“Respublika”.-2015.-3 iyul.-¹ 141-S. 7.
“Əkinçi” qəzetinin ənənələri və Azərbaycan qadın mətbuatı
Sabir Gəncəli - tarix elmləri doktoru
Milli mətbuatımızın təməlinin qoyulmasının 140 illiyini qeyd edərkən ötən illərin ictimai-siyasi, mədəni hadisələri göz önünə gəlir. XIX əsrin ikinci yarısı milli şüurun oyanışı ilə səciyyələnir. Bu dövrdə Avropada, Rusiyada, o cümlədən Qafqazda maarifçilik hərəkatı tərəqqipərvər insanların düşüncəsinə yeni ab-hava, yeni ideyalar gətirirdi. A. A. Bakıxanov, M. F. Axundov, H. B. Zərdabi və Azərbaycanın digər görkəmli ziyalıları doğma xalqının qəflət yuxusundan oyanması, azadlığı və tərəqqisi üçün yollar, vasitələr axtarırdılar. Belə vasitələrdən biri də ana dilində məktəblər açmaq, milli mətbuat yaratmaq məsələsi idi. Xalqın öz ana dilində danışması, ölkədə və dünyada baş verənlərdən xəbər tutması üçün mətbuat böyük rol oynayırdı.
Görkəmli maarifçi, demokrat, darvinist alim, publisist, pedaqoq və mədəniyyət xadimi Həsən bəy Zərdabi-Məlikov milli mətbuatımızın banisi kimi də mədəniyyət tariximizdə şərəfli yer tutur. Onun 1875-1877-ci illərdə nəşr etdiyi “Əkinçi” qəzeti mütərəqqi ideyalar carçısı kimi Azərbaycan milli mətbuatının ilk qaranquşu olmuşdur. “Əkinçi” həmin dövrdə Azərbaycan həyatının, ictimai mühitin ilk aynası idi. Böyük çətinliklərlə, təzyiqlərlə üzləşsə də, başının üstündə çar senzurasının durmasına baxmayaraq, Həsən bəy və redaktoru, naşiri olduğu “Əkinçi” qəzeti öz demokratik, maarifçi fikirlərini xalqa çatdırırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti Həsən bəy Zərdabiyə demişdi: “Doğrusu, Siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapılmaz. Sizin qüvvənizə heyrət edirəm. Siz öz xalqınızı çox istəyirsiniz”.
H. B. Zərdabi xalqını maarifləndirmək üçün öz qəzetində elmi bilikləri təbliğ edir, maarif və mədəniyyətin, məktəbin, təhsilin, tərbiyənin əhəmiyyəti haqqında özü demiş, damcı-damcı xalqının düşüncəsinə çatdırırdı.
Həsən bəy Zərdabi üzünü xalqa tutub deyirdi: “Sənin muradın o vaxta qədər yerinə yetər ki, bizim hətta çobanlarımız da oxumaq, yazmaq bilələr və ünas (qadın) tayfası da bilə”. (“Əkinçi”, 1877, N2).
H. B. Zərdabi gənc nəslin yaxşı tərbiyə edilməsi üçün, ilk növbədə anaların tərbiyə olunmasını lazım bilirdi. O deyirdi: “Ünas tayfası elmdən bixəbərdir. Tərbiyənin binası ana ilədir. Uşağa 7-8 yaşına qədər ana tərbiyə verir. Ona görə ünas tayfası dəxi tərbiyə olunmalıdır”. Başqa bir yerdə: “Qadın eyni zamanda anadır. Ana isə gənc nəslin ilk müəllimidir, tərbiyəçisidir.
Uşağın məktəbəqədər tərbiyəsi ata və ananın üzərinə düşür... Yalnız məktəb cocuğu tərbiyə və mədəniyyət sahibi etməyə qadir deyil. Ancaq savadlı, elmli ana öz övladının tərbiyəsi ilə daha mükəmməl məşğul olar və uşaqda kitab-dəftərə məhəbbət hissini gücləndirə bilər”.
