“Azərbaycan”.-2009.-6 fevral.-N 28.-S.4.
Ölkə
qanunvericiliyi referendumun azad və şəffaf
keçirilməsinə tam təminat verir
Azərbaycan
Respublikasının Milli Məclisi 26 dekabr 2008-ci il tarixli
qərarı ilə Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsinə dair ümumxalq
səsverməsi (bundan sonra referendum) keçirilməsi
haqqında qərar qəbul etmişdir. Referendum 2009-cu il mart
ayının 18-nə təyin
edilmişdir. Layihədə ölkə Konstitusiyasının
29 maddəsinə əlavələr və
dəyişikliklər nəzərdə tutulur.
Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin
II hissəsinə əsasən ölkə
Konstitusiyasının qəbul edilməsi və ona
dəyişikliklər edilməsi məsələsi yalnız
referendumla həll oluna bilər. Konstitusiyanın 152-ci
maddəsində də Əsas Qanunun mətnində
dəyişikliklərin yalnız referendumla qəbul edilə
bilinməsi təsbit olunmuşdur. Seçki
Məcəlləsinə görə isə
ölkəmizdə seçkilər və referendumlar
seçki (referendum) komissiyaları tərəfindən
təşkil edilir.
Referendum və seçkilər -
birbaşa demokratiya institutları kimi məqsəd və
subyektlərinə görə çox oxşar,
obyektlərinə və nəticələrinə görə
isə bir-birindən fərqlidirlər. Hər ikisinin - istər referendumun, istərsə də
seçkilərin məqsədi eynidir -
xalqın iradəsini ifadə etmək.
"Referendum" latın sözü olmaqla bildirilməsi
zərurət daşıyan xəbər veriləsi fakt
mənasını verir. Referendumun keçirilməsi
şərtləri və üsulu müvafiq
ölkələrin və ya federasiya subyektlərinin
konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır.
Azərbaycan Konstitusiyasında, həmçinin Seçki
Məcəlləsində referendum və ümumxalq
səsverməsi sinonim anlayışlar kimi işlədilir.
Referendum xalq hakimiyyətinin bariz nümunəsidir.
İlk referendumlar qədim Roma dövrünə təsadüf
edir. Qərbi Avropada ilk referendumlar 14-15-ci
yüzilliklərdən başlayır. Azərbaycanda ilk
referendum 1921-ci ildə Naxçıvan Muxtar Respublikasında
keçirilmiş və öz konstitusion həllini 1937-ci il
Azərbaycan SSR Konstitusiyasında
tapmışdır.
Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin
2-ci hissəsinə görə xalqımız öz
hüquqları və mənafeləri ilə bağlı olan
hər bir məsələni referendumda həll edə
bilər. Xalqın seçdiyi səlahiyyətli
nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ
yoxdur. Konstitusiyanın yuxarıdakı maddəsində
göstərilən məsələlər, yəni
Azərbaycan Konstitusiyasının qəbul edilməsi və
ona dəyişikliklər edilməsi, eləcə də
Azərbaycanın dövlət sərhədlərinin
dəyişdirilməsi xalqın özü və ya
seçdiyi səlahiyyətli nümayəndələri
vasitəsilə referendum yolu ilə həll oluna bilər.
Konstitusiyanın 3-cü maddəsinin 3-cü hissəsi
referenduma çıxarıla bilməyən
məsələlərin dairəsini müəyyən edir.
Belə ki, vergilər və dövlət büdcəsi,
amnistiya və əfvetmə, seçilməsi, təyin
edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq
qanunvericilik və icra hakimiyyəti orqanlarının
səlahiyyətlərinə aid edilmiş vəzifəli
şəxslərin seçilməsi, təyin edilməsi
və ya təsdiq edilməsi üzrə referendum keçirilə
bilməz. Bundan başqa, Konstitusiyanın 155-ci maddəsinə
görə Əsas Qanunun "Hakimiyyətin mənbəyi",
"Xalq suverenliyi", "Hakimiyyətin
mənimsənilməsinə yol verilməməsi",
"Azərbaycan dövləti",
"Azərbaycan dövlətinin başçısı"
və "Dövlət dili" adlı maddələri
üzrə dəyişikliklər və ya onların
ləğvi haqqında təklif edilməsi
təşəbbüsü məhdudlaşdırılır.
