525-ci qəzet.-2008.-16 oktyabr.-N190.-S.1

 

Prezident seçkisinin ilkin nəticələri açıqlandı

MSK-nın BU GECƏ SAAT 02.00-a OLAN İLKİN MƏLUMATINA GÖRƏ, SEÇİCİLƏRİN 89.04 FAİZ SƏSİNİ TOPLAYAN İLHAM ƏLİYEV İKİNCİ DƏFƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLDİ

 

Dünən müstəqil Azərbaycan altıncı dəfə prezidentini seçib. Ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də keçirilib. Səsvermə hüququna malik seçicilərin 84,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz Mütəllibov qalib elan olunub. 1992-ci il iyunun 7-də keçirilən ikinci prezident seçkilərinin qalibi isə AXC sədri Əbülfəz Elçibəy olub. Seçicilərin 76,3 faizinin səsverməyə qatıldığı seçkilərdə Əbülfəz Elçibəy 59,4 faiz, digər namizədlər isə 38 faiz səs toplayıblar. 1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi ilə bağlı referendum keçirilib və səsverməyə qatılan 3 milyon 767 min 928 seçicinin 92,02 faizi dövlət başçısına etimad göstərməyib. Referendumdan sonra oktyabrın 3-nə təyin olunan növbədənkənar prezident seçkiləri həm də ən yüksək seçici fəallığı ilə yadda qalıb. Səsvermə hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi üçüncü prezident seçkilərində Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət başçısı seçilib. 1998-ci il oktyabrın 11-də Azərbaycanda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsverməyə 3 milyon 358 min 465 seçici qatılıb (seçicilərin ümumi sayının 79,18 faizi). Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər Əliyev növbəti müddətə prezident seçilib. Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə müstəqil Azərbaycan tarixində beşinci prezident seçkiləri keçirilib. Bu seçkilərdə adı seçici siyahılarına daxil edilmiş Azərbaycan vətəndaşlarının 71,23 faizi səsverməyə qatılıb. Seçkilərin nəticələrinə görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib gəlib. Dünən keçirilən prezident seçkilərində isə Azərbaycan xalqı 7 namizəd - YAP-ın namizədi İlham Əliyev, BAXCP-nin namizədi Qüdrət Həsənquliyev, Ümid Partiyasının namizədi İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev, Böyük Quruluş Partiyasının namizədi Fazil Qəzənfəroğlu və bitərəf namizəd Qulamhüseyn Əlibəyli arasında seçim edib. Dünən gecə Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçicilərin iştirakına dair sonuncu rəsmi məlumatı açıqlayıb. Lent.az-ın "Seçkilər" İnformasiya Mərkəzindəki əməkdaşının verdiyi məlumata görə, saat 19.00-dək ölkə üzrə 3 milyon 681 min 529 nəfər səsvermədə iştirak edib. Bu, seçicilərin ümumi sayının 75,65 faizi deməkdir. Ölkə üzrə ən yüksək seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb (92,2 faiz). Ən aşağı fəallıq isə 28 saylı Sabunçu 3-cü Seçki Dairəsində olub. Burada seçicilərin 57,56 faizi səs verib. Bu gün, gecə saat 2 radələrində MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, seçkinin ilkin nəticələrinə görə, İlham Əliyev 89,04 faiz, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 faiz, Qulamhüseyn Əlibəyli 2,22 faiz, Qüdrət Həsənquliyev 2,18 faiz, Fuad Əliyev 0,75 faiz və Hafiz Hacıyev 0,62 faiz səs toplayıblar.