“Azərbaycan müəllimi”.-2009.-20 fevral.-N.7.-S.4-5
Ümumi təhsil sistemində islahatların yeni
mərhələsi
Azərbaycanın
ümumi təhsil sistemində islahatlar yeni
mərhələyə qədəm qoymuşdur. Hazırda
qazanılmış nailiyyətləri
möhkəmləndirmək, islahatın istiqamətləri
üzrə fəaliyyətləri genişləndirmək
başlıca vəzifə hesab olunur. İndiyədək
həyata keçirilən islahatyönümlü
tədbirlərin mahiyyətinə aydınlıq
gətirilməsi və bu sahədə müəyyən
edilən perspektiv vəzifələrin açıqlanması
üçün Azərbaycan Respublikasının təhsil naziri,
"Kurikulum" jurnalının baş
redaktoru, professor Misir Mərdanova ictimaiyyəti maraqlandıran
suallarla müraciət etmişdik. Hörmətli nazirimizin
həmin suallara cavabları əsasında hazırlanmış
müsahibəni oxuculara təqdim edirik.
- Hörmətli Misir müəllim,
Sizinlə 2009-cu ilin ilk ayında
görüşürük. Bu fürsətdən
istifadə edərək Sizi Yeni il münasibətilə
ürəkdən təbrik edir, Azərbaycan təhsilinin
inkişafı naminə gələcək
fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
ötən il bütün sahələrdə olduğu kimi,
ölkəmizin təhsil həyatında da yaddaqalan
mühüm hadisələr baş vermişdir. İlk
öncə istərdik ki, bu məsələlərə
öz münasibətinizi bildirəsiniz.
- Səmimi təbrik üçün
çox sağ olun. Mən də, öz növbəmdə,
bütün xalqımızı, təhsil ictimaiyyətini Yeni
il münasibətilə səmimi-qəlbdən təbrik
edirəm, ən xoş arzularımı bildirirəm.
Həqiqətən,
2008-ci il təhsil tariximizə əlamətdar
hadisələrlə zəngin il kimi daxil olmuşdur. Bu
ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən "Təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)" və
"Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı (2008-2013-cü illər)"
təsdiq edilmiş, ölkəmizdə ilk dəfə
dövlət səviyyəsində "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələri təşkil
olunmuş, Azərbaycan müəllimlərinin XIII qurultayı
keçirilmişdir. Eyni zamanda ölkəmizdə aparılan
yeni dərslik siyasətinin ilk nümunəsi kimi I siniflər
üçün dərslik komplektləri meydana
çıxmış və bunların əsasında
ümumtəhsil məktəblərinin I siniflərindən
etibarən yeni fənn kurikulumlarının
tətbiqinə başlanmışdır. ümumi təhsil
sistemində həyata keçirilən islahatyönümlü
tədbirlərin davamı olaraq
Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihənin başlanması, "Kurikulum"
və "İstedad" jurnallarının işıq
üzü görməsi də məhz 2008-ci ilə
təsadüf edir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
Bakı şəhərində keçirilən "Dünyada
savadlılığın dəstəklənməsi"
mövzusunda YUNESKO-nun regional konfransı, İSESKO
ilə birgə keçirilən islam ölkələri ali
təhsil və elm nazirlərinin IV konfransı da 2008-ci ilin
ən əlamətdar hadisələrindəndir.
Onu da qeyd
etmək yerinə düşər ki, ötən ildə 161
yeni məktəb binası tikilmiş, 129 məktəb
əsaslı təmir olunmuş, 180 məktəb müasir
avadanlıqlarla təchiz edilmiş, 236 məktəbin istilik
sistemi yenidən qurulmuşdur.
- Cənab nazir, 2008-ci ilin mühüm
hadisələrindən danışarkən yeni fənn kurikulumlarının tətbiqinə başlanılmasını, dərsliklərin
hazırlanmasında müasir mexanizmlərə istinad
olunduğunu bildirdiniz. Etiraf edək ki, bütün bunlar,
bütövlükdə götürsək, ümumi təhsil
sistemində məzmun islahatları ictimaiyyəti ciddi
maraqlandıran məsələlərdir. Ona görə də
bu barədə bir qədər geniş
danışmağınızı, diqqətçəkən
məqamlara aydınlıq gətirməyinizi xahiş edirik.
- Hər hansı bir təhsil
səviyyəsində (pilləsində) uğurlu
nəticənin əldə olunması, heç
şübhəsiz, həmin pillə üzrə təhsilin
məzmununun nə dərəcədə optimal və
məqsədyönlü
müəyyənləşdirilməsindən birbaşa
asılıdır. İctimai tələb, cəmiyyətin
inkişaf perspektivləri bütün dövrlərdə
təhsilin məzmunu ilə bağlı vəzifələrin
dəqiqləşdirilməsində əsas amil olmuşdur.
Bunun üçün uzağa getmək lazım deyildir,
ötən əsrin 20-30-cu
illərindəki təhsil proqramları ilə əsrin
sonundakı təhsil proqramlarını müqayisə
etdikdə bunun canlı şahidi oluruq. Vaxt var idi
kütləvi savadsızlığın aradan
qaldırılması ən ümdə vəzifə
sayılırdı, icbari ibtidai, yeddiillik təhsilə
keçid böyük qələbə hesab olunurdu. XX
əsrin 70-80-ci illərində linqafon
kabinetinin quraşdırılması məktəb
üçün əlamətdar hadisəyə
çevrilirdisə, bu gün biz təhsil
müəssisələrinin kompüterləşdirilməsindən,
təhsil sisteminin informasiyalaşdırılmasından
danışırıq. Demək, dövrə, zamana uyğun
olaraq tələblər dəyişdikcə təhsil
sisteminə olan tələblər də dəyişmişdir.
Başqa sözlə, dövr, zaman sifarişçi, təhsil
sistemi isə həmin sifarişlərin bir növ
icraçısıdır. Həm də elə
düşünmək olmaz ki, tələbata görə
təhsilin məzmunu həmişə optimal müəyyən
edilmişdir. Elmi-texniki tərəqqinin sürəti daim
yüksələn xətlə inkişaf edir. Burada inqilabi
dəyişikliklər tez-tez baş verir. Belə bir
şəraitdə təhsilin məzmununa nələr
gətirilməlidir, hansıları daha vacib sayılır
sualları həmişə gündəmdə olmuşdur.
