Bakı xəbər.-2016.-25 may.-№93.-S.15.
Tarixdə iz buraxanlar: Sultan Orxan Qazi
Fazil QARAOĞLU
Orxan Qazi Osmanlı sultanlarının ikincisidir. Osmanlı dövlətinin qurucusu Osman qazinin oğlu Orxan qazi 1281-ci ildə Söyüdlüdə dünyaya gəlib. Anası Şeyx Edebalinin qızı Mal xanımdır. Orxan qazi İslam tərbiyəsilə yetişdirilib, məşhur alimlərin, övliyaların dastanları ilə şüurlandırılıb, yüksək təhsil alıb, Osman qazinin komandanları, dövrün böyük ustadları və dostları tərəfindən hərbi və yüksək ordu təlimi görüb.
Orxan qazi kiçik yaşlarından Osmanlı dövlətinin quruluşunda xidmət edib, dövlətin təşkilatlanmasında lazım olan təcrübələrə sahib olub. Orxan qazi gəncliyindən etibarən bizanslılara qarşı döyüşlərə qatılıb, bu döyüşlərdə göstərdiyi müvəffəqiyyətlərlə atasının və qazilərin təqdirini və hörmətini qazanıb.
Osmanlı dövlətinin qurucusu Osman qazi Yarhisar və Bileciki fəth edərkən Yarhisar rəhbərinin qızı Holifiranı da əsir almışdı. Holifira İslam dinini qəbul edib müsəlman oldu. Nilufər adını aldı. Orxan bəy Nilufərlə evləndi. Osman qazi 1299-cu ildə müstəqilliyini elan edib dövləti idari bölgələrə ayırdıqdan sonra 1301-ci ildə Orxan bəy Sultanönü bölgəsinin bəyliyinə təyin edildi.
Orxan bəy 1302-ci ildə Yenişəhər ilə İznik arasındakı Köprühisarı fəth edib Çavdarlı tayfasının Osmanlı dövlətinin sərhədinə təcavüz etmələrinin qarşısını aldı. 1315-ci ildə təcavüzkarlığını davam etdirən Çavdar bəyi əsir alıb Çavdarlı tayfasından olan digər günahkarları cəzalandırdı. 1317-ci ildə Qaratəkin, Qaracabəş, Duzbazarı, Qapıcıq və Kerestəci qalalarının fəthinə qatılan və qeyri-adi şücaət göstərən Orxan bəy böyük müvəffəqiyyətlər əldə etdi. Bu müvəffəqiyyətlər onun atasının nəzərindən qaçmadı, Osman qazinin ona olan etimadını daha da artırdı. Osmanlı dövlətinin qurucusu Osman qazinin yaşlanması və xəstəliyinin şiddətlənməsilə Orxan qazini səfərlərdə komandan təyin edib oğlunun rəhbərliyini görmək istədi. Orxan qazi də Mudanyanı fəth edib Bursanın dənizə olan çıxışını kəsdi. Daha sonra Bursanın cənubundakı Atranosu fəth edib Bursanı mühasirə altına aldı. Orxan qazi Bursanı fəth etmək istəyirdi. Bu onun atasının arzusu idi. Bu arzunu yerinə yetirmək üçün Orxan qazi 1326-cı ildə Bursanın Pınarbaşı mövqeyinə gələrək qərargah qurdurdu. Şəhərin qalasını mühasirə altına aldı. Osman qazi Bursanın fəthini eşitdikdə Orxan bəyi öz yerinə varis təyin etdi. O, Bursanın fəthindən o qədər məmnun olmuşdu ki, bütün övladlarını və komandanları Orxan bəyə biət etdirib idarəni tamamilə ona təslim etdi.
Osmanlı dövlətinin ikinci sultanı olaraq taxta çıxan Orxan qazi Ələddin paşanı özünə vəzir təyin etdi. Dövlətin mərkəzi Yenişəhərdən Bursaya köçürüldü. Osmanlı dövlətinin hərbi idarə fəaliyyətlərinə üstünlük verilib iqtisadi müəssisələr quruldu. 1327-ci ildə Bursada gümüş pul tədavülə buraxıldı. Ağcaqocaya Kandıra, Qara Mürsələ İzmit körfəzinin cənubu, Əbdürrəhman qaziyə isə Aydos və Samandıranın idarəsi verildi.
