Kaspi.-2016.-1 dekabr-¹ 197.-S.6.
Şəhadətnamənin attestata çevrilməsi nəyi dəyişəcək?
Ekspertlər yeni sənəd formasında uyğunsuzluqlar olduğunu deyirlər
Təranə Məhərrəmova
"Artıq tam və ümumi orta təhsil səviyyələri üzrə IX-XI sinfi bitirən şagirdlərə şəhadətnamə deyil, attestat veriləcək”. Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın yeni redaksiyada təsdiqinə əsasən edilən dəyişiklik ortaya bir sıra suallar çıxarıb. NK-in bundan əvvəlki qərarına əsasən, ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib. Yeni Qaydaya əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat veriləcək.
İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən isə tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda, tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq.
Attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb
Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov mətbuata açıqlamasında yeni attestatların əvvəlki təhsil sənədlərindən daha rahat olacağını qeyd edərək, onların forması və içərisinin məzmununun dəyişdiyini söyləyib: "Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur”. Nazirlik rəsmisinin sözlərinə görə, yeni attestatlarda buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla qeyd ediləcək. Attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə buraxılış imtahanı qiymətidir: "Yəni bu tədris ilinin sonunda kurikuluma əsasən tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən - tədris dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - "2”, "3, "4” və "5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə "4”, "5” və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İllik qiymət isə elə əvvəlki qaydada yazılacaq”.
Hər bir yenilik birmənalı qarşılanmadığı kimi, ümumi orta və tam orta təhsil pilləsini bitirənlərə sənəd olaraq attestat veriləcəyi ilə bağlı Təhsil Nazirliyinin bu qərarı qurumun özü tərəfindən təkmilləşdirmənin nəticəsi kimi dəyərləndirilsə də, təhsil mütəxəssisləri tərəfindən birmənalı qiymətləndirilmir. Ümumiyyətlə suallar yaranır: təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinə səbəb nədir? Yeni islahat, yoxsa dünya təcrübəsinin tətbiqi? Bəlkə eksperiment?
Heç şübhəsiz, təhsil sənədindəki dəyişikliyi məqsədəuyğun hesab edənlərlə yanaşı, eksperiment kimi dəyərləndirilənlər də yox deyil.
Zamanın tələbinə uyğun
Təhsil sənədində baş verən dəyişikliyə münasibət bildirən professor Əjdər Ağayev hökumət səviyyəsində verilən bu tip qərarların zaman-zaman meydana çıxdığını deyir: "Vaxt var idi, orta məktəbi bitirənlərə "Kamal attestatı” verilirdi. İndi həmin sənəd "Attestat” adlanır. Nə vaxtsa 9-cu sinfi bitirənlərə şəhadətnamə deyil, adi bir sənəd verilirdi. Şəhadətnamə sözü «şahidlik» ifadəsindən gəlir. Amma "attestat” sözünün məzmununda bitkinlik var. Hesab edirəm ki, sənədlərin indi təqdim edilən formada adlandırılması daha məqsədəuyğun və hamı tərəfindən başa düşüləndir. Burada heç bir ciddi problem yoxdur. Həmçinin bu qərarda hər hansı elmi-pedaqoji əsas da gözləmək lazım deyil. Sadəcə, zamanın tələbinə uyğun olaraq hamının başa düşdüyü sənəd adlarından istifadə olunur. Bu baxımdan, mən bu dəyişikliyi məqsədəuyğun hesab edirəm».
Qiymətlərin balla yazılacağına gəlincə, ekspert bu məsələyə münasibətdə narazılığını ifadə edir. Ekspert bir sənəddə iki qiymətləndirmə sisteminin tətbiqini məqsədəuyğun saymır: «Mən bu qərarı eşidəndə, təəccüb etdim. Tutaq ki, qiymətlərin yarısı illik qiymətlərdir, bunların hamısı 5 ballıq sistemlə yazılır. Qalanları isə 100 balla yazılır. Bu, son qərara gəlinməmiş nəticədir. Bir məqsədə ikili yanaşmaq olmaz. Bu, elmlə də, məntiqlə də düzgün deyil. Ya bütünlüklə 100 ballıq sistemə keçilsin, ya da 5 ballıq sistem öz mövqeyini qoruyub saxlasın. Onsuz da 100 ballıq sistemin özü də 5 ballıq sistemə əsaslanır. Bu baxımdan, ikili tətbiqə ehtiyac yoxdur. Düşünürəm ki, ümumtəhsil məktəbində hələ ki 5 ballıq sistemdir. Həmin sistemlə də getmək lazım idi”.