H. B. Zərdabi XIX əsrdə Rusiyada və Qafqazda maarifin, elmin bərbad halda olduğunu göstərirdi. O, Azərbaycanda maarifin daha ağır vəziyyətdə olduğunu qeyd edir, “biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qaçırıq” deyirdi. Belə getsə “tələf olacayıq” deyə çox narahat olur, xalqa müraciət edərək yazırdı: “Ey müsəlmanlar, heç mürvətdirmi ki, dünyadan, qonşularımızdan geri qalaq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin...”.
Böyük maarifçi elmi-əbdanı, yəni dünyəvi elmləri inkişaf etdirmək üçün məktəblər açmaq, müəllimlər hazırlamaq lazımdır deyirdi. “Belə olsa elm inkişaf, xalq tərəqqi edər”. (“Əkinçi”, 1876, N13).
H. B. Zərdabi öz demokratik və maarifçilik fıkirlərini qəzet vasitəsilə yaymaqla bərabər, həm də ömür yoldaşı Hənifə xanım Abayeva-Məlikova ilə birlikdə uşaqların məktəblərə cəlb edilmələri üçün xalq arasında geniş fəaliyyət göstərirdilər. Onlar öz mənzillərində 10 nəfər uşaq üçün məktəb düzəldib dərs deyirdilər.
Hənifə xanım Həsən bəyin mənalı ömrünü daha da zinətləndirmiş, onun əsl əməl və əqidə dostu olmuşdu. “Əkinçi”nin nəşrində o, Həsən bəyin ilk köməkçisi idi. Qəzetin ilk sayının işıq üzü görməsi bu maarifpərvər insanların böyük sevincinə səbəb olmuşdu.
Böyük ideyalarla, mətləblərlə xalqın gələcəyinə işıq saçan “Əkinçi” cəmi iki il işıq üzü gördü. Amma onun bu iki ildə təbliğ etdiyi maarifçilik ideyalarında mənəvi-əxlaqi dəyərlər, qadın hüququ, qadın təhsili, qadınların mədəni həyatda iştirakı məsələləri də ilk dəfə milli mətbuatımızın səhifələrinə çıxarıldı.
XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən qəzetlər, jurnallar qadın məsələsinə, qadının cəmiyyətdə, maarif və mədəniyyətin inkişafında oynadığı roluna dair yazılar verməyə başladılar. Bu işdə “Molla Nəsrəddin” (1906-1931), “Füyuzat” (1906-1907), “Yeni Füyuzat” (1911), “Dirilik” (1914-1916), “Məktəb” (1911-1917) jurnalları, “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “İrşad” (1905-1908), “İqbal” (1912-1915), “Açıq söz” (1915-1918), “Azərbaycan” (1918-1920) və b. qəzetlər daha fəallıq göstərirdilər.
H. B. Zərdabi “Əkinci” qəzetində irəli sürdüyü ideyaları “Həyat” qəzetində və digər mətbuat səhifələrində də davam etdirirdi. Onun Azərbaycan müəllimlərinin 1906-cı ildə keçiriləcək birinci qurultayı qarşısında “Həyat” qəzetində müəllimlərə müraciətlə yazdığı məktubunda da öz maarifçilik ideyalarını irəli sürürdü. O, ürək yanğısı ilə yazırdı: “...elm, elm! fəryadı ərşə bülənd olub, insafmıdır ki, siz müəllimlər güya ağzınıza su almısınız, heç bir cavab vermirsiniz. Yazın görək, nə oxudaq, necə oxudaq, harada oxudaq? Oxutmaq sizin işinizdir. Siz də Allaha şükür ki, az deyilsiniz...
Bəlkə siz elə fikirləşirsiniz ki, məktəblərdə verdiyiniz dərslər bəsdir. Artıq lazım deyil. Yox, yox o vaxtlar keçibdir. Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək. Hətta lazım olsa, xərcini də biqədri-məqdur özümüz gərək verək. Belədə iş irəli gedər...” (“Həyat” qəzeti, 14 fevral, 1906-cı il).
H. B. Zərdabi müəllimlərə bir yerə toplaşmağı, cəmiyyət yaratmağı, dərsliklər tərtib etməyi, elmi bilikləri yaymaq üçün məcmuə buraxmağı, başqa dillərdən lazımi kitabları tərcümə edib şagirdlərin ədəbiyyata olan ehtiyaclarını ödəməyi və vəzifələri həyata keçirməyi tövsiyə edirdi.