Osmanlı dövlətinin Dardanel boğazının sahillərinə qədər genişlənməsi Bizans imperatorunu təlaşlandırırdı. Türklərin Sakarya çayı sahilindən Qara dəniz istiqamətində irəliləmələrini durdurmaq və İznik mühasirəsini qaldırmaq üçün Bizans imperatoru Üçüncü Andronikos bir ordu hazırladı. 1329-cu ildə İstanbulun Anadolu sahəsinə keçdi. Orxan qazi Bizansın bu hərəkətini qəbul edə bilmədi və İznikdə bir miqdar əsgər qoyaraq səkkiz min nəfərlik qurduğu bir ordu ilə Bizansa qarşı hərəkətə keçdi. Maltəpə mövqeyində düşmənlə qarşı-qarşıya gəldi. 1329-cu ilin may ayının ilk günlərində səhər-səhər çox şiddətli döyüş başladı və axşama qədər davam etdi. Bu bir günlük döyüş nəticəsində böyük ümidlərlə Rumelidən Anadoluya keçən Bizans ordusu Osmanlı ordusunun qarşısında dözə bilməyəcəyini anladı. Gecənin qaranlığından istifadə edərək öz qərargahına çəkilmək istəyən Bizans imperatoru fürsəti əldən vermək istəməyən Orxan qazi tərəfindən təqib edildi. İmperator yaralı olaraq canını qurtara bildisə də, ordusu məhv edildi. Döyüşü qazanan Orxan qazi İznik şəhərini tamamilə mühasirə altına aldı. Bizanslıların İznik komandanı osmanlıların ədalətinə sığınaraq təslim oldu. İzniki təslim alan Orxan qazi arzu edənlərin əşyalarıyla birlikdə getmələrinə izin verdi. Qalmaq istəyənlərə isə vergi vermək şərtilə qala və öz ənənələrini pozmadan yaşaya biləcəklərini bildirdi. Nəticədə, xalqın bir hissəsi qalmağa, Osmanlı idarəsinə üstünlük verdi. Bu insanların çoxu İslam dinini qəbul edib müsəlman oldu. Dövlətin mərkəzi müvəqqəti olaraq İznikə köçdü. Şəhər abadlaşdırılıb islami əsərlərlə bəzədildi. Orxan qazi İznikin ən böyük kilsəsini məscidə çevirtdirib burada namaz qıldı.
1931-ci ildə Daraqlı, Mudurnu və Göynuk qəsəbələri Osmanlı dövlətinə qatıldı. 1333-cü ildə Gemlik, 1336-cı ildə Kirmasti, Mixaliç və Ulubad qəsəbələri fəth edildi. 1337-ci ildə İzmit də təslim oldu. İzmit şəhərinin fəth edilməsilə Kocaeli yarımadasının tamamı Osmanlı dövlətinin səlahiyyəti altına keçdi. Daha sonra Hərəkə, Yalova və Armudlunun fəth edilməsilə Osmanlı dövlətinin sərhədi Dardanel boğazının sahillərinə qədər çatdı. O zamanlar Bizansın Anadolu ilə əlaqəsi sadəcə Şilə və Dardanel boğazının içərisində qaldı. Orxan qazinin Bizansı sıxışdırması Üçüncü Andronikosu müqavilə bağlamağa məcbur etdi. Beləcə, 1341-ci ildə imzalanan Osmanlı-Bizans müqaviləsinə görə, Anadoludakı Şilə və Üsküdar Orxan qazinin yürüşçülərindən əmin olmaq şərtilə Bizansa, digər yerlər isə Osmanlı dövlətinə qaldı.