Eksperimentlər?
Təhsil eksperti Kamran Əsədov isə nazirliyin sonuncu qərarının bir qədər anlaşılmazlıq yaratdığı fikrindədir. Belə ki, ölkədə təhsil sənədlərinin verilməsi qaydaları Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir: "Təhsil Nazirliyi öncə bu dəyişiklikləri ictimaiyyətə elan etdi, ondan bir neçə gün sonra qərar Nazirlər Kabineti tərəfindən rəsmi olaraq bildirildi. Yəni ilk növbədə qərar Nazirlər Kabineti tərəfindən verilməli, daha sonra Təhsil Nazirliyi öz qərarını açıqlamalı idi”. Doqquzillik şəhadətnamənin adının dəyişdirilərək tam orta təhsili bitirmək haqqında "Attestat” olaraq verilməsini uyğunsuzluq kimi dəyərləndirən ekspert bu qərarın yenidən anlaşılmazlıq yaradacağını hesab edir.
Ekspert qərarın, həmçinin mütərəqqi tərəflərinin olduğunu da qeyd edir. O mənada ki, sənəddə tədris olunan fənlərin saatları göstəriləcək: «Bildiyiniz kimi, Azərbaycan tələbələri təhsillərini davam etdirməkdən ötrü daha çox xarici ölkələrə gedirlər. Ənənəvi attestatlarımız xarici ölkələrdə tanınma zamanı müəyyən problemlər yaşayırdı. Məsələn, təhsil pillələri 12 illik olan ölkələrdə şagirdlərimizi qəbul etmirdilər. Hesab edirdilər ki, onlar dərs saatlarını tam mənimsəməyiblər. Fikrimcə, sənəddə dərs saatlarının göstərilməsi onların yolunu açacaq. Bu, onu göstərir ki, Təhsil Nazirliyi xaricdə təhsil almağa gedən abituriyentlər üçün yaşıl işıq yandırır”.
Bununla belə, yenə də iki qurum arasında ziddiyyətin ortaya çıxacağı istisna olunmur: "Hal-hazırda buraxılış imtahanları iki və üç fəndən ibarətdir. Ona görə əsaslandırdılar ki, bu, təhsil prinsiplərinə bir qədər uyğun gəlmir, yəni ali məktəblərə qəbul zamanı ballar uyğunlaşdırılsın. Heç də orta məktəblərin səlahiyyəti ali məktəblərə qəbul planını doldurmaq və ya ali məktəblərə qəbul prosesini həyata keçirmək deyil. Ölkə əhalisinə təhsil sənədi bir formada verilir. Təhsil Azərbaycan və rus dillərində olan məktəblərdə qəbul imtahanları Azərbaycan dili və riyaziyyat, tədris digər dillərdə olan məktəblərdə isə yalnız riyaziyyatdan olacaq. Bu da təhsil sənədləri arasında uyğunsuzluğa gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, xarici ölkələrdə natamam orta təhsil səviyyəsini bitirənlər tam fərqli, tam orta təhsili bitirənlər isə ayrı sənəd alırlar: "Ancaq eyni sənəd altında göstərilmə zamanı şagirdin 9 il oxuması qeyd olunmayacaq. Burada natamam və tam orta təhsildən söhbət gedir. Hətta, xaricə sənəd qəbulu zamanı 9-cu sinif şagirdləri belə, attestatı təqdim etdikdə, bəlkə də hansısa ali müəssisələr onları tələbə olaraq qəbul edəcək. Ancaq bu, bizim qanunvericiliyə ziddir. Digər tərəfdən, şagirdlərə orta məktəbdə keçdikləri fənlərin ümumi qiymətləri və buraxılış imtahanlarında göstərdikləri nəticələr yazılacaq. Ancaq "Təhsil haqqında qanun”a və Nazirlər Kabinetinin sərəncamına görə, sənəd təhsilin müəyyən pilləsini bitirdikdə verilir. Məsələn, builki imtahanların