Bütün bunlara aydınlıq gətirmək
üçün eksperimentlərə də əl
atılmışdır. Müxtəlif illərin tədris
planlarına diqqət yetirsək, açıq-aşkar
görünür ki, müəyyən dövrdə
şagirdlərin əmək hazırlığına daha
çox önəm verilmiş, bəzi vaxtlar isə politexnik
təlim diqqət mərkəzində olmuşdur. Bütün
bu axtarışlar, eksperimentlər, şübhəsiz, daha
təkmil bir sistem yaratmağa, təhsilin məzmununu maksimum
səviyyədə dövrün tələblərinə
uyğunlaşdırmağa xidmət etmişdir. Lakin həmin
proseslər bəzən uğursuzluqlarla da
nəticələnmişdir...
- Belə hallar bəlkə də
təbiidir, hər bir axtarışın, sınağın
nəticəsi, yəqin ki, uğurlu ola bilməz...
- Əlbəttə. Ancaq bilirsinizmi
uğursuzluqlar daha çox nə ilə əlaqədar idi?!
Keçmiş Sovetlər Birliyində eksperimentlər
mərkəzdəki ən yaxşı, hərtərəfli
təchiz edilmiş məktəblərdə qoyulub sınaqdan
keçirilirdi, nəticələrin isə bütün
SSRİ məkanındakı məktəblərdə
tətbiqi tələb olunurdu.
Bu cür
uyğunsuzluqlar bütövlükdə ümumi təhsilin,
həmçinin ayrı-ayrı fənlərin məzmununun
müəyyən edilməsində də özünü
göstərirdi... 70 ildən artıq bir müddətdə
keçmiş SSRİ məkanına daxil olan bütün
respublikalar üçün təhsilin məzmunu yalnız
mərkəzdə hazırlanırdı. Hamı ana dili və
konkret respublikanın tarixindən başqa digər
əksər fənləri vahid
dərsliklər vasitəsi ilə tədris etməyə
məcbur idi. Əlbəttə, bu o demək deyildir ki, sovet
təhsil sistemi zəif sistem olmuşdur. Sadəcə,
bütün səlahiyyətlər bir mərkəzdə
cəmləşdirildiyi üçün respublikalar
təhsilin məzmunu ilə bağlı
məsələlərə müdaxilə etməkdən
məhrum olmuş, əsl imperiya siyasəti
yürüdülmüşdür. Beləliklə,
müttəfiq respublikalarda, o cümlədən də
Azərbaycanda təhsilin məzmunu sahəsində
tədqiqatçı alimlərin və
mütəxəssislərin yetişməsi prosesinə
ağır zərbə vurulmuş, məzmunun milli
mənəvi dəyərlər zəminində
formalaşmasına süni surətdə maneçiliklər
törədilmişdir.
Ən
acınacaqlı hal bu idi ki, o vaxtlar güclü inkişaf
etmiş ölkələrdəki təcrübəni
öyrənməyə heç cür imkan
yaradılmırdı, bu ölkələrdə hər nə
varsa inkar olunmaqla yalnız Sovet təhsil sisteminin
üstünlükləri təbliğ edilirdi. Beləliklə
də, qarşılıqlı əlaqələrdən
məhrum olan sistem, necə deyərlər, özü öz
şirəsində qaynamağa məhkum idi. Dünya
təhsilində gedən proseslərdən ayrı
düşmüş sovet təhsil sistemində bilavasitə
məzmunla bağlı belə bir konseptual ideya
formalaşmışdı ki, tədris olunan hər bir fənn
daxilində mümkün qədər çox bilik, məlumat,
fakt verilməli və nəticə etibarı ilə sovet
məktəbinin yetirmələri hər şeydən
xəbərdar olmalı, daha geniş bilik əldə
etməlidirlər. Məhz buna görə də tədris
proqramları şişirdilir, dərsliklər bir sıra
hallarda zəruri olmayan, şagird üçün elə bir
həyati əhəmiyyət kəsb etməyən materiallarla
yüklənirdi. Diqqət mərkəzində bilavasitə nəzəri
biliklərin mənimsədilməsi dayandığı
üçün uşaqlara gələcək
həyatlarında lazım olan bacarıqların
aşılanması sanki unudulurdu. Ona görə də
sonrakı illərdə aparılan təhlillər bir daha
sübut etdi ki, orta təhsil müddətində
şagirdlərin ayrı-ayrı fənlər üzrə aldıqları
bilik və məlumatların xeyli hissəsi müstəqil
həyatda praktik əhəmiyyət kəsb etmədiyindən
tez bir zamanda yaddan çıxır. Həmçinin
müəyyən edilmişdi ki, tədris proqramları
mürəkkəb olduğu üçün şagirdlər
bir sıra fənlərdən, xüsusilə də riyaziyyat,
kimya, biologiya, fizikadan təlim materiallarının 60 faizə
qədərini mənimsəyə bilmirlər. Uşaqların
təhsilə maraqlarının azalmasının,
təlimdən yayınmalarının bir səbəbini də
məhz bunda axtarmaq lazımdır. Əsas səbəb
isə, mənim fikrimcə, məzmun standartlarının formalaşmaması idi. Pedaqoji
ədəbiyyatda, normativ-hüquqi sənədlərdə
standart, təhsil standartı terminləri işlənsə
də, bunlar mahiyyət etibarı ilə fənlərin
məzmununda öz ifadəsini tapmırdı.
- Cənab nazir, Sizin bu geniş
şərhinizdən bir daha aydın olur ki, ölkəmizin
ümumi təhsil sistemində hazırda davam etməkdə
olan məzmun islahatları zamanın tələbindən
irəli gəlmişdir.
- Tamamilə doğrudur. Azərbaycanda
dövlət müstəqilliyinin bərpasından sonra
ölkədə ictimai-siyasi mənzərənin,
ideologiyanın, iqtisadi münasibətlərin kökündən
dəyişməsi təhsilin məqsədlərinə,
vəzifələrinə, onun məzmunu ilə bağlı
tələblərə də yeni yanaşma tərzi, yeni
baxışlar
formalaşdırdı. İnkişaf etmiş
ölkələrin təhsil sahəsində əldə
etdikləri mütərəqqi təcrübənin
öyrənilməsi bu məsələdə həlledici rol
oynadı.