Karesi bəyi öldükdən sonra atasının yerinə keçən Dəmirxana müxalif olan qardaşı Dursun bəy ölüm qorxusu ilə Orxan qaziyə sığındı. Dursun bəy qardaşının yerinə hökmdar olmaq üçün Orxan qazidən yardım istədi. Dursun bəyin yardım edildiyi təqdirdə Balıkesir və bəzi şəhərləri Osmanlı dövlətinə verməyi vəd etməsilə Orxan qazi Dəmirxan bəyə qarşı yürüşə çıxdı. Dəmirxan bəy Orxan qazinin möhtəşəm ordusu ilə yaxınlaşdığını eşitdikdə Balıkesirdən Berqamaya qaçdı. Berqamanın mühasirəsi zamanı isə Dursun bəy qaladan atılan bir oxla öldürüldü. Təslim olmağa məcbur qalan Dəmirxan bəy Bursaya gətirildi. Bu uğurlu döyüşlər nəticəsində Balıkesir, Manyas, Edircik, Qapıdağı və ətrafı Osmanlı dövlətinin torpaqlarına qatıldı.
Bu zamanlar Bizansda səltənət mübarizəsi başlamışdı. Taxt iddiaçılarından Yuannis Kantakuzen qızı Teodoranı Orxan qaziyə verərək onun dəstəyini təmin etmək istədi. Orxan qazi də 5.000 əsgərini Avropa qitəsinə keçirib Kantakuzenə yardım etdi. Orxan qazinin yardımıyla Bizans taxtına sahib olan Altıncı Yuannis Kantakuzen 1347-ci ildə kürəkənini Üsküdara dəvət etdi. Orxan qazi üç gün Üsküdarda qonaq qaldı.
Kantakuzen Bizans taxtındakı yerini möhkəmləndirdikdən sonra Papa ilə gizli təmasa keçib İstanbul, Ege, Aralıq və Qara dənizdəki Venedikliləri dəstəklədi. Buna qarşılıq Orxan qazi də Cenevizlilərə yardım etdi. Bundan əlavə, 1352-ci ildə Üsküdar, Kadıköy və Mərmərə adalarını fəth etdi. 1354-cü ildə Gelibolunun fəthi ilə Avropa qitəsindəki Osmanlı torpaqları xeyli genişləndi. Osmanlıların Bolayırdan Tekirdağa qədər bütün Mərmərə sahillərinə hakim olmaları Kantakuzeni təlaşlandırdı. O, osmanlıları o bölgədən uzaqlaşdırmaq qərarına gəldi və Orxan qazi ilə İzmitdə görüşüb Çimpe qalasını 10.000 qızıl pul qarşılığında almaq istədi. Lakin Orxan qazi bu təklifi qəbul etmədi. Kantakuzen xristian dövlətlərilə bir ittifaq qurmaq istədisə də, özünə müttəfiq tapa bilmədi. 1355-ci ildə Kantakuzen taxtdan endirildi. Kantakuzenin yerinə keçən Yuannis Paleoloq osmanlılara qarşı çıxa bilməyəcəyini bildiyinə görə Orxan qazi ilə sülh şəraitində keçinmək yolunu seçdi. Orxan qazi də bu millətin münafiqliyini bildiyinə görə fəth hərəkatını davam etdirdi və Süleyman paşa 1356-cı ildə Şərqi Trakiyaya keçərək Malkara, Keşan və Çorlunu fəth etdi. Bu bölgələrdə Osmanlı dövlətinin hakimiyyətini gücləndirmək məqsədilə türk-islam əhalisini buralara yerləşdirən, Trakiyadakı fəthlərə qardaşı Murad bəylə davam edən Süleyman paşa 1359-cu ildə 43 yaşında vəfat etdi. Rumeli fəthinə Qazi Murad bəy davam etdi.
