Bakı xəbər.-2016.-19 fevral.-№32.-S.13.
Tarixdə iz buraxanlar: Atatürk
"Nə xoşbəxtdir türkəm deyən!"
Fazil QARAOĞLU,
professor
Mustafa Kamal Atatürk Türkiyə Cumhuriyyətinin qurucusu və ilk Cumhurbaşqanıdır. 1881-ci ildə Selanikdə, bu gün muzey halına gətirilən evdə anadan olub. Atası Əli Rza bəy, anası Zübeydə xanımdır. Təhsilinə 6 yaşında ikən Selanikdə Şəmsi əfəndinin məktəbində başlayıb. Az yaşda atasını itirən Mustafa nənəsinin yanında yaşayaraq təhsilinə davam edib. Əla qiymətlərlə oxumasını və yüksək əxlaqını nəzərə alan riyaziyyat müəllimi ona:
"Bundan sonra sənin adın Mustafa Kamal olsun" - deyib, Atatürkün adını Mustafa Kamal olaraq təsbit edibdir (1893-cü il). Bu ad onun da, digər şagirdlərin də xoşuna gəlib. Bir müddət sonra nənəsinin onu məktəbdən ayırmasına baxmayaraq, Mustafa gizlicə Selanikin hərbi rüşdiyə məktəbində imtahanlardan müvəffəqiyyətlə keçib, Atatürkün əsgəri məslək həyatını başladıbdır. Bu məktəbi də əla qiymətlərlə bitirən Mustafa Kamal təhsilini hərbi liseydə davam etdirib. Liseyi də əla qiymətlərlə bitirən Mustafa Kamal 1899-cu il mart ayının 13-də İstanbulda Ali Hərb məktəbinə daxil olub. Burada əsas məsləyini düşünərkən xəyalı onu gələcəkdə nələr edəcəyinə götürərmiş. Beləcə, Mustafa Kamal hələ hərb məktəbində oxuyarkən Vətənini və millətini düşünməyə başlayıb.
Mustafa Kamal Atatürk 1902-ci ildə hərb məktəbini bitirdi və Baş leytenant olaraq Hərb Akademiyasına daxil oldu. 1905-ci il yanvar ayının 11-də yüksək səviyyəli bir kapitan olaraq Hərb Akademiyasından məzun oldu və Şamdakı V Orduya təyin edildi. Vətən eşqilə alışıb-yanan Mustafa Kamal 1906-cı ilin oktyabr ayında Şamda gizlicə "Vətən və Hürriyyət Cəmiyyəti"ni qurub, heç kəsin xəbəri olmadan Selanikə gedərək qurduğu cəmiyyətin bir şöbəsini də orada təşkil edib. 1907-ci il oktyabr ayının 13-də Makedoniyaya III Ordu qərargahına, 1909-cu il yanvarın 13-də isə III Ordu Selanik Redif diviziyası rəhbərliyinə təyin edilib.
O tarixlərdə "İttihad və Tərəqqi Cəmiyyəti" Makedoniyada fəaliyyətlərinə davam edirdi. Mustafa Kamal 1909-cu ildə "İttihad və Tərəqqi Cəmiyyəti"nin konfransına bir nümayəndə olaraq qatıldı. Fəqət bu cəmiyyətin fəaliyyət tərzlərini, onların düşüncələrini və qurduqları planlarını doğru qəbul etmədi. Mustafa Kamal ətrafındakılara: "Bu konfransda əsas məsələ yıxılmaq üzrə olan imperatorluqdan bir türk dövlətini çıxarmaq olmalıdır", - deyərək öz fikrini izah etdi, bütün konfrans boyu Ənvər paşa ilə çəkişdi. Mustafa Kamal Atatürkə görə, imperatorluğun süqutu yavaş-yavaş, mərhələ-mərhələ olmalı idi. Bu çəkişmələrdə konfrans iştirakçılarından İsmət İnönü, Kazım Qarabəkir və Fethi Okyar kimi onu dəstəkləyən, bütün ölkədə tanınan adlarla tanış oldusa da, fikir ayrılıqlarına görə gələcəyin Atatürkü cəmiyyətdən uzaqlaşdı.
