Bizim yol. - 2009. – 23 fevral. - ¹ 41 - S. 4.

 

Bərzaninin adamları niyə gəlmişdi?

PKK-ya yardım edən şəxsin nümayəndələrini bura həmin terror təşkilatının simpatizanı Tahir Süleymanov gətiribmiş

 

«İraqın kürd muxtariyyətinin rəsmi nümayəndələri Bakıya gəliblər». Bu xəbər «Yeni Müsavat» qəzetində bir neçə gün əvvəl dərc olunmuşdu. Öz mənbəsinə istinad edən qəzetin bu xəbərində bildirilmişdi ki, İraq Kürdüstanının nümayəndə heyətini Azərbaycana «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleymanov gətirib: «Mənbənin sözlərinə görə, Bərzaninin adamları «Elit» hotelində qalırlar. Nümayəndə heyətinə İraq Kürdüstanının İdman Nazirliyinin nümayəndələri və kürdlər tərəfindən formalaşdırılan Türkmən Mədəniyyət Mərkəzinin rəhbərləri daxildir… Mənbənin bildirdiyinə görə, Tahir Süleymanov kürd hökumətinin Bakıda daimi nümayəndəliyini açmaq istəyir. Ona bu işdə hakimiyyətdə təmsil olunan bir sıra məmurların da yaxından yardım etdikləri bildirilir».

Daha sonra məqalədə yazılmışdı ki, redaksiya Tahir Süleymanovla əlaqə saxlayıb və o, faktı təsdiqləyərək belə deyib: «İraqın Azərbaycandakı səfirliyinin dəvəti ilə Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri Cövdət Nəccar Bakıdadır. Mənim uzun illər zəhmətimin bəhrəsi nəticəsində İraq türkmənlərinin ölkəmizə səfərini təşkil edə bildim». Yazıdan o da məlum olur ki, Tahir Süleymanov «Bərzaninin adamları» ilə qəzetin kollektivini də görüşdürəcək və sonrakı sayında dərc olunan informasiyadan və Nəccarın redaksiya əməkdaşları ilə çəkdirdiyi şəkildən də bəlli olur ki, Tahir Süleymanov  vədinə əməl edib.

 

İnformasiyada belə yazılır: «Əslən İraq türkməni, kərküklü olan və hazırda Şimali İraq muxtariyyəti başçısının müavini və idman naziri vəzifəsində çalışan Cövdət Nəccar Bakıya səfərə gəlib. İraqlı qonaq dünən “Yeni Müsavat”ın müsafiri oldu. Cövdət Nəccar redaksiyamızın ofisi ilə tanış oldu, əməkdaşlarla görüşdü. Onunla əməkdaşlarımızın ünsiyyətində demək olar ki, heç bir problem yox idi. Öz ana dilində danışan Cövdət bəy həm də bizim dildə danışmış olurdu».

İraqlı nazirlə bağlı bu informasiyadan da göründüyü kimi, o, sadəcə olaraq, Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri və İraq Kürdüstanı hökumətinin naziri deyil, daha yüksək statusa sahibdir - Şimali İraq muxtariyyətinin başçısının, yəni Məsud Bərzaninin müavinidir. Bu baxımdan, qəzetin onu da Bərzaninin adamlarından biri kimi təqdim etməsi təəccüblü deyil. Sadəcə, maraq doğuran odur ki, əvvəllər bu qəzetdə Məsud Bərzani PKK terror təşkilatına yardım edənlərdən biri, Azərbaycanda çıxan «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleymanov PKK simpatizanı kimi təqdim edilirdi. «Yeni Müsavat»ın 2008-ci il dekabr ayının 12-də çıxan sayında «BAKIYA YENİ KÜRD KÖZÜ BAŞLADI» başlığı altında dərc olunan məqalədə yazılır: «Dünən Bakıya onlarla kürd ailəsi gəlib. Bu barədə redaksiyamıza məlumat verən oxucularımız 20 avtomobildən ibarət maşın karvanının dünən səhər Bakının “Şamaxinka” adlanan ərazisində cəmləşdiyini söylədilər. Onların sözlərinə görə, əksəriyyəti mikroavtobuslardan ibarət olan bu karvandakı avtomobillərin bəzilərinin üzərində İraq Kürdüstanının gerbi olub. Xəbəri verən qaynaqlarımız bildirdi ki, xarici nömrə nişanlı avtomobilləri idarə edən sürücülər və onların sərnişinləri yaxalarına həmin gerbin əks olunduğu nişanlar taxıblar…İraq kürdlərinin ölkəmizə axınını təsadüfi saymaq qeyri-mümkündür. Bəlli olduğu kimi, Türkiyə tərəfi İraq və İraqın kürd muxtariyyətinin liderlərindən PKK düşərgələrinin qapadılmasını və terror qruplaşması rəhbərlərinin təhvil verilməsini tələb edir. İstər İraq prezidenti Cəlal Tələbani, istərsə də kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyə ilə konfliktə girməkdə maraqlı deyil. İraq Kürdüstanının müstəqilliyinə nail olmağa çalışan hər iki lider Türkiyə qarşısında Şimali İraqda PKK-nın fəaliyyətinə imkan verməyəcəkləri barədə öhdəlik götürüb. İraq kürdlərinin liderlərinin PKK simpatizanlarını başqa ölkələrə yerləşdirməkdə maraqlı olması da sirr deyil. İraq və Türkiyə kürdlərinin ölkəmizdə yerləşdirilməsinin arxasında hakimiyyətdə olan kürd qruplaşmasının durması da hamıya məlum olan həqiqətdir. Güman olunur ki, kürd liderləri İraqda olan PKK yanlı kürd ailələrinin əhəmiyyətli hissəsini ölkəmizdə məskunlaşdırmaq üçün iqtidardakı tərəfdarları ilə razılığa gəliblər.