1999-cu
ildən başlanan islahatlar, onun istiqamətləri və
əldə olunan uğurlu nəticələr haqqında
ötən müddət ərzində çox
danışılmışdır. Şübhəsiz ki,
həyata keçirilən tədbirlər mərhələli
xarakter daşıyırdı və hər
mərhələnin də öz məqsədləri,
vəzifələri vardır. Keçən 10 ilin yekununa
diqqət yetirsək, həqiqətən də dövrün,
zamanın tələblərinə görə müasir
dünya təcrübəsi əsas tutulmaqla ümumi
təhsilin yeni konsepsiyasının, yəni Milli Kurikulum sənədinin işlənib
hazırlanması, məqsəd və vəzifələrin
yeni təfəkkür baxımından
formalaşdırılması, fənlərin məzmununun
konseptual müddəalarının
müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda
standart məfhumunun reallığa çevrilməsi
mühüm nailiyyətlərdir. Azərbaycan
hökumətinin təsdiq etdiyi "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədini, eləcə
də bu konseptual sənədin tələblərinə
uyğun hazırlanıb təsdiq olunmuş ibtidai siniflər
üçün fənn kurikulumlarını
diqqətlə nəzərdən keçirən hər bir
şəxs ümumi təhsildə kök salmış
köhnə baxışlarla yeni yanaşmaların fərqini
dərhal başa düşə bilər. Təhsilin
əvvəlcədən müəyyən olunmuş
nəticələr və bunların əsasında
formalaşdırılmış dövlət tələbi
olan məzmun standartları üzərində qurulması
məhz yeni pedaqoji təfəkkürün
təcəssümüdür. Milli Kurikulumda
təsbit olunmuş ümumi təhsilin hər bir pilləsi
üzrə ümumi nəticələr, bunlara görə
hər bir pillədə tədris olunan fənlər
üzrə nəticələr fənn kurikulumlarında
siniflər üzrə təlim nəticələrinin və
standartların müəyyənləşdirilməsində
bir növ açar rolunu oynayır, məntiqi
ardıcıllığın gözlənilməsinə
möhkəm zəmin yaradır. Təlim nəticələri,
başqa sözlə desək, məqsədlərdir və
onların konkret məzmun standartları formasında ifadə
edilməsi əldə olunması nəzərdə tutulan bilik
və bacarıqların minimum həddini özündə
ehtiva edir. Xarakterik cəhət həm də odur ki, məzmun
standartları özündə iki əsas komponenti-bilik və
fəaliyyət komponentlərini birləşdirir. Bu
standartların fəaliyyət hissəsinin bacarıqlar
şəklində verilməsi isə biliklərin
şagirdlər tərəfindən həqiqətən
mənimsənilməsini nümayiş etdirmək
zərurəti ilə bağlıdır. Biliklərin
nümayişi prosesində şagirdlərin tələb
edilən bacarıqlara, məsələn, idraki
(təhliletmə, müqayisəetmə,
əsaslandırma, əlaqələndirmə,
modelləşdirmə, planlaşdırma...),
informativ-kommunikativ (izahetmə, şərhetmə,
təqdimetmə, təsviretmə, ünsiyyətqurma...),
psixomotor (oxumaq, yazmaq, saymaq,
dəyişmək, hazırlamaq, tərtib etmək, qurmaq...)
bacarıqlara yiyələnməsi səviyyəsi real
surətdə üzə çıxır. Əgər
biliklərin mənimsənilməsi müvafiq
bacarıqların qazanılması ilə müşayiət
olunursa, təhsil artıq mahiyyət etibarı ilə
dəyərlər kompleksinə çevrilir. Müasir kurikulumların şəxsiyyətyönümlüyünü
şərtləndirən başlıca amil də məhz bu
cəhətdir.
Fənlər
üzrə təlimin məzmununun nəticə
standartlarında öz əksini tapması
çərçivə xüsusiyyətinə malik olmaqla
konkretlik yaradan əlamətdir. Buna görə də dərslik
və müəllimlər üçün vəsaitləri
hazırlayan mütəxəssislər istəsələr
belə standartların tələbindən kənara
çıxa bilməzlər. Nəticədə isə
dərslik və vəsaitlərin artıq materiallarla
yüklənməsi ehtimalı minimuma enir.
Məlum
olduğu kimi, yeni fənn kurikulumları
bu dərs ilindən I siniflərdən başlayaraq tətbiq
edilir. Digər siniflərdə isə təlim
ənənəvi qaydada tədris proqramları əsasında
həyata keçirilir. Kurikulumlarla
müqayisədə tədris proqramları yalnız fəsil,
bölmə və mövzulardan, tədrisə ayrılan
saatlardan ibarətdir. Şagirdlərin bilməli və
bacarmalı olduğu
məsələlər çox ümumi
şəkildə verilmişdir. Bu sənədlərdə nə
təlim nəticələri, nə də standartlar öz
əksini tapmamışdır. Ona görə də dərslik
müəllifləri zəruri olub olmamasına
baxmayaraq, öz mülahizələrinə görə
istədikləri bölmə və mövzuları
dərsliklərə daxil edirlər. İndiyədək
mövcud olan variativ dərsliklərdə
belə vəziyyət daha qabarıq nəzərə
çarpır. Məsələn, vaxtilə belə bir fakt
aşkara çıxarılmışdı ki, tədris planında
həftədə 1 saat vaxt ayrılan fənnə 400 səhifədən ibarət
dərslik yazılmışdı. Şübhəsiz, sonradan
onun həcmi azaldıldı, müəyyən
dəyişiklik aparıldı. Lakin belə vəziyyətin yaranması,
əlbəttə ki, standartların olmamasının
nəticəsi idi. Mən bir daha xatırlatmaq istərdim ki,
yeni yanaşmaya görə hər bir fənn üzrə
müəyyənləşdirilən bölmə və
mövzular təsadüfi xarakter daşıya bilməz, bunlar
standartlarda nəzərdə tutulmuş məzmunun reallaşdırılması
üçün bir vasitədir, başqa sözlə,
bölmə və mövzular şəxsi rəy və
mülahizəyə görə deyil, məhz standartların
tələbi əsasında müəyyən edilir, bu
prosesdə standartlar, bir növ indikator rolunu oynayır. Onu da
qeyd edim ki, fənn kurikulumlarında
təlim nəticələri və məzmun standartları
ilə yanaşı, eyni zamanda təlim strategiyaları,
fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri,
qiymətləndirmə standartları öz əksini
tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin
tədrisinin zəruriliyi
əsaslandırılmışdır. Bununla da həmin kurikulumlar təlim fəaliyyətində
ən vacib hesab olunan parametrləri özündə
birləşdirməklə konseptual xarakterli bir sənəd
kimi meydana çıxmışdır.
