Bakı xəbər.-2016.-19-21 noyabr.-№210.-S.13.
Tarixdə iz buraxanlar: Koroğlu
Fazil QARAOĞLU,
professor
Koroğlu XVI əsrin sonlarında Anadolunun hər yerində və xüsusilə şərq bölgələrində şöhrət qazanan, Özdəmiroğlu Osman paşanın İran səfərinə qoşulan, gur səsli dağlar şairi olaraq tanınan qəhrəman atalarımızdan biridir.
Ədalətsiz qüvvələrdən zəifləri qoruyan bu qəhrəmanımızı biz türk xalqları olaraq paylaşa bilmirik. Hər birimiz onun öz ölkəmizdə yaşadığını söyləyir, adına dastanlar qoşuruq. Bu gün hər hansı bir Anadolu, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan türkünə: "Koroğlu kimdir" - deyə soruşsan, hamısı, - "O bizim xalqın qəhrəmanıdır", - deyər. Yəni hər bir türk Koroğlunu öz qəhrəmanı kimi görür...
Doğrusu, Anadoluda "Koroğlu" dastanını dinləyib yola çıxsanız və Azərbaycanda nəfəs alsanız, orada da "Koroğlu" dastanını dinləyə bilərsiniz. Oradan Özbək, Qırğız, Qazax, Türkmən elinə uğrasanız, yenə də Koroğlu çıxar qarşınıza.
Hər bir türk dastanında olduğu kimi, "Koroğlu dastanı"nda da türk millətinə aid xüsusiyyətləri görmək mümkündür. Ədəbiyyat tarixçilərimiz Koroğlu barəsində belə deyib: "Türk xalqları bu fövqəladə qəhrəmanı paylaşa bilməyib. Hər bir türk xalqı Koroğlunun öz ölkəsində yaşamış olduğunu və özlərinə aid bir qəhrəman olduğunu söyləyib".
Türk milləti igidliyə, qorxmazlığa, qəhrəmanlığa aşiqdir. Tarix boyunca türk xalqının sevimli qəhrəmanları və böyükləri gur çaylar kimi axıb, ədalətsiz güclərdən zəifləri qoruyub, xalqın şüurunda ucaldıqca ucalıblar. Milləti ucaldan qəhrəmanların ətrafında dastanlar əmələ gəlib və o könül əsgərlərinin heyranlıq verən macəraları atadan oğula, anadan qıza nəql edilərək günümüzə qədər çatıb.
Nəyə görə bu mülahizələr doğru olmasın?
Son araşdırmalara görə, Koroğlu barəsində əldə olunan məlumatlar bunlardır: Övliya Çələbi "Səyahətnamə"sində onun Anadolunun şimal-qərbində şöhrətli bir türk qəhrəmanı olduğunu qeyd edir; digər yandan Baş Nazirliyin arxivində olan bəzi vəsiqələrdə onun adı Rövşən Əli kimi keçir. O, Koroğlu adı ilə şöhrət qazanan bir türkdür. XVI əsrin sonlarında Bolu tərəflərdə yaşayıb. Fəqət İran səfərinə qoşulması səbəbilə Koroğlunun şöhrəti və xatirəsi daha çox Azərbaycan bölgəsində yayılıb və yaşanıb. Şərq bölgələrinin xalqları onu dağ başında yaşayan, zənginlərin cəzasını verib mallarını kasıblara paylayan bir qəhrəman olaraq tanıyıb sevməkdədir.
Koroğlu, belində qılıncı, haqsızlığa qarşı çıxan, yerə-göyə sığmayan igid bir qəhrəmandır. Onun döyüş dastanları, qəhrəmanlıq şeirləri, səsinin gücü, sözünün sağlamlığı ilə qeyri-adi bir şəxsiyyət, türk millətinə xas bir qəhrəman olduğu şeirlərindən də açıqca görünür. O, sadə türk insanına sahib çıxıb ədalət tərəfdarı olmaqla yanaşı, əlindəki sazı ilə qəhrəmanlığa qoşmalar da düzüb...
"Mərd dayanar, namərd qaçar,
Meydan gumbul-gumbul gumbuldayar.
Şahlar şahı divan açar,
Divan gumbul-gumbul gumbuldayar.
