Bakı Xəbər.-2016.-4 fevral.-¹ 21.-S.12.

Tarixdə iz buraxanlar: Atilla

Fazil QARAOĞLU,

Professor

 

Böyük İsgəndər, Sezar və Hannibalın ölümündən sonra Avropanın tarixində böyük rol oynayan bir hökmdar yetişdi. Orduları ilə bütün Avropanı dolaşan, dövrünün iki böyük imperatorunu qarşısında diz çökdürən, türkün şanını Volqa və Atlantikin sahillərinə qədər yayan bu böyük hökmdar atamız Atilla idi. Atalarından Mətə xan necə bütün Asiyanı başdan-başa fəth etmişdisə, Atilla da Avropanı başdan-başa fəth etdi.

 

Yaşadığı əsrdə və sonrakı əsrlərdə heç bir hökmdarın adı Avropada onun adı qədər yad edilmədi. Avropa və Asiyada yaşayan şairlər və rəssamlar onun barəsində bol-bol şeirlər yazıb tablolar çəkdilər. Vəfatından əsrlər keçdikdən sonra belə, Atilla sənətkarlar üçün mühüm bir mövzu olub, onun qəhrəmanlıqları, igidlikləri və zəfərləri haqqında cürbəcür dastanlar yazılıb. Zamanımızdan 15 əsr əvvəl yaşamasına baxmayaraq, dövrümüzün şairləri belə onun barəsində gözəl şeirlər yazırlar.

Atilla hun türklərindəndir. Babaları Mətə xanın vəfatından sonra Xəzər dənizinin sahillərinə gəldilər və orada yüzillərcə yaşadılar. Balıqçılıqla, ovçuluqla və heyvandarlıqla məşğul oldular. İllər keçdikcə hunlar çoxaldılar, dürüst ticarətləri sayəsində sərvətləri artdı, Volqanı əhatə edən yerlərdə at yetişdirdilər. Yaxşı nişançı olduqlarına görə ovla məşğul oldular. Yaxşı at çapdırmaq və yaxşı nişançılıq hunları döyüşkən bir millət halına gətirdi. IV əsrin sonuna doğru Volqa çayının sahillərindən daha zəngin torpaqlar olan Dunay sahillərinə doğru köçməyə başladılar. O zamanlar burada qotlar yaşayırdı. Bunlar mavi gözlü, sarı saçlı insanlar idi. Çox cəsur idilər. Fəqət hun süvarilərinin qarşısında dura bilmədilər. Çünki hunlar daha çevik, daha yaxşı ox ata bilirdilər. Qotlar da getdikləri yerlərin xalqını qabaqlarına qatdılar və Avropanın daxilinə doğru sürü kimi qovdular. Beləcə, Qara dənizin şimalından qaçışan insan sürüsü ilə Dunay boyları doldu-daşdı. Bax bu zamanlar gələcəyin Atillası anadan oldu. Onun ilk eşitdiyi səs qılınc şaqqıltısı və atalarının nərəsi olub. Hələ uşaq ikən hunların döyüşlərini gördü. Ozanların çaldığı sazları dinlədi, yanıq səsli ozanların Mətəyə və digər bəzi hunlara aid söylədikləri dastanlarla böyüdü. Belə şəraitdə böyüyən Atillanın əsgərliyə olan həvəsı artdı. O da atası və əmisi kimi qəhrəman olmaq istədi. Bunlar igid türklərin, cəsur orduların necə çarpışdıqlarını, necə zəfərlər qazandıqlarını həyəcanlı bir dil ilə nəql edirdilər. Atilla kiçik yaşlarından bu dastanların təsiri altında qaldı. Babalarının böyük bir millət olduğunu öyrəndi. Nəticədə, böyük bir qəhrəman olmağa söz verdi. Asiyada yaşayan türklərlə avropadakıları birləşdirməyi qarşısına məqsəd qoydu. Buna görə yaxşı bir savaşçı olmalı idi. Ata minməyi, ox atmağı qısa bir zamanda öyrəndi. Bir ara bir döyüş zamanı yaxşı bir əsgər olduğunu atasına və əmisinə göstərdi. Hər kəs ona böyük komandan gözü ilə baxmağa başladı.

Hökmdar olduğu zaman Atillanın 34 yaşı vardı. Atillanı görənlər onun haqqında bir çox şeylər yazdılar. Bu böyük hökmdarda hər kəsi özünə çəkəcək fövqəladə bir qüvvə vardı. Onu gördükdə hər kəsi səssiz bir titrəyiş tuturdu. Böyük oğlu İlek belə atasının gözünə baxmağa cəsarət edə bilmirdi. Atilla, bu qədər ciddi olmaqla yanaşı, adil bir hökmdar idi. Onun belə olması uyruğların və yad qövmlərin sədaqət və sevgisini təmin edirdi.

