«Azərbaycan».- 2008.- 30 aprel.-№91.-S.6.

 

Azərbaycanda məhkəmə sisteminin yaranması və inkişaf tarixi

 

Ramiz RZAYEV - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

 

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq ölkədə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranmasının 85 illiyi tamam olur.

Tarixi mənbələr əsasında demək olar ki, Azərbaycanda məhkəmələrin yaranması və təkamülü böyük bir inkişaf yolu keçmişdir. Azərbaycanda məhkəmələrin meydana gəlməsi və ədalət mühakiməsinin həyata keçirilməsi qaydaları ümumilikdə dünya təcrübəsində məhkəmələrin yaranmasının tarixi qanunauyğunluqlarından kənara çıxmır.

Məhkəmə münaqişə və mübahisələrin həlli proseduru kimi əsrləri əhatə edən qədim tarixə malikdir. Bizim günlərə qədər gəlib çatmış tarixi mənbələrə görə hüquq, o cümlədən hüququn tətbiq edilməsi Azərbaycanda dövlətçiliyin yaranmasından bəri mövcuddur.

Eramızdan əvvəl III minilliyin birinci yarısında Azərbaycan ərazisində on minillərlə mövcud olmuş ibtidai icma quruluşu dağılmağa və müxtəlif dövlət qurumları meydana gəlməyə başlamışdır. Bu dövlətlərin hər birində bu və ya digər formada hüquq və təbii olaraq hüquq normaları (şah fərmanları, sərəncamları və s.) olmuş və onlardan ədalət mühakiməsinin həyata keçirilməsində dövlət orqanları və din xadimləri tərəfindən istifadə olunmuşdur. Hələ eramızdan əvvəl V əsrdə yaşamış tarixçi - alim Herodot "Tarix" kitabında Azərbaycan ərazisində eramızdan əvvəl VIII-V əsrlərdə mövcud olmuş Midiya dövlətində məhkəmə hakimiyyətinin şah tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur.

VII-IX əsrlərdə Azərbaycanda ədalət mühakiməsi ibtidai formadan başlayıb inkişaf edərək özünün mühakimə formasına çatmışdır. O dövrdə məhkəmə istintaqının səciyyəvi cəhəti vəkillərin olması ilə fərqlənirdi.

Azərbaycan feodal münasibətlərinin sürətlə inkişaf etdiyi X-XII əsrlərdə məhkəmə ürfi və şəri (dövlət qanunları ilə yerli adət əsasında fəaliyyət göstərən məhkəmələr) olaraq iki yerə ayrılmışdır.

Ürfi məhkəmələrində siyasi cinayətlər, dövlət əmrinə itaət etməmək, inzibati işlər kimi cinayətlər mühakimə edilirdi. Digər işlərə isə Şəri məhkəmələrdə baxılırdı.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya cənubi Qafqazı öz imperiyasına birləşdirdikdən sonra Azərbaycanda çar Rusiyasında mövcud olan məhkəmə sistemi fəaliyyət göstərməyə başlamışdır. XIX əsrin ikinci yarısında hüquq sahəsində burjua münasibətləri tədricən Azərbaycanda da özünü təsdiq edirdi.

1864-cü ildə Azərbaycanda həyata keçirilən məhkəmə islahatının məhkəmə quruluşuna və məhkəmə prosesinə gətirdiyi dəyişikliklər bundan əvvəlki məhkəmə ənənələrindən və təcrübəsindən köklü surətdə fərqlənirdi. Yeni Məhkəmə burjua hüququ prinsipləri: qanun qarşısında bütün silklərin formal bərabərliyi, məhkəmələrin açıq keçirilməsi, hakimlərin müstəqilliyi, ittihamçının və müdafiəçinin çəkişməsi, məhkəmə orqanlarının sadələşdirilməsi əsasında qurulurdu.

XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi-iqtisadi və hərbi böhranın təsiri ilə Azərbaycanın ictimai-siyasi həyatında dəyişikliklər baş verir, tərəqqi, demokratiya və azadlıq ideyaları formalaşırdı. XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində olan Azərbaycan 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan edərək, Şərqdə ilk demokratik respublikanı yaratdı.

Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapdığı ilk günlərdən ölkədə məhkəmə sisteminin demokratik prinsiplər əsasında yaradılmasına böyük diqqət yetirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökumətinin tərkibinə Ədliyyə Nazirliyinin daxil edilməsi, məhkəmə-hüquq sisteminə göstərilən diqqətin nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri Xəlilbəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzəsi əsasında Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq, anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edilərək, Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin fəaliyyəti bərpa olunmuşdur.

Azərbaycan hökumətinin 14 noyabr 1918-ci il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan Məhkəmə Palatası yuxarı məhkəmə instansiyası orqanı hesab olunurdu. Onun səlahiyyət dairəsi bütün Azərbaycan ərazisini əhatə edirdi.

Azərbaycan parlamentinin 1918-ci ilin dekabrında keçirilmiş ilk iclaslarının birində yeni hökumətin proqram çıxışında baş nazir Fətəlixan Xoyski ədliyyə sistemində aparılacaq islahatlar barəsində hökumətin platformasından bəhs edərək, hökumətin ədliyyə sisteminə xüsusi diqqət yetirdiyini, heç bir dövlət orqanının məhkəməni əvəz edə bilməməsini, ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi əsasında həyata keçirilməsini, hakimlərin müstəqil və yalnız qanuna tabe olmalarını bəyan etmişdir. Bundan sonra Azərbaycan parlamentinin 14 aprel 1919-cu il tarixli qanununa müvafiq olaraq Azərbaycan Respublikasının ərazisindəki bütün hərbi alaylarda hərbi məhkəmələr yaradılmışdır.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində bir çox mütərəqqi qanunlar qəbul etsə də, Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməyə imkan vermədi və bu səbəbdən də demokratik Cümhuriyyət Azərbaycan Respublikasında vahid məhkəmə sistemi qurmağa müvəffəq ola bilmədi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 79 illik yubleyində ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Demokratik Respublikası bir çox dəyərli işlər görmüş və Azərbaycan müstəqil respublika kimi yaşamağa başlamışdır. Ancaq Azərbaycan ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməyə imkan verməmişdir. Bununla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikası hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olunmasına gətirib çıxarmışdır".

1920-ci il aprelin 28-də Azərbaycanda bolşeviklər hakimiyyətə gəlmiş və Azərbaycan Hərbi İnqilab Komitəsi Azərbaycanı müstəqil sovet sosialist respublikası elan etmişdir. Bununla əlaqədar olaraq məhkəmə sistemində əvvəllər mövcud olmuş məhkəmə aparatı ləğv edildi.

Azərbaycanın İnqilab Komitəsinin 29 aprel 1920-ci il tarixli dekreti ilə Azərbaycan SSR-də Ali İnqilabi Tribunal yaradıldı. Ali İnqilabi Tribunal yuxarı məhkəmə orqanı kimi işlərə həm kassasiya, həm də nəzarət qaydasında baxmaq səlahiyyətinə malik idi. Azərbaycanın İnqilab Komitəsi 12 may 1920-ci ildə Azərbaycanda vahid məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan "Xalq Məhkəmələri haqqında" ilk dekret qəbul etdi. 1920-ci ilin may-sentyabr aylarında demək olar ki, Azərbaycan SSR-nin bütün ərazilərində xalq məhkəmələri yaradıldı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 9 dekabr 1922-ci il tarixli sessiyasında "Azərbaycan SSR Məhkəmə quruluşu haqqında" ilk Əsasnamənin qəbul edilməsi ilə əlaqədar olaraq 1 mart 1923-cü il tarixdən etibarən bütün inqilabi tribunallar, xalq hakimləri Şurası, mühüm cinayət işləri üzrə Xalq məhkəmələri və respublika Ədliyyə Komissarlığı yanında Ali məhkəmə nəzarəti şöbəsi ləğv edildi, əvəzində Azərbaycan SSR Yuxarı Məhkəməsi, Bakı, Gəncə dairə (mahal) məhkəmələri, həmçinin xalq məhkəmələri yaradıldı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1925-ci il 3 yanvar tarixli Qanunu ilə Azərbaycan SSR-in Yuxarı Məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə çevrildi.

