Səs.-2016.-27 may-¹ 95.-S.3.

 

2015-ci ildə "Dünyada ilin adamı"

 

Prezident İlham Əliyev qlobal təhlükəsizliyə və regional inkişafa verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, "Cənub Qaz Dəhlizi", "Şahdəniz-2", TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə "The Business Year" jurnalı tərəfindən 2015-ci ildə "Dünyada ilin adamı" mükafatına layiq görülüb. Əlbəttə ki, Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Onun qlobal təhlükəsizliyə və regional inkişafa verdiyi töhfələrinə görədir.

 

Azərbaycan iqtisadi və siyasi sahələrdə heyranedici uğurlara nail olub

 

Ötən 12 il ərzində Azərbaycan həm siyasi, həm də iqtisadi sahələrdə heyranedici uğurlara nail olub. Bunu yalnız hesabatlardakı faktlar və quru rəqəmlər deyil, həm də yerli və xarici ekspertlər də təsdiqləyirlər. Qeyd etməyə dəyər ki, Ümumdünya İqtisadi Forumunun məlumatlarına görə, ölkə iqtisadiyyatı dünyada 39-cu yerdədir.

Faktdır ki, son illər ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb, orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilib. Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 Olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib.

Məhz bu gün yaradılmış baza sonrakı illərdə Azərbaycanda yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların həyat səviyyəsinin yaxşılaşdırılması, sosial infrastrukturun yaradılması üzrə proqramların həyata keçirilməsinə əsas yaradır.

Eyni zamanda, hazırda Azərbaycanda sənayeləşdirmə siyasəti həyata keçirilir. Həm dövlət, həm də özəl sektor tərəfindən yeni müəssisələr açılır. Növbəti illərdə ölkədə yeni böyük müəssisələr açılacaq ki, bunlar da, faktiki olaraq yeni sənaye müəssisələri olacaq. "Azerspace-1" peykini səmaya buraxmaqla, Azərbaycan kosmik dövlətlər siyahısına daxil olub.

Azərbaycanda ərzaq təhlükəsizliyinə böyük önəm verilir. Prezident İlham Əliyev bildirib ki, növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun.

 

Azərbaycan regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir

 

Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. BTC və BTƏ kimi neft-qaz kəmərlərilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzində olan TANAP və TAP kimi layihələrin reallaşmasında aparıcı rol oynayır.

Qeyd edək ki, hazırda Avropada enerji daşıyıcılarına tələbat gündən-günə artır. Avropa ölkələri bu tələbatı ödəmək üçün Azərbaycan ilə bu sahədə əməkdaşlığa can atır. Məhz buna görə də uzun illər Azərbaycan qazının Avropaya nəqli istiqamətində davam edən müzakirələr ən etibarlı yol olan Trans-Anadolu qaz kəməri (TANAP) marşrutunun seçilməsi ilə nəticələnib.

TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar ("NABUCCO", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənubi-Şərqi Avropa boru kəməri) təklif olunsa da, nəticədə, 2013-cü ildə "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəməri layihəsini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Bu layihə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Məlumata görə, Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.

Azərbaycan qazının İtaliyadan Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması da nəzərdə tutulub. Həmçinin, Brüsseldə Adriatika-İonika Şurasının XV toplantısının yekununda Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya regional enerji layihələri arasında, ilk növbədə TAP-a xüsusi dəstək veriblər. Bu isə layihənin qlobal əhəmiyyətinin artması deməkdir. Bu mənada, "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir.

Ümumiyyətlə, bütün bu layihələrin icrası Azərbaycan Respublikası üçün yalnız iqtisadi deyil, həmçinin sosial, siyasi, təhlükəsizlik, hərbi, hətta demək olar ki, bütün sahələrdə xüsusi əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanın Avropaya qaz ixracından təxminən 200 milyard dollar gəlir əldə ediləcək. Bu gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi nəticəsində, ilk növbədə ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək mümkün olacaq. Həmçinin, ölkədə əhalinin rifah halı yaxşılaşacaq, işsizlik, yoxsulluq daha da azalacaq, müasir texnologiyaların axını artacaq, yeni iş yerləri açılacaq, regionların inkişafı sürətlənəcək. Bu layihələr Azərbaycanın beynəlxalq iqtisadi və siyasi nüfuzunun sürətlə artmasına təsir göstərəcək. Daha bir mühüm amil ondan ibarətdir ki, Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.