Mustafa Kamal Atatürk 27 noyabr 1911-ci ildə mayor, 1 mart 1914-cü ildə polkovnik, 27 fevral 1916-cı ildə general rütbəsinə yüksəldilib.
I Dünya müharibəsinin sonunda "Mondros mütarikəsi"nə görə Osmanlı dövləti Qərb ölkələri arasında paylaşıldı. 13 noyabr 1918-ci ildə İstanbula gələn Mustafa Kamal 1919-cu il may ayının 16-na qədər çalışmalarını burada sürdürdü. Əvvəl Şişlidə, sonra da muzey halına gətirilən evə yerləşib milli mücadilənin əsas kadrlarını meydana gətirərək dostları ilə (Refet Bele, Əli Fuad Cebesoy, İsmət İnönü, Kazım Qarabəkir, Fəthi Okyar, Rauf Orbay) görüşlər keçirdi. 1919-cu il aprel ayının 30-da Qara dəniz bölgəsinə təyin olundu. Bu təyini ona verən Osmanlı Sultanı Vəhdəddin xan ilə Ulduz sarayındakı görüşməsini Fateh Rıfkı Atay "Çankaya" adlı əsərində Mustafa Kamalın ifadəsilə belə nəql edir: "Ulduz sarayının kiçik salonunda Vəhdəddin ilə adətən diz-dizə deyiləcək qədər yaxın oturduq. Onun sağında, dirsəyini dayamış olduğu bir masanın üstündə bir kitab vardı. Salonun Boğaza doğru açılmış pəncərəsindən gördüyümüz mənzərə belə idi: bir-birinə uyğun xətlər üzərində düzülmüş düşmən gəmilərinin üzərindəki toplar Ulduz sarayına tərəf çevrilmişdi. Sultan Vəhdəddin xan heç unutmayacağım bu sözlərlə danışmağa başladı: "Paşa, paşa, indiyə qədər dövlətə çox xidmətlər etdin. Bunların hamısı bu kitaba girmişdir". Əlini bayaq bəhs etdiyim kitabın üzərinə qoydu və əlavə etdi: "Tarixə keçmişdir". O zaman bunun bir tarix kitabı olduğunu anladım. Mən diqqətlə və sükunətlə dinləyirdim. "Bunları unudun", - dedi. "Əsl indi göstərəcəyin xidmət hamısından mühüm ola bilər. Paşa, paşa, sən dövləti qurtara bilərsən!" Mən bu sözlərdən heyrətə düşdüm..."
Mustafa Kamal 16 may 1919-cu ildə gəmi ilə İstanbuldan Samsuna doğru hərəkət etdi və may ayının 19-da Samsuna çıxdı. 28 may günü Hövzəyə gəldi, yüksək vəzifədə və üst səviyyədə olanların, bütün komandanların diqqətini cəlb etmək məqsədilə gizli bir yazı yayımlayaraq işğal altına alınan torpaqları azad etmək, imperatorluğu dağıdaraq bütün Türkiyəni parçalayıb bölüşdürmək istəyən qüvvələrə qarşı türk millətini bütünləşməyə və istiqlal mübarizəsinə çağırdı. Sonra Amasiyaya getdi və iyun ayının 21-dən 22-nə keçən gecə Amasiya xalqına müraciət edərək yenə türk millətini birliyə, bütünlüyə və mübarizəyə çağırdı.Bu çağırış və müracətlər ittifaqda olan dövlətlərin təzyiqi ilə Atatürkün hökumət tərəfindən İstanbula çağırılmasına səbəb oldu. Yaranan vəziyyət və baş verən hadisələr nəticəsində Mustafa Kamal paşa 1919-cu il iyul ayının 7-də tutduğu vəzifədən və əsgərlikdən istefa etdiyini hökumətə bildirdi.