- Məzmunla bağlı yeni
yanaşmalar, bunların reallaşdırılması
üçün böyük zəhmətlə
ərsəyə gətirilən sənədlər və
onların tətbiqi, heç şübhəsiz, ciddi
maarifləndirmə tədbirlərinin aparılmasını
tələb edir. Bu barədə Sizin fikirlərinizi bilmək
maraqlı olardı.
- Ümumiyyətlə, bütün yeniliklərin,
nəzəri ideyalardan tutmuş onların tətbiqi
yollarına qədər əhatə olunan
məsələlərin ictimaiyyət arasında geniş
təbliği çox vacibdir, mən deyərdim ki,
islahatların uğurla həyata keçirilməsi, bu
prosesdə süni maneələrin yaranmaması
üçün başlıca amillərdən biridir. İlk
vaxtlar belə güman edilirdi ki, dünya
təcrübəsində sınaqdan çıxmış
ideyaların, müasir təhsil modellərinn
tətbiqi elə də ciddi fikir ayrılıqlarına
səbəb olmayacaqdır. Lakin işin gedişində
aydın oldu ki, hətta nüfuzlu hesab edilən bəzi
təhsil mütəxəssislərinin özləri belə
yenilikləri qəbul etmək istəmir, bu bir yana qalsın,
pedaqoji ictimaiyyətdə çaşqınlıq yaratmağa
çalışırdılar. Onların bir çoxu isə
elə əvvəldən seyrçi mövqe tutdular, bu gün
də gedən proseslərdən kənardadırlar. Halbuki
neçə-neçə titullara sahib həmin
alimlərdən biz çox şey gözləyirdik.
Əlbəttə,
köhnə təhsil ideologiyasından ayrılaraq
yenilikləri birdən-birə qəbul etmək çox
çətindir. Ancaq həyat inkişafdadır və
zamanın nəbzini tutub onun tələblərinə
uyğunlaşmaq zərurəti bütün
dövrlərdə təqdirəlayiq keyfiyyət hesab
olunmuşdur. Əslində, bütün yeniliklərə,
islahatlara aparan yol insanların təfəkküründən
keçir. Meydana çıxan yeni ideyalar
dünyagörüşünə çevrilməzsə,
onların həyata keçirilməsi mümkün ola
bilməz.
Bu
mənada Azərbaycanın ümumi təhsil sistemində
islahatlara başlanandan indiyədək kurikulum
anlayışının, təhsilin məzmununa verilən
müasir tələblərin, yeni təlim
strategiyalarının və qiymətləndirmə
mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət arasında
izahı və təbliği prosesini, obrazlı
şəkildə desək, daşlı-kəsəkli
çətin bir yola bənzətmək olar. Bununla
belə, başlanğıc
dövrlə müqayisədə bu sahədə
nailiyyətlərin ilbəil artması göz
qabağındadır. Yerlərdə keçirilən
müzakirələr, seminar və konfranslar, ibtidai sinif
müəllimləri və təhsil şöbələrinin
əməkdaşları, məktəb rəhbərləri
üçün ardıcıl təşkil edilən
öyrədici kurslar artıq öz bəhrəsini
verməkdədir. Son vaxtlar pedaqoji mətbuatda
müəllimlərin, təhsil şöbələri və
məktəb rəhbərlərinin metodik yazılarla
çıxış etməsi, yeni dərsliklər
əsasında məktəblərdə silsilə
nümunə dərslərinin təşkili belə
düşünməyə zəmin yaradır. Lakin
əldə olunan nailiyyətlər heç kimi
arxayınlaşdırmamalıdır. Biz
çalışmalıyıq ki, kurikulum
islahatlarının mahiyyəti və əhəmiyyəti, onun
tətbiqi mexanizmləri bütün müəllimlərə
və təhsili idarə edən şəxslərə
aydın olsun. Bu mənada ümumi təhsilə
rəhbərlik edən bütün qurumlar, xüsusilə
də yerli təhsil orqanları, məktəb
rəhbərləri bu vacib məsələni diqqət
mərkəzində saxlamalıdırlar. Biz məntiqi
cəhətdən tələbimizi belə
formalaşdırmışıq ki, yeni kurikulumların
tətbiqində hər hansı bir müəllimin
uğursuzluğu bilavasitə yerli təhsil orqanlarının,
onların metodkabinetlərinin və məktəb
rəhbərlərinin məsuliyyətsizliyinin nəticəsi
kimi qiymətləndiriləcəkdir.
- Hörmətli Misir müəllim, bir
qədər əvvəl Siz yeni dərsliklər
məsələsinə toxundunuz. İctimaiyyətin diqqət
mərkəzində olduğu üçün bir qədər
ətraflı məlumat verməyinizi xahiş edirik.
- Ölkəmizdə həyata keçirilən
yeni dərslik siyasəti, birmənalı olaraq, ümumi
təhsildə aparılan islahatların mühüm bir
istiqamətini təşkil edir. Artıq 2008-ci ildə başa
çatmış Təhsil Sektorunun İnkişafı
Layihəsinin birinci komponenti, yəni "ümumi orta
təhsilin keyfiyyəti və onun real tələbatlara
uyğunluğu" komponenti çox dəqiqliklə
düşünülmüş, "Kurikulum
islahatı", "Müəllim
hazırlığı" "Dərsliklər və
dərs vəsaitləri" alt-komponentlərindən
ibarət formalaşdırılmışdı. Məntiq
isə bundan ibarət idi ki, kurikulum
məzmunca dəyişilirsə, müəllim
hazırlığı metodologiyası da
dəyişməlidir, yeni məzmun yaranırsa, onu
köhnə dərsliklərlə tədris etmək olmaz,
mütləq kurikulumun tələbinə
cavab verən dərsliklər hazırlanmalıdır. Bununla
yanaşı, həm də qərara alındı ki, dərsliklərin
hazırlanması qaydalarında da dəyişikliklər
aparılsın və müasir dünya
təcrübəsinə uyğunlaşdırılsın. Ona
görə təyin olunmuş beynəlxalq
məsləhətçinin də tövsiyələri
nəzərə alınmaqla yeni dərslik siyasəti
sənədi hazırlandı və sənədin tətbiqi
Azərbaycan hökuməti ilə
razılaşdırıldı. Beləliklə,
ölkəmizdə dərslik hazırlığının
müasir modelinə keçid prosesi başlandı.
