Paralel.-2016.-30 sentyabr-¹ 173.-S.10.

 

Seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir

 

Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir

 

Ümumiyyətlə seçki cəmiyyətin idarə olunmasında vətəndaşın iştirakını xarakterizə edən ən ümdə, görünüşcə sadə, amma praktiki cəhətdən çox mürəkkəb prosesdir. Seçki həm də insan cəmiyyətini digər birliklərdən fərqləndirən başlıca məsələlərdən biridir. Məsələn, avtoritar cəmiyyətdə seçki prosesindən danışmaq gülüncdür. Çünki avtoritar cəmiyyətdə bütün məsələlərin həlli yuxarıdan - hökumətdən asılıdır. Hökumət nə diktə edirsə, idarə edilənlər də onu qəbul etməyə məcbur olur. Ona görə də belə cəmiyyətləri idarə edən rejimləri diktatura adlandırırlar. Lakin demokratik cəmiyyətlərdə ölkənin idarə edilməsində hər bir vətəndaşın iştirakını təmin etməyə çalışırlar. Belə idarəetmənin ən kütləvi forması, məhz seçkilərdir. Ona görə də inkişaf etmiş demokratik dövlətlərdə seçki bülletenini ən güclü silah hesab edirlər. Dünyada hüquqi və demokratik dövlət quruculuğunda seçkilər mühüm əhəmiyyət kəsb edir. Seçkilər hüquqi dövlətin formalaşması prosesində önəmli rol oynayır. Bu baxımdan Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını da Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Azərbaycanın Seçki Məcəlləsi Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Referendum Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsidir. Referendum xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu, ümumi rəy sorğusudur. "Referendum haqqında" qanunda göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin II hissəsinə görə ümumxalq səsverməsi - referendum Azərbaycan xalqının öz suveren hüququnu bilavasitə həyata keçirməsi vasitəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I hissəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, hətta seçilən şəxsin sonradan seçicilərin etimadı itirdikdə geri çağırılması mexanizmi də hüquqi sənədlərlə tənzimlənir. AR Konstitusiyasının 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ təsbit edilib. Demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin, dövlətin sivil inkişafına geniş imkanlar açır. Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunub. Ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması, təşəkkül tapması digər şərtlərlə yanaşı demokratik və şəffaf seçkilərin təşkilindən keçir. Buna görə də bəzən azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər. Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilib: 1. Hər bir insan öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. 2. Hər bir insan öz ölkəsində ictimai xidmətdən bərabər istifadə hüququna malikdir. 3. Xalqın iradəsi iqtidarın bünövrəsi olmalıdır, xalqın iradəsi ümumi və bərabər seçki hüquqi əsasında, gizli səsvermə yolu ilə, ya da azad səsverməni təmin edən digər müvafiq formalarda keçirilməli olan dövri və saxtalaşdırılmayan seçkilərdə öz ifadəsini tapmalıdır. Bu dövri azad seçkilərin siyasi hüdudların dəstəklənməsinin təminatında oynadığı rol da, mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta və insan hüquqlarının qorunması haqqında Avropa Konvensiyasına daxil edilib. 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində "bəşəri meyarlarla" bağlı keçirilən konfransda qəbul olunan ATƏT qarşısında öhdəliklər də vətəndaşların öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququnun təminatında seçkilərin həlledici rolunu nəzərə alır. Kopenhagen konfransında xarici və yerli müşahidəçilərin iştirakının seçki prosesinin düzgünlüyünü gücləndirən amil kimi qəbul edilib. ATƏT qarşısında öhdəliklər Konstitusiya və qanunvericilik əsasnaməsi də daxil olmaqla qanunlar sistemində əks olunmalıdır. Buraya seçkilər haqqında qanun, seçkilər ərzində siyasi partiyaların davranışı haqqında qanun, kütləvi informasiya vasitələri haqqında qanun, Cinayət Məcəlləsi, seçki prosesinin keçirilməsi qaydaları daxildir. ATƏT qarşısında öhdəliklər demokratik ənənələr üçün aşağıdakı ifadələrdə öz əksini tapır: - ümumilik, bərabərlik, ədalətlilik, gizlilik, azadlıq, aşkarlıq, məsuliyyətlilik. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratik seçkinin mühüm rol oynadığı şəksizdir. Politoloqlar demokratik cəmiyyət və hüquqi dövlətin prinsiplərindən bəhs edərkən, buraya xalqın suverenliyi, hökumətin razılıq əsasında təşkili, hökumət üzərində konstitusiya nəzarəti, sosial, iqtisadi, siyasi plüralizm, tolerantlıq, praqmatizm və kompromislə yanaşı azad və ədalətli seçkiləri də daxil edirlər. Odur ki, siyasi iştirak seçki hüququ və daha geniş mənada seçki hakimiyyəti ilə əlaqədə olan bir termindir. Siyasi iştirak dedikdə, demokratik cəmiyyətlərdə hüquqi dövlətin idarə olunmasında ölkənin siyasi həyatında fəal iştirak etmək nəzərdə tutulur. Müasir demokratik cəmiyyətlərdə vətəndaşların siyasi iştirakı məsələsindən danışanda, ilk öncə seçkilər və seçkilərarası proseslər göz önünə gəlir. Müasir demokratik dövlətlərin qarşısında duran önəmli prinsip seçkilərin ədalətli, azad, şəffaf keçirilməsi, əhalinin bu proseslərdəki iştirakının tam təmin edilməsidir. Dövlət quruculuğundan danışarkən onun bir qolu olan hüquqi dövlət quruculuğunu fərqləndirə bilərik. Çünki bu sahənin də özünəməxsusluğu var. Hüquqi dövlət, ölkəmizdəki kimi, insan hüquqlarının qorunduğu, vətəndaşların dövlətə hörməti və etibarı, konsensusun, stabilliyin, tolerantlığın, dialoqun hökm sürdüyü şəraitdə mövcud ola və uğurla inkişaf edə bilər. Siyasi hüquq və azadlıqlar vətəndaşın əsas konstitusiya hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlar konstitusiyanın (49, 50, 52, 54 - 58-ci) maddələri ilə təsbit olunub. Bu baxımdan, hüquq və azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir. Hakimiyyət üzərində nəzarət, demokratik rejimin və hüquqi dövlətin əsas əlamətidir. Hüquqi dövlətin əsas əlamətlərindən biri kimi siyasi hüquq və azadlıqlar: dövlətin və onun orqanlarının fəaliyyəti və təşkilində demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli formalarında iştirak etmək səlahiyyətidir. Buraya seçki və müraciət etmək hüququ daxildir; Vətəndaş cəmiyyətinin həyatında (söz və mətbuat azadlığı, yığıncaq və nümayiş azadlığı, birləşmək hüququ) fəal iştirak etmək səlahiyyətidir. Dövlətin idarə olunmasında iştirak etmək hüququ həm də dövlət və onun vətəndaşı arasında qarşılıqlı münasibətlərin əsas prinsiplərdən biridir. Konstitusiyanın 54-cü maddəsində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit olunub, onların dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hüququ da müəyyən edilib. 55-ci maddədə vətəndaşların dövlətin idarə olunmasında bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak etmək, dövlət orqanlarında qulluq etmək hüququ da öz əksini tapıb. Bunun üçün müvafiq qanunlar da qəbul edilib. Seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir. Seçki sistemi konstitusiya hüquqi normaları ilə tənzimlənir. Seçki hüququ dövlət hakimiyyəti, yerli özünüidarəetmə, bütövlükdə, hüquqi sistemin səmərəliliyini yüksəldən əsas amildir. Seçki hüququ xalq suverenliyinin ifadəsi və xalq hakimiyyətini həyata keçirmək formasıdır. Konstitusiyanın 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ təsbit edilib. Demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin, dövlətin sivil inkişafına geniş imkanlar açır. Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunub. Söz azadlığı vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsasını təşkil edir. Bu azadlıq demokratik, tolerant cəmiyyətin mövcudluğu formasıdır. Hüquqi dövlətdə heç bir vətəndaş söz azadlığına görə təqib oluna bilməz. Məlumat azadlığı söz azadlığından ayrılmazdır. Konstitusiyanın 50-ci maddəsində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına, kütləvi informasiyanın azadlığına təminat verildiyi, KİV-də, mətbuatda dövlət senzurasının qadağan olunduğu təsbit olunub. Söz, mətbuat, informasiya azadlığı yalnız müəyyən qaydalar daxilində məhdudlaşdırıla bilər. Söz azadlığının məhdudlaşdırılması iki halda əhəmiyyət kəsb edir. Birincisi, o qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır. İkincisi, o, normaların təsir yönümünə (din, hakimiyyət, şəxsiyyət) aiddir. Çağdaş konstitusiyalarda vətəndaşların siyasi fəallığının formalarından biri kimi sərbəst toplaşmaq hüququ təsbit olunub. Konstitusiyanın 49-cu maddəsində "hər kəsin başqaları ilə birlikdə sərbəst yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququna təminat" verilib. Bu demokratik təsisatlar ictimai və hüquqi dövlət həyatının problemlərinə dair kütləvi və fərdi münasibətin açıq formasını ifadə edir. Sərbəst toplaşmaq hüququ vətəndaş cəmiyyətinin dövlət hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət vasitəsi, müasir demokratik dövlət atributudur. Vətəndaş cəmiyyəti strukturlarında birləşmək hüququ vətəndaşın siyasi fəallığını artırır, cəmiyyətin ictimai-siyasi həyatında iştirakını təmin edir.