İgid özünü öyəndə,
Oxlar mənzili döyəndə,
Qılınc qalxana dəyəndə,
Qalxan gumbul-gumbul gumbuldayar.
Ox atılar qalasından,
Haqq saxlasın bəlasından,
Koroğlunun nərəsindən
Hər yan gumbul-gumbul gumbuldayar.
Böyük bir eşq və igidlik nümunəsi Koroğlu zaman keçdikcə hekayələşərək bir xalq dastanı olub. Bu gün "Koroğlu" dastanının əlimizdə olan nağılları azəri, özbək, qırğız, qazax, türkmən və Anadolu türkünün silinməz nağıllarıdır. Bütün bu nağılları tədqiq edərək dastanın əsasını ortaya qoyan Pertev Naili Boqatava görə, "Koroğlu" dastanının ana hadisəsi belədir: Koroğlu kiçik bir uşaq ikən atası xidmət etdiyi bəyə seçdiyi dayçaları bəyəndirə bilməyib, buna görə o, gözlərinə mil çəkilərək cəzalandırılıb. Koroğlu belə zülm görmüş bir atanın oğlu olaraq böyüyüb, dəliqanlı bir gənc olub. Atasının fəlakətinə səbəb olan dayçalara da korun tövsiyəsilə baxılıb. Bunlardan biri Koroğlunun Qıratı olub.
Qırat tayı-bərabəri olmayan bir at olduqda kor ata oğlunu ona mindirib və intiqamını almaq üçün dağ başına göndərib. Korun oğlunun adı bu hadisədən etibarən Koroğlu olaraq qalıb.
Koroğlu Çənlibelə yerləşib. Qəhrəmanlığı ilə ad qazanıb. Bu şöhrətilə ətrafına igidlər toplayıb. Döyüşlər zamanı düşmənin bir qismini məğlub edərək ətrafına topladığı igidləri özünə heyran buraxıb. Beləcə, onlar Koroğlunun vəfalı və fədakar igidlərinə çevriliblər. Özü kimi qəhrəman adamları ilə bəyləri, paşaları titrədən bir qüvvə halına gəlib və onlara fərman oxumağa başlayıb. Bəylərin, paşaların, zənginlərin zülmündən qaçanlar gəlib ona sığınıblar. Beləcə, zaman keçdikcə Koroğlu bəylərin, paşaların, zənginlərin kabusu, zəiflərin hamisi halına gəlib. Bu tarixi qəhrəmanımız bəylərin, zənginlərin mal-dövlətini alıb kimsəsizlərə, kasıblara paylamaqla atasının heyfini alıb... Ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan qeyri-adi insan, bənzərsiz sərkərdə olub. Qısa bir zamanda Koroğlunun adı hər tərəfə yayılıb.
Koroğlunun Həsən adında bir oğlu olub. O, onu evləndirmək, Telli xanımı almaq istədikdə bu qızın necə bir qız olduğu ilə maraqlanıb. Koroğlunun qarşısına çıxan gözəllər fəzilətli, soyu-kökü bəlli olmalı, türklüyü ilə öyünməli idi. Bu hər kəsə məlum idi. Koroğlunun bu xüsusiyyətlərini bilən Telli xanım onun həm də şair təbiətli bir insan olduğunu bildiyinə görə belə deyib:
Türk qızıyam, soyum, köküm bəllidir,
Gözüm ilə saçım siyah tellidir.
Türk qızının dili tuti dillidir,
Səndə olsun buna inam, Koroğlu.
Bizim eldə əhdə vəfa edilir,
Kəm söylənməz, doğru yolla gedilir,
Heç çaşılmaz, namus yolu güdülür,
Maraq etmə, mənə inan, Koroğlu.
Tarixi mənbələr Anadoludakı Koroğlu üçün belə deyir: Koroğlu dağları, xüsusilə Bolu dağlarını məskən olaraq tutan, qanun tanımaz, əli sazlı, gur avazlı bir xalq qəhrəmanıdır. Bu sübutlar doğrudur. Ancaq Koroğlu nə üçün dağa çıxmış? Bax bu sualın cavabını türk xalqının yaddaşında yaşayan dastanlardan alaq...