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin, ictimai fikrinin inkişafında yeni mərhələnin başlanması, qadın azadlığı, qadının maariflənməsi uğrunda mübarizənin güclənməsi Azərbaycanda qadın mətbuatının yaranması zəruriyyətini meydana çıxardı.
1911-ci ildə Bakıda Azərbaycan milli mətbuatı ailəsində “İşıq” adlı ilk qadın jurnalı yarandı. Onun üz vərəqində günəş şəkli çəkilmişdi. Çadraya bürünmüş bir qadın balasının əlindən tutub yeni doğan günəşi göstərir. Bu rəmzi şəkillə jurnal qadınları işığa – maarif və mədəniyyət işığına çağırırdı.
“İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, şeirlərini, ürək sözlərini bu ilk qadın jurnalına göndərirdilər. Nəcabət Zeynalova, Səriyyə Həsənova, Salatın Əhmədzadə jurnala təbrik məktubu göndərən ilk qadınlar olmuşlar. Salatın xanım fərəhlə qeyd edirdi: “Qafqaz müsəlman xanımlarının üfiq istiqbalını işıqlandıracaq “İşıq”ı təbrik edirəm”.
Qarabağdakı Malıbəyli kənd qız məktəbinin müəllimi Məhəmməd Qarayevin məktubu çox səmimi idi. Burada deyilirdi: “Axır ki, elm, mərifət, tərbiyə, təlim gülünün ətiri müsəlmanlara təsir etdi. İnsaniyyət və ədəb çiçəklərinin qoxusu müsəlman bacılarımızı canbişə gərirdi. Hər bir hüquqdan məhrum qalmış müsümələr “heyhat nə çox yatmışıq! Deyib xab-qəflətdən gözlərini açdılar”.
Bir çox əsərlərini qadınlara həsr etmiş Y.V.Çəmənzəminli “İşıq” jurnalının redaktoru Xədicə xanım Əlibəyovaya Kiyevdən göndərdiyi məktubunda yazırdı: “Arvadlarımızın zülmət içində yaşadıqları bir zamanda onlar üçün öhtənizə götürdüyünüz qəzetə nəşri böyük və müqəddəs bir vəzifədir. Bu böyük vəzifəni lazımınca ifa edib məqsədə nail olmaq da çox hünər, çox cəsarət istəyir”.
Məktubda qadın məsələsinin əhəmiyyəti göstərildiyi kimi, jurnalın qarşısında duran vəzifələrə də toxunulur. Onun həqiqi “İşıq” olması, maarif və mədəniyyət nuru ilə şölə saçması arzu edilir.
Bu, təkcə Yusif Vəzirin deyil, o dövrün ziyalılarının istəyi və tələbi idi.
Tərəqqipərvər ziyalıların və “İşıq” jurnalının fəaliyyətindən narazı olan cahillərin hücumlarından mütəəssir olan Həlimə xanım Axundova “Övrət millət anasıdır” sərlövhəli məqaləsində yazırdı: “İndi başqa zamandır. Bütün millətlər günü-gündən tərəqqi edir, elm və maarif yolunda çalışırlar. Amma biz? Mövhumatpərəstlərin sözlərinə inanmayın!..”.
Münəvvər xanım Əlixanova yazırdı: “Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazımdır və vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq olub, öz amal və arzularımızı kəndi əql və fərasətimiz müavinəti ilə ələ keçirək. Gərək hamımız tamam bacarıqlarımızı hərəkətə gətirib iş dalınca yüyürək, öz yaralarımıza ittihadilə məlhəmlər qoyaq. Bunu da bilməliyik ki, tək əldən səs çıxmaz, hər bir əqdamatda birlik, ittifaq böyük rollar oynayır”.
Münəvvər xanım bu dəyərli məqaləsinin axırında qeyd edirdi ki, qadınları cəhalətdən elm, mədəniyyət, tərbiyə çıxaracaqdır. Bizə elmlə bərabər azadəlik də vacibdir”.
