən asılılığını azaltmaq üçün ümumxalq prezident seçkilərinə getməyi qərara aldı. Seçkilər sentyabrın 8-nə təyin olundu. İqtidar xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevin prezident seçilə biləcəyindən təşvişə düşüb qanuna yaş senzi və son beş ildə Azərbaycanda yaşamaq haqqında tələbi daxil etdi. Xalq bu məhdudiyyətlərin götürülməsini tələb edir, mitinqlər keçirirdi. Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına və Sovet hökumətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi. O, 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı. H.Əliyev SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanatında partiyanı 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzə siyasi rəhbərlikdə və bu cinayətin üstünü açmamaqda, gunahkarları üzə çıxarmamaqda, mərkəzin ikiüzlü siyasəti, erməni separatçılarına havadarlığı sayəsində Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətdə, vilayətin əslində tamamilə Azərbaycan dövlətinin idarəçiliyindən çıxarılmasında, demokratikləşmə, siyasi azadlıqlar və plüralizm bəyan edilən bir dövrdə Azərbaycanda demokratik hərəkat və cəmiyyətin demokratikləşdirilməsini əngəlləməkdə təqsirləndirərək qeyd etdi ki: "Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə xalqı aldatmaqdır. Xalqa açıq demək lazımdır ki, bizim ölkəmizdə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanılan respublikaların ittifaqı süquta uğramaqdadır". Bu vaxt AXC-də parçalanma daha da dərinləşmişdi, idarə heyətində fikir birliyi yox idi. İki platforma - birinci, müstəqilliyə doğru insan hüquqlarının aliliyinə zidd olmayan yollarla getməyi vacib hesab edən "liberal-demokratlar", ikinci isə müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə, insan hüquqlarına zidd olan yollarla getməyi lazım bilən "millətçi-vətənpərvərlər" platforması formalaşmışdı. Cəbhə daxilində partiyalaşma prosesi başlamışdı. Buna görə də AXC-nin 1991-ci il iyulun 13-16-da keçirilən I qurultayında idarə heyəti buraxıldı. Hələ 1990-cı ilin əvvəllərində xalq cəbhəsi üzvləri müxtəlif siyasi partiyaların təşəbbüs qruplarını yaratmışdılar. Xalq Azadlıq Partiyası, Dirçəliş Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Azərbaycan Milli Demokrat (Yeni Müsavat) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və s. siyasi təşkilatlar meydana gəlmişdi. Lakin onların sosial bazası geniş deyildi. İmperiya hakimiyyətinin yuxarı eşelonlarında mühafizəkar qüvvələrin müqaviməti getdikcə güclənirdi. Onların səmərəli fəaliyyəti üçün inflyasiyanın sürətlə artması, əhalinin vəziyyətinin gündən-günə pisləşməsi münasib şərait yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali Sovetinin qapalı iclasında mühafizəkarların liderləri Nazirlər Kabinetinə fövqəladə səlahiyyətlər verilməsini tələb etdilər. Bu, baş tutmadı. İrticanın növbəti hücumu 18-19 avqust dövlət çevrilişi cəhdində təzahür etdi. Onun başçıları Forosda (Krımda) istirahət edən M.Qorbaçovu "neytrallaşdırıb", Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) təşkil etdilər və "demokratikləşdirmə"nin, "yenidənqurma"nın çıxılmaz vəziyyətə saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar. Kommunist Partiyası bu çevrilişi müdafiə etdi. Qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin güclü olduğunu nəzərə almamışdılar. Avqustun 19-da Rusiya prezidenti Boris Yeltsinin başçılığı ilə bütün demokratik qüvvələr birləşib qiyama qarşı ayağa qalxdılar. Azərbaycanda da demokratik qüvvələr "hərbi xuntanın" - Dövlət Fövqəladə Vəziyyət Komitəsinin qanunazidd fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın prezidenti A.Mütəllibov avqustun 21-də Azərbaycan televiziyası ilə bəyanat verib bildirdi ki, respublikanın qarşısında duran mürəkkəb məsələlərin həllində ümidini bu komitəyə bağlayır. Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko da çevrilişi razılıqla qarşıladığını elan etdi. Sov. İKP-dən, "QKÇP"-dən gələn bütün göstərişlər yerinə yetirilirdi. Demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində SSRİ-də dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanda da irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə, mitinqlər başlandı. Avqustun 22-də fövqəladə vəziyyətin hökm sürdüyü Bakının Nizami meydanında izdihamlı mitinq oldu. Burada respublika rəhbərliyinin dövlət çevrilişinə müsbət münasibəti pislənildi. Mitinq zorla dağıdıldı və onun təşkilatçıları həbs edildi. Avqustun 23-də AXC qərargahı qarşısındakı mitinqdə dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Lakin xalqı qorxutmaq mümkün deyildi. Avqustun 25-27-də Bakının Azadlıq meydanında bir milyona yaxın adamın iştirak etdiyi ümumşəhər mitinqləri keçirildi.