“525-ci
qəzet ”.-2009.-23 yanvar.-¹13.-S.1,3
Ermənistan Qarabağa
dair baza prinsiplərinə heç bir əlavə
edilmədiyini bildirir
ERMƏNİSTAN XİN-IN İDDİASINA GÖRƏ, DAĞLIQ
QARABAĞIN ÖZ MÜQƏDDƏRATINI TƏYİN
ETMƏSİ ƏVVƏLKİTƏK
DANIŞIQLARIN ƏSAS PRİNSİPLƏRİNDƏNDİR
Azərbaycan
və Ermənistan prezidentlərinin yeni görüşü
ərəfəsində rəsmi Yerevan Qarabağ
nizamlanmasında konstruktiv mövqe tutduğuna işarə
vuran növbəti təbliğat bəyanatı ilə
çıxış edib. "Ermənistan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı danışıqlar prosesi qarşısında
maneələri aradan qaldırmağa çalışır",
- deyə Ermənistan XİN-in 2008-ci ilin
yekunlarına dair dünən açıqlanan hesabatında
bildirilir.
Hesabatda
ötən il Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində aparılan danışıqlar prosesinin xronologiyası,
prezidentlər arasında keçirilən
görüşlər, imzalanan sənədlər,
beynəlxalq səviyyədə aparılan
müzakirələr barədə məlumatlar öz əksini
tapıb. Bu sırada 2008-ci il noyabrın 2-də Moskvada
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri
tərəfindən Qarabağ münaqişəsinin sülh
yolu ilə sahmanlanmasına dair birgə bəyannamənin
imzalanması xüsusi qeyd olunur.
Hesabatda
vurğulanır ki, Ermənistanın ötən ilin
fevralındakı prezident seçkilərindən sonra
formalaşmış yeni hakimiyyəti münaqişənin
həllinə dair özündən əvvəlki
hakimiyyətin apardığı siyasəti davam etdirir.
Ermənistan XİN nəzərə çatdırır ki, bu
siyasətin əsasını münaqişənin ATƏT-in
Minsk qrupu çərçivəsində, danışıqlar
yolu ilə həlli və Dağlıq Qarabağın
danışıqlar prosesində tərəf kimi
iştirakın təmin olunmasına yönəlik
səylər təşkil edir. Ermənistan XİN bu
xüsusda vasitəçilərin 2007-ci ilin noyabrında
Madriddə tərəflərə təqdim etdikləri baza
prinsiplərinə dair təkliflərin əsas
götürüldüyünü qeyd edir.
Xatırladaq
ki, "Madrid prinsipləri" adlanan tövsiyə sənədi
2004-cü ildə Azərbaycan və Ermənistan xarici
işlər nazirləri arasında Praqada başlanan və
"Praqa prosesi" adlanan çoxraundluq
görüşlərin ilkin yekunu kimi ortaya çıxıb.
Bununla belə, həmin tövsiyə sənədində
münaqişənin nizamlanmasına dair başlıca sual - Azərbaycan tərəfin üzərində
israrla dayandığı ərazi bütövlüyü
ilə erməni tərəfin əsas götürdüyü
Dağlıq Qarabağ əhalisinin öz
müqəddəratını təyin etməsinin necə
uzlaşdırılacağı açıq qalmaqdadır. Çünki
bu məqam Qarabağ münaqişəsinin əsas
düyün nöqtəsidir və tərəflərin hər
biri nizamlamaya dair mövqeyini də məhz özünün
prioritet prinsip üzərində qurur.
Yeri
gəlmişkən, ötən həftə (13 yanvar)
Azərbaycan XİN də 2008-ci ilin yekunlarına dair
hesabatında bu məqamı önə çəkib. Hesabatda
vurğulanır ki, rəsmi Bakı 2008-ci ildə Qarabağ
münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına
hörmət prinsipləri əsasında həll edilməsi
istiqamətində ardıcıl fəaliyyətini davam etdirib.
Hesabatda həmçinin xatırladılır ki, Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həlli ötən ilin martında BMT Baş Assambleyasının
62-ci sessiyasında Azərbaycanın
təşəbbüsü ilə qəbul edilən
qətnamədə əksini tapıb.
Onu da qeyd
edək ki, Azərbaycan XİN-in 2008-ci ilin yekunlarına dair
hesabatında da Azərbaycan, Ermənistan və Rusiya
dövlət başçılarının
imzaladığı "Moskva Bəyannaməsi" Qarabağ
nizamlanması xronikasının mühüm hadisəsi kimi
xatırlanır. Hərçənd son günlər Rusiyanın
Ermənistanı silahlandırmasına dair xəbərlərin
ortaya çıxması Moskvanın Qarabağ
münaqişəsinin həllində neytral vasitəçi
olmaq iddialarına, o cümlədən "Moskva
Bəyannaməsi" nə ciddi kölgə salıb.
Düzdür,
. Rusiya tərəfi inadla bu xəbərlərin dezinformasiya
olduğunu və Ermənistana hər hansı silah-sursat
vermədiyini bildirir: Lakin Moskvanın bu yöndə ortaya
tutarlı təkzibedici arqument qoymaması
silah satışının həqiqətdə baş verdiyini
düşünməyə əsas verir.