"Məhkəmə quruluşu haqqında" 6 iyul 1927-ci il tarixli yeni Əsasnaməyə görə sovetlər dövründə Azərbaycan SSR Ali Məhkəməsi respublikanın bütün məhkəmə orqanları üçün ali nəzarət orqanı və kassasiya instansiyası hesab edilirdi.

SSRİ-nin ikinci Konstitusiyasının qəbulu ilə əlaqədar olaraq 1937-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul olundu. Konstitusiyanın X fəsli Azərbaycan SSR-də məhkəmə və prokurorluq orqanlarının təşkili və fəaliyyətinə həsr olunmuşdur. Yeni Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Azərbaycan SSR-də ədalət mühakiməsi - Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi, DQMV-nin Vilayət Məhkəməsi, SSRİ Ali Sovetinin qərarı ilə yaradılmış SSRİ-nin xüsusi məhkəmələri və xalq məhkəmələri tərəfindən həyata keçirilirdi. Konstitusiyaya əsasən Azərbaycan SSR Ali Məhkəməsi ən yüksək məhkəmə orqanı olmaqla, bütün məhkəmə orqanlarının məhkəmə fəaliyyətinə nəzarəti həyata keçirmək səlahiyyətinə malik idi. Bütövlükdə ədliyyə orqanlarının, o cümlədən bütün səviyyələrdə məhkəmələrin səlahiyyət, aidiyyat və fəaliyyət məsələlərini daha dürüstləşdirmək məqsədilə SSRİ Ali Sovetinin 1958-ci ilin dekabr ayının 25-də keçirilmiş sessiyasında "SSRİ Müttəfiq və Muxtar Respublikaların Məhkəmə quruluşu haqqında qanunvericiliyin Əsasları" qəbul edildi. Buna uyğun olaraq "Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında" 1960-cı il 8 dekabr tarixli Qanun qəbul edildi. Həmin Qanuna əsasən Ali Məhkəmənin səlahiyyətinə aşağıdakılar daxil idi:

a) qanunla ona aid olan mülki işlərə və cinayət işlərinə birinci instansiya məhkəməsi qismində baxmaq;

b) Azərbaycan SSR-nin bütün məhkəmə orqanlarının məhkəmə fəaliyyəti üzərində nəzarət etmək;

c) Məhkəmə orqanlarının bütün fəaliyyəti üzərində rəhbərlik, təftiş və nəzarəti, habelə məhkəmə statistikasının aparılmasını həyata keçirmək.

Azərbaycan SSR Ali Məhkəməsi həm də qanunvericilik təşəbbüsü hüququna malik idi.

Məhkəmə sahəsində islahatlar ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə daha uğurla həyata keçirilməyə başlandı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Ədliyyə Nazirliyi yenidən təşkil olundu və Azərbaycan SSR Ali Məhkəməsindən başqa Azərbaycan SSR-də bütün səviyyələrdə olan məhkəmələrə, təşkilatı rəhbərlik və məhkəmə idarəçiliyi işi Azərbaycan SSR Ədliyyə Nazirliyinə həvalə olundu.

1981-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada "Məhkəmə quruluşu haqqında" yeni Qanun qəbul edildi. Bütün bunlar digər dövlət orqanları ilə yanaşı, hakimiyyətin ən mühüm strukturlarından biri olan məhkəmə orqanlarının inkişaf etməsinə və möhkəmlənməsinə zəmin yaratdı.

Məhkəmə quruluşu haqqında 8 dekabr 1960-cı il tarixli Qanuna nisbətən "Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında" 16 iyun 1981-ci il tarixli qanun daha geniş, daha mütərəqqi idi. Yeni qanuna görə Azərbaycan SSR məhkəmə sistemi Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi, Bakı Şəhər Məhkəməsi, DQMV-nin Vilayət Məhkəməsi, rayon (şəhər) xalq məhkəmələrindən ibarət təşkil olundu.

