Səs.-2016.-13 may-¹ 85.-S.8-9.
Azərbaycan multikulturalizminin inkişaf perspektivləri
Kamal Abdullayev,
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri
Multikulturalizm - çoxmədəniyyətlilik məfhumunun sinonimidir. Bu şərh məfhumun etimologiyasından irəli gəlir. Multikulturalizm sözü tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. İlk növbədə, bu dəyərlərin təcəssümü olan şəfqət, mərhəmət, acıma, dözümlülük kimi hisslər haqda danışmaq olar. "Öz-özgə" qarşıdurmasında "özgə" qütbünə münasibətin loyallığı da belə dəyərlər sırasındadır.
İctimai və siyasi model olaraq multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasət əks edir. Bu müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biri məhz multikulturalizmdir.
Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən, iki siyasət modeli - assimilyasiya və ya izolyasiya (təcridolma) vasitəsilə tənzimləməyə çalışırdı.
Assimilyasiya siyasəti milli azlıqların mədəni- etnik dəyərlərini titul etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.
İzolyasiya siyasəti isə milli azlıqların mədəni- etnik dəyərlərinin titul və ya əsas etnosun etnik- mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.
İzolyasiya siyasəti iki formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.
Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, onların heç biri cəmiyyətdə inteqrasiyaya səbəb olmadı. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri oldu.
Multikulturalizm siyasəti - müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi multikulturalizm nə milli azlıqların etnik-mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün münbit zəmin yaradır.
Multikulturalizm siyasətinin meydana gəlməsi onun elmi cəhətdən öyrənilməsinə də təkan vermişdir. Bu fenomen yaranan dövrdə onu Qərb ölkələrində öyrənən tədqiqatçılar multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəli bir siyasət modeli olmaqla yanaşı, eyni zamanda onun mütərəqqi bir model olduğunu da qeyd edirlər. Onların fikrincə, multikulturalizm siyasəti Qərb cəmiyyətinin təməl prinsipləri olan demokratiyaya, insan azadlığı, bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlir. Bununla bağlı avstraliyalı professor Çandran Kukatas qeyd edir ki, liberalizm nəzəriyyəsi multikulturalizmin əsasını təşkil edir, çünki bu nəzəriyyə fərdin azadlığını əsas götürərək, onun öz həyat tərzini, etnik-mədəni dəyərlərini qorumaq üçün şərait yaradır. Liberal cəmiyyətdə azlıqların mədəniyyətləri basılmır, onlara münasibətdə dözümlülük nümayiş etdirilir. Eyni mövqeyi kanadalı Vil Kimlika və Çarlz Teylor, amerikalı Emi Gutman, ingiltərəli Bxiku Parex və bu kimi digər tədqiqatçılar da dəstəkləyir.
XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri müəyyən obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdilər. Buna cavab olaraq, bəzi ölkələrin (Almaniya, Fransa, Böyük Britaniya) başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar. Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın baş naziri David Kameron belə ifadə etmişdir: "Dövlət multikulturalizmi" doktrinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək, demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır." Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tapdı. Məsələn, britaniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya (inteqrasiyaya əks) yuvarlanır.
Həqiqətən, Qərb dövlətlərində "Dövlət multikulturalizmi" doktrinasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman icmasının özündə qapanması üçün şərait yaradır. Nəticədə, müsəlman icmasının nümayəndələri öz adət-ənənələrinə, etnik-mədəni dəyərlərinə sığınaraq yaşadıqları cəmiyyətə inteqrasiya olmurlar, buradakı liberal dəyərlərə müqavimət göstərirlər. Hətta onlardan bəziləri ingilis dilini belə öyrənmirlər. Kameron, təxminən, bir az bundan əvvəl ingilis dilini miqrantlar tərəfindən məcburi şəkildə öyrənilməsi ilə bağlı kəskin şəkildə bir tələb qoydu- Britaniyada yaşadığı iki il yarım ərzində ingilis dilini öyrənməyən miqrant ölkədən deportasiya olunacaqdır.
Kameronun bu cür bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni Azərbaycan Prezidenti İlham Əliyev nümayiş etdirir. O, xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq, belə bir siyasi bəyanatla çıxış edir: "Bu gün multikulturalizmin dünyada alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir."
Bəs müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması hansı səbəblərdən irəli gəlir?
Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci hal ilə bağlı real sosial nəticə odur ki, gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyildir. Bəzi ölkələrdə isə xalqın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. "İlkin" müxtəliflik və "sonrakı" müxtəlifliyi bir-birindən ayırmasaq, bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.
Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. "İlkin" müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal "sonrakı" müxtəliflikdən kəskin şəkildə fərqlənir. Məhz "ilkin" müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə, əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti, məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng qazana bildi. Ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır.
Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.
Multikultural dəyərlər o ölkələrdə iflasa uğrayır ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul etmədi. Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, "ilkin müxtəliflik", "sonrakı müxtəliflik" anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğu kimi özünü göstərir.
Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi.
Ulu Öndər Heydər Əliyev "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir"; "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır" kimi bəyanat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı.
Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu Öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası Onun qeyd etdiyi kimi, "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli idi. Buna uyğun olaraq konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Bu bəndlərə ayrı-ayrılıqda nəzər salaq:
- "Dövlət dili" Maddə 21, bənd 2: "Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir";
- "Bərabərlik hüququ" Maddə 25, bənd 3: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır";
- "Milli mənsubiyyət hüququ" Maddə 44, bəndlər 1, 2: 1."Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır". 2. "Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz."
- "Ana dilindən istifadə hüququ" Maddə 45, bəndlər 1, 2: 1. "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır". 2. "Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".
Bu maddələr və bəndlər, əslində, ölkənin multikultural təhlükəsizliyini formalaşdıran siyasi-hüquqi baza dəyərlərdir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqışələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir.
Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir. Multikultural təhlükəsizliyin prinsipləri aşağıdakılardır:
Prezident İlham Əliyev öz çıxışlarının birində bildirdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?
Bu sualın özü bir azərbaycanlı üçün qəribə səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir. O, bunun səbəbini bilməyə bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də, öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Multikultural təhlükəsizliyin əsas prinsiplərindən biri, məhz ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdır.
Multikultural təhlükəsizliyin daha bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısıdır.
Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatistlərlə eyni millətdən olan, ancaq bu separatistlərin iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir." Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür.
Multikultural təhlükəsizliyin daha bir vacib prinsipi ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir.
Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etməməlidirlər. Ümumazərbaycan mədəni konteksti onların hər biri üçün mənəvi doğma məkana çevrilməlidir. Bu siyasi xətt bu gün Azərbaycan dövlətinin əsas hədəflərindən biridir.
Qərb ölkələrinin bədbin bir şəkildə multikulturalizm siyasətindən üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyər vermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".
Azərbaycan multikulturalizminin qaynaqlarının öyrənilməsi, əslində, Prezident İlham Əliyevin irəli sürdüyü bu ideyanı təsdiqləyir. Mənəviyyat və siyasət tariximizə səpələnmiş multikultural, tolerant dəyərlər və onların təsviri bu gün bir sistem kimi öyrənilir və müəyyən olunur ki, Azərbaycan xalqı, onun görkəmli ədəbi, ictimai, siyasi şəxsiyyətləri dünya mənəviyyat xəzinəsinə zaman-zaman qiymətli töhfələr vermişlər. Bu baxımdan, multikulturalizmin qaynaqlarını araşdıran zaman bu töhfələr real şəkildə üzə çıxır. BBMM-in AMEA-nın intellektual dəstəyi ilə hazırladığı bu kitabları qeyd etmək kifayətdir:
1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları;
2. Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları;
3. Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları.
Son illərdə multikulturalizmə verilən önəm intensiv və sistemli bir hala gəlmişdir. Ölkədə siyasi-ideoloji, real qurumlar yaranmışdır, ciddi proyektlər həyata keçirilməkdədir.
1. "Bakı prosesi" layihəsi (2-3.12.2008);
2. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti (28.02.2014);
3. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu (07.05.2014);
4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (14.05.2014);
5. Bakı Slavyan Universitetində "Azərbaycan Multikulturalizmi" kafedrasının açılması (24.02.2015);
6. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi (11.01.2016).
Prezident İlham Əliyev tərəfindən yaradıldığı gündən bu günə qədər Azərbaycan multikulturalizminin prioritet proyekti təhsil istiqamətində qurulub. Bu sahədə artıq bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Daha konkret desək, bu gün dünyanın 13 universitetində (İtaliyanın Sapienza Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti, Rusiyanın I Prezidenti Boris Yeltsın adına Ural Federal Universiteti, Çexiyanın Praqa Karl Universiteti, Litvanın Litva Pedaqojı Universiteti, İsveçrənin Frayburq Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Türkiyənin Erciyes Universiteti, Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Almaniyanın Augsburg Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Belarus Dövlət Universiteti, İndoneziyanın Qadcah Mada Universiteti) və Azərbaycanın 28 ali məktəbində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur. Bu fənlə bağlı xüsusi proqram hazırlanaraq təhsil nazirliyində təsdiq olunmuşdur. Hazırda fənnin dərsliyi üzərində iş aparılır. Bundan əlavə, Azərbaycan universitetlərində "Multikulturalizmə giriş" fənni də tədris edilir. Dünyanın 13 universitetində tədris olunan "Azərbaycan multikulturalizmi" fənni, ilk növbədə xarici tələbələrin Azərbaycana olan marağını Azərbaycana məhəbbətə çevirmək məqsədini güdməklə yanaşı, Azərbaycan lobbisinin formalaşmasına xidmət edir.
Beləliklə, Azərbaycan multikulturalizminin inkişaf perspektivləri ölkəmizin multikultural təhlükəsizliyinin sistemli şəkildə inkişaf etdirilməsi, ilkin müxtəlifliyin dövlət tərəfindən qorunması, müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübəni eyniliklərin münasibətinə daxil edilməsi və əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsir etməsi ilə bağlıdır.