Ekspress.-2016.-29 yanvar.-¹ 17.-S.10.
Vətəndaş cəmiyyətinin hüquqi əsasları
1995-ci ildə qəbul edilən Konstitusiya vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm addım oldu
Azərbaycan dövlətinin hüquqi bazasını onun Konstitusiyası təşkil edir. Konstitusiya əsas qanun rolunu oynayır və qəbul edilən digər qanun, sərəncam, fərman, qərar, göstərişlər hüquqi baxımdan Konstitusiyaya zidd olmamalıdır. Əgər qanunlar, normativ hüquqi sənədlər Konstitusiyanın hər hansı bir müddəası ilə ziddiyyət təşkil edirsə, həmin qanun və hüquqi sənəd ləğv edilir və ya uyğunsuz olan hissəsi düzəldilir.
Bu qaydadan irəli gələrək hər bir ölkədə, o cümlədən də Azərbaycanda Konstitusiyanın məzmunu böyük əhəmiyyət kəsb edir. Əgər bir ölkədə Konstitusiya məzmunca təkmildirsə, həmin ölkədə qəbul edilən qanun və digər hüquqi sənədlər də təkmil olur.
Azərbaycanın bu baxımdan bəxti gətirib. Ölkəmizin Konstitusiyası rəhbər tutduğu dəyərlərinə, müdafiə etdiyi əsas hüquqi prinsiplərə görə dünyanın ən təkmil, ədalətli hüquqi sənədlərindən sayılır. Konstitusiyamız ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun başlıca meyarıdır. Əsas qanunda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətləri bəyan edilir.
Azərbaycanda ilk Konstitusiyanın qəbul edilməsinə gedən yol 1991-ci ildə Konstitusiya Aktının qəbul edilməsindən başlayır. Konstitusiya Aktında yeni qanunun qəbul edilməsinin vacibliyi öz əksini tapır. Yeni qəbul edilən Konstitusiyada da qeyd edilib ki, əsas qanunda rəhbər tutulan prinsiplər Konstitusiya Aktında əz əksini tapıb.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasının zəruriliyini diktə edirdi. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən Prezidentin rəhbərliyi ilə komissiya yaradıldı. Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olundu və 1995 il noyabrın 27-dən qüvvədə olan Azərbaycan Konstitusiyası ilə müəyyən edilir.
Azərbaycan Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarətdir. Konstitusiyası Azərbaycan dövlətinin əsas qanunudur. Konstitusiya ilə Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasları müəyyən edilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində nəzarətdə və belə nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığışır. Onun iclasları 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur. Növbədənkənar sessiyalar Milli Məclisin sədri, Prezident və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. 2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilən dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilib və ümumi majoritar seçki sistemi müəyyən olunub.
Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.
Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb edib. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi quruluşu bütövlükdə Azərbaycanın dövlət quruluşundan fərqlənir. Azərbaycan prezidentli respublikadırsa, Naxçıvan MR-də dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Milli Məclisi tərəfindən təsdiq olunub. Muxtar respublikanın sayca dördüncü olan Konstitusiyası 5 fəsil və 50 maddədən ibarətdir. MR-in Konstitusiyasında qeyd olunduğu kimi, onun ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. MR-in dövlət rəmzləri Azərbaycanın dövlət bayrağı, gerbi və dövlət himnidir.
Qeyd edək ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün 12 noyabr Azərbaycan Konstitusiyası Günü kimi qeyd olunur.
Konstitusiya öz sistemi, strukturu ilə, ayrı-ayrı bölmələrin və fəsillərin bir-birini tamamlaması ilə, konstitusion nizama salmanın predmetinə daxil olan məsələlərin hüquqi tənzimi etibarilə tam təkmil və mütərəqqidir. Burada dövlət hakimiyyətinə münasibətdə hüququn aliliyi, hakimiyyətin mənbəyi, xalq suverenliyi, xalq hakimiyyətinin mənimsənilməsi və məhdudlaşdırılmasının yolverilməzliyi məsələləri, eləcə də hakimiyyət bölgüsü mexanizmi, insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması məsələsi, bu hüquq və azadlıqların dövlətdaxili və beynəlxalq müdafiəsi mexanizmlərinin təsbiti öz əksini tapıb.
Konstitusiyada, həmçinin dövlətin əsasları məsələsi təsbit olunmuşdu, Azərbaycan demokratik, dünyəvi, unitar və respublika idarəetmə formasına malik olan dövlət kimi elan olunub.
Əsas Qanunun ikinci fəslinə nəzər yetirdikdə görürük ki, orada dövlətin əsasları, onun hüquqi dövlət kimi xarakterizə olunması ilə bağlı müddəalar öz əksini tapıb. Məsələn, VII maddənin II hissəsində göstərilir ki, dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, beynəlxalq münasibətlər çərçivəsində isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə məhdudlaşır. Bu, bir tərəfdən, hüququn dövlət hakimiyyətinin fövqündə durmasını, hakimiyyətin hüquqla məhdudlaşmasını, dövlət suverenliyi məsələsini, digər tərəfdən, beynəlxalq münasibətlər sferasında dövlətin öz suverenliyindən qismən imtina etməsini, beynəlxalq hüququn subyekti kimi bundan irəli gələn öhdəliklər çərçivəsində dövlət hakimiyyətinin məhdudlaşmasını nəzərdə tuturdu. Bu, özlüyündə, çox mütərəqqi bir müddəadır.
Konstitusiyada bir sıra yeni institutlar da təsbit olunub. Məsələn, insan hüquq və azadlıqları insanın təbii hüquqlarını tanımış oldu. Konstitusiyanın 24-cü maddəsində qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz, toxunulmaz hüquq və azadlıqları var, bu hüquq və azadlıqlar onların cəmiyyət və digər şəxslər qarşısında öhdəliklərini ehtiva edir. Bu, insan hüquqlarının təbii mənşəyə malik olmasını tanıyır, eyni zamanda, təbii hüquq nəzəriyyəsinin konstitusion təsbiti deməkdir. Onu ifadə edir ki, insana hüquqlar dövlət tərəfindən bəxş olunmur, bu hüquqlar təbii şərtlərdən - insanın zəkaya, iradəyə, təfəkkürə malik olan ali varlıq olmasından irəli gəlir. Dövlət bu hüquqları tanımalı və təmin etməlidir.
Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, müdafiə mexanizmi ilə bağlı dünyanın demokratik dövlətlərinin təcrübəsində olan bütün müddəalar öz əksini tapıb. Konstitusiyasının 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan aktlar hüquqi qüvvə baxımından düzülüb. Orada Konstitusiya, referendumla qəbul olunan aktlar, qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlar yer alıb. Bunlar iyerarxiya formasında verilib, yəni yuxarı pillədə olan hüquqi qüvvəsinə görə özündən aşağıda olandan üstündür. Orada, həmçinin göstərilir ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir.
Vasif Cəfərov