Bu qanuna görə insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə yolu ilə müdafiəsi prosesi xeyli möhkəmləndirilmişdir. "Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında" bu Qanunla Azərbaycan SSR Ali Məhkəməsinin səlahiyyət dairəsi daha da genişləndirilmişdir.

Məhkəmə hakimiyyətinin problemlərindən danışarkən qeyd etmək lazımdır ki, sovet hakimiyyəti dövründə müstəqil və sərbəst məhkəmə hakimiyyəti mövcud olmamışdır. Bu, kommunist partiyası və icra orqanlarının məhkəmə fəaliyyətinə müdaxiləsi ilə əlaqədar idi.

Tarixin XX əsrdə Azərbaycan xalqına bəxş etdiyyi töhfələr içərisində 1991-ci il 18 oktyabrda respublikamızın öz müsətiqilliyini elan etməsi və 1993-cü ilin iyun ayında ümummilli lider, ulu öndər Heydər Əliyevin yenidən ölkəmizə rəhbərliyə qayıtması ən önəmli hadisələrdəndir. Çünki bu iki mühüm hadisə bir-birini tamamlamaqla vəhdət təşkil edir. Bir tərəfdən müstəqillik sevincini yaşayan Azərbaycan, digər tərəfdən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində son dərəcə ağrılı problemləri yaşamış və hələ də yaşamaqdadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü, daxildə gedən çəkişmələr, vətəndaş müharibəsi dalğası az qala vətənimizi nəinki öz müstəqilliyini itirmək, hətta ölkəni parçalanmaq təhlükəsi qarçısında qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu xalq özünün müdrik oğlu, dövlətçilik sahəsində böyük təcrübəyə malik, bütün həyatını Azərbaycan xalqına və vətənimizin çiçəklənməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin respublikaya ali dövlət hakimiyyətinə qayıtmaqda görürdü.

Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması bir tərəfdən insan hüquqlarının, digər tərəfdən isə beynəlxalq humanitar hüquq normalarının ciddi pozuntuları ilə müşayiət olunurdu.

- İnsanların yaşamaq hüququndan danışarkən, minlərlə insanın, həm də müharibədə iştirak etməyən mülki əhalinin vəhşicəsinə öldürülməsini və yalnız milli əlamətlərinə görə həyatdan məhrum edilməsini;

- heç kəsin işgəncəyə məruz qalmamaq hüququndan danışarkən, doğma yaşayış yerlərindən çıxarılmaq məqsədi ilə milli əlamətlərinə görə yüzlərlə insana qarşı işgəncə, qeyri insani və alçaldıcı rəftarın tətbiq olunmasını, əsirlikdə və girovluqda saxlanılan yüzlərlə insan barədə yaxınlarının məlumat ala bilməməsini;

- mülkiyyət hüququnun müdafiəsindən danışarkən, bir milyon insanın evlərindən didərgin salınmasını;

- sərbəst hərəkət azadlığından danışarkən, insanların artıq 20 il ərzində öz evlərinə, dədə-baba yurdlarına getmək imkanından məhrum olmalarını xatırlamamaq olmur.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycana münasibətdə ermənilər tərəfindən hər iki hüquq sahəsinin normaları pozulmuşdur.

Avropa Şurasının nümayəndələrini qəbul edərkən respublikanın Prezidenti, ümummilli lider Heydər Əliyev həmin məsələlərə diqqəti cəlb edərək demişdir: "Hər bir fərdin hüququ qorunmalıdır və təmin olunmalıdır, ancaq əgər insanların hüququ kütləvi şəkildə pozulursa, hüquqları tapdalanırsa bu məsələ daha çox diqqət cəlb etməlidir və buna münasibət daha üstün xarakter daşımalıdır".

