Ekspress.-2016.-23 noyabr-¹ 210.-S.10.
Mülkiyyət cəmiyyətin azadlığının ilkin şərtidir
Murad Məmmədli
Mülkiyyət vətəndaş cəmiyyətinin başlıca elementlərindən biri, bəlkə də birincisidir. Hansı ki, mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şəxsiyyətə də hörmət yoxdur.
Bazar öz-özündə təşkilatlanan sistemdir, amma bu o anlama gəlməməlidir ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasdibətlrinin formalaşdırılması və qorunmasında mühüm faktordur.
Mülkiyyət - münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyil. O, insanlar arasında sosial-iqtisadi münasibətdir.
İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir.
Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə “mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi”ndən geniş istifadə olunur.
İqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Hansı ki, bu, ən qədim hüquqlardandır. 1793-cü il Fransa Konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər b1ir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.
Mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində öz əksini tapıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışı bu cürdür: “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”.
Mülkiyyət hüququnun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolda göstərilib. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə, o, hər kəsdən müdafiə edilir. Bununla belə, mülkiyyətçinin əmlak üzərində sahibliyi nəhayətsiz sayıla bilməz. Belə ki, qanuna görə, mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.
Mülkiyyət deyəndə, ağlımıza birinci növbədə şəxsin və ya kollektivin ona mənsub əmlaka öz əmlakı kimi münasibət bəsləməsi kimi yanaşması gələ bilər. Mülkiyyət “mənimki” və “səninki” olanların fərqləndirilməsinə əsaslanır. Mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə “özününkü”, kimsə “özgəninki” kimi münasibət bildirə bilsin. Bunsuz mülkiyyət yoxdur. Buna görə də hansı ideoloji niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.
Mülkiyyət ictimai münasibətdir. Yəni, biz başqa mülkiyyətçinin əşyasına “özgəninki” kimi yanaşmasaq, mülkiyyətçinin də həmin əşyaya “özününkü” münasibəti olmaz. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır.
Mülkiyyət, eyni zamanda, maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.
Mülkiyyətin də obyekt və subyektləri var. Mülkiyyət ola biləcək hər şey, yəni mülkiyyətin maddi varlığı mülkiyyətin obyektləridir (məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s.).
Mülkiyyətin subyektləri - kim mülkiyyətçi ola bilər: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.
İstənilən iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması var. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir.
Fərdi mülkiyyət forması - bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);
Xüsusi mülkiyyət forması - bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.
Dövlət mülkiyyəti forması - bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.
Kooperativ mülkiyyət forması - Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.
Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, onu istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.
Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.
Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.
Şəxsi mülkiyyət - ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən nə varsa hamısını əhatə edir.
Qarışıq mülkiyyət - müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir.
İntellektual mülkiyyət - intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda “İntellektual mülkiyyət”lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanıb. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilib: patent hüququ; müəlliflik hüququ və s. İntellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır. İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olub. Cəmiyyətin inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olub. İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır. İqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir.
Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və subyektiv mənada.
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.
Mülkiyyət insanın əşyaya münasibəti deməkdir. Lakin bu, mülkiyyətin məzmununun açılmasında kifayət edici deyil. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.