“Təzadlar”. -2009.- 24 yanvar.- ¹ 14. - S. 9.

 

Televiziya və reklamlar dilimizi məhv edir

Adil Babayev: "Dövlət dil komissiyasının məsələyə ciddi yanaşması ümumi işimizin xeyrinə olardı"

 

Bu gün televiziyaların və reklamçıların ixtiyarına verilmiş Azərbaycan dili məhv olur. Savadsız aparıcılar, efirə çıxan müğənnilər, iş adamları, şirkət rəhbərləri dilimizi təhqir edir, alçaldır, ayaqlar altına salırlar. Düzdür, dilimizin təhrif olunması, əcnəbi sözlərlə korlanması problemi çoxdan müzakirə olunur. Hətta sərəncamlar da verilib. Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən anlaşılmaz məzmunlu reklam lövhələrinin yığışdırılması barədə sərəncam vermişdi. Düzdür, ilk həftələrdə sərəncama həqiqətən də əməl olunurdu. Ancaq sonradan bu məsələ unuduldu və nəticədə yenə də anlaşılmaz reklam plakatları Bakı sakinlərini və şəhərin qonaqlarını çətin vəziyyətdə qoyub. Belə çıxır ki, yalnız sərəncam və göstərişlərlə dilimizi xilas etmək mümkün olmayacaq. Bəs nə etməli?

Məsələyə münasibətini öyrənmək istədiyimiz dilçi alim, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Dövlət dil komissiyasının üzvü Adil Babayev Azərbaycan dilinin korlanması ilə bağlı "həyəcan təbili" çaldı:

- Problemin qarşısı indidən alınmasa, bu, gələcəkdə daha ciddi fəsadlar törədəcək. çünki dilimizin "zibillənməsi" prosesi davam etməkdədir. Bu məsələlərin yoluna qoyulması üçün Dövlət dil komissiyası ciddi iş aparmalıdır. Bu, çox mühüm bir məsələdir.

- Adil müəllim, bildiyimiz kimi, Azərbaycanın efir məkanında bütün film və serialların dövlət dilində səsləndirilməsi barədə Milli Teleradio Şurası bu yaxınlarda qərar verdi. çünki Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Ona görə də efir məkanında səslənən proqramlar, verilişlər, film və teleseriallar, cizgi filmləri Azərbaycan dilində yayımlanmalıdır. Əgər uşaq cizgi filminə qeyri-ana dilində baxırsa, onun taleyi necə olacaq? Hələ doğma dilini əməlli-başlı qavramayan uşaq əcnəbi sözlərin əhatəsində necə baş çıxaracaq?

- Tanınmış pedaqoq və psixoloqlar sübut ediblər ki, 15 yaşa çatmayan uşağa xarici dil öyrətmək olmaz. Ona görə də məktəblərimizdə birinci sinif şagirdlərinə ingilis dilinin öyrədilməsi nə elmi, nə pedaqoji, nə də psixoloji cəhətdən düzgün deyil. Doğrudur, bu gün Avropa Şurası desə ki, barmağınızın birini kəsin, məmnuniyyətlə bunu edəcəyik. ümumiyyətlə, bu, düzgün addım deyil.

Uşağın xarici dil öyrənməsinə 15 yaşdan sonra başlaması niyə məqsədəuyğundur? çünki uşaq 15 yaşa qədər həm dünyanı dərk edir, həm də onda mücərrəd təfəkkür formalaşmağa başlayır. O, həm özünü dərk edir, həm də milliliyini anlayır. Ona görə də Milli Teleradio Şurasının qərarı təqdirəlayiq haldır. Türk qardaşlarımızla tariximiz, dinimiz, dilimiz, qanımız, canımız, qeyrətimiz, namusumuz, milli təfəkkürümüz birdir, amma bu o demək deyil ki, uşaqlarımız "ana" əvəzinə "anne" deməlidir. Doğrudur, bir-birimizi daha yaxşı başa düşmək üçün əlifbamız bir olmalıdır. çox yaxşı olar ki, türkmənlər, qazaxlar, uyğurlar da latın əlifbasına keçsin və biz onların ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə daha yaxından tanış olaq. Bunun üçün hələ 1926-cı ildə Türkoloji Qurultay ümumtürk əlifbasına keçmək haqqında qərar qəbul etmişdi. Eyni zamanda, türk xalqları bir-birinin yazısını oxuduqları kimi, dilini də başa düşməlidir. Bu məsələ ilə bağlı indi müxtəlif tendensiyalar yaranıb. Keçən əsrin əvvəllərində bir qrup adamlar deyirdi ki, gəlin, ümumtürk dilində danışaq. Məsələn, bizdə Əli bəy Hüseynzadə, Krımda İsmayıl bəy Kaspıralı və digərləri Osmanlı türkcəsinin bütün türk xalqları üçün vahid dil kimi qəbul olunmasını istəyirdilər. Ancaq onlar buna nail ola bilmədilər. çünki Osmanlı türkcəsi o vaxt ərəb, fars sözləri ilə o qədər "zibillənmişdi" ki, osmanlılar özləri belə, dillərini başa düşə bilmirdilər. Hətta "Füyuzat" jurnalında çıxan bəzi məqalələri oxuyub başa düşmək mümkün deyildi.