Bütün bu problemlərə baxmayaraq Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu inamla davam etdirdi.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Qərbin mütərəqqi və qabaqcıl təcrübəsindən istifadə etməklə ölkədə hüquqi islahatların aparılmasının vacibliyini vaxtında ön plana çəkdi. Ölkədə hüquqi quruculuq sahəsində ilk mühüm addım ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə atılmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Milli Konstitusiyamız Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmiş, onları gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə orqanlarının borcu olması təsbit olunmuşdur.

Yeni Konstitusiya demokratik cəmiyyətin fəaliyyət göstərməsi və inkişafının gələcək modelinin hüquqi əsasını müəyyən etdi. Bu inkişafın əsas komponenti aşkar, ədalətli, effektiv ədalət mühakiməsinin yaradılması məqsədi ilə olan məhkəmə hüquq sisteminin islahatıdır.

Ölkədə hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə respublika Prezidenti, ümummilli lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası yaradıldı. "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" Azərbaycan Respublikası Prezidenti, ümummilli lider Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli Fərmanı ilə hüquqi dövlət quruculuğunda müstəqil və güclü məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı və onun Əsasnaməsi təsdiq edildi.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikası Məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında" 17 iyun 1999-cu il tarixli Fərmana əsasən Azərbaycanda qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda yeni üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başladı.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sisteminin təkmilləşdirilməsi və inkişafı sahəsində böyük işlər görülmüşdür. Onun hakimiyyətdə olduğu dövrdə bu sahəyə ayırdığı diqqət və qayğı Azərbaycanın müstəqillik dövrünün siyasi-hüquqi konsepsiyasının mənbələrindən biri kimi dəyərləndirilməyə layiqdir.

Təməli ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və başlıca məqsədi insan və vətəndaş hüquq və azadlıqların müdafiəsinə yönəldilmiş məhkəmə hüquq islahatları bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitə uyğun olaraq böyük uğurla davam etdirilir.

Ölkəmizdə iqtisadi inkişafın geniş vüsət alması və sosial həyatın yüksək sürətlə inkişafı, respublikamızın beynəlxalq aləmdə nüfuzunun durmadan artması və onun dünya birliyinə geniş infeqrasiyası məhkəmə sisteminin daim təkmilləşdirilməsini gündəmdə saxlamağı tələb edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və gündəlik qayğısı ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi işində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Respublikanın Prezidenti tərəfindən 28 dekabr 2004-cü il tarixdə imzalanmış "Məhkəmə Hüquq Şurası haqqında" Qanuna müvafiq olaraq respublikada məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarını həyata keçirən Məhkəmə Hüquq Şurasının səlahiyyətləri daha da genişləndirildi. Bu qanuna əsasən Məhkəmə Hüquq Şurasına əvvəlki Əsasnamədə göstərilən vəzifələrdən əlavə vakant hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələlərin həlli səlahiyyətləri verilmişdir. Qeyd olunan qanunun tələblərinə əsasən Məhkəmə Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçkisini keçirmək məqsədi ilə Hakimlərin Seçki Komitəsi formalaşdırıldı.

Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsini tutmaq üçün hakim olmayan şəxslərin sənədlərini qəbul edir, şəffaf şəkildə onlara test üsulu ilə yazılı və şifahi imtahanları təşkil edir, hakim vəzifəsinə namizədləri Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzində ilkin uzun müddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlığını müəyyən edir. Bu, dünyanın bir sıra qabaqcıl ölkələrində qəbul olunmuş ən mütərəqqi seçim qaydası olmaqla beynəlxalq normaların tələblərinə tam uyğundur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev demişdir: "Bildiyiniz kimi, Azərbaycanda iqtisadi islahatlar çox sürətlə aparılır, ölkəyə xarici sərmayə qoyulur və bu göstəriciyə görə Azərbaycan bölgədə birinci dövlətdir... Əlbəttə ki, məhkəmə sisteminin müasir olması xarici investorlara daha da böyük inam verir".

