“Bizim yol”. -
2009. – 2 mart. - ą 47 - S. 14.
MİRZƏ CƏLİLİN
GİZLİ MİSSİYASI
“NƏ ETMƏLİ?”: İSLAMLA SOSİALİZMİN
İLK SAZİŞİ
Sənət
əsərlərinin öz məzmunundan başqa, onların
bir digər-rəmzi! - mənası da
mövcuddur. Bəli, hər bir ciddi memar, yazıçı,
rəssam, alim - əgər o, gizli
həqiqətlərə agahdırsa! öz əsərində
tam məxfi bir eyham gizləyir. Çox vaxt həmin o
ehkamın, diqqətiniz məndə olsun, əsərdəki
mətləbə dəxli...bəli, dəxli olmaya da bilər-üstü niqablı
həmin rəmz əksər hallarda öz
müasirlərinə deyil, gələcək
nəsillərə ünvanlanır axı.
Böyük rus
yazıçısı Viktor Çernışevskinin adı, bilmirəm,
sizə nə qədər tanışdır. Lakin, ümid
edirəm ki, həmin adı çəkdiyim zaman
gözlərinizi bərəldib mənə onun kimliyi
barədə artıq sual verməyəcəksiz.
Hə, demək danışdıq sizinlə,
başımızı özgə suallarla yormayaq-bax bu Çerneşevskinin dünya sol
inqilabçıları üçün stolüstü kitaba çevrilmiş çox
məşhur bir əsəri var “Nə etməli?” adında.
“Polad necə bərkidi?” estetikasında yazılmış
həmin bu əsərdə bir məsələ diqqət
mərkəzindədir-kimdir inqilabçı? Hansı
şəraitdə, necə, nə cür yaşayıb
yaratmalıdır, axı, zəmanəmizin bu
qəhrəmanı?
Ötən əsrlərin bir
neçə inqilabçı nəsli, Çernışevskiyə
bu əsərə görə ömrü boyu
borcludur-əsəri dəfələrlə oxuyublar, sinfi
döyüşlərə onun silahıyla
atılıblar, bəli, bu heç, bunu bildik.
Bəs əsərdəki gizli
“rəmz”?...
Hanı bu kitabın
gələcək nəsillərə ünvanlanmış
gizli rəmzi, bəlkə o heç yoxdur, hə?
Gizli rəmzin, bilin, bir növ
“öz vaxtı” var-əsər öz zahiri mənasını,
mövzusunu tükəndikdən sonra, bəli, məhz o
üzə çıxır, niqabını sifətindən
kənara çəkərək öz mübarək
çöhrəsini göstərir ətrafındakılara.
Məncə, Çernışevski,
gələcək nəsillərə ötürdüyü bu
rəmzi, əsərinin baş qəhrəmanı Raxmetovun adında gizləyibdir-bəli,
gəlin razılaşaq bununla.
***
Əsərin
mərkəzində durmuş “Raxmetov”
adlı qəhrəmana - təklifdir də, edirəm! -
indi, iyirmi birinci yüz il şəraitində, bir mübariz
müsəlman mücahid surəti kimi baxsaq əgər,
inanın, əsla yanılmarıq. Əvvəla,
marksizm-leninizmin birinci dalğasından sonra, dünyadakı “sinfi-irqi-sosial-fəlsəfi” zülmə
qarşı öz barışmaz mövqeylə
indi yalnız müsəlmanlar tanınır-digər etiraz
nümayəndələri, ətrafımıza yaxşı
baxsaq, bir o qədər mübariz deyildirlər, axı!
Bəli, bu gün, Çernışevskinin
“Nə etməli?” sualını əvvəlcə
özünə, sonra cəmiyyətə ünvanlamış
inqilabçı zümrə, bax, soruşuram sizdən, kimdir?
Cavab ki, başqa cür ola bilməz-yalnız müsəlman
inqilabçıları! Götürün keçən
əsrə aid qəzetləri, diqqətlə oxuyun onların
saralmış səhifələrini, görəcəksiz - əvvəllər solçulara,
kommunistlərə vurulan damğaların hamısı,
ucdantutma, indi islamçılara qarşı işlədilir.