Mustafa Kamal Atatürk iyul ayının 23-də açılan Ərzurum konfransında sədrlik etdi. Bu konfransda doqquz nəfərdən ibarət bir heyət seçildi və bu heyətin başına Mustafa Kamal gətirildi. 1919-cu il sentyabr ayının 4-11-də toplanan Sivas konfransında bu heyətə bütün ölkəni təmsil etmək ixtiyarı verildi. Mustafa Kamal paşa 1919-cu il dekabr ayının 27-də Ankaraya gəldi.
1920-ci il mart ayının 19-da millət vəkili seçilən Mustafa Kamal bütün vətənsevərləri Ankaraya çağırdı və onların qarşısında böyük və mənalı bir nitqlə çıxış etdi. 1920-ci il aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisi dini bir mərasimlə açıldı. Aprelin 24-də isə Mustafa Kamal Millət Məclisinin Başqanlığına seçildi. Beləcə, türk millətinin gələcəyini həll edən istiqlal mücadiləsi rəsmən başlamış oldu. Mustafa Kamal Atatürk 5 avqust 1921-ci ildə Türk ordusuna Baş komandan oldu. Avqustun 12-də Polatlıda Baş komandan sifətilə ordunun başına keçdi. 1921-ci il sentyabr ayının 13-də 22 gün 22 gecə davam edən Sakarya meydan döyüşünü qazandı. Sentyabrın 19-da Qazi və Marşal ünvanlarını aldı. 13 oktyabr 1921-ci ildə "Qars müqaviləsi"ni imzaladı.
1922-ci il avqust ayının 30-da "Ordular, ilk hədəfiniz Aralıq dənizidir. İrəli!" əmrini verdi. Nəticədə, Aralıq dənizi və ətrafı düşmənlərdən təmizləndi. 1923-cü il oktyabr ayının 29-da Cumhuriyyət elan edildi, ilk Cumhurbaşqanı seçilən də məhz Mustafa Kamal oldu. 1928-ci il avqust ayının 9-da Sarayburnunda latın əlifbasına keçid haqqında tarixi bir nitq söylədi və Dolmabağça sarayında türk dili mövzusunda bir konfrans keçirdi. Beləcə, 3 noyabr 1928-ci ildə latın əlifbası rəsmən qəbul edildi.
Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal 24 noyabr 1933-cü ildə həyatının ən böyük hədiyyəsini aldı, - qəhrəman türk milləti sözün əsl mənasında millətə atalıq edən Mustafa Kamala ATATÜRK soyadını verdi. 1935-ci il mart ayının 1-də dördüncü dəfə Cumhurbaşqanı seçildi. 1938-ci il may ayının 19-da çənub-şərq bölgələrinə çıxdığı səfər əsnasında xəstələndi və "Savarona" gəmisinə istirahətə çəkildi. İyul ayının 25-də Dolmabağça sarayına gətirildi və 1938-ci il noyabr ayının 10-da səhər-səhər saat 9-u 5 keçə Dolmabağça sarayında vəfat etdi. Nəşi Ankarada "Anıtqəbirə" dəfn edilmişdir.
Mustafa Kamal Atatürk gənc yaşlarından etibarən Türkiyə dövləti haqqında qurduğu ideallarını Cumhuriyyəti qurduqdan sonra həyata keçirib. O, inqilablar üçün zamanlama faktorunu çox yaxşı nizamlayıb, ehtiyatla atdığı siyasi addımlarla həyatı boyunca düşündüyü inqilabları hədəfinə doğru əzmlə yaxınlaşdırıb. Tək bir kəlmə ilə desək, inqilablar Atatürk şəxsiyyətinin və həyatının hər səhifəsinin ayrılmaz ünsürü olub. Belə ki, Mustafa Kamal Atatürkün şəxsi yardımçısı Mazhar Müfit öz xatirələrində belə yazır:
"Ərzurumda idik. Paşam məni çağırdı və:
- Mazhar, qeyd dəftərin yanındadırmı? - deyə sordu. Mən:
- Xeyr paşam, - dedim.