Bunun bariz nümunəsi kimi möhtərəm Prezidentimiz tərəfindən imzalanmış "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 19 yanvar 2006-cı il tarixli Fərmanı ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu Fərmanda məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafına uyğun olaraq vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onların narazılığına səbəb olan sui-istifadə və süründürməçilik hallarının aradan qaldırılması məqsədi ilə regionlarda apellyasiya və yerli iqtisad məhkəmələrinin yaradılması və digər mühüm sahələrlə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinə Aparatın strukturu və fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə mühüm tədbirlərin görülməsi, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə olunmuşdur. Fərmanın icrası ilə əlaqədar olaraq apellyasiya instansiya məhkəmələrinin yerli əhaliyə daha əlverişli olan şəraitdə fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı və Şəki şəhərlərində apellyasiya məhkəmələri yaradılmışdır. Bundan əlavə sosial-iqtisadi inkişafın gündən-günə artması, yeni iqtisadi münasibətlər formalaşması və digər amillərlə əlaqədar olaraq yarana biləcək iqtisadi mübahisələrin vaxtında həll edilməsi məqsədi ilə mövcud yerli iqtisad məhkəmələrindən əlavə Bakı şəhərinin 2 saylı İqtisad Məhkəməsi, Sumqayıt, Gəncə, Əli Bayramlı və Şəki şəhərlərində yerli iqtisad məhkəmələri yaradılmışdır.

Eyni zamanda Fərmana uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsi yaradılmışdır.

Fərmandan irəli gələn proqram xarakterli tövsiyələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin düzgün və vahid qaydada tətbiqi məsələsinə dair" məsələ müzakirə olunmuş, bununla əlaqədar respublika məhkəmələrinə tövsiyələr verilmişdir.

Etiraf etmək lazımdır ki, müstəqil hakimlərsiz insan hüquqlarının səmərəli müdafiəsi mümkün deyildir. Hakimlərin müstəqilliyi olmadan hüquqi dövlət mümkün deyil və əksinə dövlətlərin tarixi təcrübəsi göstərir ki, hüquqi dövlətsiz, real, möhkəm hakimlik müstəqilliyi də ola bilməz.

Azərbaycan Respublikası Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyini və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmışdır. Dövlətin Avropa Şurasının üzvü olması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından ilkin olaraq Azərbaycan vətəndaşları faydalanmaqdadır. Artıq vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və digər hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir.

Ədalət mühakiməsini həyata keçirən hakimlər beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri çox önəmlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi səviyyəsi elə qurulmalıdır ki, məhkəmə cəmiyyətin şüurunda dövlət iradəsinin ifadəçisi kimi məcburiyyət və güc orqanı deyil, cəmiyyət üzvlərinin maraqlarını ifadə etməklə, vətəndaşların qanun icraçılarının özbaşınalığından müdafiəsini təmin etməyə tam cavab verə bilən orqan kimi qəbul olunsun. Etiraf etmək lazımdır ki, bu gün ədalət mühakiməsinin qabaqcıl nümunələri mövcud olan inkişaf etmiş demokratik ənənələrə malik ölkələrin nümunəsində Azərbaycanda buna bənzər səmərəli məhkəmə sisteminin qurulmasına yönəlmiş səylər bu işin nə qədər çətin olmasını əyani göstərir. Müasir hakim elə formalaşmış şəxsiyyət olmalıdır ki, tətbiq etdiyi qanun normasının demokratik dəyərlərini və üstünlüklərini qiymətləndirməyə, habelə qanun norması ilə zamanın tələbi arasında körpü yaratmaq qabliyyətinə malik olsun. Məhz qanunlara və onların tətbiqinə canlı vücud kimi bu tərzdə yanaşma, cəmiyyətin tərəqqisinə təkan verməklə qanunların aliliyini daha mükəmməl şəkildə təsdiq etmiş olardı.

Demokratik cəmiyyətdə məhkəmənin üzərinə düşən vəzifə əsasən qanunların tətbiqi və şərhindən ibarətdir ki, bunun əsasında da sözün geniş mənasında cəmiyyətdə haqq - ədalətin hansı səviyyədə olması müəyyənləşdirilir.