Beləysə, Çernışevskinin
inqilab nəfəsli “Nə etməli? əsəri, uşaq
olmayın, demək ki, indi özünə ikinci həyat
qazanır, Raxmetovun əslində kim
olduğunu bir daha oxuculara açıqlayır.
Bəli, yüz il öncə o,
sosialist idi, indiysə, əsl
islamçıdır. Vəssalam.
İKİNCİ
SAZİŞ
Kommunizmin banisi Vladimir
İliç Lenini yaxşı
oxusaydınız əgər, dediklərim, təəccüb
doğurmazdı sizlərdə. Fikir verin Leninin
Oktyabr İnqilabından sonra imzaladığı
dekretlərə-Birinci dekret xalqlara sülh, fəhlələrə
fabrikləri, kəndlilərə torpaq vəd edir. İkinci
dekret isə, bax bu çox maraqlıdır, məzlum
Şərq xalqlarına, müsəlmanlara ünvanlanıb - Lenin ordan
bütün İslam aləminə səslənir,
mürtəce, istismarçı qüvvələri
pisləyir, Şərqdə gedən milli-azadlıq
hərəkatlarını dəstəkləyir, Qərb
müstəmləkəçilərinin Şərq
barədə imzaladığı cinayətkar gizli
müqavilələri aləmə faş edir,
müsəlmanları mübarizəyə
çağırır. Bütün yerli sovetlərdə,
partiya-dövlət idarələrində “müsəlman
şöbələri” yaradılır, 1919-cu ilin noyabrında
Ulyanov-Lenin,
“kommunist-müsəlmanlar”ın qurultayında alovlu nitq
söyləyir. O zamanlar, bir çox kommunist
rəhbərləri, dünya inqilabının Rusiyadan sonra
Avropada-ilk olaraq Almaniyada baş verəcəyinə inansalar da,
tarix bunu təsdiq etmədi. Bax həmin dövrdə Lenin öz yorğun nəzərlərini
Şərqə-burda baş verən antiimperialist siyasi
hərəkətlərə doğru çevirir. 2-ci
İnternasionala ünvanladığı
tarixi tezislərində o, çox futuristik bir siyasi fikir meydana
atır - “Avropada kommunist inqilabı
baş verməsə, onun rezervini
Şərq xalqlarının sosial-siyasi mübarizəsində
axtarmaq lazımdır”...
Belə şəraitdə Bakının
- yəni Şərqə açılan
qapının Lenin üçün
əhəmiyyəti daha da artır. Şərqin çox
cildli islam siyasi lüğətinə tam yeni “şura
hökuməti” kəlməsi daxil olur.
***
19-cu yüz ilin son
rübündə dünya sosialist hərəkəti
sürət götürüb siyasi aləmə daxil olduğu
zaman, bəzi islam mütəfəkkirləri, o cümlədən
həmyerlimiz Cəmaləddin
əl-Əfqani, həmin sosial cərəyana xüsusi
əhəmiyyət verir. Hiss edir-məhz bu nöqtədə
ən çağdaş Avropa siyasi fikri əski Şərq
dünyası ilə sıx birləşib, imperializmə
qarşı vahid cəbhə təşkil edə bilər. Qurani-Kərimin 42-ci “Əş-şura”
surəsini diqqətlə öyrənən əl-Əfqani
elan edir - Avropa sol
inqilabçılarının öz alınlarına
yapışdırdığı “sosial ədalət”
müddəası, bəli, uzağa neyçün
gedirik , elə həmin mübarək surəylə
həmahəngdir, demək, islamın canında onun “öz
sosializmi” var!
Bu vəhdət əsasında
sosializmlə çağdaş mübariz islamın
ittifaqını yaratmaq mümkündür!
Əl-Əfqaninin qeyd edib
işarələdiyi bu mühüm həqiqət, bir
müddət elə bir fikir olaraq da qalır. Bu “nisyə” fikir bir müddət islam “cədidçi”lərinin (modernistlərinin)
beynində gəzib lap axırda Nərimanov
tərəfindən “nağdlaşdırılıb”
Leninə təqdim olunur.
Nəticədə müsəlmanlara həmin 42-ci surə
öz batini mənasını açır-sosializm elə
yenə islami bir həqiqətdir!
