Ekspress”.-2009.-7 aprel.-N.62.-S.4.

 

Əhalinin siyahıyaalınması dövlət əhəmiyyətli məsələdir

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2006-cı il tarixli fərmanına əsasən 2009-cu il aprel ayının 13-dən 20-dək keçiriləcək siyahıyaalmanın təşkili Dövlət Statistika Komitəsinə tapşırılmışdır

 

Ölkədəki demoqrafik vəziyyət, əhalinin sayı, tərkibi, yerləşməsi və digər əlamətləri haqqında geniş məlumat almaq üçün Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər on ildən bir keçirilən siyahıyaalma ölkə miqyaslı ən geniş tədbirdir, - deyən DSK-nın Aparat rəhbəri Ziyad Abbasəliyev qeyd etdi ki, qarşıdakı siyahıyaalmanın sorğu vərəqəsinin layihəsi evdə (ailədə) yaşayanların siyahısından, ev təsərrüfatlarının (ailənin) mənzil şəraitini əks etdirən 6 sualdan, ayrı-ayrılıqda hər bir şəxsi səciyyələndirən 29 sualdan ibarətdir. Sorğu vərəqəsinin strukturu, sualların yerləşmə prinsipi, qoyuluşu və ehtimal olunan cavablar elə tərtib olunmuşdur ki, həm sorğunu aparan siyahıyaalma işçiləri, həm də sorğulanan şəxslər üçün çətinlik yaratmasın. Yəni suallar və cavablar bir-birini tamamlamaqla qısa, aydın və hər kəs üçün anlaşılan olsun.

- 10 il əvvəl keçirilmiş siyahıyaalma ilə müqayisədə bu dəfə hansısa yeniliklər varmı?

- 1999-cu ildə keçirilmiş siyahıyaalmadan fərqli olaraq bu dəfə əhalinin coğrafi, demoqrafik, etnik-mədəni, sosial-iqtisadi əlamətlərini və ev təsərrüfatlarını, mənzil şəraitini əks etdirən bir sıra əlavə suallar, o cümlədən əhalinin daimi yaşayış yerində yaşama müddəti, əvvəlki yaşayış yeri, oxumayan məktəbəqədər yaşlı uşaqlar haqqında, daxili və xarici miqrasiya, o cümlədən əmək miqrasiyası, iş yerinin harada yerləşməsi, evin (binanın) bayır divarlarının materiallarına dair bir sıra yeni suallar proqrama daxil edilərək onların sayı 35-ə çatdırılmış, təhsil, məşğulluq, işsizlik, yaşayış üçün gəlir mənbəyinə dair və digər suallar genişləndirilərək təkmilləşdirilmişdir.

- Yəqin ki, bu məsuliyyətli iş üçün kifayət qədər hazırlıq görülmüşdür?

- Ölkə üzrə bütün yaşayış məntəqələrini əhatə etməklə 540 siyahıyaalma məntəqəsi, 3780 təlimatçı, 19 minə yaxın sayıcı məntəqəsi yaradılmışdır. Ümumilikdə siyahıyaalmanın keçirilməsini təmin etmək üçün 24 min nəfərdən çox müvəqqəti işçilər cəlb edilmişdir.

- Bəs bu prosesə cəlb olunan işçilərin zəhmətləri necə qiymətləndiriləcək?

- Əsas iş yerlərində maaşları saxlanılmaqla siyahıyaalmanın keçirilməsinə cəlb edilən işçilərə işlədikləri müddətdə nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödəniləcəkdir. Belə ki, siyahıyaalma məntəqələrinin müdirlərinə 213 manat, onların müavinlərinə 192 manat, təlimatçı-nəzarətçilərə 177 manat, sayıcılara 107 manat məbləğində əmək haqqı ödəniləcəkdir.

- Siyahıyaalmada iştirak edəcək şəxslərin təlimatlandırılması barədə nə deyərdiniz?

- Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Aparatının siyahıyaalma işçiləri, rayon statistika idarələrinin rəisləri və digər siyahıyaalma işçiləri üçün Dövlət Statistika Komitəsində statistika orqanlarının rəhbərləri üçün siyahıyaalmanın keçirilməsi və sorğu vərəqəsinin doldurulması qaydaları mövzusunda təlimatlar keçirilmişdir. Bakı, Gəncə, Bərdə, İsmayıllı və Masallı şəhərlərində yerli statistika orqanları rəhbərlərinin əhalinin siyahıyaalınması üzrə müavinləri ilə zonalar üzrə martın 29-dan aprelin 5-dək hər bir rayon, şəhər statistika idarəsində siyahıyaalma məntəqələrinin müdirləri və onların müavinləri ilə, təlimatçı-nəzarətçi və sayıcılarla təlimatlar keçirilmişdir.

- Məcburi köçkünlərin siyahıyaalınması necə təşkil olunacaq?

- İşğal altında olan ərazilərdən məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları faktiki məskunlaşıb yaşadıqları yerlərdə siyahıya alınacaq, lakin siyahıyaalma materialları elektron vasitələrdə işlənərkən həmin şəxslər tərk etdikləri şəhər və rayonların əhalisinin siyahısına daxil ediləcəklər.

- Xarici ölkələrdə işləməyə, təhsil almağa getmiş vətəndaşlarımızın siyahıya alınmasını kim həyata keçirəcək?

- Xarici İşlər Nazirliyinin xətti ilə yaşamaq, işləmək, təhsil almaq və digər məqsədlərlə başqa ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycanın ayrı-ayrı ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəlikləri vasitəsilə siyahıyaalınmasını təmin etmək üçün sorğu vərəqələri, sənəd və materiallar Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.

- Bu mühüm dövlət əhəmiyyətli məsələ ilə bağlı daha nə demək istərdiniz?

- Siyahıyaalma hər bir şəxsi fərdi qaydada şifahi sorğulamaqla keçirilir və bu zaman cavabları təsdiqləyən heç bir sənəd tələb olunmur. Azyaşlı uşaqlara və cavab vermək imkanı məhdud olan müxtəlif qüsurlu şəxslərə aid sorğu vərəqələri valideynlərin və onları himayə edən digər şəxslərin cavablarına əsasən doldurulur.

“Rəsmi statistika haqqında” qanuna uyğun olaraq fərdi məlumatların qorunmasına zəmanət verilir. Sorğu vərəqəsinin göstəriciləri kompyuterlərə daxil edilir və yalnız bundan sonra ümumiləşdirilmiş yekun məlumatlardan ibarət siyahıyaalmaya təqdim olunur.

Siyahıyaalınmanın uğurla keçirilməsində ən böyük məsuliyyət Azərbaycan vətəndaşlarının üzərinə düşür. Ölkənin bütün sakinləri evlərinə gələn siyahıyaalma işçilərinin müraciətinə vətəndaş məsuliyyəti ilə yanaşaraq onların suallarını dolğun və əhatəli şəkildə cavablandırmalıdır.

Məlumatlandırma və təbliğat ilə BMT-nin Azərbaycandakı nümayəndəliyinin vəsaiti hesabına bəzi şəhər və rayon mərkəzlərindəki reklam lövhələrində siyahıyaalma haqqında plakat-çağırışlar yerləşdirilmiş, telekanallarda nümayiş etdirilmək üçün məlumatlandırıcı roliklər hazırlanmışdır.

Sonda DSK-nın Aparat rəhbəri Ziyad Abbasəliyev xatırlatdı ki, 2009-cu il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 8 milyon 730 min 300 nəfərdir.

Telman Qafar,

“İki sahil