Mövhumatın, qadın hüquqsuzluğunun hökm sürdüyü bir dövrdə qadının mətbuatda çıxış etməsi, cəsarətli fikirlər söyləməsi əsl qəhrəmanlıq idi. “İşıq” jurnalında biz onlarca qadının imzasına rast gəlirik. Gəncə qız məktəbinin müəllimi Asiya Axundzadə, onun qızı müəllimə Xuraman xanım Rəhimbəyzadə, şəkili Maral Nəbizadə, Şamaxı qız məktəbinin müəllimi Gövhər Şövqiyyə, Bakıdakı qız məktəblərinin müəllimləri Səidə Şeyxzadə, Nabat Nərimanova və başqaları öz məqalə və şeirləri ilə xalqı maarifə səsləyirdilər. Jurnalın redaktoru Xədicə xanım Əlibəyova yazdığı “Hüququmuz” sərlövhəli baş məqaləsində qadınların hüquqlarından danışır, onları elm və tərbiyə məsələləri ilə məşğul olmağa çağırırdı. Yazırdı ki, ana və bacılarımız oxumuş olsalar, onların övladları da gələcəkdə tərbiyəli olarlar.
“İşıq” jurnalının cəmi 68 sayı çapdan çıxdı. 1912-ci il dekabrın 31-də nəşri dayandı. Lakin bu az müddət ərzində onun sorağı bütün ölkəyə yayıldı. Ona Tiflisdən, Kiyevdən, Dağıstandan, Gəncədən, Şəkidən, Şamaxıdan, Ağdaşdan və başqa yerlərdən məktublar axışıb gəlirdi. Bu məktubların əksəriyyətini qadınlar yazırdılar.
Azərbaycan qadınlarının oyanmasında, ictimai-mədəni həyatda fəallaşmasında “İşıq” jurnalının da müəyyən qədər rolu vardır. Jurnal H.B.Zərdabinin maarifçilik ideyalarından ruhlanaraq qadın publisistlərinin, şairlərinin əsərlərini dərc etməklə ictimai fikir tariximizə və qadın azadlığı hərəkatına impuls verməklə, heç şübhəsiz, müsbət iş görmüşdür. Onun səhifələrində Azərbaycanın maarifpərvər qadınlarının zəmanəyə qarşı alovlu etiraz səsləri vardır.
“İşıq” jurnalında 30 nəfərə yaxın müxtəlif əqidəli qadının imzası getmişdir. Onların arasında ədəbiyyat həvəskarları, şair və nasir qadınlar da vardır. Asiya Axundzadə, Sona Axundova, Pərnis Səriyyə, Zəhra Hümmət, Nigar Osmanpaşazadə şeirlərini bu jurnalda çap etdirmişlər.
Jurnal Azərbaycan qadınları üçün tibbə və məişətə dair məsləhətlər də dərc edirdi.
Xədicə xanım Əlibəyova (1884-1958) ömür yoldaşı, hüquqşünas Mustafa bəylə birlikdə jurnalın nəşrində böyük səy göstərmişlər. Jurnalın səhifələrində onların qadın hüquqlarına dair bir silsilə məqalələri dərc olunmuşdur.
“İşıq” qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Bir tərəfdən cəhalətpərəst adamlar, digər tərəfdən iqtisadi və maliyyə çətinliyi onu çox yaşamağa qoymadı. Lakin onun mədəniyyət və mətbuat tariximizdə qoyub getdiyi iz silinmədi. “İşıq” bağlansa da, Azərbaycanın maarifpərvər qadınları maarif və mədəniyyətə aid öz ürək sözlərini “Molla Nəsrəddin”, “Füyuzat”, “Məktəb”, “Dirilik” jurnallarında, “Şərqi-Rus”, “İqbal”, “Yeni iqbal”, “Təkamül”, “Azərbaycan” və başqa qəzetlərdə yazıb xalqa çatdırırdılar.
1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara aldı. 1922-ci ildə Tiflisdə “Zaqafqaziya zəhmətkeş qadını” adlı jurnal nəşr olunmağa başladı. Jurnal qadınları azadlığa səsləyir, qadın hüquqlarından bəhs edirdi.
Lakin bunlar genişlənən qadın hərəkatını əhatəli işıqlandıra bilmirdi. Odur ki, hər respublikanın özündə, ana dilində ayrıca qadın jurnalının nəşr edilməsi qərara alındı.