- Sənə zəhmət olacaq, nərdivanları enib - çıxacaqsan. Al, gəl, - dedi. Dəftəri gətirdiyimi gördükdə, siqaretini bir-iki qullab çəkdikdən sonra:
- Amma bu dəftərin bu vərəqini heç kəsə göstərməyəcəksən, gizli qalacaq. Bir mən, bir Sürəyya (şəxsi katibəsi), bir də sən biləcəksən. Bu mənim şərtimdir! - dedi.
Sürəyya da, mən də:
- Bundan əmin ola bilərsiniz, paşam, - dedik.
- Elə isə tarix qoy, - dedi. Mən dəftərə tarix qoydum - 8 iyul 1919-cu il sabaha yaxın.
- Zəfərdən sonra hökumət idarəsi Cumhuriyyət olacaq. Bu bir. İkincisi, padşah və xanədan haqqında zamanı gəldikdə lazım olan əməliyyat aparılacaq. Üçüncüsü, örtünmə aradan qaldırılacaq. Dördüncüsü, papaq aradan qaldırılacaq, mədəni millətlər kimi şlyapa geyiləcək, - deyərək davam etdi...
Mustafa Kamal bir gün mənə çox mühüm bir dərs verdi. O gün Mustafa Kamal şlyapa dövrünü elan etmiş Kastamonudan dönürdü.Ankaraya gəldiyində köhnə Millət Məclisi binasının qarşısından keçirdi, mən də qapının ağzında durmuşdum. Doğrusu, gördüyüm mənzərəyə inana bilmədim. Onun yanında oturan Diyanət İşləri Başqanının başında şlyapa vardı. Sən demə, onu qarşılamağa gələnlər arasında olan Diyanət İşləri Başqanına da şlyapa geyindirən məhz Atatürkün özü olub. Mən heyrətlər içərisində bu mənzərəni seyr etdiyimdə avtomobili saxlatdırıb məni yanına çağırdı və: "Əzizim Mazhar bəy, neçənci maddədəyik? Bir qeydlərinə baxarsanmı?" - dedi..."
Mustafa Kamal Atatürk ilə inqilabları arasında çox möhkəm bir bağ vardır. Mustafa Kamalın həyatının qayəsi onun idealları, xəyalları və keçirdiyi inqilablar olub. İstiqlal müharibəsi əsnasında bəzi dostlarının Vətəni qurtarmaqla bərabər rejimlə əlaqəli icraatların həyata keçirilməsini istəmələrinə qarşı belə demişdir: "Qəlyana lüzum yoxdur, dostlar. Bir işi zamansız etmək o işi bəhrəsizliyə uğratmaq olar. Fikirlərinizə müxalif deyiləm. Ancaq bu dediklərinizin zamansız olduğu qənaətindəyəm. Hər bir iş zamanında və növbə ilə görülməlidir. Biz məmləkətin qanunlarına, idarə və rejim sistemlərinə müdaxilə niyyəti güdən biriləri deyilik. Bizim qayəmiz Vətəni və milləti qurtarmaq olmalıdır. Biz müstəqil bir Vətən istəyirik. Qanunları dəyişdirmək lazımdırsa, məmləkətə yeni bir nizam-intizam verən, hökumətin idarəsini dəyişdirən müəssisə Milli Məclis olacaq..." - deyərək, sonralar həyata keçirəcəyi inqilabların təhlükəyə düşməsinin qarşısını almışdır.
Mustafa Kamal Atatürk hələ tələbə olduğu illərdə hey gələcəyin hesabını aparar, saatlarca yatmazdı. Ona: "Sənin nəyin var, niyə yatmırsan?" - sorulduqda o: "Mən yatağa girdikdən sonra yuxuya gedə bilmirəm, gözlərim sabaha qədər açıq qalır, hey gələcəyi düşünürəm..." - deyərmiş.