Ölkənin Ali Məhkəməsinin rolu, daha dəqiq desək onun əsas təyinatı milli hüququn ümumavropa məcrasında inkişaf etdirirlməsində görünür. Məhz Ali Məhkəmə ölkənin qanunvericiliyinə, Strasburq Məhkəməsinin hüquq sisteminə və geniş təcrübəsinə arxalanaraq ölkəmizdə müvafiq məhkəmə təcrübəsinin yaradılması və istiqamətləndirilməsini təmin etməlidir. Avropa Konvensiyasının izahı və tətbiqi ilə bağlı xüsusi rola malik olan Ali Məhkəmənin üzərinə böyük məsuliyyət düşür. Ali Məhkəmə Avropa Məhkəməsinin təcrübəsindən istifadə edərək, milli qanunları inkişaf etdirməli və onun tətbiqi təcrübəsini daha da zənginləşdirməlildir. Ali Məhkəmə şəffaflıq nümunəsinə çevrilməlidir. Mən bunu təkcə məhkəmə statistik göstəricilərinin ümumi sayı və ya cari məhkəmə təqvimləri haqqında məlumatlar kimi deyil, iş materialları və məhkəmə qərarları ilə tanış olmaq mümkünlüyü, məhkəmə qərarlarının proses iştirakçılarının iştirakı ilə məhkəmə zalında elan olunmasını başa düşürəm. Məhkəmə hakimiyyətinə inamın yaranmasının bir cəhətini də məhkəmə proseslərinin aşkarlığı təşkil edir. Biz son vaxtlar bu sahədə müəyyən işlər görmüşük.

Mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün Ali Məhkəmədə spiker - hakimlər müəyyənləşdirilmiş, onlar kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırır və zəruri məlumatları onlara verirlər. Məhz belə yanaşma vətəndaşların ədalət mühakiməsinə inamını möhkəmlədir, demokratiyaya inteqrasiya dövründə bu xüsusilə vacib əhəmiyyət kəsb edir.

İstərdim ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun beynəlxalq hüquq normalarının tətbiqinə həsr olunmuş qərarını xüsusi olaraq qeyd edim. Həmin qərarda birmənalı və dəqiq göstərilir ki, insan hüquqları üzrə Avropa Konvensiyasının müddəalarının pozulma hallarının qarşısını almaq məqsədilə onun tətbiqi Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi və presedentlərinin tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə Ali Məhkəmənin hakimləri tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri üçün Bakı şəhərində və regionlarda Məhkəmə Hüquq Şurası ilə birlikdə seminar və treninqlər, zona məşğələləri keçirilmişdir. Ali Məhkəmədə mütəmadi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və müzakirəsi təşkil olunmuşdur. Bu sahədə Ali Məhkəmə bir sıra beynəlxalq təsisatlar - Avropa Şurası, ATƏT-in Bakı ofisi, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir.

Bizi düşündürən məsələlərdən biri də milli qanunvericiliyimizin təkmilləşdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsünə malik olması bu sahədə bizim üçün imkanlar açır. Son vaxtlar Ali Məhkəmə tərəfindən bir sıra Məcəllələrin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün müəyyən işlər görülmüş, qanunvericilik təşəbbüsü qaydasında həmin Məcəllələrə müəyyən dəyişikliklərin edilməsi tövsiyə edilmişdir.

 

Hər bir insan qanun qarşısında bərabərdir. Məhkəmənin qəbul etdiyi bütün qərarlar ədalətli olmalıdır. Ədalətsiz qərar insanların taleyinə təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyətə məruz qalırlar. Eyni zamanda, cinayət törətmiş insanlar da məsuliyyətdən yayınmamalıdırlar. Hər bir cinayətin müvafiq cəzası olmalıdır. Bununla bərabər, günahsız insanlar heç vaxt ədalətsiz qərarların qurbanları olmamalıdırlar. Bu, məhkəmə sisteminin əsas prinsipləridir və əminəm ki, ölkəmizdə bu sahədə aparılan işlər və görülən tədbirlər qısa müddət ərzində öz nəticələrini verəcəkdir.