Müsəlmanların siyasi lüğətinə
Nərimanovun səyiylə yeni
kəlmə daxil olur - “Şura hökuməti”. Sovet dövləti
müsəlman aləmində o zamandan bəri bu “islami” adıyla
tanınır. Marksizm diskursuna Nərimanovun
bu fəlsəfi düzəlişi olmasaydı, marksizm-leninizm
çətin ki, bu cür surətlə müsəlman
aləmində yayılar, Buxaradan tutmuş ta Bakıya
qədər bir ərazidə öz hökmünü
təsdiqləyər, bütün digər Şərq
ölkələrində müsəlman kommunist partiyaları
yaradardı.
Beləliklə, hamıya
aydın olsun-dünya solçularının islamla ilk
təması Quranın 42-ci surəsi vasitəsiylə
baş tutub.
Çernışevskinin yaratdığı Raxmetov surəti birinci dəfə bax cür
öz islami mahiyyətini dünya
solçularına isbatlayıb.
CƏLİLİN
GİZLİ MİSSİYASI
Gördüyümüz kimi,
1920-ci ildə kommunizmlə islamın yolları bir növ
çox ciddi şəkildə kəsişməyə
başlayır. Al bayraqlı leninizm, əzilən
müsəlman aləmi sayəsində özünə ən
sadiq müttəfiq qazanır.
İşarələdiyimiz
məsələnin fəlsəfi-siyasi həlli indi qalsın
bir qıraqda. Keçək onun tam həyati
yaşantılarına. Görək o dövrün Raxmetovları həmin fəlsəfəni
necə həyata keçirirmişlər
***
Belə Raxmetovların
biri də kimsə olsa yaxşıdır, hə? - ünlü Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin”
jurnalının baş redaktoru, bütün Şərq
aləminin inandığı imza sahibi.
Tarixçilərin çox
qorxduğu bir nöqtəyə diqqətinizi
çəkmək istərdim: Heç sual vermək istəmisinizmi özünüzə -“Bax neyçün, 1920-ci
ilin apreli, Azərbaycana iki üsyan bəxş edib-birincisi, az
tanıdığımız Şeyx Məhəmməd Xiyabaninin Təbriz üsyanı (6-14aprel 1920), ikincisi, Nərimanovun 28 aprel
inqilabı? Bir mərkəzdənmi idarə olunurdu bu iki
oxşar qiyam? Kim idi bu üsyanların rəhbəri-qan qaydan
bahar fəsli, yoxsamı Lenin?
Bəlkə hər ikisi?
Şair Rəhman Babaxanlı
demiş “yaz ağzı - dəryaz ağzı”...
Yadda saxlayın -
məhz o zaman yoldaş Ulyanov,
Avropadakı kommunist qiyamlarının
uğursuzluqlarını görərək
nəzərlərini müsəlman Şərqinə, ilk
olaraq Bakıyla Təbrizə dikmişdi.
Özü də “Təbriz” kəlməsi
Leninçün yad deyildi -
1905-907-ci illərdə Karl
Kautski, Plexanov kimi
tanınmış sosialistlərin bu şəhərdə
baş vermiş İran inqilabı, Səttarxan
hərəkatıyla əlaqədar
Təbrizdəki həmfikirlərinə çox qiymətli
məktublar yazması, bəli, tarixçilərə
yaxşı bəllidir. Lenin də bundan
kənarda qalmamış, Səttarxan
hərəkəti barədə məqalələrində
ayrıca qeydlər etmişdi-bunu danmaq lap əclaflıq olar
axı ay yoldaşlar.
Xülasə, Təbrizin hansı inqilabı
ənənələrə malik olmağı yoldaş Ulyanova yaxşı bəlliydi.
Demək, o Şərqə
irəliləyərkən Bakıdan sonra məhz
Təbrizə xüsusi önəm verməliymiş...
Yoldaş Raxmetovlar, Leninin
göndərdiyi zirehli qatarları Bakıdan sonra
Təbrizə yollamalıymışlar...