Mustafa Kamal Atatürk 1918-ci ildə müalicə olunmaq üçün getdiyi Karlsbadda xatirə dəftərinə belə yazıb: "Bir gün bu milləti idarə etmək mövqeyinə gəlirsəm, çevriliş edəcəyəm. Amma bu çevriliş nəticəsində heç bir zaman avamın səviyyəsinə enməyəcəyəm, avamı öz səviyyəmə qaldıraracağam".
Heç şübhəsiz, Atatürkün inqilablarının içərisində ən mühüm olanı "laiklik"dir. Atatürk ilə əlaqəli yazılan bir çox əsərlərdə "laiklik" onun inqilablarının təməli olaraq qəbul edilib. Atatürkün inandığı və həyata keçirmək istədiyi "laiklik" (dünya işlərini din işlərindən ayırmaq), yəni dünya işlərinin dinin xaricində ələ alınması, dini əmrlərdən ayrı mütaliə edilməsidir. Atatürkə görə, bir dövlətin "laik" ola bilməsi üçün, hüquqi baxımdan siyasətin və dinin bir-birindən ayrılması və dövlət işləri ilə din işlərinin ayrı olması lazımdır.
Atatürk Türkiyənin uyquladığı iqtisadi sistem və digər quruluşlar barədəki fikirlərini bu sözlərlə bildirmişdir:
"Türkiyənin tətbiq etdiyi dövlətçilik sistemi XIX əsrdən bəri sosializm zəruriyyətlərinin irəli sürdükləri fikirlərdən alınaraq tərcümə edilmiş bir sistem deyildir. Bu, Türkiyənin ehtiyaclarından irəli gələn, Türkiyəyə xas bir sistemdir. İqtisadi cəhətdən zəif bir millət səfalətdən qurtara bilməz; güclü bir mədəniyyətə və səadətə qovuşa bilməz; ictimai və siyasi fəlakətlərdən uzaqlaşa bilməz...
İstiqbal göylərdədir... Türk gənci göylərdəki yerini ən qısa zamanda almalıdır. Bu yarışa türk milləti olaraq zaman itirmədən qatılmalıyıq və söz sahibi olmalıyıq. Dövlət içərisində sənaye təşkilatları qurulmalı və genişləndirilməlidir. Hökumət məmləkətin təhlükəsizlik və asayişini təmin etməlidir.
Bir millət bir-birinə bağlı olmağı bildikcə yer üzündə onu dağıda biləcək bir güc düşünülə bilməz. Bilməliyik ki, birliyini bilməyən millətlər başqa millətlərin şikarıdır. Hökumət millətdir və millət hökumətdir. Hər bir hökumətin iki hədəfi olmalıdır: biri millətin qorunması, ikincisi isə millətin rifahını təmin etməkdir. Bu iki şeyi təmin edən hökumət yaxşıdır, etməyən isə fəna bir hökumətdir..."
Avropada olan yaşayış səviyyəsi hər zaman Atatürkün hədəfi halında olub. Beləcə, avropalılaşmaq Atatürkün və onun qurduğu Cumhuriyyətin və dövlətin rəsmi proqramı olub.
Atatürkə görə, avropalılaşmaq Qərbin örf və adətlərini almaq və onu təkrar etmək deyil.
Əlbəttə, hər bir millətin özünəməxsus xüsusiyyətləri, örf və adətləri, törələri, bir milləti millət edən milli və mənəvi dəyərləri var. İctimaiyyətə zidd olan, yəni milləti ilə bütünləşməyən bir dövlət, dövlət sayılmaz.
Türkiyədə və xarici ölkələrdə Atatürklə əlaqəli yüzlərcə əsərlər yazılıb. Əlbəttə, Atatürkün şəxsiyyətini, yaratdığı yenilikləri və qurduğu dövləti məhdud səhifələr arasına sığdırmaq mümkün deyil. Onun tarixi, siyasi və hərbi icraatları ilə əlaqəli xüsuslar cildlər dolusu kitablarda qeydə alınmışdır.
O böyük insan Türk dünyası üzərində sönməz bir günəş olaraq həmişə yaşayacaq.