Atilla Bizans və Roma imperatorlarına yuxarıdan baxardı və bu düşüncələrini söyləməkdən heç vaxt çəkinməzdi. Bizanslıları vergiyə bağladıqdan sonra Bizans imperatoru Teodosyos barəsində bunları demişdi: "Teodosyos əsil, tanınmış bir atanın oğludur. Mən də əsil bir atanın oğluyam, lakin mən atamdan qalma əsalətimi qoruya bildim. Amma Teodosyos mənə vergi verməklə qulum halına gəldi və atasından qalma əsalətini itirdi."

Böyük görüşlərə səhnə olan sarayını, hökmdarlara layiq bir ehtişamla döşətdirmişdi. Fəqət bu parlaq cərçivədə Atilla sadəliyi sevərdi. Qonaqlarına gümüş qablarda ən gözəl yeməklər verdirdiyi halda, özü taxta qabdan istifadə edər və ancaq ət yeyərdi. Qonaqlarının qarşısına qızıl və gümüş piyalələr qoydurduğu halda, özü taxta piyalədən istifadə edərdi. Geyimi sadə, lakin təmiz olardı. Qılıncı, kəməri digər hökmdarlarınkı kimi qızıl və ya cavahiratla bəzədilmiş deyildi. Başında hökmdarlıq əlaməti olaraq tac olardı.

Atilla həyatın nəşəli tərəfinə əhəmiyyət verməzdi. Ziyafətlərdə digərləri kimi gülməzdi. Ozanların söylədiyi hun qəhrəmanlıq dastanlarını məğrur bir görkəm alaraq dinləyərdi. Ümumi əyləncələrə qatılmazdı. Atilla özünün Tanrı tərəfindən xristianları cəzalandırmaq üçün göndərildiyinə, "Mən Tanrının qılıncıyam" və ya "Mən Tanrının qırmancıyam" deyərək dünyanı zəbt edəcəyinə inanırdı. Atilla başa keçdiyi zaman hunların sərhədləri Qara dənizdən Ren çayına qədər uzanırdı. Bu böyük ölkə Rusiya, Rumıniya, Yuqoslaviyanın şimalı, Macarıstan, Avstriya və Çexoslovakiyanı əhatə edirdi.

Atilla xan olar-olmaz bu qəbilə və millətləri bir-birilə qaynaşdırmağa çalışdı. Geniş torpaqlarda yeni təşkilatlar qurdu. Əsgərlərinin sayını artırdı. O zaman ordunun əsasını hun süvariləri təşkil edirdi. Paytaxt Macarıstan sayılırdı. O zaman Avropada iki böyük imperatorluq var idi - Bizans və Roma imperatorluqları. Atilla Tanrının ona hədiyyə etdiyi əfsanəvi qılıncla və qüvvətli ordusu ilə çox qısa zamanda bunların haqqından gələcəyinə inanırdı.

Beləliklə, Atilla cahan imperatorluğunu qurmaq məqsədilə planlarını yerinə yetirmək üçün hərəkətə keçdi. O, ilk olaraq cənub qonşusu bizanslılara qarşı müharibə elan etdi. Əslində Atilla çoxdan bəri bizanslılara qəzəbli idi. Onlardan xoşlanmazdı. Bizansa bağlı qaldığı zamanlardakı acı xatirələrini düşündükcə dişlərini qıcırdadardı. Həqiqətdə isə bu qısa müddətdə bizanslılardan çox şeylər öyrənmişdi. Onların döyüş üsullarını, əsgərlərini necə yetişdirdiklərini bilirdi. Hətta onlardan bəzi döyüş hiylələrini də öyrənmişdi. Hökmdar olmadan əvvəl bir toplantıda bizanslıların adı gəldikdə səbr edə bilməz, hiddətlə: "Əgər bir gün hökmdar olsam, onlara bizim necə bir millət olduğumuzu göstərəcəyəm, keçilməz zənn etdikləri qalalarını başlarına yıxacağam", - deyərdi.

