Paralel.-2015.-5 dekabr.-¹ 217.-S.10.

 

Azərbaycan diasporunun ilk qurucuları

 

1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı ucaldılıb

 

Ə. Fətəlibəyli- Düdənginski Tiflisdəki hərbi-piyada məktəbinin məzunu olub, sonra isə Moskvada Hərbi Akademiyada təhsil alib. Azərbaycan diviziyasinda xidməti sırasında Minbaşi (mayor) rütbəsinə qədər yüksəlib. Ordu sıralarında çox mahir zabit olub, 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib və "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Sovet Ordusu hissələri 1940-ci ilə Baltikyanı respublikaları işğal etdikdən sonra Ə. Fətəlibəyli Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb. Müharibə başa çatdıqdan sonra o, ABŞ Konqresinin maliyyələşdirdiyi "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub. O, eyni zamanda C. Hacibəyli ilə birlikdə "Azərbaycan" jurnalında eyni vəzifəni icra edib. Bəhs edilən dövr azərbaycanlı legionerlər üçün son dərəcə çətin bir dövr idi. Ən böyük problemləri isə ayrı-ayrı dövlətlərdə yaşayan mühacirlərimizin maddi sıxıntıdan əziyyət çəkməsi olub. Bu onlara daha səmərəli fəaliyyətə və təşkilatlamağa mane olurdu. Bu barədə Ə. Fətəlibəyli Düdənginski öz dostu və tərəfdaşı olan C. Hacıbəyliyə yazdığı məktublarda bəhs edir. Qərb qüvvələri ilə danışıqlar apardığını lakin məsələnin yubandığını, nəticənin gecikdiyini və maddi sıxıntının bu sahədə səmərəli fəaliyyətə mane olduğunu yazır. Türkiyədən fərqli olaraq Avropada və ABŞ-da vəziyyət başqa cür idi. Belə ki, ABŞ 50-ci illərdə Sovetlər birliyinə qarşı ciddi mübarizəyə başlamış və bu işdə orada mühacir və legionerlərə maddi dəstək verərək onların gücündən istifadə edirdi. II Dünya müharibəsində Sovetı ordusunda xidmətə edən, lakin əsirlik həyatından sonra vətənə dönə bilməyən azərbaycanlıların sayı çoxdur. Bunlardan biri də Məcid Musazadə-Qarsalanlıdır(Kərsalani) (1914-1990). Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Məcid Musazadə müharibəyə qədər Nizami adına muzeydə çalışıb. Müharibənin ilk aylarında ordu sıralarına çağırılan Məcid Musazadə 1942-ci ildə əsir düşərək legionçulara qoşulub. Legionçuların orqanı olan "Azərbaycan" qəzetinin redaktoru vəzifəsində çalışıb. Alman dilini mükəmməl bilən Məcid Musazadənin başçılığı ilə legionçular 1943-cü ildə böyük bir Konqres təşkil edirlər. Burada o, Birlik Məclisi yaradır. O, öz çıxışlarında Azərbaycanın istiqlalı məsələsinə hər zaman ön plana çəkib. Müharibədən sonrakı ömrünün bir qismini Almaniyada-Münhendə, digər qismisi isə ABŞ-da- Nyu-Yorkda yaşayıb. "Amerikanın səsi" radiosunda işləməyə başlayan ilk azərbaycanlılardandır. Məcid Musazadə Ənvər Sultanzadə ilə birlikdə Nyu-Yorkda Amerika-Azərbaycan Cəmiyyətini yaradıb. Həmin cəmiyyət hal-hazırda da fəaliyyət göstərir. Müharibədən sonra "Azadlıq" radiosu yarananda, Azərbaycan xidmətinin rəhbəri Azərbaycan legionçularının başçısı Ə. Fətəlibəyli - Düdənginski idi. Həmin dövrdə İsmayıl Əkbər, Məcid Musazadə, Əli Həsənzadə və b. Münhendə işləməyə başladılar. Məcid Musazadə 1977-79-cu illərdə "Azadlıq" radiosu Azərbaycan xidmətinin rəhbəri olub. Ən əsası isə odur ki, Məcid Musazadə 1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində Cümhuriyyətin üçrəngli bayrağını ucaldıb. II Dünya müharibəsindən sonrakı illərdə ABŞ-a mühacirət edən azərbaycanlıların hesabına Diasporun təşkilatlanma prosesində nəzərəçarpacaq dərəcədə canlanma hiss olunurdu. ABŞ-da