Oğlunun vəfatına dözə bilməyən Orxan qazi xəstələndi. Vəliəhdliyə gətirdiyi Murad bəyə bu nəsihətləri verdi:
"Oğul! Səltənətinlə məğrur olma. Unutma ki, dünya Hz.Süleymana qalmamışdır, dünya səltənəti keçicidir. Dünya səltənəti bir fürsətdir. Bu fürsətdən Allah yolunda istifadə et. Dünyaya axirət ölçüsü ilə baxsan, əbədi səadəti fəda etməyə dəymədiyini görərsən. Oğul! Rumeli xristianları rahat durmayacaqlar. Sən Rumeli fəthini tamamla. Konstantinopolu ya fəth et, ya da fəthə hazırla. Türk bəylərilə mübahisə yaratmamağa çalış. Əhali bizi istəsə də, başlarındakı bəylər bəyliklərindən keçməzlər. Onlar hələ bir zaman da idarə edəcəklər. Lakin sonralar dəymiş bir meyvə kimi ovucuna düşəcəklər. Anadoluda bir qarışıqlıq çıxmazsa, Rumeli işini rahatlıqla həll edərsən...
Cənnətməkan atam Osman qazi xan Söyüdlünü və Domaniçi, bir ovuc torpağı bəylik etdi. Biz Allahın iznilə bəyliyi xanlığa çevirib sultanlıq yaratdıq. Sən daha böyük işlər görəcəksən. Osmanlıya iki qitə üzərində hökm etmək kifayət etməz... Səlçuqlunun varisi biz olduğumuz üçün Romanın da varisi bizik.
Oğul! Qurani-Kərimin hökmündən ayrılma! Ədalətlə hökm et! Qazilərə nəzarət et. Dinə xidmət edənlərə xidmət etməyi şərəf say. Kasıbları doyur. Zalımları isə cəzalandırmaqda tərəddüd etmə! Ən pis ədalət gec təcəlli edən ədalətdir. Biz yolun sonuna gəldik, sən hələ başındasan. Cənab Mövla səltənətini mübarək qılsın..."
Orxan qazi 1360-cı ildə vəfat etdi. Qəbri Bursadakı Gümüşlü Osman qazi türbəsindədir.
Osmanlı dövlətinin torpaq sahəsini altı dəfə böyüdən Orxan qazinin vəfatı zamanında Bilecik, Bursa, Balıkesir, Bolu, Kocaeli, Sakarya, Əskişəhər, Çanaqqala, İstanbulun bir neçə qalası xaric Anadolu sahəsi, Ankara, Ayaş, Bəybazarı, Nallıxan, Qızılcahamam, Haymana, Poladlı, Soma, Qırxağac, Domaniçi, Berqama, Dikili, Kınık, Mərmərə adaları, Trakyada Tekirdağ, Lüləburqaz, İpsala, Keşan kimi şəhər və qalalar Osmanlı dövlətinə bağlı idi.
Orxan qazi sultan olduqdan sonra Osmanlı dövlətini təşkilatlandırmış, sultanlığının 3-cü ilində hökmdarlıq əlaməti olaraq gümüşdən pul basdırtmışdır. Bu pulun bir tərəfində "Kəlmeyi-şəhadət," "Əbu Bəkr, Osman və Əli" yazılı idi. Digər tərəfində isə H.727 və osmanlıların mənsub olduqları kayı boyunun damğası vardı.
Orxan qazi hərbi təşkilatlarında yeniliklər edib. Onun hərbi hissələrində onluq sistemi tətbiq edilib. Piyada əsgərlər on-on, yüz-yüz manqalara ayrılıb, on nəfərə onbaşı, yüz nəfərə yüzbaşı, min nəfərə minbaşı zabitlər təyin edilib.
Osmanlı dövlətinin ilk vəziri Orxan qazinin təyin etdiyi Hacı Kamaləddin oğlu Ələddin paşa olub. Vəzirlər "paşa" ünvanını daşıyıblar.
Orxan qazinin dövründə fəth edilən şəhər və kəndlər yenidən qurulub, mədəni səviyyəyə gətirilib. İznik fəth edildikdə, oradakı monastır mədrəsəyə çevirilərək ilk Osmanlı mədrəsəsi qurulub.
Orxan qazi vəfat etdiyi zaman Murad, İbrahim və Xəlil adlarında üç oğlu həyatda olub. Süleyman paşa və Qasım adlarındakı oğlanları vəfat ediblər. Orxan qazi dünyasını dəyişdikdən sonra oğlu Sultan I Murad xan Osmanlı sultanı olub.