Yeni
dərslik siyasətində ən vacib
cəhətlərdən biri də nəzərdə tutulan
dərslik komplektlərinin konkret müəllifə (yaxud
müəlliflər qrupuna) verilən sifarişə
görə deyil, nəşriyyatlarla müəlliflər
arasında bağlanmış müqavilə əsasında
hazırlanmasıdır. Həm də bu komplektləri
qiymətləndirmək üçün Təhsil
Nazirliyində ilk dəfə olaraq görkəmli
alimlərdən və nüfuzlu təhsil
mütəxəssislərindən ibarət Dərslikləri
Qiymətləndirmə Şurası (DQŞ)
yaradılmışdır. Şuraya məşhur Moskva Dövlət
Universitetinin məzunu, BDU-nun dosenti, psixologiya elmləri
namizədi, Azərbaycan Respublikası Prezidenti Yanında
Təhsil Komissiyasının üzvü, Müasir
Təhsilə və Təlimə Yardım Mərkəzi
qeyri-hökumət təşkilatının Proqram direktoru E.Kazımzadə sədrlik edir. Prosedur belə müəyyənləşdirlib
ki, hazırlanmış komplektlər əlyazması
şəklində DQŞ-yə təqdim
olunur və xüsusi qaydada şifrləndikdən sonra
fənlər üzrə qiymətləndirməni həyata
keçirən işçi qruplarına verilir. Yekun
rəyə görə daha çox bal toplamış
maliyyə təklifi daha sərfəli olan dərslik komplekti
qalib hesab edilir. DQŞ və onun
nəzdindəki işçi qrupları tam sərbəst
və müstəqil fəaliyyət göstərir, onların
işinə heç kim müdaxilə etmir. Yəni
müdaxilə imkanı heç mümkün də deyildir.
Ona görə ki, həmin prosesdə məxfilik son
dərəcə yüksək şəkildə
gözlənilir. Bu dərs ilində I siniflərin
istifadəsinə verilmiş dərslik komplektləri tətbiq
edilən yeni modelin ilk nümunələridir.
Məqsədimiz
müasir yanaşmalar əsasında hazırkı
tələblərə cavab verən, ictimaiyyəti qane
edən, müəllimləri yaradıcı
fəaliyyətə, şagirdləri səmərəli
təhsil almağa istiqamətləndirən keyfiyyətli
dərslik komplektlərinin meydana çıxmasına optimal
şərait yaratmaqdan ibarətdir. Təəccüblü
də olsa, dərslik komplektlərinin
qiymətləndirilməsində proteksiya hallarına yol
verildiyini iddia edənlər də tapılır. Tam
əminliklə bildirmək istəyirəm ki, belə
fikirlərin heç bir əsası yoxdur, bunlar yalnız
ictimaiyyəti çaşdırmaq, islahatlara qara yaxmaq
məqsədi daşıyır. Əgər o cür hallar
olacaqdısa, bu qədər mürəkkəb mexanizm qurmaq
nəyə lazım idi?! Onu da deyim ki, dərslik
komplektlərinin müsabiqə qaydasında hazırlanması
prosesi elmi-nəzəri və praktik cəhətdən
hazırlıqlı, dərslik yaradıcılığı
sahəsində səriştəyə malik, müasir
düşünməyi bacaran, lakin indiyədək bizim
tanımadığımız xeyli sayda mütəxəssisi
meydana çıxardı. Müsbət haldır ki, onların
arasında məktəb müəllimləri
üstünlük təşkil edir. Demək, biz
gələcəyə ümidlə baxa bilərik və
güman edirəm ki, sonrakı mərhələlərdə
belə şəxslərin sayı daha artıq olacaqdır. Bu
cür vəziyyət isə bəzi adamların özləri
haqqında süni şəkildə yaratdıqları
əvəzolunmaz mütəxəssis obrazı haqqında
təsəvvürləri heçə endirir.
Təhsil
Nazirliyi məktəblərdə yeni dərslik
komplektlərinin tətbiqi prosesini diqqətlə izləyir.
Bizim üçün hər bir müəllimin, məktəb
rəhbərlərinin, hər bir pedaqoji kollektivin rəyi
çox önəmlidir. İndiyədək yerlərdə
keçirilmiş müzakirələrin nəticələri,
pedaqoji mətbuatda dərc olunmuş yazılar onu
göstərir ki, bu komplektlər maraqla və
rəğbətlə qarşılanır,
əvvəlkilərlə müqayisədə yeni
dərsliklərin üstünlükləri xüsusi qeyd
edilir. Lakin bu o demək deyil ki, həmin dərsliklər tam
təkmildir, nöqsanlı cəhətləri yoxdur. Onlar yeni kurikulumlar əsasında yazılan,
müəyyən edilmiş məzmun standartlarının
reallaşdırılmasını ehtiva edən ilk
təcrübələrdir. Bu isə indiki
mərhələdə o qədər də sadə
məsələ deyildir. Ona görə də
müəyyən nöqsan və çatışmazlıqların
olması təbiidir. Şübhəsiz, həmin
dərsliklər, müəllim üçün
vəsaitlər tənqidi rəy və təkliflər
nəzərə alınmaqla ilbəil
təkmilləşdiriləcək, keyfiyyət səviyyəsi
yüksəldiləcəkdir. Ən əsası odur ki,
dünya təcrübəsində tətbiq olunan
mütərəqqi mexanizm dərslik
yaradıcılığı sahəsində
fəaliyyətimizin əsasına çevrilmiş və
artıq dönməz xarakter almışdır.