Beləliklə, 1923-cü ildə Azərbaycan qadınlarının siyasi həyatında mühüm bir hadisə oldu. Həmin il noyabr ayında Azərbaycan Qadınlar Şurasının orqanı “Şərq qadını” jurnalının ilk sayı çapdan çıxdı. 40 səhifədən ibarət min nüsxə tirajla çap edilmiş bu jurnalın üz qabığında daş ehramlar fonunda üç qadın şəkli çəkilmişdi. Onlardan birinin üzü çadra ilə örtülmüş, ayaqlarına zəncir vurulmuşdur. İkinci qadın çadrasını açıb, günəşin qızılı şəfəqləri ilə boyanmış Şərqə baxır. Üçüncü qadın isə onun əlindən tutaraq yeni tikilmiş bir imarətin pillələri ilə yuxarı qaldırır və sanki deyirdi: “Əsrlərcə qara çadraya bürünmüş, dünya işığına həsrət qalmış, ey Şərq qadını, oyan! Yeni həyat səni çağırır!”
Birtərəfli inqilabi pafosla ifadə olunmuş belə rəmzi məna ilə Şərq aləmində azadlıq sədaları yayan bu jurnal Azərbaycan qadınlarının mübariz tribunasına çevrilmişdi.
İlk sayından qarşısına böyük məqsəd qoyan bu jurnalın ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli, qadın hərəkatının mübariz xadimləri Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olmuşdular.
“Şərq qadını” müsəlman Şərqində gözlərə nur çiləyən bir məşəl kimi şölə saçmışdır. Onun azadlıq, bərabərlik, maarif və mədəniyyət ruhlu səsi Şimali Azərbaycanın hüdudlarını aşıb bir çox ölkələrə yayıldı. Jurnal oyanan, intibah edən odlar diyarının səsi idi. O bütün Şərq qadınlarını ayağa qalxmağa, öz azadlığı, hüquqları uğrunda mübarizəyə çağırırdı. Onun hər sayı ürəklərə sevinc, şüurlara, düşüncələrə azadlıq hissi gətirir, gələcəyə tikilən gözlərdə ümid şöləsi yandırırdı.
Jurnalda dərc edilən yazılar könüllərə yol açır, zəkaları nurlandırırdı. Jurnal köhnə dünyanın tör-töküntülərini, cəhalətpərəs adamları tənqid edir, Azərbaycanda həyata keçirilən mədəni tədbirləri tərənnüm edir, qadınları ictimai həyata səsləyirdi.
“Şərq qadını” tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə müntəzəm yer verilirdi.
“Şərq qadını” jurnalı qadın azadlığı hərəkatına istiqamət verən, yol göstərən bir mayak kimi işıq saçırdı. Azərbaycanın ən ucqar yerlərində belə jurnalın nüsxələri əldən-ələ gəzirdi.
Azərbaycanın ictimaiyyətçi qadınlarından Fatma Hacıyeva bizimlə müsahibəsində demişdi ki, “Şərq qadını” jurnalı qadın azadlığı və təhsili uğrunda mübarizə aparan biz gənclərin köməyinə gəlirdi. Onun hər sayı bizim üçün bir təlimat və proqram idi. Mən o vaxtlar bacım Bikə ilə birlikdə Ağdaşda qadınlar arasında iş aparırdım. Hələ çox gənc olduğumuzdan təhsilimizin və təcrübəmizin azlığından çətinlik çəkirdik. Belə vaxtda biz “Şərq qadını”nı oxuyur, necə işləməyi ondan öyrənirdik.
Jurnalın səhifələrindən ucalan azadlıq səsi Türkiyənin, İranın, Əfqanıstanın qadınlarını da hərəkətə gətirirdi. Redaksiyanın ünvanına İstanbuldan, Tehrandan, Təbrizdən, Qəzvindən məktublar gəlirdi. 1926-cı ildə İranın Rəşt şəhərindən alınmış məktubda deyilirdi: “Şərq qadını” jurnalının nəşri İran qadınları arasında da böyük intibah yaratmışdır. İndi İran qadınları öz hüquqları qeydinə qalmağa çalışırlar. Belə ki, Rəşt şəhərində ilk dəfə ziyalı qadınlardan Mərziyə Zərabi xanım təşəbbüs göstərərək “Nameyi-Nisvani-Şərq” adlı məcmuə nəşr etməyə başlamışlar”.