Layihənin icrası Qafqazda strateji baxımdan ən əlverişli mövqedə yerləşən və buna görə böyük dövlətlərin diqqət mərkəzində olan Azərbaycanın milli təhlükəsizliyinin, eləcə də onun bir hissəsi olan enerji təhlükəsizliyinin təmin olunmasında Avropa dövlətlərinin tərəfdaşlığını stimullaşdıracaq. Nəhayət, Azərbaycan qazı ilə təmin olunan ölkələrlə qurulmuş möhkəm ikitərəfli əməkdaşlıq nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana Avropa İttifaqı dövlətlərinin dəstəyini artacaqdır.

Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə, bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın müasir enerji siyasətində başlıca mövqeyə malik olan TANAP, TAP və "Şahdəniz-2" enerji layihələrinin əsasının qoyulması bu gün qardaş Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqla yanaşı, həmçinin Azərbaycanın Avropa dövlətləri arasında nüfuzunun yüksəlməsinə və Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsinə mühüm töhfədir.

 

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir

 

Təkzibolunmaz faktdır ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Belə ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.

Bir sözlə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi oldu. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

 

Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevrilir

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan, əlverişli geostrateji mövqeyə malikdir. Hələ 1998-ci ildə bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin siyasi məharəti və səyləri nəticəsində 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş konfrans, məhz Bakıda təşkil olunub və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi ideyası buna nümunə ola bilər. Bu layihə Hindistan, Pakistan, Oman, İran və Rusiya tərəfindən irəli sürülüb. Dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq, İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə, Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək, onu milli maraqların təmin edilməsi və ölkədə digər nəqliyyat növlərinin inkişafı baxımından əlverişli hesab edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma 2000-ci ildə Rusiyada əldə olunub. Prezident İlham Əliyev "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam da imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında deyilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə, tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin nəqliyyat sektorunun ölkə iqtisadiyyatında artan rolundan danışarkən, qeyd etdiyi kimi: "Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də, məhz bununla bağlıdır".

Avrasiya məkanının mühüm logistik mərkəzlərdən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə, Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcək.

Ölkəmizin tranzit imkanlarını artıran digər mühüm layihələrdən biri də Yeni Bakı Beynəlxalq Dəniz-Ticarət Limanı Kompleksidir. Ələt qəsəbəsində tikilməkdə olan liman regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Limanın inşasının birinci fazası 2017-ci ildə başa çatacaq və Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək. Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində Beynəlxalq Nəqliyyat Logistika Mərkəzinin tikintisi nəzərdə tutulur. TRASEKA çərçivəsində "Beynəlxalq Nəqliyyat Logistika mərkəzlərinin yaradılması" layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi Beynəlxalq Nəqliyyat Logistika Mərkəzi üçün əlverişli hesab edilib. İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadratmetr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcək. Bu mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu liman Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi olacaq, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına böyük töhfə verəcək, qədim İpək Yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq.

Göründüyü kimi, Azərbaycan son illər ərzində sosial-iqtisadi və siyasi sahələrdə mühüm uğurlar qazanıb. Ölkəmiz, eyni zamanda regional və qlobal miqyaslı layihələrin reallaşdırılmasında aparıcı rol oynayır. Enerji, nəqliyyat, təhlükəsizlik və əməkdaşlıq məsələlərində xüsusi əhəmiyyəti olan Azərbaycan regional inkişaf prosesinə dəyərli töhfələrini verir. Əlbəttə ki, bütün bunlar da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu baxımdan, qlobal əhəmiyyətli fəaliyyətilə dünyanın diqqət mərkəzində olan Prezident İlham Əliyev 2015-ci ildə "Dünyada ilin adamı" mükafatına layiq görülüb.

 

"Səs" analitik Qrupu