Dərsliklərdən
danışarkən bir məsələyə də diqqəti
cəlb etmək istərdim. Şübhəsiz, dərslik
təlim prosesində müəllimin fəaliyyətini
istiqamətləndirən, şagirdləri biliklər
aləminə aparan ən zəruri vəsaitlərdən biri
hesab olunur. Lakin mənə elə gəlir ki, biz onun rolunu
həddən artıq şişirdirik. öz işini tələb
olunan səviyyədə qurmaq üçün
müəllimə dərsliklə yanaşı,
müxtəlif variantlı çoxlu sayda metodik
vəsaitlər, tövsiyə materialları lazımdır ki,
biz bunu, demək olar ki, arxa plana keçirmişik. Halbuki
inkişaf etmiş ölkələrdə bu
məsələyə daha çox diqqət yetirilir. Yaxud da,
məgər şagirdlər, xüsusilə də yuxarı
sinif şagirdləri yalnız dərsliklərdəki
məlumatlarla kifayətlənməlidirlər?! Axı biz
indiki dövrdə şagirdlərə
"öyrənməyi öyrətməyi"
qarşımıza məqsəd qoymuşuq, onlarda
məlumatlanmaq, məlumatları təhlil, müqayisə
və təsnif etmək, onları ümumiləşdirmək
və zəruri olanları seçə bilmək
bacarıqlarının formalaşdırılmasını kurikulumlarda əsas vəzifələrdən
biri kimi müəyyənləşdirmişik.
Demək,
müəllim şagirdlərə dərsliklərdə
yazılanları istiqamət götürməklə
onların əsasında yeni biliklər almağı təlqin
etməlidir. Bunun üçün isə layihələr,
kataloqlar, müntəxəbatlar, kompüter proqramları
formasında əlavə təlim vəsaitləri, o
cümlədən elektron tədris vəsaitləri
hazırlanmalıdır. Heç eşitmisiniz
ki, metodik vəsaitlərin, əlavə təlim
materiallarının hazırlanması ilə bağlı
mütəxəssislər arasında rəqabət
yaransın?! Əlbəttə, yox. Rəqabət yalnız
dərsliklərlə əlaqədardır. çünki
dərsliklərin çapına dövlət
tərəfindən maliyyə vəsaiti ayrılır.
Əlavə təlim-tədris materiallarının hazırlanması,
nəşri və yayılması üçün isə
maliyyə vəsaiti nəzərdə tutulmur. Ona görə
də bu vəsaitlər elə səviyyədə
hazırlanmalıdır ki, müəllimlər, məktəb
rəhbərləri onların potensial
sifarişçilərinə çevrilsinlər. Belə
məsuliyyəti isə hər müəllif öz üzərinə
götürmək iqtidarında deyildir.
Heç
şübhəsiz, dövrün tələblərinə cavab
verən məzmunun müəyyənləşdirilməsi,
keyfiyyətli dərsliklərin yaradılması ilə
məsələ bitmiş hesab edilmir. Ən vacib problem bu
məzmunu reallaşdıran, həmin dərsliklərlə
işləməyi bacaran müəllimlərin
hazırlanmasıdır. Mən bir qədər əvvəl
xatırlatdım ki, ötən layihədə
"Müəllim hazırlığı" "Kurikulum islahatı",
"Dərsliklər və dərs vəsaitləri"
alt-komponentləri ilə üzvi surətdə bağlanan
zəruri alt-komponent kimi nəzərdə tutulmuşdu.
Biz indiki
halda hazırda ibtidai siniflərdə işləyən
müəllimlərin kurikulum və yeni
dərsliklərin tətbiqi sahəsində
bacarıqlarının artırılması barədə
danışıb fikirləşirik, həmin istiqamətdə
ən zəruri tədbirləri həyata keçiririk. Qeyd
etdiyimiz alt-komponent çərçivəsində isə daha
qlobal məsələlər öz əksini
tapmışdır. Buraya həm ilkin müəllim
hazırlığı, eləcə də işləyən
müəllimlərin əlavə təhsili sahəsində islahatyönümlü tədbirlər daxil
edilmişdi.
Ötən
müddətdə müəllim hazırlığı
sisteminin yenidən qurulmasına, onun tələb olunan müasir
səviyyəyə yüksəldilməsinə
yönəlmiş Təhsil Nazirliyinin
hazırladığı "Fasiləsiz pedaqoji təhsil
və müəllim hazırlığının konsepsiya
və strategiyası" sənədi
Azərbaycan hökuməti tərəfindən təsdiq
olunmuşdur. Eyni zamanda bu sənədin
tələblərinə uyğun surətdə ibtidai sinif
müəllimlərinin hazırlığını təmin
edən yeni kurikulumlar tərtib olunmuş
və onlar eksperiment qaydasında 3 pilot ali təhsil
müəssisəsində - Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Müəllimlər İnstitutu və Gəncə
Dövlət Universitetində tətbiq edilir. Bunlarla
yanaşı, müəllimlərin praktik
hazırlıqlarının, pedaqoji ünsiyyət və
idarəetmə bacarıqlarının formalaşmasına
xidmət göstərən və Azərbaycan təhsili
üçün tamamilə yeni olan təhsilin əsasları
fənninin dərsliyi üzərində işlər artıq
başa çatdırılmaqdadır.
Müəllim
hazırlığı sistemində pedaqoji
işçilərin əlavə təhsili-ixtisasartırma
və yenidənhazırlanma təhsili xüsusi yer tutur.
Fasiləsiz təhsilin mühüm komponenti olan əlavə
təhsilin forma və məzmunca yeniləşdirilməsi
istiqamətləri bayaq qeyd etdiyim konseptual sənəddə
ətraflı işıqlandırılmışdır. Son
vaxtlar əlavə təhsilin keyfiyyətcə
yaxşılaşdırılması sahəsində Azərbaycanda
fəaliyyət göstərən bəzi beynəlxalq
təşkilatlarla, o cümlədən YUNİSEF, Britaniya
Şurası, Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi və digər qurumlarla birlikdə bir sıra
əməli tədbirlər həyata keçirilsə də,
həmin sənədin müddəalarının praktik
fəaliyyətdə reallaşdırılması
üçün çox ciddi işlər
görülməlidir. Bizi düşündürən əsas
məsələ ixtisasartırma təhsilini müəllimlərin
maraqlarına, tələbatlarına uyğun qurmaqdan
ibarətdir. İxtisasartırma təhsilinin məzmunu
yerlərdə ehtiyac ödənilmədən
müəyyən edilirsə, bu, son nəticədə
formalizmə gətirib çıxarır. Hesab edirəm ki,
ixtisasartırma təhsilinin əsasını pedaqoji innovasiyaların, müasir təlim
strategiyalarının tətbiqi, qabaqcıl
təcrübənin təbliği təşkil etməlidir.
Əgər müəllim ixtisasartırma kurslarında ali
məktəbdə öyrəndiklərinin təkrarını
eşidəcəksə, belə kurslar onu heç vaxt cəlb
etməyəcəkdir. Həm də hesab edirəm ki, orta ixtisas
təhsilli müəllimlər üçün həmin
kurslar onların elmi-nəzəri və metodiki
hazırlığını dövrün tələbləri
səviyyəsində təmin edən kurikulumlar
əsasında ayrıca keçirilməlidir.
