Həftə içi.-2016.-17 noyabr-¹ 204.-S.3.
Təhsildə müasir təlim metodları
Son illər həyata keçirilən müasir təlim metodları tədrisin səmərəliliyini daha da artırıb
Sevinc
Azərbaycanda bir neçə ildir ki, ənənəvi təhsil sistemi öz dövrünü başa vurub. Qeyd edək ki, XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil sistemində təhsilalanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanılıb. Hazırda tədris- təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadəyə yeni imkanlar yaranır. Bu isə müasir təlim prosesinin qarşıya qoyduğu məqsədlərə çatmağı daha da sürətləndirir.
Qeyd edək ki, müasir təlim prosesinin əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir. Ekspertlər hesab edirlər ki, bu məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim metodlarından istifadə edərək, təlim prosesi (müasir dərslər) belə aspektdə qurulmalı, keyfiyyətli tədris- təlim prosesinin təşkili təmin edilməlidir. Eyni zamanda müasir dərsin planlaşdırılmasından sonra, dərsə qədər, dərs prosesi və dərsdən sonrakı mərhələlərin geniş təhlili aparılmalı, dərsin məzmununa keçmədən əvvəl, mövzunun əhəmiyyəti, eləcə də onun öyrənənlər qarşısında qoyduğu məqsəd və vəzifələrə dair suallar formalaşdırılmalıdır. Bundan başqa sualların əksəriyyəti və tipləri elə seçilməlidir ki, öyrənənlərdə bilik (informasiyani eşitdiyi formada təkrar etmək bacarığı), anlama (mövzuya dair hər hansı bir fikri öz sözləri ilə və ya hər hansı başqa bir yolla yenidən söyləmək bacarığı), tətbiq etmə (təzəcə öyrəndiyi üsuldan istifadə etməklə, yeni bir tapşırığı həll etmək bacarığı), analiz (mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı), sintez (bir neçə ideyanın bir yeni ideya ilə birləşdirilməsi, köhnə ideyanın yeni variantını tapma bacarığı) və qiymətləndirmə (konkret ideyanın, yaxud hər hansı bir prosesin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək bacarığı) kimi bacarıq və qabiliyyətlərin formalaşması təmin olunsun və dərsin düşünmə mərhələsində öyrənənlər özləri üçün müəyyən nəticələr çıxara bilsinlər.
Onu da bildirək ki, yeni təlim texnologiyalarının tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir. Məsələn, ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir. Müasir dərsdə gözlənilən nəticə əsasən alınır və dərs şəxsiyyətyönümlü olur. Həmçinin müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və s. Müasir dərsin əsas cəhətlərindən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.
Yeri gəlmişkən xatırladaq ki, 2006-cı ildən ölkəmizdə mütərəqqi dünya təcrübəsini özündə əks etdirən yeni bir sənəd - "Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)" qəbul olunub. Milli Kurikulum demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir. Bu sənədin tətbiqində məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir.
Mütəxəssislər hesab edirlər ki, təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bu gün təlim-tərbiyə prosesində şagirdlərə daha çox müstəqillik verilməli, öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə şərait yaradılmalıdır.
Kurikulum islahatları tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Belə olduqda şagird dinləyici deyil, fəal icraçı, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən subyektə çevrilir. Ümumiyyətlə, kurikulum islahatlarında əsas prinsiplər tələbyönümlülükdən, nəticəyönümlülükdən, şagirdyönümlülükdən, inkişafetdiricilikdən ibarətdir.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Əjdər Ağayev də hesab edir ki,təhsilin inkişafı, müasirləşməsi, yeni texnologiyaların tətbiqi, Avropa təcrübəsinin öyrənilməsi, təhsilin məzmunun və təhsil təlim-metodlarının yenilənməsi işinə hələ təhsil islahatı tətbiq olunandan başlanıb: “Düzdür, zaman-zaman təhsildə islahatlara yanaşmalar yenilənsə də, təhsilin yeni inkişaf mərhələsi prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən təhsil strategiyasından sonra başlanıb. Bu strategiya əsas 5 hədəfi müəyyənləşdirib ki, birinci yerdə də peşəkar kadr hazırlığı məsələsi dayanır. Təhsil islahatında yerinə yetirilən müddəaların çoxu uğurla həyata keçirilib, amma peşəkar təhsil kadr hazırlığı məsələsində həllini gözləyən məsələlər var. Strategiyada digər hədəf təhsilin məzmunu məsələsidir. Sənəddə göstərilir ki, dərsliklərin, proqramların təhsil standartlarının hazırlanması daxildir və bu məsələyə də yenidən baxılmalıdır. Strategiyada xarici təcrübənin idealizə edərək yerli mühitə uyğunlaşdırılması məsələsini qoyulub ki, bu da çox önəmlidir. Yeni konsepsiyada qiymətləndirmə meyarlarına yeni yanaşmalar var. Bundan başqa son illər təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar çox vacib işlər görülüb: "Kompüter təminatı, informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi üçün yeni təlimlər keçirilib, yeni oxu kitablarının meydana gətirilməsi, şagird təfəkküründə yaradıcılığın, kreativ düşüncənin inkişaf etdirilməsi, həyati bacarıqların aşılanması, praktik yönümlü bacarıqların ali məktəblərdə tətbiq məsələləri məhz mühüm addımlardan sayılmalıdır".