“Şərq qadını “jurnalının bir tarixi rolu da odur ki, bu azad nəfəsli, xoşməramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşmışdılar. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynamışdır. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri bu jurnalın səhifələrində dərc edilmişdir. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər, görkəmli bədii söz ustalarının – C.Məmmədquluzadənin, S.S.Axundovun, A.Şaiqin, S.Hüseyninin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin, H.Cavidin və başqa yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şeirləri tez-tez çap olunurdu.
İyirminci illərin axırları və otuzuncu illərin əvvəllərində Azərbaycanda quruculuq işləri həyata keçirilirdi. “Şərq qadını” bu sahədə əldə edilən nailiyyətləri fərəhlə qeyd edirdi. Bu dövrdə “Şərq qadını” jurnalının mövzu dairəsi daha da genişlənmişdi. Jurnalın kənd müxbirliyindən redaktoru səviyyəsinə yüksəlmiş Gülarə Köylü qızı “Şərq qadını” yeni vəzifələr qarşısında” adlı məqaləsində yazırdı ki, qadınların savadlanması, mədəni həyata qaynayıb qarışması üçün jurnal böyük rol oynamışdır. Lakin indi qarşımızda yeni vəzifələr durur. İstehsalatda qadınların artması, ictimai-siyasi həyatda onların fəallaşması bir sıra problemlərin həllini tələb edir. Qadınların hüquqlarının qorunması, onların irəli çəkilməsi, yeni uşaq bağçalarının, körpələr evlərinin təşkili, qadınların mədəni-məişət işinin, həyat şəraitinin yaxşılaşdırılması və başqa məsələlərin həlli jurnalın fəaliyyətinin əsas məqsədi olmalıdır.
“Şərq qadını” 1938-ci il fevral ayından “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başladı. Repressiya nəticəsində həbs edilib sürgünə göndərilmiş görkəmli ictimai xadim, alovlu publisist, jurnalın redaktoru Gülarə Köylü qızının yerinə qısa müddətdə – 1937-1940-cı illərdə o zaman biliyi, təcrübəsi az olan Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva redaktor təyin edildi. Jurnalın bir çox müəllifi, müxbiri həbs olundu. Belə bir dövrdə jurnal böhran vəziyyətinə düşdü.
1941-1945-ci illərin ağır müharibəsi də jurnalın fəaliyyətinə ağır zərbə vurdu. Həmin qanlı-qadalı illərdə onun fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
1951-ci ilin mart ayında “Azərbaycan qadını” jurnalı nəşrə başladı. Bu jurnal qadınların elm, mədəniyyət, incəsənət, təhsil, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları nailiyyətlərdən yazır, qadınların məişət və həyat şəraitinin yaxşılaşdırılması məsələlərini işıqlandırırdı.
“Azərbaycan qadını” bu dövrdə yeniliyi, mədəni yüksəlişi təbliğ etməklə bərabər, sənaye müəssisələrində, bölgələrdə tez-tez görüşlər, oxucu konfransları keçirirdi. Bu tədbirlərdə söylənilən arzular, təkliflər jurnalın səhifələrində öz əksini tapırdı. Həmin yazılar, məqalələr, oçerklər, fotolar Azərbaycan qadınlarının yazılı mənbələri kimi çox qiymətlidir.
“Azərbaycan qadını” jurnalı xalqımızın keşməkeşli taleyinin, həyatının, əlamətdar və faciəli günlərinin salnaməsidir. Əgər onun keçmiş olduğu yolu diqqətlə araşdırsaq, burada Həsən bəy Zərdabinin və onun ideya ardıcılları maarifpərvər ziyalılarımızın arzularının həyata keçdiyini aydın görərik. Vaxt olub ki, onun redaktorları məhşər ayağına çəkilib, danlanıb, vəzifədən kənar ediliblər. Zamanın hökmləri bəzən bu azadlıq carçısının məzmununa, bədii səviyyəsinə, hətta zahiri görkəminə təsir göstəribsə də, onun vətənsevər əməkdaşları jurnalın milli-mənəvi ruhunu, qadir amalını qoruyub saxlaya bilmişdilər.