Həmçinin Konstitusiyanın III fəslində 24-71-ci maddələrdə əksini
tapmış insan və vətəndaş hüquqları
və azadlıqlarının ləğvi və ya
ölkəmizin tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə
məhdudlaşdırılması haqqında təkliflər
referenduma çıxarıla bilməz.
Referendum təyin etmək hüququ Konstitusiyanın
95-ci maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə və
109-cu maddəsinin 18-ci bəndinə müvafiq olaraq
Azərbaycan Respublikasının Prezidentinə və Milli
Məclisə mənsubdur. Ən azı 300 min aktiv seçki
hüququna malik olan Azərbaycan vətəndaşı
ölkə başçısına və ya Milli
Məclisə referendum keçirilməsi haqqında
qərarın qəbul edilməsi təklifi ilə
müraciət edə bilər. Referendum
keçirilməzdən əvvəl müvafiq subyektlər bu
haqda qərar qəbul edir. Həmin qərarda referendumun
keçirilmə tarixi, referenduma çıxarılan aktın
adı, referenduma çıxarılan aktın məzmununun
qısa təfsiri, referendumun maliyyələşdirilməsi
qaydası göstərilir.
Azərbaycan Konstitusiyasının 152-ci və
153-cü və Seçki Məcəlləsinin 119-cu
maddəsinə uyğun olaraq Konstitusiyada
dəyişikliklərlə əlaqədar referendum
keçirilməzdən əvvəl Konstitusiya
Məhkəməsinin rəyi alınmalıdır.
Konstitusiyanın 154-cü maddəsinə əsasən,
Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş
Azərbaycan Konstitusiyasının mətnində
dəyişikliklərə dair qərar qəbul edə
bilməz.
Seçki Məcəlləsinin 121.2-ci
maddəsinin tələbinə əsasən eyni bir
məsələyə dair təkrar referendum ilkin referendumda
qəbul edilən aktın dərc edilməsi
günündən başlayaraq yalnız 1 il keçdikdən
sonra keçirilə bilər.
Konstitusiyanın 11-ci maddəsində təsbit
edilmişdir ki, Azərbaycan ərazisi vahiddir, toxunulmazdır
və bölünməzdir, özgəninkiləşdirilə
bilməz. Respublika öz ərazisinin heç bir hissəsini
heç bir şəkildə kimsəyə vermir; yalnız
Azərbaycan Milli Məclisinin qərarı ilə ölkənin
bütün əhalisi arasında referendum keçirmək yolu
ilə xalqın iradəsi əsasında dövlət
sərhədləri dəyişdirilə bilər.
Seçki Məcəlləsinin 124-cü
maddəsinə müvafiq olaraq referenduma çıxarılan
aktın layihəsi kütləvi informasiya
vasitələrində referendumun təyin edilməsi
haqqında qərarla birlikdə dərc edilməlidir. Bu ona
görə zəruridir ki, daha çox seçicinin referendum
aktının mətni ilə tanış olunmasına şərait
yaradılsın. Bundan əlavə, referendum aktının
layihəsi seçicilərin tanış olması
üçün səsvermə gününə azı 30
gün qalmış məntəqə seçki
komissiyasında seçiciyə təqdim edilir.
