Yeni Azərbaycan.-2016.-30 avqust-¹ 157.-S.6.

 

Azərbaycanda regionların dayanıqlı sosial-iqtisadi inkişafı təmin olunub

 

2016-cı ilin 6 ayı ərzində ölkənin şimal bölgəsində də sosial-iqtisadi sahədə nəzərdə tutulan işlər uğurla davam etdirilib

 

Nadir Azəri

 

Son illər öz inkişafına görə fərqlənən, regionun lider dövləti olan Azərbaycan 2016-cı ilin yarısını da uğurlarla başa vurub. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin bəhs edilən dövrdə də dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkəmizin bütün regionlarında iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub. Hər halda şimal bölgəsinin rayonlarında bəhs edilən dövr ərzində bütün sahələrdə əldə edilən uğurlar da belə deməyə əsas verir.

Bu uğurlara keçməzdən öncə onu bildirək ki, Şimal bölgəsi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirib. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir.

Quba-Xaçmaz iqtisadi rayonu isə Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 faizini təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına - düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir.

Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.

Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası (RF) ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.

Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, 2016-cı ilin birinci yarısında şimal bölgəsinin rayonlarında da bütün sahələrdə uğurlar əldə edilib. Məsələn, bəhs edilən dövrdə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi 62,3 milyon manat təşkil edib. Məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artıb. Bu müddət ərzində rayonda 2,4 milyon manatlıq sənaye, 24,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 2,2 milyon manatlıq tikinti işləri görülüb.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda ötən dövrdə aqrar sahənin mövcud potensialının üzə çıxarılması, əkin sahələrinin, torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülüb, nəticədə payızlıq taxıl və yazlıq bitkilərin əkin sahələri əvvəlki illə müqayisədə 10,5 faiz artıb. Qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu bu il də respublikada birinci yerdə qərar tutub. Belə ki, bu il rayonun təsərrüfatlarında 7 min 244,5 hektar sahədə qarğıdalı əkilib. Əlverişli keçən iqlim şəraiti bu il rayonda bol qarğıdalı istehsal olunacağından xəbər verir və sahələrdən 45 min ton məhsul gözlənilir.

Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər ərzində ilk dəfə olaraq cari mövsümdə Balakən rayonunda 501 hektar sahədə “İtiyarpaq” və “Virciniya” növlü tütün əkilib. Hazırda sahələrdə tütün yığımı davam edir. Eyni zamanda, kümçülər “Şəki-İpək” ASC ilə bağlanmış müqaviləyə əsasən 3,3 ton yaş barama istehsal edərək, müəssisəyə təhvil veriblər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün yaz aylarında rayon ərazisində 10 min ədəd tut tingi əkilib. Payız mövsümündə daha 50 min tut ağacının əkilməsi və növbəti ildə barama istehsalının 15 tona çatdırılması hədəf kimi müəyyən edilib.

Balakən taxılçılıq rayonu olmasa da, ötən ilin payızında rayonda taxıl əkini sahələri 2,5 dəfə artırılaraq 1183 hektara çatdırılıb, cari biçin kampaniyası dövründə sahələrdən 3517 ton məhsul götürülüb. Hər hektardan məhsuldarlıq 30 sentner olub. Bu ilin 6 ayı ərzində rayonda əvvəlki illərdə salınmış 187 hektar meyvə bağlarına aqrotexniki xidmət göstərilib, 3,5 hektarda qoz, 139 hektar sahədə isə yeni fındıq bağları salınıb.

Cari ilin birinci yarısında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 44 milyon 953 min manat təşkil edib. Bu müddət ərzində rayonda 4 milyon 965 min manatlıq sənaye və 16 milyon 270 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. İlin birinci yarısında əhaliyə göstərilən nəqliyyat xidmətləri 2,4 faiz, rabitə xidmətləri 4,4 faiz, ticarət xidmətlərinin həcmi isə 16 faiz artıb. Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 9 min manat artaraq 51 milyon 436 min manat olub. Altı ayda rayonda 286 daimi iş yeri açılıb.

Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonda tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilib. Belə ki, cari ildə rayonun təsərrüfatlarında 331 hektar sahədə tütün əkilib. İndiyədək 412 ton yaşıl tütün yarpağı tədarük olunaraq emal üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən məntəqəsinə təhvil verilib. Hazırda tütün yığımı mütəşəkkil davam etdirilir. Görülmüş tədbirlər nəticəsində bu il rayonda 3884 kiloqram yüksək keyfiyyətli barama istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verilib. Həmçinin bu il rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda - 36,4 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 7,8 min ton çoxdur.