***
1920-ci ilin martında Cəlil
Məmmədquluzadə, həyat yoldaşı Həmidə
xanımın Hindarx kəndindəki mülkündən
ayrılıb Təbrizə doğru qəribə bir səfərə
çıxır. Bu səfər barədə Həmidə
xanımın yol qeydləri çap olunsa da, səyahətin
kim tərəfindən sifariş olunduğu indiyədək bir
sirr olaraq da qalır. Cəlil, uzun yol boyu minbir
əzaba qatlaşıb axır, şükür, gəlib
çıxır Təbrizə, Şeyx Xiyabaniylə
orda görüşür, qiyamın şahidi olur, “Molla Nəsrəddin” dərgisini
uzun fasilədən sonra məhz orda yenidən çap
etməyə başlayır. Jurnal, Təbriz ictimai-siyasi
həyatına misilsiz təsir buraxır, camaatı öz
haqları uğrunda mübarizəyə qaldırır.
Həmidə xanımın xatirələrində bu haqda o
qədər təsirli sətirlər var ki...
Xiyabani hərəkəti, öz
dövrünə uyğun olaraq sosialistik mahiyyət
daşısa da o, ilk növbədə islami
məzmunluydu-müsəlman “ümmətçilik” ideoloqeması,
bəli, bədii təxəyyülə varıb belə
deyək - onun aparıcı sürət qatarıydı. Bir sözlə, indiki
millətçilərimizin Xiyabani
adından süni istifadəsi
yolverilməzdir-millətçilik ilə ümmətçilik
arasında dərin uçurum var! Özünüzü ora
atmayın... Həmin dövrdə, Musavat
millətçilərindən fərqli olaraq, həmin bu ümmətçilik Leninlə
xoş münasibətlərdəydi,
bəli. Sonralar Pişəvəri, daha da
irəli gedib bu ümmətçiliyi,
indiki musavatçıların dediyi kimi
millətçiliklə deyil, “xəlqilik”lə,
yəni xalq sosializmiylə
əvəzlədi. Xiyabaninin
yazdığı “Lenin və Şərq” əsərində islamla sosializmin
ortaq nöqtələri aydın cızılmışdı.
Şeyxin sadiq silahdaşı Z. Qiyami
öz xatirələrində bu kitab barədə xeyli
danışır, kitabın
sonralar itməyinə xeyli təəssüflənirdi.
KİÇİK HAŞİYƏ -
Yazıçı İsa Hüseynov “İdeal”
əsərində Xiyabani
hərəkəti barədə danışarkən, tez-tez
onun “itmiş əlyazması” haqda
çox maraqlı fikirlər söyləyir.
***
Lakin, gəlin konspiroloqiya
nəfəsini yazdığımız bu sətirlərə
hopduraraq bir müddəa irəli sürək-bəlkə
Həmidə xanımın xatirələri tam deyil? O vaxtkı Raxmetovlar
barəsində bu əlyazmasındakı bir çox
qiymətli sətirləri, daha nə deyim? -
bəlkə görünməz bir əl pozub? Həmidə
xanım Cəlilin kim tərəfindən
təlimatlandırıldığını deməsə
də axırda buna incə eyham vurur-Nərimanov!
Şeyx Xiyabani qətlə yetirildikdən
sonra Nərimanovun “Bakıya qayıt!”
teleqramını alan Mirzə Cəlil, bəlkə elə lap
əvvəldən Nərimanovla sıx əlaqədə idi,
hə?
Lenin, Nərimanovun, bəli, Xiyabaniylə əlaqəsi bəlkə
Mirzə Cəlil vasitəsiylə
təmin olunurmuş?
Beləysə 1920-ci ilin aprel-sentyabr ayları
barədə tarixçilərin yazdıqları tam deyil - bu dövrün növbəti Raxmetovunu
dörd canlı surətin cəmində görmək lazım
gəlir. “Lenin+Nərimanov+Cəlil+Xiyabani”
dördbucağı arasında şayəd o vaxtlar çox
gizli bir əməliyyat həyata keçirilib-demək, 11
Qızıl Ordu təkcə Bakıda dayanmamalı, Arazı
adlayıb Təbrizə keçməli, Xiyabani
fəallarıyla birləşərək
bütün Şərqi ingilis imperializmi zülmündən
azad etməliymiş. Deməli,
Azərbaycanın birləşmək imkanı təkcə 1941-46-cı illərdə deyil, ilk dəfə
məhz 1920-ci ilin aprel-sentyabr aylarında mümkün idi!