Konstitusiyanın 3-cü maddəsinin II
hissəsində və 152-ci maddəsində
göstərilən məsələlər üzrə
referendumda respublikanın vahid seçicilər siyahısındakı
seçicilərin 25 faizdən çoxu iştirak
etməyibsə, referendum baş tutmuş sayılmır, qalan
digər hallarda referendumla hansı məsələnin həll
olunmasından asılı olmayaraq, səsvermə hüququna
malik olan şəxslərin minimum iştirak həddi
nəzərdə tutulmur. Referenduma çıxarılan
məsələ o halda qəbul edilmiş sayılır ki,
səsvermədə iştirak etmiş seçicilərin
yarıdan çoxu onun lehinə səs versin.
Referendumqabağı aktiv
hüququ olan vətəndaşlar referendumda iştirak
etmək hüququ olan vətəndaşları ümumxalq
səsverməsində iştirak etməyə,
səsverməyə çıxarılan məsələni
dəstəkləməyə və ya
dəstəkləməməyə çağıran və
ya çağırmaq məqsədi daşıyan
fəaliyyəti həyata keçirmək üçün
referendum üzrə təşviqat qrupunun yaradılması
üçün təşəbbüs göstərir.
Seçki Məcəlləsinin 63-cü maddəsinə
əsasən, təşviqat qrupunun yaradılmasının 2
mindən az olmayan təşəbbüsçüləri
MSK-ya yazılı bildiriş təqdim etməlidirlər.
Referendum üzrə təşviqat qrupu
yaradılmasının təşəbbüsçülərinin
sayı 500-dən çox və 2 mindən az olarsa,
bildiriş təşəbbüsçülərin
əksəriyyətinin ərazisində yaşadıqları
dairə seçki komissiyasına verilir. Bildirişdə
hər bir təşəbbüsçünün soyadı,
adı, atasının adı, doğum tarixi,
yaşayış yerinin ünvanı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin
seriya və nömrəsi, verilmə tarixi, əsas iş
və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda
- fəaliyyət növü)
göstərilməlidir. Bildirişə referendum üzrə
təşviqat qrupunun yaradılması
təşəbbüsçülərinin səlahiyyətli
nümayəndələrinin siyahısı əlavə edilir.
Bildiriş məlumat xarakteri daşıyır və onun
barəsində müvafiq seçki komissiyasında qərar
çıxarılması tələb olunmur. Müvafiq
seçki komissiyası bildirişin alınması
barədə təşəbbüsçülərə 5
gün müddətində yazılı məlumat
verməlidir.
Referendum üzrə təşviqat qrupu
yaradılmasının
təşəbbüsçüləri
vətəndaşların zəruri olan seçki
imzalarının toplanmasının təşkil edilməsi
və Seçki Məcəlləsi ilə nəzərdə
tutulan digər hərəkətlərin həyata
keçirilməsi məqsədilə təşəbbüsçülər
adından səlahiyyətli nümayəndə
(nümayəndələr) təyin edə bilərlər.
Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan
keçən referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndələrinin sayı
25-dən, dairə seçki komissiyasında qeydiyyatdan
keçən referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndələrinin sayı isə
5-dən artıq olmamalıdır.
Referendum üzrə təşviqat qrupları
Seçki Məcəlləsinin 2.6-cı
maddəsində göstərilən şərtlərlə
yanaşı Məcəllənin 62.1.1
maddəsinə müvafiq olaraq referendum kampaniyaları
zamanı referendum üzrə digər təşviqat qrupunun
öz baxışlarını azad və sərbəst yaymaq
hüququna hörmət bəsləməli,
seçicilərlə azad ünsiyyətin yaradılması
üçün digər təşviqat qrupuna mane olmamalı,
referendumun qanuni təsdiqlənmiş
nəticələrinə hörmət bəsləməli,
referendumla bağlı hər bir şikayəti
səlahiyyətli orqana təqdim etmək və həmin
orqanın bu şikayətlə bağlı qərarına
riayət etməlidirlər.