Atilla bu sözlərini heç unutmadı. Beləcə, bizanslıların sərhədlərini keçdi və Bizansa bağlı şəhərləri yavaş-yavaş zəbt etməyə başladı. Bizans komandanları imperatorlarına xəbər göndərdilər və Atilla ilə başa çıxa bilməyəcəklərini bildirdilər. Yaranan vahiməli vəziyyət qarşısında Bizans imperatoru Atillaya sülh təklif etdi. Qəbul olunan və imzalanan bu sülh müqaviləsi hunluları çox sevindirdi, çünki Atilla bütün istədiklərini Bizans imperatoruna qəbul etdirmişdi. Artıq bizanslılar Atillaya illik vergi verəcəkdilər və orada qaçaq olaraq yaşayan satqın hunluları geri göndərəcəkdilər. Bundan əlavə, bizanslılar hunlara düşmən sayılan millətlərlə müqavilə bağlamayacaqdılar. "Marüs sülhü" deyə tarixə keçən bu müqavilə Atillanın böyük müqavilələrindən sayılır. Atilla bu zəfəri hökmdar olduğu ilk ildə əldə etdi. Bu da istər düşmənlərə, istərsə də hunlara yaman bir hökmdarın iş başına keçdiyini isbat edirdi.

Atilla "Marqüs sülhü"ndən sonra yeddi il boyunca bizanslılarla savaşmadı. Bu zaman kəsiyində ordusunu çox daha gücləndirən Atilla bir bəhanə ilə yenidən bizanslılara qarşı müharibə elan etdi. Nəticədə, Dunay çayını aşaraq çox böyük nailiyyətlər əldə etdi. Qısa bir zmanda o, bizanslılardan 70-ə yaxın şəhəri işğal etmişdi. Geliboluda da zəfər əldə edən Atilla ordularına İstanbula doğru irəliləmələrini əmr etdi.

İstanbuldakı xalq həyəcan və qorxu içərisində qaldı. Onlar hun süvarilərindən çox qorxurdular və imperatorlarını sıxışdırmağa başladılar. Ondan nəyin bahasına olursa olsun Atilla ilə sülh bağlamasını istədilər. Bizans imperatoru naəlac qalıb Atillaya sülh təklif etdi. Atilla da bu təklifi qəbul edib ordusu ilə yeni zəfər marşları söyləyə-söyləyə Macarıstana döndü.

Bizanslılar döyüşlərdə Atillanı məğlub edə bilməyəcəklərini çoxdan anlamışdılar. Buna görə bir sui-qəsd tərtib edərək Atillanı öldürtməyə qərar verdilər. O zamanlar Atillanın bir elçisi İstanbula gəlmişdi. Bizanslılar çox böyük miqdarda pul və hədiyyələr verərək onu razı saldılar və onunla birlikdə Atillaya bir heyət göndərdilər. Bunlar Atillanı öldürəcəkdilər. Lakin Atillanın elçisi yolda vicdan əzabı çəkdi. Dəyərli hökmdarının öldürülməsinə ürəyi razı olmadı. Paytaxta döndükdə bütün olanları Atillaya xəbər verdi.

Atilla elçiləri gülər üzlə qarşıladı, onlarla yaxşı davravdı. Müxtəlif yollarla elçilərə də ona qarşı hazırlanan sui-qəsdi etiraf etdirdi. Bu pis işi kimin tərtib etdiyini öyrəndi, Bizans imperatoruna elçi göndərərək ağır təhdidlər irəli sürdü və sui-qəsdi tərtib edənin kəlləsini istədi.

Bizansın sarayı qorxu və həyəcan içərisində çalxalanmağa başladı. Onlar nə edəcəklərini bilmirdilər. Müharibəyə qərar versəydilər, məğlub olacaqlarını bilirdilər. Atillanın istədiyi adamı öldürməkdən başqa bir çarə tapa bilmədilər. Nəticədə, həmin adamı yaxalayıb öldürdülər və onun kəlləsini elçilər vasitəsilə Atillaya göndərdilər. Beləcə, Atillanın hiddəti keçmiş oldu. Bundan sonra Atilla bizanslılarla yaxşı keçinmək siyasəti güdməyə başladı. Çünki bu dəfə də romalılarla müharibə etmək məcburiyyətində qalmışdı. İki atəş arasında qalmaq istəmirdi. O, qurmaq istədiyi cahan imperatorluğunu həyata keçirmək məqsədilə Roma imperatorluğunu yıxmağa qərar vermişdi. Bizansı məğlub edib vergiyə bağlamışdı. İndi də sıra romalılara gəlmişdi. Bu müharibəni başlatmaq üçün xeyli səbəblər vardı.