1965-1972-ci illərdə Şəfiqə xanım Ağayeva, 1972-1996-cı illərdə isə yazıçı Xalidə xanım Hasilova jurnala başçılıq etmişlər. Onların böyük səyi nəticəsində jurnalın ideya-bədii səviyyəsi xeyli yaxşılaşmış, tirajı 30 mindən artıb 320 mini ötmüşdü. Bu dövrdə “Gözəllik aləmində”, “Mədəniyyət tariximizdən”, “Açılmamış səhifələr”, “Teatr”, “İncəsənət”, “Poeziya yarpaqları”, “Mənəvi tərbiyə”, “El sənətkarları”, “Xarici rəfiqələrimizin həyatı”, “Uşaq səhifəsi” və s. yeni rubrikalar altında respublikamızın tanınmış alimləri, incəsənət xadimləri, yazıçılar tez-tez çıxış edirdilər. Onlar öz elmi-nəzəri və bədii fikirləri ilə oxucuların zövqünün, mədəni səviyyəsinin yüksəlməsinə çalışmaqla yanaşı, xalqımızın istedadlı qadınlarını da öz məqalələri, yazıları ilə tanıtmışlar.
“Azərbaycan qadını” jurnalının yubileyləri həmişə respublikada mədəni hadisəyə dönmüş, qadınlarımızın fəallaşmasına kömək etmişdir. Jurnalın yarım əsrlik yubileyi isə onun tarixində ən əlamətdar hadisə kimi qalacaqdır. 1974-cü ildə dövlət səviyyəsində keçirilmiş bu böyük təntənədə respublikamızın rəhbəri, möhtərəm cənab Heydər Əliyev iştirak etmiş, geniş nitq söyləmişdir. Jurnal “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
1993-cü ildə jurnalımızın 70 illik yubileyi ərəfəsində respublikada ictimai-siyasi durumun ağırlaşması, Qarabağ uğrunda qanlı döyüşlərin getməsi, vətən yolunda canını qurban verən şəhidlərimizə yas tutulması, jurnalın özünün düşdüyü böhranlı vəziyyəti bu tarixi qeyd etməyə imkan vermədi. 70 illiyinə həsr etdiyimiz 12-ci sayımız maliyyə çətinliyi ucbatından ağ-qara şəkillərlə çap olundu. Bu da bir tarix idi.
“Azərbaycan qadını” jurnalı 90-cı illərin ağrılı-acılı, şərəfli, mübarizəli günlərini də yaşadı. Xalidə xanım başda olmaqla jurnalın kollektivi və onun təəssübünü çəkən müəllifləri bu dövrün hadisələrini, cəbhədə hünər göstərən qızlarımızın, igid oğullar itirmiş şəhid analarının, çadır düşərgələrində əzab-əziyyət çəkən qadınların, uşaqların ağır, dözülməz həyatını “Azərbaycan qadını” ön səhifələrində müntəzəm işıqlandırdı.
Bu gün “Azərbaycan qadını” öz tarixinin yeni dövrünü yaşayır. 1997-ci ildən jurnala elmlər doktoru, professor Fatma xanım Abdullazadə başçılıq edir. İndi jurnalın məzmunu da, bədii görkəmi də xeyli dəyişmiş, nəfis şəkildə nəşr olunur.
Bu gün Azərbaycanda jurnalistlərimizin də, qəzet və jurnalların sayı da xeyli artmışdır. Mətbuatımız dünya səviyyəsinə çatmışdır. Milli mətbuatımızın sıralarında qadın jurnalistlərimizin buraxdıqları rəngarəng qəzet və jurnallar görkəmli mühərrir ziyalılarımızın şərəfli yolunu davam etdirirlər.
Qadın mətbuatımızın bu gənc övladlarına “İşıq” nənənin nurunu, “Şərq qadını” ananın mübarizliyini, “Azərbaycan qadını”nın ləyaqətini, əqidə saflığını, bir də vətənpərvərliyini arzu edirik.