Dövlət orqanlarında işləyən və ya
bələdiyyə qulluğunda olan, yaxud kütləvi
informasiya vasitələrində əmək və mülki
hüquq müqaviləsi əsasında işləyən
qeydə alınmış referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələri
referendum kampaniyasında iştirak etdikləri
müddətdə xidməti vəzifələrini yerinə
yetirməkdən azad olunurlar, müvafiq əmrin
(sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat
günündən ən geci 3 gün
ərzində onları qeydə almış seçki
komissiyasına təqdim edirlər. Onlar öz vəzifə
və xidməti mövqeyindən imtiyaz qazanmaq və
üstünlük əldə etmək məqsədilə
istifadə edə bilməzlər.
Həmçinin dövlət
vəzifələrində olan qeydə alınmış
referendum üzrə təşviqat qruplarının
təşəbbüsçüləri, həmçinin
bələdiyyə vəzifələrində olan və
referendum üzrə təşviqat qrupları
yaradılmasının
təşəbbüsçüləri öz vəzifə
mövqelərindən üstünlük əldə etmək
üçün istifadə edə bilməzlər.
Təşəbbüsçülərin yalnız öz
vəzifələrini icra etməkdən azad olunduğu vaxtda referendumqabağı təşviqat aparmaq
hüququ var.
Vəzifəli şəxslər, teleradio verilişləri
və kütləvi informasiya vasitələri
redaksiyalarında işləyən jurnalistlər və
yaradıcı işçilər referendum üzrə
təşviqat qruplarının təşəbbüsçülər
və ya referendum üzrə təşviqat qruplarının
vəkil edilmiş şəxsləri, yaxud səlahiyyətli
nümayəndələridirsə, referendumun gedişinin
kütləvi informasiya vasitələri ilə
işıqlandırılmasında iştirak etmək onlara
qadağan olunur.
Qeydə alınmış referendum üzrə
təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş
şəxsləri və səlahiyyətli
nümayəndələri, təşviqat qrupları
yaradılmasının
təşəbbüsçüləri, onların
təsisçisi, sahibi, üzvü və ya işçisi
olduğu təşkilatlar, qeydə alınan
şəxslərin və ya təşkilatların
tapşırığı ilə hərəkət edən digər
fiziki və hüquqi şəxslər xeyriyyə
fəaliyyəti ilə məşğul ola bilməzlər.
Qeydə alınan şəxslərin və
təşkilatların fiziki və hüquqi
şəxslərə, seçicilərə maddi və
maliyyə, yaxud digər xidmətlər göstərilməsi
təklifi ilə müraciət etməsi qadağandır.
Qeydə alınmış referendum üzrə təşviqat
qruplarının seçki fondlarına dövlət
tərəfindən ayrılmış vəsait MSK
tərəfindən bərabər şəkildə
bölüşdürülür və 3 gün
müddətində müvafiq hesablara
köçürülür. Bu halda vəsaitin bərabər
məbləğləri MSK-da və dairə seçki
komissiyasında qeydiyyatdan keçən referendum üzrə
təşviqat qrupları üçün ayrıca
müəyyənləşdirilir.
Seçki Məcəlləsinin 72-ci maddəsinə
əsasən qeydə alınmış referendum üzrə
təşviqat qrupu vəkil edilmiş şəxs təyin
edə bilər. Vəkil edilmiş şəxslər referendum
üzrə təşviqat qrupunu qeydə almış müvafiq
seçki komissiyası tərəfindən qeydə
alınır. Vəkil edilmiş şəxslərin təyin
edilməsi barədə referendum üzrə təşviqat
qrupunun təqdimatının, habelə
vətəndaşın vəkil edilmiş şəxs olmaq
barədə razılıq ərizəsinin daxil olduğu
gündən başlayaraq 3 gün müddətində onlar
qeydə alınırlar. Referendum üzrə təşviqat
qruplarının müvafiq təqdimatlarına Seçki
Məcəlləsinin 52-ci və 64-cü
maddələrində müəyyən olunmuş qaydalar
şamil edilir, vəkil edilmiş şəxslərə
müvafiq seçki (referendum) komissiyası
tərəfindən lövhəcik verilir. Seçki
Məcəlləsinin tələbinə əsasən referendum
üzrə təşviqat qrupu müvafiq seçki
komissiyasını xəbərdar etməklə vəkil etdiyi
şəxsi istənilən vaxt geri çağıra
bilər və onun əvəzinə başqasını
təyin edə bilər. Belə xəbərdarlıq olduqda
seçki komissiyası geri çağırılan vəkil
edilmiş şəxsin vəsiqəsini ləğv edir.