Həmin sentyabrda Bakıda
keçirilən Şərq xalqlarının 1-ci
qurultayı barəsində
də indi gərək bir başqa fikir irəli sürək - məncə, bu qurultayın baş
məqsədi sadəydi-Təbrizə
girmək icazəsini bütün müsəlman Şərq
aləmindən almaq! Lakin qurultay zamanı faciə baş
verir-ingilis agenturası Sovetlərdən cəld
tərpənib şəhərə girərək, Xiyabaninin vəhşicəsinə qətlə
yetirir. Qızıl Ordu Təbriz əvəzinə Gilana, Rəştə girib orda
uğursuzluğa düçar olur...
Mirzə Cəlil təcili olaraq
Bakıya dönür...
***
Məqaləmizin bu yerində,
necə deyərlər “asta dabana basaq”,
fikirlərimizi bir nöqtəyə cəmləyib son
nəticə çıxaraq: Lenin-Nərimanov
cütlüyü qələmindən çıxmış “kommunizm+islam ümmətçiliyi”
layihəsi, bəli, axırda Xiyabaninin ölümüylə öz son
nöqtəsini tapır.
Axı, Cəlilin gizli
missiyası qarşısında İrandakı Britaniya
kəşfiyyatı yatmamışdı ki ( Dokuments
on British Foreign Policy. Series 1, t.
“Xiyabani
hərəkəti qırmızı xətti keçir... Vəsuq-əd-Dövlə kabineti Xiyabaniyə görə istefaya getdi... 9 avqust
1919-cu il Britaniya-İran müqaviləsinin taleyi indi qorxu
altındadır...Cənab Koks, 3 min nəfərlik jandarma
qüvvəsi hazırlayıb, onu Təbrizə
göndərməyi bacararsınızmı?... Səfirlik
işçisi Edmond Miçer!
Təbrizə gedib Xiyabaniylə
görüşün... Mayor Kert,
təcili hərəkətə keçib Xiyabaniyə
qarşı əməliyyata başlayın...Uğursuzluqlar bizi
vadar edir ki, İran hökumətiylə
birgə hərəkət edək. Azərbaycan qubernatoru
Müxbir əs-Səltənə az sonra
Təbrizə yetişir. Xiyabaninin
başını qatın, vaxt udun. Tələsin...”
Xiyabaninin Maarif Naziri Abdulla Abdullazadə isə həmin vaxtlar Bakıyla məktublaşırdı:
“Məndən Nərimanova salam
yetirin. Bu məktubu sizə yetirmiş şəxs vasitəsiylə bizə “təzə kitablar” göndərin. Bizim onlara dərin
ehtiyacımız var”... (Azərbaycan Dövlət arxivi, f. 6s\\28r, siyahı 1, iş 487, səh.75).
Yadınızda qalsın - “kitab” deyərkən inqilabçılar
həmişə “silah” nəzərdə
tuturlar.
Gördüyümüz kimi
hadisələr iki xətt üzrə sürətlə inkişa edirmiş indi bizə çox uzaq
olan o vaxtlarda:1-ci xətt. Təbriz-Moskva. Xiyabani-Nərimanov-Lenin. 2-ci xətt.
Tehran-London. Müxbir əs-Səltənə-lord
Kerzon.
Adını çəkdiyimiz
1919-cu il Britaniya-İran müqaviləsi imzalanarkən, Lenin hökuməti bu mövzudan kənarda
qalmır, “İran zəhmətkeşlərinə” həmin
sazişlə əlaqədar müraciət imzalayaraq,
iranlılara onu rədd etməyi təklif edir...
Cəlilin Təbrizə
səfəri, bəli, belə bir mürəkkəb
dövrə təsadüf edir. Təəssüf ki, bu
səfərin qarşısında Britaniya imperializmi sakit
durmadı, əks səfərlər hazırladı,
nəticədə Nərimanovu önləyib Təbrizdə Xiyabanini qətlə yetirdi.
İslam ümmətçiliyi
ilə leninizmin Təbrizdə birləşmək arzusu, qan
gölündə boğuldu. Müsəlman Şərqi
çərçivəsində, Çernışevskinin
“Nə etməli?” sualına cavab
tapmış Nərimanov-Xiyabani tandemi, gələcək nəsillərin ümüdünə qaldı.
Raxmetovu, yəni Xiyabanini
1920-ci ilin sentyabrında növbəti dəfə qətlə
yetirdilər.