Hesabat dövründə Qax şəhərində Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi üçün inzibati binanın, 180 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, şəhərin 28 May küçəsində 100 yerlik, Ağçay kəndində isə bir qruplu uşaq bağçası tikilərək istifadəyə verilib.

İlin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Belə ki, altı ayda rayonda 1091 mənzil qazlaşdırılıb. Elektrik şəbəkəsi tərəfindən 83 transformator yarımstansiyası əsaslı təmir olunub, 78 elektrik dayağı yenisi ilə əvəzlənib. Hazırda 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Cari ilin birinci yarısında Şəkidə də bir sıra uğurlar əldə edilib. Belə ki, ilin birinci yarısında ilkin hesablamalara görə, rayonda faktiki qiymətlərlə 169 milyon 380 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Buraxılan məhsulun 6 faizi dövlət, 94 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,1 faiz artaraq 185 milyon 117 min manat olub. Müddət ərzində rayonda 1037 nəfər daimi işlə təmin olunub.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd edib və bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilib. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şəki rayonunda da ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bu il rayonda 785 hektarda tütün əkilib və hazırda sahələrdən yaş tütün yarpağının yığımı davam edir. Tütünçülük sahəsində 1895 nəfər mövsümi işlə təmin olunub.

2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılsa da, tapşırığa artıqlaması ilə əməl edilib, 9 ton 751 kiloqram barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. İpəkçiliyin yem bazasının genişləndirilməsi məqsədilə cari ilin payız mövsümündə 17 hektar sahədə yeni toxmacar bağların salınması üçün indidən hazırlıq işləri görülür.

Yeri gəlmişkən, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bu il 200 min tondan çox taxıl istehsal edilməsi nəzərdə tutulur.

Eyni zamanda, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, ixracyönümlü məhsulların istehsalı ilə bağlı tapşırıq və tövsiyəsinə uyğun olaraq hazırda yerli sahibkarlar tərəfindən yeni layihələr həyata keçirilir. Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə müasir texnologiyalar əsasında yaradılan aqroparkda 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Əlavə olaraq, həmin ərazidə 24 hektar sahədə mebel sənayesini inkişaf etdirmək məqsədilə Türkiyədən gətirilən pavloniya ağacları da yetişdirilir.

Cari ilin birinci yarısında Zaqatala rayonunda 98 milyon 711 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfə, tikintidə 7 faiz, kənd təsərrüfatında 4,2 faiz, rabitədə 20,3 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 16,8 faiz, pullu xidmətlərin həcmi isə 9,2 faiz çoxalıb. Bu müddət ərzində rayonda 997-si daimi olmaqla, 2299 yeni iş yeri açılıb.

Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasına uyğun olaraq ötən müddətdə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Belə ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə fermerlərlə geniş maarifləndirmə işləri aparılıb, nəticədə 2016-cı ildə rayonda 601,5 hektar sahədə tütün əkilib. Artıq sahələrdən məhsul yığımına başlanılıb və qısa müddətdə 150 ton yaşıl tütün yarpağı yığılaraq, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin Zaqatala tütün istehsalı və emalı məntəqəsində kameralara qoyulub.

Cari mövsümdə rayonda 1,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, kümçülər proqnoz tapşırığına artıqlaması ilə əməl edib, 6 tondan çox barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Gələcəkdə istehsalın artırılması məqsədi ilə cari ilin payız mövsümündə rayonda 146 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Hesabat dövründə rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, yerli iş adamları və sahibkarlara 21 layihə üzrə 162,5 min manat həcmində güzəştli kredit verilib. Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək Sosial Ticarət Mərkəzinin tikintisi üçün layihələndirmə işlərinə başlanılıb. Ərazidə tikiləcək obyektlərdə 600-700 yeni iş yerinin açılması nəzərdə tutulur.

Ekoloji məsələlər də diqqət mərkəzində saxlanılıb, 61 mindən çox ağac əkilib, 40,5 hektar sahədə mədəni meşə əkini aparılıb. Hesabat dövründə Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 5 milyon 916 min manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan əlavə, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 21 fərdi evdən 13-nün tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilib, qalan 8 evin tikintisi davam etdirilir.

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon manat artaraq 40,4 milyon manat təşkil edib. Taxılçılar 9805 hektar sahədən 27 min 948 ton məhsul əldə ediblər. Bu müddət ərzində rayonda 6170 ton kartof, 2293 ton tərəvəz, 720 ton meyvə, 16,5 ton yaşıl çay yarpağı, həmçinin 4205 ton diri çəkidə ət, 18 min tondan çox süd, 9 milyon 326 min ədəd yumurta istehsal olunub.