- Cənab nazir, yeni kurikulumların
yaranması ilə əlaqədar şagird
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
müasir modelin müəyyən edilməsi də hazırda
aktual vəzifə kimi qarşıda dayanır. Bu
barədə Sizin mülahizələriniz geniş ictimaiyyət
üçün maraqlı olardı.
- Çox təəssüf ki, Sovet
təhsil sistemində şagirdlərin təlim
nəticələrinin qiymətləndirilməsinə
səthi münasibət bəslənilmiş, əslində
qiymətləndirmə formal xarakter
daşımışdır. Nəyi qiymətləndiririk
və nə üçün qiymətləndiririk sualı,
düzünü desək, təhsil
mütəxəssislərini dərindən
düşündürməmişdir.
"Şagird
nailiyyətlərinin qiymətləndirilməsi"
pedaqoji anlayış kimi təhsil leksikonuna yaxın
illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji
aləmdə "şagirdlərin bilik, bacarıq və
vərdişlərinin qiymətləndirilməsi"
anlayışı işlədilmişdir. Bununla belə,
qiymətləndirmə dedikdə, bir qayda olaraq,
şagirdlərin gündəlik (cari)
qiymətləndirilməsi başa
düşülmüşdür. Belə
qiymətləndirmə növü isə həddən
artıq zərərlidir və mahiyyət etibarı ilə
heç bir əhəmiyyət kəsb etmir.
Təsəvvür edin ki, şagird, məsələn, kimya
fənnindən dərs ilinin birinci yarısında iki
dəfə qiymət almış və onun yarımillik
qiyməti həmin iki qiymətin əsasında
çıxarılmışdır. Halbuki yarımil
ərzində kimyadan xeyli mövzu keçilir. Belə
çıxır ki, bütövlükdə yarımillik
mövzuların şagird tərəfindən öyrənilib
mənimsənilməsi vəziyyəti müəyyən
olunmamış qalır. Bir qədər ətraflı
təhlil aparsaq görərik ki, hər hansı bir
fəndən dərs ili ərzində bir neçə
(tədris planındakı həftəlik saatların miqdarına
görə 2-3, 3-4 yaxud 5-6) qiymət alan şagird imtahana
buraxılır. Bu yerdə haqlı sual meydana
çıxır: illik təlim materiallarının heç
olmasa 60-80 faizinin mənimsənildiyinə əminlik, etibarlı əsas yoxdursa, həmin şagirdi
necə və hansı məntiqlə sinifdən-sinfə
keçirmək və ya imtahana buraxmaq olar?!
Diqqətə
çatdırdığım bu fikirlər neçə
ildən bəri apardığımız müşahidə
və təhlillərin, qabaqcıl müəllim və
məktəb rəhbərləri ilə keçirdiyimiz
diskussiyaların nəticəsində gəldiymiz
qənaətlərdir. Bu sahədə bir neçə
inkişaf etmiş ölkənin təcrübəsini də
öyrənmişik. Bütün bunların yekunu olaraq
Təhsil Nazirliyi tərəfindən "Şagird nailiyyətlərinin
qiymətləndirilməsi konsepsiyası" adlı
sənəd hazırlanmış və bu yaxınlarda
Azərbaycan hökuməti həmin sənədi təsdiq
etmişdir.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi çox
geniş və əhatəli prosesdir. Bu proses sadəcə
şagirdin nail olduğu təlim nəticələrinin
səviyyəsini müəyyənləşdirməyə
deyil, bütövlükdə təhsilin keyfiyyətinin yülsəldilməsinə xidmət edir.
Başqa sözlə, qiymətləndirmə keyfiyyəti
idarə edən mühüm bir amil kimi meydana
çıxır.
Davamlı
və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin
qiymətləndirilməsi prosesində şagirdlərin
fəaliyyətlərinin daim nəzarətdə
saxlanılması, onların irəliləyişlərinin,
yaxud geriləmələrinin izlənilməsi və bu
məqsədlə monitorinqlərin aparılması ciddi
tələb kimi qarşıya qoyulur. Məhz həmin
monitorinqlərin nəticələri təlim prosesinin optimal
qurulması, müəllimlərin işinin
təkmilləşdirilməsi, habelə kurikulumlarda
və dərsliklərdə zəruri dəyişikliklərin
olunması haqqında müvafiq qərarlar qəbul
etməyə imkan verir.
Göründüyü
kimi, qiymətləndirmə məsələlərinə yeni
yanaşmanın meydana gəlməsi məktəbdaxili
qiymətləndirmənin də forma və məzmunca
dəyişdirilməsini tələb edir. Biz yalnız
qiymət almaq naminə oxumağı
şərtləndirən cari qiymətləndirmədən
imtina etməklə üzərlərinə
düşən funksiyalara münasibətdə həm
şagirdlərin, eləsə də müəllim və
məktəb rəhbərlərinin məsuliyyətini
yüksəldən xüsusi qiymətləndirmə
formasının tətbiqinə nail olmağı
qarşıya məqsəd qoymuşuq. Hazırda belə bir
qiymətləndirmə modelinin hazırlanması üzrə
işlər başa çatdırılmaqdadır.
Bir
məsələni də qeyd etmək istərdim. Bildiyiniz kimi,
yeni fənn kurikulumlarında məzmun
standartları ilə yanaşı, qiymətləndirmə
standartları da öz əksini tapmışdır. Həmin
standartlar məzmun standartlarında ifadə edilmiş təlim
nəticələrinə şagirdlərin hansı
səviyyədə nail olmalarını
qiymətləndirməyə xidmət edir. Bununla
əlaqədar dünya təcrübəsinə uyğun
surətdə qiymətləndirmənin hazırda 4
səviyyədə aparılması təklif edilmişdir. 1
və 2-ci səviyyələr əksər şagirdlər, 3
və 4-cü səviyyələr isə müvafiq olaraq
istedadlı və daha istedadlı şagirdlər
üçün nəzərdə tutulur.