ÜÇÜNCÜ
SAZİŞ
“İslam ümmətçilərinin
Leninlə sazişi niyə baş tutmadı?” sualını
özümüzə ünvanlasaq,
yenə də Çernışevskinin o
məşhur “nə etməli?” sualıyla təkbətək qalmış
yoldaş Raxmetova
bənzəyəcəyik. Gəlin bu sazişin inkişaf
dinamikasını bərpa edək:1. Çernışevski, üstşüur,
yaxud altşüurla hərəkət
edərək, futuristik öncəgörənlik
nümayiş etdirir - gələcək “islam+sosializm” tandeminin
rəmzini, yəni Raxmetov surətini
yaradır. Əl-Əfqani, tam müstəqil
hərəkət edərək eyni fikrə gəlir-islamla
sosializmin oxşar cəhətləri var. 2. Lenin-Nərimanov
işbirliyi, həmin bu rəmzi işarəni romantik pafosla yükləyir,
yaranmaqda olan ittifaq özünə ikinci rəmz qazanır - islami “Şura”
anlayışı SSRİ-nin Şərqdəki adına
çevrilir. Cəlilin gizli missiyası bu sazişə macəra
estetikası qatır.
Demək, indi biz məsələnin
üçüncü həddini axtarıb tapmalıyıq. Varmıdır, mövcuddurmu bu üçüncü pillə?
Var.
Harda? - böyük
İran filosofu Əli Şəriətinin
əsərlərində.
Mirzə Cəlilin məxfi
missiyalı qara faytonu indi onun mənzilinə doğru
səyahət etməlidir.
***
İslamla sosializmin ortaq
nöqtələrini təmin etmiş qüdrət
sahiblərindən söz açarkən, bir ziddiyyətli
məsələni də gərək unutmayaq. Məşhur
fransız ezoterik filosofu Rene
Qenonun islama münasibəti, bəli,
diqqətimizdən yayınmamalıdır. Avropa fəlsəfi
fikrinin sağçı-konservativ
qüvvələri tərəfindən islamla başlayan
dialoq, Qenon
yaradıcılığında özünə xüsusi
vüsət qazanır. Yəni, islamla saziş bağlamaq
arzusu Avropanın təkcə sol deyil, həm də ifrat
sağ qüvvələrinə də xasdır.
Bəli, bir müddət
həmin saziş, Qenon məktəbi
simasında, Avropa sağçılarının
inhisarında qaldı. Lakin, bütün bunlar Sartr,
Reje Qorodi kimi
solçu filosofları qətiyyən təmin etmirdi. Bax
belə bir vəziyyətdə ortaya bir başqa filosoflar
atılır - Sartrın
tələbələri Fransua Fanon, Əli Şəriəti. Onların səyiylə islam mövzusu Avropa sağçı qüvvələrinin
inhisarından qurtararaq tam inqilabi, sosialistik məzmun
qazanır. Çernışevskinin Raxmetovu burda öz üçüncü
həyatını yaşayır sanki.
Əli Şəriəti ilk
olaraq islamın dialektikasını öyrənməyə
başlayaraq burda çox maraqlı nəticələrə
gəlir.
Əvvəla,
unutmayın-hər yeni inqilab dövrü həmişə yeni
dialektikanın yaranmasıyla əlaqədardır.
Heqel dialektikası yaranmadan, Marksın “sinfi mübarizə” ideolaqeması
yaranmaz, Lenin isə onu həyata
keçirməyi bacarmazdı. Hər hansı bir
ölkədə inqilab etməyin “bismillahı”
bircə vacib şərtlə bağlıdır-gərək
həmin ölkədə ziddiyyətləri düzgün
müəyyən edib onu əks edən dilektik
nəzəriyyə yaradasan.
Əli Şəriəti
dediklərimizi tam mənada həyata keçirərək ilk
növbədə Quranın dialektikası ilə
məşğul oldu. Ordan iki binar
ziddiyyət çıxardı - “müstəzaf” (əzilən, istismar olunan
kütlə), “müstəkbir”
(istismarçı silk) ziddiyyəti. Fikir verin-bu, marksizmin
“sinfi mübarizə” qayəsinə
necə də uyğundur!