Vəkil edilmiş şəxsi referendum üzrə
təşviqat qrupunu xəbərdar etməklə, ona
verilmiş vəsiqəni istənilən vaxt öz
təşəbbüsü ilə müvafiq seçki
komissiyasına qaytararaq öz səlahiyyətlərindən
imtina edə bilər.
Vəkil edilmiş şəxslərin
səlahiyyətləri müvafiq seçki komissiyanın
onları qeydə aldığı gündən
başlanır və referendumun ümumi nəticələrinin
rəsmi dərc edildiyi gündən gec olmayaraq, habelə
Seçki Məcəlləsinin tələblərinin
pozulması barədə şikayət üzrə
məhkəmə araşdırması gedirsə,
məhkəmənin yekun qərarının qəbul
edilməsi günündən gec olmayaraq, Məcəllənin 72.4-cü maddəsində göstərilən
hallar istisna edilməklə, referendum üzrə
təşviqat qruplarının statusunun itirilməsi ilə
başa çatır.
Referendum üzrə təşviqat qrupunun
yaradılmasının səlahiyyətli
nümayəndələri referendum üzrə təşviqat
qrupunun yaradılması barədə bildirişi
istənilən vaxt geri götürə bilər. Bu haqda
müvafiq vəsatət referendum üzrə təşviqat
qrupunun yaradılmasının səlahiyyətli
nümayəndələri tərəfindən
imzalanmalıdır. Bu cür vəsatət geri
götürülmür. Qeydə alınmış referendum
üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələri istənilən vaxt müvafiq
seçki komissiyasına referendum üzrə təşviqat
qrupunun qeydiyyatdan imtina barədə ərizə ilə
müraciət edə bilər.
Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsul idarələri
seçkilərin və referendumun keçirilməsi zamanı
Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının Azərbaycan
Respublikası Konstitusiyasının 3-cü və 56-cı
maddələrində nəzərdə tutulan
hüquqlarının həyata keçirilməsinə
kömək göstərməlidirlər.
Azərbaycan vətəndaşlarının
seçkilərdə olduğu kimi, referendumda da
iştirakı azad və könüllüdür. Referendumda
iştirak edib-etməməyə məcbur etmək
məqsədilə heç kəsin vətəndaşa
təzyiq göstərmək hüququ yoxdur və heç
kəs onun öz iradəsini azad ifadə etməsinə mane
ola bilməz. Vətəndaşlar referendumda
çıxarılan məsələnin lehinə və ya
əleyhinə şəxsən səs verirlər. Başqa
şəxslərin yerinə səs vermək qadağandır.
Referendumda iştirak edərkən Azərbaycan
vətəndaşları referenduma çıxarılan
hər bir suala bir cavab verə bilərlər.
Referendumun hazırlanması və keçirilməsi,
səslərin hesablanması, səsvermənin
yekunlarının və referendumun nəticələrinin
müəyyən edilməsi açıq və aşkar
həyata keçirilir. Referendum səsvermə
gününə azı 75 gün qalmış elan edilir və
səsvermə günü referendum keçirilən
ərazidə iş günü hesab olunmur. Azərbaycan
ərazisinin 25 faizdən çoxunda hərbi və ya
fövqəladə vəziyyət elan edildikdə, hərbi
və ya fövqəladə vəziyyət zamanı,
həmçinin hərbi və ya fövqəladə
vəziyyətin ləğv edilməsindən sonra 3 ay
müddətində referendum keçirilə bilməz.