nəticələrinə baxsaq, 35 min şagird ana dilindən "2” almışdı. Siz buraxılış imtahanının nəticəsini ora yazsanız, yeni qərara görə balı yazmalısınız. "2” qiymət alan axı buraxılış sənədi ala bilməz - bu o deməkdir ki, siz həmin pilləni bitirməmisiniz. Əgər siz "2” almısınızsa, əvvəlki illərdə qiymətinizə baxılır və orta qiymət çıxarılırdı, nəticədə siz müsbət qiymət alırdınız. Amma indi belə çıxır ki, Təhsil Nazirliyi yeni qaydalarla onların qarşısını almış olacaq. Yəni təhsil sənədini verəcək, ancaq onlara növbəti pillədə təhsilini davam etdirmə imkanı verməyəcək. Həm buraxılış imtahanının, həm də orta məktəbdə keçirilən fənnin qiyməti yazılacaqsa, haradasa 30 mindən çox insan "2” alacaq və onların ali məktəblərə qəbul sənədi təhsillərini davam etdirməyə imkan verməyəcək”.
Təhsil tez-tez islahatlar aparılmasını və dəyişiklikləri sevmir
Ekspert dünya təhsil sistemində attestatın yalnız tam olaraq məktəbi bitirdikdə verilən sənəd sayıldığnı qeyd edir. Məsələn, Türkiyədə «Orta okul», «Lisey» dövrlərinin sənədləri tamamilə fərqlidir - birində sertifikat, digərində diplom verilir: "Hesab edirəm ki, bu qərar tam açıqlama olmadan verilib. Bu, eyni zamanda xaricdə ali məktəblərə qəbul zamanı şagirdlərimizə ciddi problem yaradacaq. Eyni ad altında, yalnız iç vərəqində tam və ya natamam orta məktəbi bitirməsinin göstərilməsi yaxşı hal deyil. Bundan əlavə, sənəddə essenin qiyməti də yazılmayacaq, yalnız buraxılış fənlərinin qiyməti yazılacaq - bu baxımdan bu, tələsik atılmış addımdır”. K. Əsədov hesab edir ki, təhsil tez-tez edilən islahatları və dəyişiklikləri sevmir. Belə ki, son 6 ildə buraxılış imtahanları və orta məktəblərdə tədris ilə bağlı çox tez-tez islahatlar həyata keçirilir: "Məsələn, kurikumların və ya müəyyən fənlərin tətbiqi, buraxılış imtahanlarının Təhsil Nazirliyindən alınıb TQDK-ya verilməsi, fənlərin 8-dən 3-ə endirilməsi, sonra artırılması və s. nəsillər arasındakı əlaqəni qırır və insanlarda növbəti ildə «Mən təhsilimi necə davam etdirəcəyəm?» inamsızlığı və sualı yaradır”.
Sovet dövründə təhsil prosesinin 50 il eyni qayda ilə həyata keçirildiyini xatırladan ekspert hesab edir ki, təhsili adiləşdirmək olmaz: "Təhsil elə bir spesifik sahədir ki, burada tez-tez eksperimentlər aparmağa ehtiyac yoxdur. Son illər Azərbaycanda təhsil sahəsində islahat adı altında eksperimentlər həyata keçirilir. Son illərin təhsil nəticələrinə baxsaq, ortada heç də uğurlu nəticə yoxdur».
Şəhadətnamənin tarixin arxivinə göndərilib attestatla əvəz olunması, qiymətlərin balla əvəz edilməsinin təhsil sahəsinə hansısa müsbət yeniliklər gətirib-gətirməyəcəyini zamanla biləcəyik. Ekspertlərin "məqsədəuyğun” və ya "eksperiment” deyə haqqında fikir söylədikləri dəyişikliyə cavab olaraq "vaxtında atılan addım” rəyini vermək üçün də yenə zaman lazımdır. Təbii ki, əgər şəhadətnamənin attestata çevrilməsinin uğurlu nəticəsini görə bilsək...