İslam dialektikasında
sosializmə uyğun oxşar bir cəhət tapan Əli
Şəriəti fikri, bunun əsasında sanki sosilizmi hardasa bir növ
islamlaşdırdı. Şəriətinin bu
tapıntısı İran siyasi həyatında az sonra öz
gerçək bəhrəsini tapır - “Mücahiddine-xəlq” təşkilatı onun
fəlsəfəsini “ islam marksizmi” adıyla
işarələyib İranda sinfi mübarizəyə başlayır.
Lakin, İmam Xomeyni,
ayətullah Motəhhərri
kimi sırf şiə alim-üləmaları buna qarşı
tamam başqa dialektik ziddiyyəti Qurandan götürüb
müsəlmanların diqqətinə
çatdırırlar-bu, “hizbe-Allah”la “hizbi-şeytan” qarşıdurmasıdır. Xomeyni ilə, Motəhhəridə
bu ziddiyyət sosial deyil, metafizik bir mahiyyət
daşıyır. Bəli, “müstəkbir+müstəzaf”
qarşıdurması sosial-siyasi qatda mövcuddur, metafizik qatda
isə onun adı “hizbi-Allah+hizbi-şeytan”dır.
İran siyasi-fəlsəfi
həyatı, İslam inqilabı dövründə,
Qurandakı bu iki dialektik ziddiyyəti
birləşdirməkdənsə, onları neyçünsə
ayırdı. “İslamçı sosialistlər” fikrincə
əsas məsələ “müstəkbir+müstəzaf”
ziddiyyətinin həlliylə “tövhid”ə çatmaq idisə,
ənənəçi xomeyniçilər
bir başqa cür düşünürdü. “Hizbi-Allah+hizbi-şeytan” dialektikasının
həlli onlarçün daha vacib məsələydi.
İrandakı hər iki qüvvə İslam
inqilabı zamanı birləşmədi, əksinə, öz
aralarında savaşmağa başladı.
Məcazi dillə
danışsaq, Cəlilin İrana sosializm gətirmək
istəyən ikinci missiyası da böyük
əngəllərlə qarşılaşdı.
Lakin bu dəfə Cəlil
tək deyildi, faytonda onunla yanaşı oturan ikinci şəxs
filosof Əli Şəriəti idi.
***
İranda ənənəvi
şiə məktəbiylə “yeni
müsəlmanlar”, islam dialektikası mövzusu
ətrafında vuruşduğu zaman, Avropa fəlsəfi fikri,
dialektikanı inkar edən postmodernizmə yuvarlanmağa
başladı. Nəticədə, marksizm bu qitədə
yavaş-yavaş süquta uğradı, dialektika kimi vacib bir
silahını İslam ələminə ötürdü. Raxmetov kimi qəhrəmanlar isə
dialektikasız yaşaya bilməz-nəticədə Avropa
solçuları indi kütləvi şəkildə İslam
tərəfdarlarına çevrilirlər. Səbəb
sadədir-islamın sağlam dialektikası!
Bəli, müsəlman
Şərqi indi dialektika kimi mühüm bir silaha malikdir.
Avropa bu fəlsəfi
silahını marksizmlə mübarizə edə-edə
əslində qeyb edib. Nəticədə öz dialektik
inkişaf perspektivini itirib.
Marksist dialektika indi islam dialektiktikasıyla bir vəhdət
təşkil etməyə başlayıb. Dialektika olmayan
yerdə isə modernizm yoxdur, yalnız postmodern imitasiyalar var.
Məncə, islamla sosializmin bax
bu üçüncü sazişi deyəsən çox
uğurlu alındı. “İn-yan” dialektik
ziddiyyətini öz təfəkküründə
aparıcı xəttə çevirmiş uzaq Çin də
Avropadan fərqli olaraq sağlam dialektikasını qoruyub
saxlayır-nəticədə o indi dünyanın ən
uğurlu iqtisadiyyatına malikdir.
***
Cəlilin Təbrizə
gedən faytonu deyəsən bu dəfə dağa-daşa
çırpılmayacaq...
***
Gördüz ki Çernişevski
öz inqilabçı qəhrəmanına Raxmetov
adını verərkən nə qədər uzaqgörən
olub!
Həmid Herisçi,
İlhamiyyə Rzayeva