Referendum zamanı Seçki Məcəlləsinin
tələbinə əsasən referendum komissiyalarının
işinin təşkili və bütövlükdə
fəaliyyətləri seçicilər üçün
şəffafdır. Seçki komissiyalarının
üzvləri, referendum üzrə təşviqat
qruplarının vəkil edilmiş şəxsləri seçki
komissiyalarının iclaslarını, habelə
səslərin hesablanmasını, məntəqə və
dairə seçki (referendum) komissiyalarında səsvermə
bülletenləri, seçici siyahıları ilə,
səsvermə üçün qeydiyyatdan çıxma
vəsiqələri ilə, səsvermənin
nəticələri və yekunları haqqında protokollarla
müvafiq işin aparılmasını müşahidə
etmək və onlarla tanış olmaq, dairə və
məntəqə seçki (referendum) komissiyaları qərarlarının
və digər seçki (referendum) sənədlərinin
(seçici siyahıları, səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqələri, seçki
bülletenləri və imza vərəqələri istisna
olmaqla) surətlərini almaq, seçki komissiyalarında
digər referendum hərəkətlərinin həyata
keçirilməsini müşahidə etmək hüququna
malikdirlər.
Referendum zamanı seçki
məntəqələrində səsvermə otağı
Seçki Məcəlləsinin 98-ci maddəsinin
tələbinə uyğun təşkil edilməli və səsvermələr
üçün normal şərait yaradılmalıdır.
Məntəqə seçki komissiyası səsvermə otağında
və ya bilavasitə otağın qarşısında
referendum üzrə səsvermə bülletenlərinin
nümunələrini, referendum aktı layihəsinin mətnini
məlumat lövhəsində yerləşdirir. Referendum
üzrə səsvermə bülletenləri Seçki
Məcəlləsinin 99-cu maddəsində
göstərilən qaydada hazırlanır və
bülletendə referenduma çıxarılan hər
məsələnin ifadəsi və səsvermənin
cavabının variantları -
"lehinə" və "əleyhinə" (hə və
ya yox), "razıyam və "razı deyiləm"
(sözləri də ola bilər) sözləri yazılır.
Səsvermə başa çatdıqdan sonra
səslərin hesablanması həyata keçirilir və bu
barədə protokol tərtib edilir. Səsvermənin
məntəqələr üzrə nəticələri
səsvermə başa çatdıqdan sonra 24 saat
ərzində müvafiq dairə seçki (referendum)
komissiyasına təqdim edilir. Dairə seçki
komissiyasında səslərin hesablanması Seçki
Məcəlləsinin 107-ci maddəsinə uyğun
aparılır. Referendumun rəsmi nəticələri
referendumda səsvermədən 25 gündən gec olmayaraq
Mərkəzi Seçki Komissiyası tərəfindən elan
edilir. MSK səsvermənin nəticələri haqqında
dairə seçki komissiyalarından daxil olmuş protokollar
əsasında ümumxalq səsverməsinə
özünün iclasında yekun vurur və yekunlar referendumun
nəticələri haqqında rəsmi bildiriş kimi elan
edilir.
Ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş qərar və referendumun yekunları haqqında
rəsmi elan referendumda qəbul edilmiş aktın mətni
ilə birlikdə səsvermə günündən ən geci 20 gün keçənədək MSK
tərəfindən dərc edilir. Referendumda qəbul
edilmiş akt dərc edildiyi gündən qüvvəyə
minir. Həmin akt Azərbaycanın bütün ərazisində
məcburi hüquqi qüvvəyə malikdir.
Nizami NADİROV,
Mərkəzi
Seçki Komissiyasının üzvü