Bununla
belə, etiraf etmək lazımdır ki, məzmun
standartlarının reallaşdırma səviyyəsini əks
etdirən bu cür qiymətləndirmə
standartlarının hazırlanması və tətbiqi
sahəsində kifayət qədər bu
səriştəyə malik olmaq üçün daha ciddi
çalışmaq, toplanmış təcrübəni daha da
artırmaq tələb olunur. Ona görə də
ayrı-ayrı fənlər üzrə bu gün
üçün müəyyən edilmiş
qiymətləndirmə standartlarının növbəti
illərdə qismən dəyişdirilməsi, onların
üzərində dəqiqləşdirmələr aparılması
təbii qəbul olunmalıdır. Eyni zamanda standartlarda
təsbit olunmuş biliklər daşıdıqları
mahiyyətə görə 3 kateqoriyaya (deklarativ,
prosedural, kontekstual)
bölündüyündən onların
reallaşdırılması üzrə tələb edilən
bacarıqlar da fərqli müəyyən edilir.
Məsələn, deklarativ biliklər
bilavasitə yaddaşa əsaslanır, zəruri
informasiyaların, təriflərin, terminlərin
mənimsənilməsini nəzərdə tutur. Ona
görə də bu proses "bilmə"
və "anlama"
fəaliyyətləri ilə əlaqədar olur. Prosedural biliklər tətbiq, kontekstual
biliklər isə
tədqiqatçılıq, yaradıcılıq
fəaliyyəti ilə bağlıdır.
Göründüyü kimi, biliklərə görə
fəaliyyətin, necə deyərlər, xüsusi
çəkisi müxtəlif olduğundan onların
hamısını 4 səviyyə ilə
qiymətləndirməyə bəlkə də ehtiyac yoxdur. Bu
mənada axtarışların və tədqiqatların
genişləndirilməsi çox vacibdir. Həm də
fənlər üzrə məktəbdaxili
qiymətləndirmə ilə standartların
mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi
arasında məntiqi əlaqəni ehtiva edən
sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki,
ehtiyac vardır. Belə olan halda şagirdlərin təlim
nəticələrinin məzmun standartlarının
tələblərinə cavab verməsi vəziyyəti daha
aydın görünər.
- Cənab nazir, Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin icrasına
artıq başlanılmışdır. Bu layihədə kurikulum islahatları, ümumiyyətlə, bu
prosesin davam etdirilməsi istiqamətləri necə
müəyyən olunmuşdur?
- İkinci layihədə bu
məsələlər "Kurikulum
islahatının davam etdirilməsi və kurikulumun
tətbiqinə dəstək"
alt-komponenti çərçivəsində həyata
keçiriləcəkdir. Bildiyiniz kimi, 2008-ci ilin noyabrında
Bakı şəhərində Dünya Bankının
nümayəndələrinin iştirakı ilə layihənin
başlanmasına həsr olunmuş 2-günlük
seminar keçirilmiş, layihəni əhatə edən
bütün alt-komponentlər, eləcə də kurikulum islahatı ilə bağlı
alt-komponent üzrə nəzərdə tutulan tədbirlər
geniş şərh edilmişdir.
Birinci
layihədə kurikulum islahatları
yalnız ümumi təhsil sistemini əhatə edirdi.
İkinci layihədə isə bu alt-komponent xeyli
genişləndirilmiş, burada məktəbəqədər
təhsil və texniki peşə təhsilində də kurikulum islahatlarının
reallaşdırılması nəzərdə tutulmuşdur.
Həmin tədbirlər bilavasitə möhtərəm
Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları
ilə 2007-ci ildə təsdiq edilmiş
məktəbəqədər təhsilin
yeniləşdirilməsi, texniki peşə təhsilinin
təkmilləşdirilməsi sahəsində Dövlət
proqramlarından qaynaqlanır və onların uyğun
müddəalarının yerinə yetirilməsinə
istiqamətlənmişdir.
Layihəyə
görə bu alt-komponent 2008-2014-cü
illəri əhatə etməklə çox geniş
tədbirlər spektrinə malikdir. Tədbirlər paralel olaraq
bir neçə istiqamətdə aparılacaqdır. Buraya V-XI siniflər üzrə fənn kurikulumu layihələrinin
təkmilləşdirilməsi, müzakirəsi və
təsdiqi, məktəbəqədər və texniki
peşə təhsili kurikulumlarının
hazırlanması ilə əlaqədar bütün
təşkilati və əməli işlər, o
cümlədən xarici ölkə təcrübələrinin
öyrənilməsi, xarici ölkələrə tədris
və təlim səfərlərinin təşkili,
hazırlanmış kurikulum
layihələri əsasında pilot
müəssisələrdə sınaqların
keçirilməsi, bu müəssisələrin
işçiləri üçün öyrədici təlim
materiallarının, metodik tövsiyələrin tərtibi və
s. daxildir. Alt-komponent formalaşdırılarkən
maarifləndirmə tədbirlərinə ciddi diqqət
yetirilmişdir. Bu məqsədlə yerlərdə zonalar
üzrə maarifləndirmə mərkəzlərinin
yaradılması, məlumat xarakterli bukletlərin, təqvim
nümunələrinin və digər bu kimi materialların
hazırlanması nəzərdə tutulur.
Onu da deyim
ki, "Kurikulum" jurnalı
maarifləndirmə tədbirlərinin həyata
keçirilməsində mühüm rol oynamalıdır.
Müsbət haldır ki, nəşrə
başladığı vaxtdan keçən müddətdə
jurnal pedaqoji ictimaiyyət arasında populyarlıq qazanmışdır.
Burada dərc olunan məqalələr yenilikçi ruhu ilə
seçilir. Ancaq jurnal gələcəkdə praktik yönümünü xeyli
gücləndirməlidir. Bu, indiki mərhələdə
müəllimlər, məktəb rəhbərləri
üçün çox vacibdir. Eyni zamanda aktual
məsələlərə həsr olunmuş rubrikalar
açılmalı, yerlərdəki təcrübənin
işıqlandırılmasına lazımi diqqət
yetirilməlidir.
2009-cu
ildə kurikulum islahatları miqyas
etibarı ilə geniş vüsət alacaqdır.
Qarşıda bizi çox ciddi işlər gözləyir.
Əminəm ki, Azərbaycan dövlətinin yaxından
dəstəyi ilə qarşıya qoyulan vəzifələr
uğurla həyata keçiriləcək, təhsilimizin
inkişafı naminə yaradılan bütün imkanlardan
səmərəli istifadə olunacaqdır.
- Hörmətli nazir, maraqlı
müsahibə üçün sağ olun.
"Kurikulum"
jurnalı, 2009, N 1.