yaşayan soydaşlarımızın yaratdıqları ilk milli cəmiyyət, 1945-1947-ci illərdə Türkiyədən Amerikaya köçən azərbaycanlılar tərəfindən yaradılan "Azərbaycan" cəmiyyəti idi. ABŞ-ın Nyu-Cers şəhərində qeydiyyatdan keçən bu cəmiyyətin ilk sədri Saleh bəy Şeyxzamanov olub. Bu dövrdə ABŞ-a mühacirət edən həmvətənlərimizin əsas problemlərdən biri də, Amerikada yaşamaq hüququ verən naturallaşdırma sertifikatında milliyyətlərinin rus, yaxud iranlı yazılması idi. Azərbaycan Respublikasının görkəmli dövlət xadimi və tanınmış mühacirət nümayəndəsi olan Ziyad xan Xoyski 1954-cü ildə ilk dəfə Amerikanın Ali qanunverici orqanında çıxış edib. ABŞ-da yaşayan mühacirlərimiz "Amerikanın səsi" radiostansiyasında Azərbaycan haqqında, onun tarixi, adət-ənənəsi, milli mənsubiyyəti, dili, dini və s. məsələlər barədə məlumat verirdilər. II Dünya müharibəsindən sonra Amerikaya mühacirət edən soydaşlarımızın hüquqlarını 1940-cı ildə yaradılmış "Amerika komitəsi" qoruyurdu. Məhz bu komitə vasitəsilə soydaşlarımız öz haqq səslərini dünya ictimaiyyətinə çatdıra bilirdilər. II Dünya müharibəsi illərində və müharibədən sonra da Avropada xüsusilə də Almaniyada Azərbaycan Diasporunun fəaliyyəti genişlənirdi. Lakin müharibənin əsas qalibi hesab olunan Sovet İttifaqı Azərbaycan ziyalılarının bu fəaliyyəti ilə barışa bilməzdi. Buna görə də SSRİ siyasi mühacirətdə olan bir çox azərbaycanlı ziyalılarına qarşı mübarizəyə başlayır. Bu təqiblərdən bezən azərbaycanlı mühacirlər Avropadakı fəaliyyətlərini dondurub, Amerika qitəsinə mühacirət etməli olurlar. SSRİ ilə mübarizənin daha effektiv aparılması üçün ABŞ hökuməti "Amerika Komitəsi"ni (Amerikanın kommunizmlə mübarizə Komitəsi) təsis edir. Komitənin üzvləri sırasına A. Gerk, Stivens, V.H. Çemberlen, Ç. Edison, N. Ruzvelt və d. daxil idi. Komitənin birbaşa köməyi ilə 1951-ci ildə bir çox rus partiyalarının da iştirakı ilə Füssen konfransı keçirilir. Mühacirətdə olan rus siyasiləri bolşevikləri devirməkdən ötrü Rusiya ərazisinin bölünməməsi, vahid qalması şərti ilə qeyri-rus təşkilatları ilə ittifaqı mümkün sayırdılar. "Amerika Komitəsi"nin rəhbər tutduğu ideyalardan biri də o idi ki, Sovetlər Birliyinin diktator rejimi altında heç bir xalqın nümayəndəsi istədiyi azad həyatı yaşaya bilməz. Bu mümkün deyil. "Amerikan Komitəsi"nin rus mühacir təşkilatları ilə bu işbirliyi Azərbaycanlı mühacirlərin ürəyincə deyildi. Başda M.Ə. Rəsulzadə olmaqla siyasi mühacirlərimiz bu fəaliyyətə etirazlarını bildirdilər. Səbəbi isə o idi ki, rus mühacirləri Azərbaycanın müstəqilliyi məsələsini öz daxili məsələləri hesab edirdilər. Yəni ki, onlar Azərbaycana müstəqillik verilməsinin mümkünsüz hesab edirdilər. Rus mühacirlərin "Bölünməz Rusiya" devizi altında Azərbaycan istiqlalı yox sayılırdı. Hətta "Amerika Komitəsi" Müsavat partiyası ilə işbirliyi aparmaq üçün M.Ə. Rəsulzadəni Almaniya görüşə çağırsa da, bu görüş baş tutmamışdı. Çünki komitə "Sovetlər birliyinin mövcud mühafizəsi" prinsipini müdafiə etməyə davam edirdi. XX əsrin 50-ci illərindən etibarən "Amerika Komitəsi" mühacir və legionerlərin yaratdıqları təşkilatları və mətbu orqanlarını maliyyələşdirirdilər. Ə. Fətəlibəyli-Düdənginski "Azərbaycan" jurnalının nəşrinə "Amerika Komitəsi"nin nümayəndəsi D. Levinin yardım edəcəyinə söz verdiyini yazırdı. Bütün bu çətinliklərə baxmayaraq, azərbaycanlı mühacirlər təşkilatlanma yolunda əllərindən gələni