Belə olan halda, Hacıbəyov, F.Köçərli, C.Məmmədquluzadə, N.Nərimanov ana dilimizin saflığı uğrunda mübarizəyə qalxdılar. Sonra bu mübarizəyə qoşulanların sayı artdı. Qeyd edim ki, ümumtürk dili ideyası bu gün də gündəmdədir. Belə demək mümkünsə, əgər Osmanlı türkcəsi mənim xalamın dilidirsə, Azərbaycan türkcəsi anamın dilidir. 1935-ci ildə professor Bəkir Çobanzadə deyirdi ki, Azərbaycan türkcəsi Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk"ündə göstərildiyi kimi, hələ o vaxtdan formalaşmağa başlayıb. Deməli, Azərbaycan türkcəsi Osmanlı türkcəsindən daha tez formalaşaraq gözəl bir dilə çevrilib. Niyə? Ona görə ki, bizim dilimizdə ahəng qanunu saxlanılıb, ancaq osmanlı dili başqa dillərin təsiri altında ahəng qanununu müəyyən qədər itirib.

Bununla heç də türk qardaşlarımızın dilinə qarşı çıxmıram. Ancaq çox təəssüf ki, onlar 1933-cü ildən etibarən özlərinin dil qurumunu erməni Akop Dilaçaryanın ixtyarına verdilər. A.Dilaçaryan isə osmanlı türkcəsini ərəb və farslardan "xilas edib" üzünü Avropaya çevirdi. Beləliklə, osmanlı türkcəsi Avropa dilləri ilə qaynayıb-qarışdı. Nəticədə bu gün bütün türk xalqlarının başa düşdüyü "qatar"a onlar "tren" deyirlər. Təsəvvür edin ki, osmanlı türkcəsinin təsdiq olunmuş vahid ədəbi tələffüz normaları da yoxdur. Türk filmlərində bu fərq özünü daha qabarıq göstərir. Osmanlı ləhcəsində bir cür, Bursa ləhcəsində tamam başqa cür danışırlar. Bu da qarmaqarışıqlığa gətirib çıxarır. Ona görə də o dildə təmizlənmə işi aparılmalıdır.

Bizim dilimiz daha normalaşmış və formalaşmış bir dildir. 1899-cu ilin fevral ayının 28-də Ə.Haqverdiyevin "Dağılan tifaq" əsəri haqqında "Tərcüman" qəzeti yazıb ki, yaxşı əsərdir, amma yaxşı olardı ki, o daha ədəbi, daha gözəl bir "lisanda kullanaydı", yəni osmanlı dilində yazılaydı. Ə.Haqverdiyev həmin yazıya cavab olaraq deyib ki, o, "Dağılan tifaq"ı öz ana dili olan Azərbaycan türkcəsində yazıb, bu dili kəndli dili hesab edənlər səhv edirlər. Bunu eşidən Məmməd Tağı Sidqi deyib ki, bundan sonra Naxçıvanda "Tərcüman" qəzetinin yayılmasına imkan verməyəcək.

Bəkir Çobanzadə isə 1919-cu ildə Macarıstanda deyib ki, bütün dünya "yox" desə belə, onun ana dili bütün dünya dillərindən gözəldir. O, Krım tatarlarının dilini nəzərdə tuturdu. 

- Danışıqda bəzən "loru dildə desək" ifadəsini işlədirik. Efirdə istər ziyalıların, istərsə də incəsənət adamlarının dilindən bu ifadəni daha tez-tez eşidirik. "Loru" sözü nə deməkdir, bu, ayrıca bir dildirmi?

