“Yeni Müsavat”. - 2009. – 24 fevral. - ¹ 49. - S. 12.
BƏLƏDİYYƏLƏR
HÖKUMƏTİN HƏDƏFİNDƏ
Yerli
özünüidarəetmə orqanlarının
qanunsuzluqları rəsmi qurumları dilə gətirib
Xəbər verdiyimiz kimi, 2007-ci
il noyabrın 1-dən sonra bələdiyyələr
tərəfindən satılan torpaqlar dövlət
qeydiyyatına alınmayacaq. Daşınmaz Əmlakın
Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov
ötən həftə jurnalistlərə
açıqlamasında deyib ki, qanunsuz torpaqların
rəsmiləşdirilməsi üçün
vətəndaşlar Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi nəzdində yaradılan hərrac
komissiyalarına müraciət etməlidir.
A.Qaraşov vurğulayıb ki,
vətəndaşın bələdiyyədən
aldığı torpaq üçün ödədiyi
xərcləri nəzərə alınmaqla mülkiyyətin
rəsmiləşdirilməsi üçün hüquqi forma
tapılmalı və əhaliyə hüquqi yardım
göstərilməlidir. O, həmçinin dolayısı
ilə bələdiyyələri qanunsuz yolla torpaq satmaqda suçlayıb. Qeyd edib ki,
bələdiyyələr torpaqları iki yolla satıb: birinci
halda torpaqların qanunsuz satışı müvafiq orqanlarla
razılaşdırılmayıb. İkinci halda isə
belə razılaşma olub.
Xatırladaq ki, bir müddət
əvvəl Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov da
bələdiyyələri qanunsuz torpaq satışında
ittiham etmişdi. Komitə rəhbəri dövlət, o
cümlədən bələdiyyə mülkiyyətində
olan torpaqların icarəyə verilməsində, alqı-satqı işlərində digər
qanun pozuntuları ilə yanaşı, qanunvericiliklə
müəyyən edilən növbəliyə əməl
olunmadığını söyləmişdi. Q.Məmmədov
deyirdi ki, “Torpaq icarəsi” və “Torpaq bazarı”
haqqında qanunlarda torpaqların bilavasitə icarəyə,
mülkiyyətə verilməsi ilə yanaşı,
hərraclar və müsabiqələr vasitəsilə
ayrılması nəzərdə tutulsa da yerli icra
hakimiyyətləri, bələdiyyələr indiyədək
torpaqların yalnız bilavasitə ayrılmasına
üstünlük veriblər.
Diqqətə çatdıraq
ki, ümumiyyətlə, son illər
bələdiyyələrin adı Azərbaycanda korrupsiyalaşmış qurumlar arasında
ön sıralarda çəkilir.
Ekspertlər deyir ki,
bələdiyyələr bir çox hallarda özləri
məqsədli şəkildə korrupsiyaya getmirlər:
“Bakıda, rayon mərkəzlərində, eyni zamanda turizm
üçün cəlbedici olan torpağın qiymətinin
yüksək olduğu ərazilərdə
bələdiyyələr özbaşına 1 kvadratmetr də
torpaq sata bilmirlər. Digər tərəfdən, heç bir
bələdiyyə sədri icra hakimiyyəti orqanının
razılığı olmadan vətəndaşa torpaq sata
bilməz”.
“Bələdiyyələr torpaqları sata və ya
istifadəyə verə bilməzlər” yönündə
səsləndirilən fikirlər düzgün deyil. Görünür,
bu, müəyyən adamlara xeyir edir".
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin
Regional komissiyasının üzvü, millət vəkili Tahir
Rzayev dedi. O bildirdi ki, torpaqların satışı və
icarəsi zamanı qanunvericiliyin tələblərinə
əməl olunmalıdır: “Qanunvericilikdən kənarda
müəyyən hüquqi, normativ aktlar pozularaq
bələdiyyə torpaqları verilibsə, təbii, bu hallar
düzgün deyil. Fikrimcə, torpaq üzərində
mülkiyyət hüququ bələdiyyəyə aiddirsə
və bələdiyyənin mülkiyyətinə verilibsə,
o torpağın sahibi bələdiyyədir. Ancaq 2007-ci ilin
dekabr ayının 1-də ”Bələdiyyə torpaqlarından
istifadə edilməsi haqqında" qanuna
dəyişikliklər edildi. Qərara alındı ki,
bələdiyyə torpaqları hərraclar,
müsabiqələr yolu ilə istifadəyə,
icarəyə və ya mülkiyyətə verilə bilər.
Həmin dövr ərzində müəyyən hərrac
komissiyaları, əsasnamələr hazırlanmalı,
qanunvericilik aktlarına dəyişikliklər edilməli idi.
Bundan sonra onun işlənmə mexanizmi hazırlanmalıydı.
O dövrdə, əlbəttə,
nəzərdə tutulurdu ki, torpaqlar verilməsin.
Həmin müddətdə nəzərdə tutulan
qanunvericiliyə uyğun olmayaraq kimə torpaq verilibsə, bu,
düzgün deyil. Amma bundan əvvəl də
bələdiyyələr torpaqları icarəyə,
mülkiyyətə veriblər.
Bunu kim deyə bilər ki, qanunsuzdur? Bəziləri deyir ki,
bələdiyyələrin səlahiyyətləri
dayandırılıb. Onlar torpaqları verə
bilməzlər. Bu düzgün deyil".
Leyla
ƏLİYEVA