edirdilər. Belə ki, 1952-ci ildə Ştarnberqdə və Münhendə Azərbaycan konfransı keçirildi. Bu konfransda "Amerika Komitəsi"nə müraciətlər qəbul edildi. ABŞ hökumətinin yardımı ilə "Azadlıq" radiosu fəaliyyətə başladı. "Azadlıq" radiosunun "Azərbaycan redaksiyası"na (1953-54-cü illər) mayor Ə. Fətəlibəyli-Düdənginski başçılıq edirdi. Bu redaksiyada həmçinin Məcid Müsazadə (Qaraslanlı), Fərman Məmmədov, Kərim Aslanoğlu, İsmayıl Əkbər, Əli Aranlı və digər legionerlər çalışırdılar. II Dünya müharibəsindən sonra Azərbaycan legionerlərinin müəyyən hissəsi Amerika Birləşmiş Ştatların mühacirət etdilər. Mühacirlərimiz əsasən Nyu-Yorkun 40-kilometrliyində, Nevada şəhərində yerləşdilər. Burada yaşayan legionerlər Əhməd İbrahim, Hidayət İsrafil, Ənvər Soltan, Oğuz Öndər və digərlərinin təşəbbüsü ilə əvvəlcə "Azərbaycan İslam və Xariciyyə Cəmiyyəti" yaradıldı. Sonralar bu cəmiyyətin adı dəyişdirilərək "Amerikada Azərbaycan Kültür Cəmiyyəti" adlandırıldı. Cəmiyyətə Əhməd İbrahim başçılıq edirdi. Lakin Sovet hökuməti Avropada və ABŞ-da fəaliyyət göstərən azərbaycanlı mühacirlərin anti-sovet fəaliyyətindən narazı və narahat idi. Buna görə də, hər vasitə ilə onların fəaliyyətinə mane olmağa çalışırdı. Sovet "KQB"-si (DTK- Dövlət təhlükəsizlik Komitəsi) bu istiqamətdə çalışırdı. Məhz bu təşkilatın müdaxiləsi ilə məşhur legioner, mayor Ə. Fətəlibəyli-Düdənginski 1954-cü ilin 20 noyabrında Münhendə müəmmalı şəkildə qətlə yetirildi. Cani isə elə legionerlər sırasında döyüşmüş və Ə. Fətəlibəyli-Düdənginski ilə yaxından tanış olan Mikayıl İsmayılov idi. Lakin bu ölümün təfərrüatları hələ də açılmayıb. Ə. Fətəlibəyli-Düdənginskinin ölümündən sonra Türkiyədə yaşayan xanımı və oğlu ABŞ-a mühacirət etdilər. Lakin indinin özündə də onların sonrakı həyatları barədə bir məlumat yoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, mühacirətin ilk illərində azərbaycanlılar saf azərbaycanlı icmaları yaratmışdılarsa, zaman keçdikcə, illər ötdükcə bu vəziyyət dəyişdi. Belə ki, mühacirlərin övladları, nəvələri tam hüquqlu Amerika vətəndaşları kimi yaşamağa başladılar. Belə ki, onlar rus, türk, yəhudi və digər xalqın nümayəndələri ilə nigah qurdular və zamanla onların dünyagörüşündə də müəyyən dəyişikliklər baş verdi. Müasir dövrümüzdə dünyanı bir çox ölkələrində, eləcə də ABŞ-da II Dünya müharibəsindən sonra mühacirət həyatı yaşamaq məcburiyyətində qalan soydaşlarımızın nəvə- nəticələri yaşayır. Onlar öz əcdadlarından fərqli olaraq Amerika Birləşmiş Ştatlarının tam hüquqlu vətəndaşlarıdırlar. ABŞ vətəndaşlarına aid olan bütün hüquq və imtiyazlardan istifadə edə bilirlər. Sonda belə nəticəyə gəlmək olur ki, əslində Vətənini müdafiə etmək üçün ordu sıralarına qatılan soydaşlarımız taleyin hökmü ilə əsir düşüb və "xalq düşməni"nə çevriliblər. Ölkələrinə qayıda bilməyən azərbaycanlılar Avropa və ABŞ-a mühacirət etmək məcburiyyətində qalıblar. Burada SSRİ-yə qarşı mübarizə apararaq, Azərbaycanın müstəqilliyini bərpa etmək yolunu seçiblər. Təəssüflər olsun ki, bu sahədə çalışan mühacirlərin tarixi Vətənə dönmək arzuları ömürlərinin sonuna kimi reallaşmayıb. Lakin sevindirici haldır ki, onların arzuları gerçəkləşib və onların övladları müstəqil Azərbaycanın bugünkü inkişafını və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində böyük işlər görür, tarixi vətənlərinin təbliği və təşviqatı sahəsində uğurlu diaspora fəaliyyəti ilə məşğul olurlar.