Koroğlunun atası xidmət etdiyi zalım bir bəyə seçdiyi iki dayçanı bəyəndirə bilmədiyi üçün gözləri oyulur. Belə bir zülm görmüş atanın övladı olan Koroğlu böyüyərək igid, dəliqanlı bir qəhrəman olur. Atasının bəyə bəyəndirə bilmədiyi dayçalardan biri də onun atı "Qırat" olur...
Koroğlunun atası oğlunu Qırata mindirib onun intiqamını almaq üçün dağlara yollayır. Beləliklə, Koroğlu Çənlibeldə məskən salır. Az bir zamanda onun adı hər tərəfə yayılır, ətrafında neçə-neçə igidlər toplanır. Koroğlu özü kimi qəhrəman olan bu adamlarla bəylərə, paşalara qarşı çıxır, onları titrədən bir güc halına gəlir. Atasının heyfini alır, zənginlərin sərvətini alıb kasıblara paylayır. Beləcə o, ətrafındakı igidlərlə zəifləri qoruyur, kimsəsizlərə arxa çıxırdı...
Çənlibel səltənəti beləcə davam edərkən tüfəng kəşf edilir. Koroğlu bu dəlikli dəmiri görüb qüssələnir. Uzaqdan bir tətiklə adam öldürüldüyünü öyrəndikdə, artıq igidliyin tarixə qarışdığını bildirir və "Deşikli dəmir çıxdı, mərdlik getdi" - deyir.
Düşməninə görünmədən üzaqdan atılan və düşmənlə əlbəyaxa olub, qılınc döyüşünə çıxmadan onu öldürən güllələrin əmələ gəlməsi ilə Koroğlu meydanlardan çəkilir... Koroğlu xalq içərisindən çıxan, xalq üçün yaşayan gözəl insan, böyük sərkərdə idi. Koroğlu eyni zamanda istedadlı bir insan idi - həm şair, həm aşıq idi. Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi. Koroğlu bizim xalq qəhrəmanımızdır. O, vətənpərvərlik, igidlik rəmzidir.
Koroğlu elə bir igid idi ki, düşməninə belə qıymazdı, yıxdığını kəsməzdi. O, Peyğəmbər əfəndimiz kimi onları qazanmağa, adam etməyə çalışardı. Məsələn, onun həyatında baş verən hadisələrin birində onu öldürmək üçün çadırının qapısına qədər gələn Zor bəyin oğluna qıymayıb və onun igidlik qürurunu oxşayaraq özünə dost edib. Bu hadisə belə baş verib: türk tarixində xüsusi yeri olan qəhrəmanımız Koroğlu Nigar xanımla çadırında oturub çalıb-oxuyur. Onu öldürməyə gələn Zor bəyin oğlu da Koroğlunu dinləməyə başlayıb. Bunu hiss edən Koroğlu alıb sazı əlinə və böyük şövqlə belə söyləyib:
"Bir atı var alapaça,
Aman verməz Qırat qaça.
Xanım kim, Nigar kim?
Bir bəyin oğlu, Zor bəyin oğlu.
Hay edəndə, haya təpər,
Huy edəndə, huya təpər,
Koroğlunu suya təpər.
Xanım kim, Nigar kim?
Bir bəyin oğlu, Zor bəyin oğlu".
Bu sözləri eşidən Zor bəyin oğlu gəlib Koroğlunun əlini öpür və onun sadiq dostlarından biri olur.
Bu hadisə insanları qazanmaq üçün fədakar olmaqla bərabər, şirin sözün də çox əhəmiyyətli olduğunu göstərir. Buna bənzər bir çox hadisələr "Koroğlu dastanı"nda yer alır. Hadisələrin axarında qəhrəmanlıq, dostluq, vəfa, sədaqət, zəiflərin qorunması daha qabarıq şəkildə verilib, türkün bütün xarakteri öz əksini tapıb.
Anadolu yaylağından Orta Asiya səhralarına uzanan "Koroğlu dastanı" türk xalqlarının əzəmətli ortaq mədəniyyətidir. Hər bir türk Koroğluya ortaq çıxmaqda haqlıdır.
Koroğlu Azərbaycan xalqının qəlbində daim yaşayıb və yaşayacaq. Bu böyük xalq qəhrəmanımızı rəhmətlə xatırlayırıq.
Ruhu şad olsun!