Nəhayət, Atilla 452-ci ilin baharında böyük bir ordu ilə Macarıstandan Romaya doğru yola çıxdı. Atillanın böyük bir ordu ilə irəliləməsi avropalıları həyəcanlandırdı. Atamız Atilla qarşısına çıxan birləşmiş Avropa ordusunu dağıtdı və Romanın qapısına dayandı. Romanı böyük bir narahatlıq bürüdü. Tanrının qırmancı Romanın üzərində səslənəcəkdi! Bundan qurtulmanın bir yolu olmalıydı. Romalılar Atillanın şəxsiyyətini təhlil etməyə başladılar. Atilla qorxusuz, yaman bir döyüşçü idi. Amma bir o qədər də sənətə və dinə hörməti vardı. Bəli, çarə tapılmışdı. Atillaya ancaq bir din böyüyü təsir edə bilərdi. Yalnız Papa Birinci Leo Romanı yerlə-yeksan olmaqdan xilas edər, Atillanın hirsinə qarşı bir sipər ola bilərdi. Haqsızlıq, ədalətsizlik qarşısında poladlaşan türkün ürəyinə ancaq və ancaq bir din adamı girə bilərdi...

Tarixşünaslar Papa Birinci Leonun Atillanı Romanın qapısında qarşıladığını və ona yalvarıb-yaxardığını yazır. Papanın sözləri Atillanın türk ürəyini hədəf almışdı:

- Ey yoxsulların qoruyucusu! Ey zalımların qorxusu! Ey böyük Atilla! Mən, bütün xristianların təmsilçisi Papa Birinci Leo sənin qarşında diz çökərək yalvarıram: Romaya girməyin. Dünya xristianları adından deyirəm, bizə yazığınız gəlsin!...

- Papa həzrətləri, qalxın! Bir din böyüyünün qarşımda diz çökməsinə ürəyim razı olmaz. Lütfən qalxın. Romanı və sizi bağışlayıram. Sülh və qardaşlıq içərisində yaşadığınız müddətcə məndən zərər görməyəcəyinizi bilin. İmperatorunuz romalılara ədalətlə rəhbərlik etdiyi müddətcə mən uzaqdayam, əks halda, mən çox yaxındayam! Salam söyləyin sizi buraya göndərən imperatorunuza!.. Nəticədə, Atilla Bizans kimi Roma imperatorluğunu da vergiyə bağladıqdan sonra geri döndü.

Bu səfərdən sonra Atillanın şöhrəti daha da artdı. Çünki Avropanın yarıdan çoxu romalıların əlində idi. Halbuki, Atilla Avropanın yarısını əlində tutan Romaya meydan oxumuş, Alpları almış, İtaliyanın şimalında olan bütün şəhərləri zəbt etmişdi. Üstəlik, bütün xristianların başı olan Papa Romaya girməməsi üçün Atillanın qarşısında diz çöküb yalvarmışdı. Bütün bunlar Avropanın hər yerinə yayılmış, Atillanın səfərlərinə, cəsur və igid əsgərlərinə dair dastanlar yazılmasına səbəb olmuşdu. Heç bir hökmdar barəsində bu qədər yazılan dastanlara rast gəlinməz.

Atilla İtaliya səfərindən Macarıstana döndükdə hunlar müzəffər komandanlarını sevinclə qarşıladılar. Əsgərlər də nəşə içərisində marşlar söyləyərək paytaxta girirdilər. Kim deyərdi ki, bu gəliş və şadlıq Atillanın keçirdiyi son şənlik olacaqdı?!. Bu zaman Atilla 53 yaşında idi. Günlərcə şənlik keçirildi. Bir gecə burun qanamasından Türk dünyasının qəhrəman atası dünyasını dəyişdi. Bir çoxları onun yeni həyat yoldaşı tərəfindən zəhərləndiyini söylədilər. Bəzi tarixçilər isə Roma generalı Aetyüsün zəhərlədiyini söyləyir. Xülasə, cahanı titrədən bu böyük hökmdar gənc deyiləcək yaşda vəfat etdi. Atillanın ölüm xəbəri şəhərdə duyulunca sazlar susdu, əyləncəli meydanlar matəm havası ilə doldu. Hunlar özlərini zəfərlərlə coşduran bu böyük hökmdarı şanına layiq böyük bir mərasimlə dəfn etdilər. O zaman türk adətlərinə görə, böyüklərin məzarları gizli tutulardı. Atilla atamızı da basdırdıqdan sonra bu xidməti yerinə yetirən işçilərin hamısı öldürülmüşdü. Bu günə qədər Atillanın məzarı tapılmayıb.

Atilla atamızın məzarı harada olursa olsun, heç bir əhəmiyyəti yoxdur. Mühüm olan yaşadığı zamandan 15 əsr keçməsinə baxmayaraq, Atillanın adının Avropada yaşayan millətlərin dilindən heç düşməməsidir. O, Milli tariximizin ən parlaq səhifələrini dünya tarixinə yazdıran atalarımızın ən başda gələnlərindən biridir.