Sonda onu da bildirək ki, Azərbaycan iqtidarında təmsil olunan bir sıra məmurlar separatçı kürdləri açıq şəkildə müdafiə edir. Azərbaycanda PKK-nı təbliğ edən “Diplomat” qəzeti nəşr edilir».

«Yeni Müsavat»ın başqa bir məqaləsində isə belə yazılır: «Son günlər separatçıların (PKK-çılar nəzərdə tutulur-red.) Dağlıq Qarabağda məskunlaşacağını təxmin edən türk ordusunun bu ərazini bombalayacağı da istisna deyil. Azərbaycandakı PKK simpatizanlarını ən çox narahat edən də elə budur. İndi onlar Azərbaycanda ideoloji təxribatlardan çəkinməyəcək. Bu təxribatların önündə isə Bakıda nəşr olunan separatçı “Diplomat” qəzeti durur. Sərbəst şəkildə nəşr edilən və PKK-nı təbliğ edən “Diplomat” bir qədər əvvəl Türkiyə mətbuatının da diqqətini cəlb edib. Məsələn, “Qlobal yorum” adlı internet jurnalı bu qəzetin fəaliyyəti haqda geniş məqalə yayıb. Səbahəddin Talu adlı yazarın məqaləsində bildirilir ki, Bakıda 2000-ci ildən nəşrə başlayan bu qəzet kürdçülük və PKK ideyalarını təbliğ edir. Qəzetin redaktoru Azərbaycan vətəndaşı olan Tahir Süleymanovdur. “Tahir Süleymanovun son vaxtlar fəaliyyətinin əsas hissəsini İraqın şimalındakı kürd muxtariyyətinin qurulması təşkil edir. O, 2005-ci ildən başlayaraq İraqın şimalındakı kürd liderləri ilə əlaqələrini genişləndirməyə başlayıb. Dəfələrlə İraqda olub və kürd liderləri ilə geniş reportajlar hazırlayıb”- deyə məqalədə bildirilir.

Jurnal “Diplomat”ın İraqdakı kürd liderləri ilə bağlı məqalələrindən geniş sitatlar dərc edib. Bildirilir ki, T.Süleymanov yazılarının birində Kərkük və Ərbili kürd şəhərləri kimi təqdim edib. Həmçinin qəzetdə Türkiyənin cənub-şərq və şərq bölgələrinin, Azərbaycanın Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının kürd vilayətləri olduğu yazılır, “müstəqil Kürdüstan” dövləti ideyası təbliğ edilir.

“Diplomat”ın rus versiyası Bakıdakı PKK tərəfdarları, o cümlədən işğal altında olan Kəlbəcər, Qubadlı və Laçın rayonları sakinləri arasında yayılır. Məqalədə yazılır ki, “Diplomat” PKK-nın Türkiyədəki siyasi qolu kimi tanınan Demokratik Toplum Partiyası liderlərini də təbliğ edir: “Göründüyü kimi, bu qəzet İraq və Türkiyədəki kürdçü çevrələri təmsil edir və təbliğatlarını əsasən Türkiyəyə qarşı yönəldir. Ancaq təəssüf ki, buna qardaş Azərbaycandakı məlum kəsim tərəfindən dəstək verilir».

Burda maraq doğuran odur ki, Məsud Bərzani PKK-ya hələ də yardım edirmi? Tahir Süleymanov Türkiyə və Azərbaycan üçün təhlükəli olan bu terrorçu qurumu hələ də təbliğ edirmi?

 

Siyasət şöbəsi