- Ümumiyyətlə, loru dil yoxdur. Bir ümumxalq danışıq dili var, bir də ümumxalq ədəbi dili. Ədəbi dil danışıq dili əsasında normalaşmış və formalaşmış, cilalanmış dildir. Bu dilin özünün fonetik, leksik, qrammatik normaları var. "Loru" sözünü isə danışıq dilində bəzi sözlərə aid etmək olar. Belə ki, loru söz ola bilər, loru dil ola bilməz. Dilimizdə "kalan" sözü var. Məsələn, "filankəs kalan adamdır". "Kalan" sözünün öz mənası yoxdur, ancaq belə sözlər loru sözlər kimi dilimizdə işlədilir. "Kalan adam" deyəndə, kiminsə vəzifəcə böyük, varlı, arxalı-dayaqlı olması mənasını verir. Ancaq "loru" sözünü aşağı təbəqə mənasında işlətmək düz deyil. ümumxalq danışıq dilində işlədilən sözlər "loru" sözlər olmur. Loru sözlər sadəcə, dildə qeyri-məqbul olan sözlərdir ki, onlar ədəbi dil üçün yaramırlar. Bu məsələ ilə bağlı yazılı mətbuatımıza nəzər yetirsək, dil və orfoqrafiya səhvləri istisna olmaqla, vəziyyət qənaətbəxşdir, amma televiziyalarımızda vəziyyət olduqca bərbaddır. Bəzən bu, insanlarımızın özünün psixologiyasından irəli gəlir. Elə olur ki, bəzi adamlar ağır terminlərdən istifadə etməklə özlərini savadlı göstərmək istəyirlər. Ancaq fikirləşmirlər ki, bununla onlar dilimizi bərbad hala salırlar. Bu mənada, hər kəs istədiyi kimi danışır, bu isə ədəbi dil normalarını pozmaqdır. Ancaq normadan kənara çıxmaq olmaz. Xüsusilə televiziya və radio aparıcıları, biz onlara "diktor" deyirik, özlərinin nitqini ədəbi dilin normalarına uyğunlaşdırmalıdırlar. Demirəm ki, danışıqda yalnız quru ifadələr olsun, ancaq dili tamamilə korlayıb anlaşılmaz vəziyyətinə salmaq olmaz.

- Əvvəllər bizlərə "ölülərlə ərəbcə, dirilərlə rusca danışırlar" deyirdilərsə, indi vəziyyət tamam fərqlidir. Dilimizə nəinki ərəb, rus, digər əcnəbi dillərin də qarışması yalnız gənclərimizi deyil, bizləri də çıxılmaz vəziyyətdə qoyub...

- Hər bir xalqın dilindən böyük sərvəti yoxdur. Deyərdim ki, dil vətəndən də daha çox millətin yaşaması üçün vacibdir. Məsələn, qaraçıların, kürdlərin vətəni yoxdur, amma dilləri var. Ona görə də qaraçılar da, kürdlər də özlərinin gözəl milli mədəniyyətlərini, ədəbiyyatını yarada biliblər. Qaraçı musiqisini hamı sevir və tanıyır. Bəs onlar bunu nəyin əsasında yaradıblar? Əlbəttə ki, dilin əsasında. Uşinskinin belə bir fikri var: "Bir xalqa hər şeyi ver, ana dilini əlindən al. Onda o məhv olub gedəcək". F.Köçərli isə deyib ki, "Ana dilimiz məhv olarsa, millətimiz fövt olub gedəcək". Hacıbəyov isə onun fikrinə söykək olaraq deyib: "Biz əgər dilimizi belə korlamış olsaq, gələcəkdə onu təmizləməyə bir şey tapmayacaqlar. Və bizim də dilimizi təmizləmək üçün çaylar kifayət etməyəcək, dənizlər, okeanlar lazım gələcək". Ona görə də dili "zibilləmək" olmaz. Dil tərtəmiz olmalıdır. F.Köçərli demişkən, dil nə qədər saf, sadə, büllur kimi təmiz olursa, bir o qədər sevilər, yaşayar. Bayaq qeyd etdiyim kimi, bəzilərimizin psixologiyasında belə bir quru cəhəd var ki, əgər sən çox qəliz, başa düşülməyəcək tərzdə danışırsansa, deməli, savadlısan.

