Ekspress.-2016.-12-14 mart.-¹ 47.-S.11.

 

Hüquqi dövlət - bəşəriyyətin nail olduğu ən ideal nizam

 

Hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.

Hüquqi dövlət ("Rechtsstaat") termini də Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub.

Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Anglo-sakson ölkələrində "hüquqi dövlət" isə "hüququn hegemonluğu" mənasına gələn "rule of law" termini ilə ifadə olunur.

Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir.

Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır. Totalitar-avtoritar sistemlər, diktaturalar hələ də mövcud olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da legitimlik axtarışları səbəbindən hər zaman hüquqa dayanıqlı fəaliyyət göstər-diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtoritar dövlətin əhalisinə KİV-lər vasitəsi ilə təlqin etməyə çalışırlar. Lakin hüquqi dövlətdə siyasi iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara bağlıdır. Demokratiya da hüquqi dövlətin conditio sine qua non şərtindən biridir.

Siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəyyən sine qua non şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlətin bəzi "bünövrə daşları" var ki, bunlar olmadan hüququn üstünlüyündən danışmaq mümkün deyil. Hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar bəzi qurumların da olmasını tələb edə bilər. Bunlar aşağıdakılardır:

Hakimiyyət bölgüsü prinsipi; Demokratiya; İnzibati aktlar üzərində məhkəmə nəzarətinin olması prinsipi; Hüquq və azadlıqların üstünlüyü prinsipi; İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi; Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti; Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.

Tarixən hakimiyyət və qanun həmişə yanaşı mövcud olub və inkişaf edib. Əksər hallarda hakimiyyət qanunu üstələyib. Belə bir halda qanunun aliliyi, təbii ki, hər şey üzərində onun mütləq üstünlüyü demək deyil. Dövlət hakimiyyəti qanunla deyil, mübarizə ilə yaranır və yalnız sonra qanunla təsbit olunur. Bu mənada, yəni mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. Bununla belə, özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət etməlidir. Qanunun aliliyi onda öz ifadəsini tapmış xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır. Lakin dövlət hakimiyyətinin ali nümayəndəli orqanının fəaliyyəti buna heç də təminat vermir. Qanunun ümumxalq iradəsindən kənara çıxması, birincisi, o, qəbul edilən məqamda mümkündür: ikincisi, qanun köhnələ bilir və artıq əhalinin iradəsini adekvat əks etdirə bilmir. Nəhayət, qanunun aliliyi yalnız dövlət aparatı tərəfindən onun təmin edilməsinin dönməzliyində ifadə olunmur, o, habelə onun sərəncamlarında vətəndaşların əməl etməsinə inamın olmasını nəzərdə tutur. Hələ XVIII əsrdə böyük alman alimi İ. Kant "hüquqşünaslığın metafizik əsasları" adlı kitabında "vətəndaşların və dövlət hakimiyyətinin qarşılıqlı məsuliyyətini necə təmin etmək olar" sualına cavab verərək yazırdı ki, bütün sınanmış idarə formalarından ən yaxşısı respublikadır, lakin əgər hakimiyyət bölgüsü yoxdursa, hətta onun özü də hakimiyyətin özbaşınalığının və korlanmasının qarşısını almağa təminat verə bilmir. Onun fikrincə, burada qanunverici orqana ilkin mövqe məxsusdur, çünki yalnız burada vətəndaş özü üçün səmərəli müdafiə tapa bilir və tapmalıdır. O yazırdı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təcrübədən irəli gəlir: hakimiyyət başında olanlar həmişə qanunu öz mənafeyinə uyğun şərh etməyə can atırlar. Buna yol verməmək üçün konstitusiya məhkəməsi təsis etmək lazımdır.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmadı. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşadı; 1991

1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev buna nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai - siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradır. Artıq 25 ildir ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri edir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun sözlərinə görə, hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir.

"Hüquqi dövlətin mənəvi əsasını bərabərlik, azadlıq, ədalət və humanizm kimi ümumbəşəri dəyərlər təşkil edir. Bu dəyərlər dövlət idarəçiliyinin demokratik metodlarında, ədalət və ədalət məhkəməsində, dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərində prioritet azadlıq və hüquqlarda azlıqların hüquqlarının qorunmasında, müxtəlif dini dünyagörüşlərinə tolerant, dözümlü münasibətlərdə öz ifadəsini tapır".

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu haqqında danışan Ömərov bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu əsas məqsəd kimi göstərilir: "Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək".

Azərbaycanda hüquqi dövlət formalaşıb və inkişaf etməkdədir. Belə ki, ölkəmizdə Konstitusiya Məhkəməsi, ombudsman, konstitusiya nəzarəti, Prezident İnstitutu, Prezident nəzarəti, qanunvericilik və məhkəmə hakimiyyəti yaradılmış, Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Ölkəmizdə dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti mövcuddur, bazar münasibətləri əsasında iqtisadiyyat və azad sahibkarlıq inkişaf edir, inhisarçılığa və haqsız rəqabətə yol verilmir. Hər bir vətəndaşın rifahı yüksəldilir və layiqli həyat səviyyəsi üçün şərait yaradılır. "Konstitusiyanın ikinci bölməsinin üçüncü və dördüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqları, azadlıqlarına və vəzifələrinə həsr olunub. Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna, xarici siyasətdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara əsaslanır. Vətəndaşların və dövlətin suverenliyində özünü büruzə verən hüquqi dövlət vətəndaşların bərabərliyini, ailənin, mülkiyyətin, şəxsi həyatın təhlükəsizliyini reallaşdırır, dövlətin daxili və xarici suverenliyini gerçəkləşdirir. Bütün ölkə üçün ümummilli qərar qəbul edilir, ictimai nəzarət tətbiq edilir, müstəqil xarici siyasət yürüdülür".

V. Ömərovun dediyinə görə, hüquqi dövlətdə hakimiyyət xalqa məxsusdur və onun mənafeyinə xidmət edir. O, elə bir suveren dövlətdir ki, özündə xalqın, millətin, ölkədəki digər xalqların və milli azlıqların da suverenliyini özündə əks etdirir. Hakimiyyətin aliliyini, ümumiliyini, tamlığını, müstəsnalığını həyata keçirən belə dövlət tipi bütün vətəndaşlar üçün ədaləti, haqqı, azad ictimai münasibətləri təmin edir. "Hüquqi dövlətdə özbaşınalığa və qanunsuzluğa yer olmur. Dövlətin və xalqın suverenliyinə qəsd edildikdə, hüquqi qanun çərçivəsində güc tətbiq edilir. İnkişaf etmiş demokratik dövlət şəraitində hakimiyyəti həyata keçirən xalqın mandatı, qanunverici və nəzarət funksiyasını yerinə yetirən nümayəndəli orqanlar, yerli bələdiyyələr, özünüidarə orqanları, güclü və müstəqil məhkəmələr mövcud olur, azadlıq və rifah təmin olunur, heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, ictimai təşkilat, heç bir insan qanunu poza bilmir. Hüquqi və demokratik dövlətdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini tənzimləyir. Bir sözlə, hüquqi dövlət Qərb çərçivəsindən çıxaraq, dünyanın demokratik inkişaf yolu seçmiş ölkələrində də bərqərar olmaqla ümumbəşəri sərvətə çevrilməkdədir".

Sonda bir cümləylə bildirək ki, Azərbaycanın hüquqi dövlət olması 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 7-ci maddəsinin I hissəsində vurğulanır: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır".

 

Murad Məmmədli