“Yeni Müsavat”. -2009.- 15 yanvar.-¹ 10.-S.8.

 

“HAKİMİYYƏTİN ÖMRÜNÜN ÇOXU GEDİB, AZI QALIB

“Respublikaçılar” təşviqat qrupu rəsmən elan olundu

İsa Qəmbər: “Respublikaçılar” Təşviqat Qrupunun rəsmən elan olunması xalqın müqavimətini qırmağı düşünən rejimə ciddi cavabdır”

 

Dünən referendumla bağlı Müsavat Partiyasının “Respublikaçılar” Təşviqat Qrupunun ümumi yığıncağı keçirildi. Toplantıya sədrlik edən Müsavat Partiyası Seçkilər Departamentinin rəhbəri Gülağa Aslanlı məlumat verdi ki, 27 ilkin təşəbbüs qrupunun toplantısı keçirilib. Toplantılarda ümumilikdə 2450 seçici iştirak edib. Təlimata uyğun olaraq ümumi yığıncağa 10 nəfər olmaqla nümayəndələr seçilib. Ümumi yığıncaqda 240 nəfər iştirak edirdi.

Sədr bunun ardınca iclasın gündəliyini açıqladı. Gündəlikdə təşviqat qrupunun adının rəsmiləşdirilməsi, səlahiyyətli nümayəndələrinin və maliyyə işləri üzrə səlahiyyətli nümayəndənin seçilməsi və Mərkəzi Seçki Komissiyasına müraciətin hazırlanması məsələlərinin dayandığı bəlli oldu.

Öncə təşviqat qrupunun adı ilə bağlı səsvermə keçirildi. İclas iştirakçıları təşviqat qrupunun “Respublikaçılar” adlandırılmasına yekdilliklə səs verdilər.

Sonra İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı, Qabil Hüseynli, Sülhəddin Əkbər, İkram İsrafil, Osman Kazımov, Vurğun Əyyub, Tofiq Yaqublu, Tural Abbaslı  “Respublikaçılar” Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri seçildi.

Aydın Acalov isə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olundu.

“Respublikaçılar” təşviqat qrupunda qəbul edilmiş qərarlar barədə bildiriş və imza vərəqələri alınması üçün MSK-ya bu gün təqdim olunacaq. MSK maksimum 5 gün ərzində “Respublikaçılar”a 40 imza toplamaları üçün imza vərəqələri verməlidir.

Qeyd edək ki, “Respublikaçılar”ın dünənki yığıncağında  AXCP, ADP və Liberal Partiyasının təmsilçiləri də müttəfiq olaraq iştirak edirdilər.

Toplantıda çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, tək Müsavat Partiyasının yox, ölkədə fəaliyyət göstərən bütün demokratik qüvvələrin məqsədi referendum yolu ilə avtoritar rejimin ömrünün uzadılmasına imkan verməməkdir: “Biz qərar qəbul etmişik ki, təşviqat qrupları yaradılması vasitəsilə Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edərək ölkədə antidemokratik konstitusiya dəyişikliyinin olmasına imkan verməyək. Bu istiqamətdə Azərbaycan cəmiyyətinin səylərini səfərbər edək. Müsavat Partiyasının strukturları qısa müddət ərzində təşəbbüs qruplarını yaradıb toplantılarını keçirməyə nail oldular”.

A.Hacılının sözlərinə görə, hakimiyyət təşviqat qruplarının qeydiyyata alınması üçün çox ciddi problemlər yaradıb: “Seçki Məcəlləsinə görə, məsələn, parlament üzvlüyünə namizədin qeydə alınması üçün onun ərizə ilə müraciət etməsi kifayətdir. Eyni zamanda hər hansı partiyanın prezidentliyə namizəd irəli sürmək və bunun üçün imza vərəqələri almaq hüququ Seçki Məcəlləsində nəzərdə tutulur. Ancaq təşviqat qruplarının qeydə alınıb imza vərəqələri ilə təmin olunması üçün 2 min nəfərin ilkin toplantılar keçirməsi və bu toplantılarda təşəbbüsçülərin nümayəndələrinin seçilməsi tələbi əksini tapır. MSK-nın bir sıra təlimatları bu prosedurları bir qədər də ağırlaşdırır. Hətta Seçki Məcəlləsində nəzərdə tutulmayan bir sıra sənədlər MSK-nın təlimatlarında tələb olunur. Bu cür yollarla hakimiyyət müxalifətin referendumda təşviqat qrupları ilə iştirak etməsinə maneçilik törətməyə çalışdı. Ancaq buna nail ola bilmədilər. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" elan olundu və onun vahid təşviqat qrupu yaradıldı. Müsavat da həmin hərəkatda və vahid təşviqat qrupunda iştirak edir. İndi isə “Respublikaçılar” Təşviqat Qrupunun təsis toplantısı keçirilir. Bütün tələb olunan sənədlər tam hazırlanıb. Ümid edirik ki, hər iki təşviqat qrupunu MSK qeydə alacaq. İmza toplanışına hazır olmaq lazımdır. Bizim 60 seçki dairəsindən 40 min imza toplamaq üçün təxminən 10 gün vaxtımız olacaq".

Sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış etdi. İ.Qəmbər ölkədə çox ciddi hərəkatın başladığını bildirdi: “Bu hərəkatda demək olar ki, Azərbaycanı düşünən bütün siyasi, ictimai qüvvələr bir araya gəlməyə başladılar. Çox böyük hadisədir. Biz qısa müddətdə ikinci təşviqat qrupu yaratdıq.

Bu addımlar xalqın müqavimətini qırmağı düşünən Əliyev rejiminə çox ciddi cavabdır".

Müsavat başqanı təşviqat qrupunun “Respublikaçılar” adlandırılmasını belə əsaslandırdı: “Hakimiyyətin keçirmək istədiyi referendumun mahiyyəti respublikaya qarşıdır. Bu referendum İlham Əliyevin 2013-cü ildə yenidən dövlət başçısı postunda saxlanması, hakimiyyətdəki qüvvələrin parçalanmasının qarşısının alınması üçün ortaya atılıb. Biz antidemokratik konstitusiya dəyişikliklərinə qarşı çıxmaqla ölkəmizi, istiqlalımızı, azadlığı, Məhəmməd Əmin Rəsulzadənin qurduğu cümhuriyyəti qoruyuruq. Məhz ona görə ”Respublikaçılar" adının üzərində dayandıq. Respublika sözünün mənası xalq hakimiyyəti deməkdir. Azərbaycanda Rəsulzadə kimi dahilərin düşündüyü, on minlərlə insanların qanı hesabına yaranmış respublikanı Əliyev rejimi bir ailə hakimiyyətinə çevirib. Əgər hakimiyyət bir ailənin əlindədirsə, bir ailənin bir üzvündən o biri üzvünə ötürülməklə idarə olunursa, bu ölkədə respublika quruluşu formaldır. Əsl mahiyyət üzrə monarxiya yaranır. Budur İlham Əliyev, onun ətrafındakıların məqsədi".

İsa Qəmbər vurğuladı ki, monarxiyanın qarşısının alınması üçün bütün mümkün olan qanuni addımlar atılacaq: “İlham Əliyevin nə mənəvi haqqı var ki, Azərbaycanda, ümumiyyətlə, hakimiyyətdə olsun. Atası onilliklərlə bu ölkədə hakimiyyətdə olub, ölkə bərbad vəziyyətə düşüb. Sonra da xalqın tərəfindən seçilmiş Elçibəy hakimiyyətini silahla devirib hakimiyyəti mənimsədilər. 15 ildən çoxdur ki, bunlar yenidən hakimiyyətdədirlər. Azərbaycana müsbət nə veriblər? Hakimiyyətə gələndə deyirdi ki, pencəyimi çiynimə atıb Xankəndinə gedəcəm. Nə oldu? 10 il yalan təbliğat davam elədi. 2003-cü ildə polisin, ordunun gücünə hakimiyyəti yenidən əllərində saxladılar, xalqın qələbəsini oğurladılar. İlham Əliyev hakimiyyətə gəldi və dedi ki, Qarabağ məsələsinin həllinə sıfırdan başlayırıq. Özündən əvvəlki 10 illik fəaliyyətə sıfır qiymətini vermiş oldu. Beş ildən çoxdur fəaliyyət göstərir. Bir qarış torpaq azad edə bilib? Hansısa bir təminat varmı ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq? Əksinə, Qarabağın Azərbaycandan qoparılmasına yönələn referendum məsələsi gündəmə gəlib. Mən inanıram ki, nə hakimiyyətin gedişləri, nə də ayrı-ayrı qüvvələrin hakimiyyətə yaltaqlanmaq məqsədilə atdığı addımlar uğur qazanmayacaq. Bu hakimiyyətin ömrünün çoxu gedib, azı qalıb. Referendumla hakimiyyətin ömrünü uzatmağa nail olmayacaqlar. Bu referendumla hakimiyyətlərinin ömrünü azaltmış olacaqlar. Azərbaycan xalqı öz taleyinə sahib olmağı bacardığını dəfələrlə sübut eləyib. İnanıram ki, bu dəfə də ciddi mübarizə əzmi nümayiş etdirəcək və rejimin planlarının qarşısı alınacaq”.

 

Etibar SEYİDAĞA