Təsadüfi deyil ki, vaxtilə Cəlil Məmmədquluzadə "ölülər" əsərində bu məsələyə toxunmuşdur. Şeyx Əhmədin dili ilə demişdi ki, "Şeyxəna, ərəbcə de, ərəbcə de", yəni başa düşməsinlər. Belə bir vəziyyətin bu gün çox təhlükəli həddinə çatmışıq. Axı nə üçün "baxış" sözümüz ola-ola "monitorinq" işlədək? Yaxud, filan kəndi su basdığı üçün camaatı ordan "evakuasiya" etdilər. "Evakuasiya" sözü dilimizin qanunlarına heç cürə uyğun gəlmir. "Köçürtdülər" sözünün əvəzinə, "evakuasiya" işlətmək nəyə lazımdır?

Hətta dədə-babalarımız da başqa dildən "bəhrələnmək" istəyiblər. Özümüzün "sayqu" sözünün əvəzinə farslardan "xəstə" sözünü qəbul edib işlədiblər. Farslar "xəstə" yox, "bimar" işlədirlər. "Xəstə" əslində "yorğun" deməkdir. Demək olar ki, həmişə belə olmuşuq. Əgər o vaxt bunun qarşısını almaq mümkün deyildisə, bu gün mümkündür çünki Dövlət Dil Komissiyası var. Sadəcə, işləmək lazımdır. Əks təqdirdə, dilimizin "zibillənməsi" prosesinin qarşısını ala bilməyəcəyik. Bu proses bu gün də davam edir. 80 il "vertolyot" işlətdiyimiz halda, bu gün televiziyalarımız "helikopter" işlətməyə başlayıblar. Bu, kimə lazımdır?

- Bu gün anlaşılmaz dildə yazılan reklam plakatları da Bakı sakinlərini və şəhərin qonaqlarını çətin vəziyyətdə qoyub...

- Bu sahədə vəziyyət tamamilə bərbaddır. Bakıya daxil olanda bilmirsən ki, bura Azərbaycanın paytaxtıdır, yoxsa hansısa başqa bir ölkənin. Şəhərdəki reklam plakatları nədən ağır dildə yazılır, başa düşmürəm. Təbii ki, belə olanda vətəndaşlar məcbur olub dilçi alimlərin qapısını döyməli olurlar. Dəhşət odur ki, dilçi alim də həmin yazını başa düşmür. Təzəlikcə şəhərdə addımbaşı belə bir reklam-plakata rast gəlirik: "2008-ci ilin 1¹-li BRENDİ". "Brend" nə deməkdir? Vallah, mən bilmirəm. Əgər mən "brend"in mənasını başa düşmürəmsə, onda tələbələrə nə öyrədə bilərəm? Ola bilsin ki, plakat sifarişçinin öz istəyini reklam edir. Amma iş ondadır ki, məlum deyil, Azərbaycan dilində "BREND" sözü nəyi ifadə edir, hansı mənanı verir. Əlbəttə, reklamın təmiz Azərbaycan dilində yazılması sifarişçiyə ziyan gətirə bilməz. Amma çox təəssüf ki, bu bərbad reklam plakatları Bakıda, Azərbaycanın paytaxtındadır. Yaxud, başqa bir plakatda avtomobil sükanının üzərində yazılıb ki, "güvənlə sür". "Güvən" felin köküdür. "Güvənc ilə sür" işlətmək daha məqsədəuyğundur.

Görəsən, belə böyük-böyük reklam-plakatlara pul sərf edən reklamçılar başa düşmürlər ki, bu ana dilimizi korlamaqdır? Yaxud, şəhərdə tez-tez "mənzil, torpaq alqı-satqısı" ifadəsinə rast gəlirik. Hətta əksər qəzetlər də "alqı-satqı" yazır. Ancaq bildiyiniz kimi, şəkilçi vasitəsilə fellərdən isim düzəltmək mümkündür. Məsələn, çal - çalğı, və s. Ona görə də "alqı-satqı"nın əvəzinə, "alğı-satqı" işlətmək daha düzgündür.

Hesab edirəm ki, reklamlar bu şəkildə hazırlanmamalıdır. Məncə, dil komissiyasının bu məsələlərə ciddi yanaşması ümumi işimizin xeyrinə olar. Bütün bunları nəzərə alaraq, biz Dilçilər Cəmiyyəti yaratmaq qərarına gəlmişik. Bəlkə bu yolla mövcud problemin həlli istiqamətində bir iş görə bilək.

 

 

Elbar ŞİRİNOV,

Zümrüd MƏMƏDOVA