Aqrar sahənin inkişafından söz düşmüşkən, ölkənin şimal bölgəsinin digər rayonlarında da bu istiqamətdə mühüm uğurlar əldə edilib. Bu barədə avqustun 19-da Siyəzən rayonunda kənd təsərrüfatı idarələri üçün inşa edilən yeni inzibati bina istifadəyə verilməsi mərasimində qeyd olunub. Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı söhbət açılıb. Çıxışlarda qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə, həmçinin aqrar sahədə reallaşdırılan institusional islahatlar haqqında da məlumat verilib.

Tədbirdə Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı və Şabran rayonlarından olan 74 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2 milyon 192 min 332 manat məbləğində 150 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 811 min 358 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 52 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib. “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 6 min 176 istifadəçinin lizinqə götürdüyü 13 min 568 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 72 milyon 837 min 743 manat məbləğində güzəşt tətbiq edilib.

2016-cı ilin 6 ayı ərzində Qəbələ rayonunda da sosial-iqtisadi sahədə nəzərdə tutulan işlər uğurla davam etdirilib. Hesabat dövrü ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 65367 min manatlıq məhsul istehsal edilib. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 628 manat təşkil edib.

Yarım il ərzində sənaye müəssisələrində çalışan 1280 nəfər işçinin orta aylıq nominal əməkhaqqı 327 manat olub. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 14135 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 13409 min manat təşkil edib. Rayonun yerli gəlirləri 2016-cı ilin birinci yarısında 5797,6 min manat proqnoza qarşı 5828,2 min manat və ya 30,6 min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 3664,6 min manat dürüstləşdirilmiş proqnoza qarşı 3993 min manat və ya 328,4 min manat çox, yerli xərcləri dürüstləşdirilmiş 9462,1 min manat proqnoza qarşı 9461,6 min manat icra olunub. Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəliblər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb. Belə ki, yarım il ərzində bütün növ istehlakçı qruplar tərəfindən 53964,5 min kvt/saat elektrik enerjisi istehlak edilib, həmçinin 1457 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 13592-yə çatdırılıb. “Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması layihəsi çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi” obyektlərində tikinti-quraşdırma işləri davam etdirilir.

“Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamına əsasən Bəyli, Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bunud və Həmzəli kəndlərinin hər birində 1 ədəd olmaqla (cəmi 7 ədəd) subartezian quyusu qazılaraq istifadəyə verilib. Rayonda 2016-cı ilin birinci yarısında tikinti-abadlıq işləri sahəsində də xeyli işlər görülüb. Qəbələ şəhərində YAP Qəbələ rayon təşkilatının inzibati binası, “Tufandağ” hoteli, “Qəbələ” Park-Bulvar Kompleksi, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 p.metr uzunluqda dəmir - beton körpü, Qəbələ-Qəmərvan yolu üzərində 1 aşırımlı 36 pm uzunluqda dəmirbeton körpü, “ASAN xidmət”in inzibati binası, “Nohurqışlaq-Tüntül-Yengicə” avtomobil yolunun əsaslı təmiri obyektlərində tikinti işləri başa çatdırılıb. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev avqustun 10-da “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, həmçinin “Qafqaz Tufandağ Mountain Resort” hotelinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı, eyni zamanda, Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

Onu da qeyd edək ki, hazırda rayonun kənd təsərrüfatı sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımların verilməsi nəzərdə tutulur. Həmin Sərəncamın rayonda icrası ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına yardımların hesablanması üçün ilkin sənədlərin hazırlanması artıq başa çatdırılıb. 2016-cı ilin məhsulu üçün 22510 hektar sahədə payızlıq dənli bitkilər əkilib ki, onun da 16010 hektarını buğda, 6500 hektarını isə arpa sahələri təşkil edib. Hazırda taxıl biçini başa çatdırılıb və nəticədə 71081 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31,6 sentner təşkil edib. Torpaq sahibləri tərəfindən cari ilin məhsulu üçün 1054 hektar kartof, 1992 hektar tərəvəz əkilmişdir. İndiyədək həmin sahələrdən 1650 ton kartof, 1120 ton tərəvəz məhsulu toplanıb. Sahələrdən məhsul toplanışı davam edir. Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı xeyli artıb. Belə ki, ət istehsalı 2052 tona, süd istehsalı 19550 tona, yumurta istehsalı 5921 min ədədə, yun istehsalı isə 312 tona çatdırılıb. Hazırda əhalinin quş əti və yumurtaya olan tələbatının ödənməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksinin fəaliyyətinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Həmçinin əhalinin südə olan tələbatını ödəmək məqsədi ilə şəhər bazarında və bir neçə iri kənddə daimi süd satışı təşkil edilib.