Xatırladaq
ki, Azərbaycan XİN Rusiyanın 2008-ci ildə Ermənistan
ərazisindəki Gümrü hərbi bazasından bu
ölkəyə 800 milyon dollarlıq silah-sursat və hərbi
texnika verməsi barədə kütləvi informasiya
vasitələrində (sözü gedən arsenalın
siyahısı "media-forum.az"
saytında yerləşdirilib) yayılan
xəbərlərlə bağlı Moskvaya rəsmi nota
vermişdi. Srağagün notaya cavab verən Rusiya XİN
isə qeyd olunan xəbərlərin guya əsassız
olduğunu bəyan edib. Rusiya XİN-ə görə bu
barədə Azərbaycan mediasında yer alan
xəbərlər "dezinformasiyadır, açıq antirusiya xarakteri daşıyır və
Rusiya-Azərbaycan dostluq münasibətlərinin pozitiv
inkişafına xidmət etmir". Azərbaycan XİN Rusiya tərəfin
cavab notasına bu sabah (24 yanvar) rəsmi şərh
verəcəyini bildirib.
Beləliklə,
Rusiya-Ermənistan hərbi işbirliyinə dair son
xəbərlər fonunda Rusiyanın da həmvasitəçiliyi
ilə Qarabağ nizamlanmasına dair növbəti
yüksək səviyyəli danışıqlar
gözlənilir. Xəbər verildiyi kimi, Azərbaycan və
Ermənistan prezidentlərinin yeni görüşü
yanvarın 28-də İsveçrənin Davos
şəhərində Dünya İqtisadi Forumu
çərçivəsində
gerçəkləşməlidir. Bu barədə
razılıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin
regiona son səfərləri (19-20 yanvar) gedişində
əldə olunub. Bundan bir gün öncə, yanvarın
27-də isə İsveçrənin Sürix
şəhərində Azərbaycan və Ermənistan XİN
başçılarının Minsk qrupunun
həmsədrlərinin iştirakı ilə
görüşü olacaq.
Rəsmi
Bakı qarşıdakı görüşdən
müəyyən müsbət nəticə gözlədiyini
nəzərə çatdırıb. XİN
başçısı Elmar Məmmədyarov deyib ki,
İsveçrədəki görüşdən sonra
Azərbaycan vasitəçilərin keçən ilin
dekabrında Helsinkidə (ATƏT Xarici İşlər
Nazirləri Şurasının illik toplantısında)
münaqişənin nizamlanmasının təməl
prinsiplərinə dair tərəflərə təqdim
etdikləri dəqiqləşdirici təkliflərlə
bağlı mövqeyini bildirəcək. Bununla yanaşı,
nazir Qarabağ nizamlanmasına dair Azərbaycanın prinsipial
mövqeyinin dəyişmədiyini və ərazi
bütövlüyü məsələsində hər
hansı güzəştin olmayacağını bir daha
nəzərə çatdırıb: "Kompromis
lazımdısa, biz hazırıq. Amma birmənalı bildiririk
ki, Azərbaycanın ərazi bütövlüyü
müzakirə predmeti ola bilməz".
Maraqlıdır
ki, Ermənistan xarici işlər naziri Edvard
Nalbandyan, Azərbaycanlı həmkarından
fərqli olaraq, həmsədrlərin Qarabağ
nizamlanmasının baza prinsiplərinə dair hər hansı
dəqiqləşdirici və sair təklif vermədiyini
bildirir. Onun sözlərinə görə, erməni
tərəf sülh danışıqlarını Madrid
prinsipləri, eləcə də 2008-ci ildə Qarabağ
nizamlanmasına dair Moskva və Helsinkidəki
görüşlərdə səslənən bəyanatlara
uyğun olaraq davam etdirməyə hazırdır:
"Qarabağ nizamlanmasına dair mövcud baza prinsiplərinə
isə heç bir əlavə edilməyib və bizə bu
barədə heç bir təklif verilməyib".
Ermənistan
XİN rəhbərinin sözlərinə görə,
rəsmi Yerevan əvvəlkitək
sülh danışıqlarında Dağlıq
Qarabağın öz müqəddəratını təyin
etməsi hüququnun tanınmasını əsas
prinsiplərdən biri kimi görür və bu xətti davam
etdirəcək. Bununla yanaşı, Nalbandyan
Azərbaycanın Qarabağ mövzusunda hədələyici
və hərbi ritorikalı bəyanatlarından gileylənib.
Onun sözlərinə görə, "belə bəyanatlar
sülh prosesinə ziyan vurur və Azərbaycan bu cür
təbliğat və ritorikadan əl
çəkməlidir". Nalbandyanın
sözlərinə görə, erməni tərəf
Azərbaycana cavab olaraq analoji bəyanatlar vermək və
öz növbəsində hədələyici ritorikadan
yararlanmaq niyyətində deyil: "Biz bu məsələni
lazımi beynəlxalq instansiyalarda qaldırırıq. Lakin
əgər biz də onlara eyni üslubda cavab versək, onda
bunun axırı nə olacaq".
Vüqar
ORXAN