“Azərbaycan”.-2008.-31 iyul.-N167.-S.3.

 

Azərbaycan dili təlimi ideyasının görkəmli nümayəndələri və ilk ana dilli məktəblər

 

XIX əsr Azərbaycan məktəbi tarixi ana dili təlimi ideyasının meydana gəlməsi və inkişafı baxımından mühüm bir dövr kimi səciyyələndirilir. Bir neçə əsr Azərbaycanda hökmranlıq edənlər yerli əhalinin ana dili təliminə həmişə etinasız yanaşmışlar. Onlar ölkədə islam ideologiyasını yaymaq və möhkəmləndirmək məqsədilə dilimizi assimilyasiya etmişlər. Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da ərəb və fars dilləri ədəbi dil sayılmış, dini, elmi, bədii əsərlər, əhali arasında rəsmi yazışmalar əsasən bu dillərdə qələmə alınmışdı. Bütün bunlara baxmayaraq xalqımız öz dilini mühafizə edib saxlamış, eyni zamanda, onun lüğət tərkibini və qrammatik quruluşunu zənginləşdirmişdir.

 

Azərbaycan dilinin qorunması və inkişafında bu dili sevən, bu dildə gözəl əsərlər yaradan görkəmli nümayəndələr - Həsənoğlu, İmaməddin Nəsimi, Xətib Təbrizi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Qövsi Təbrizi, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və başqalarının böyük rolu olmuşdur. Bu şair və yazıçıların əsərlərinin məktəb və mədrəsələrdə şagirdlər tərəfindən oxunması ana dilinin qorunub saxlanılmasına xeyli kömək etmişdir.

Ana dilində məktəb ideyasının ilkin olaraq meydana gəlməsində və əsaslandırılmasında bir sıra ədəbi məclislərin böyük rolu olmuşdur. XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Ordubad və başqa şəhərlərində yeniyetmələrdə doğma ana dilinə sevgi tərbiyə edən, Azərbaycan poeziyasına məhəbbət aşılayan və yüzlərlə gənc şairlərin formalaşmasında əvəzsiz xidmətləri olan ədəbi dərnəklər, məclislər mövcüd idi. Həmin məclislər sonralar XIX əsrin ikinci yarısında Azərbaycan şairlərinin bütöv bir nəslini yetişdirmiş əsl ədəbi məktəblərə çevrildilər. Belə məclislərdən biri XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov tərəfindən Qubada təşkil edilmiş "Gülüstan" ədəbi məclisi idi. Məclislərdən biri də Tiflisdə fəaliyyət göstərirdi. Bu, Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi, məşhur şair Mirzə Şəfi Vazeh tərəfindən 1844-cü ildə təşkil edilmiş "Divani-hikmət" məclisi idi. Burada iştirak edənlərin çoxu Mirzə Şəfinin şagirdləri və dostları idi. A.Bakıxanov ilə M.F.Axundov həmin məclisin fəal iştirakçılarından idilər. Burada yaxşı şeir yazmaq uğrunda müsabiqələr keçirilir, qızğın ədəbi və fəlsəfi müzakirələr aparılırdı. Belə ədəbi məclislər bəzən ayrı-ayrı məktəblərin nəzdində də təşkil olunurdu. 1838-ci ildə Ordubadda "Əncüməni-şüara", 1864-cü ildə Şuşada "Məclisi-üns" və az sonra "Məclisi-fəramuşan" ("Məclisi-xumuşam"), 1870-ci illərdə isə Şamaxıda "Beytüş-səfa", digəri isə Bakıda "Məcməüş-şüara" adı ilə fəaliyyət göstərmişdir. Bu məclislərdə Firdovsinin, Xəyyamın, Xaqaninin, Nizaminin, Sədinin, Hafizin, Nəvainin, Füzulinin əsərləri oxunur, həmin şeirlərə nəzirələr yazılır, ana dilində şeirləşmələr təşkil olunurdu.

Ədəbi məclisələrə dövrün tanınmış şair və ədibləri - görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi, şairə Xurşud Banu Natəvan, Seyid Əzim Şirvani, Mir Mövsum Nəvvab və başqaları rəhbərlik edirdilər. Bura istedadlı və yaradıcı gənclər cəlb edilir, onlara ana dilində şeir yaratmaq bacarığı və vərdişi aşılayır, yeni şairlər nəsli yetişdirilirdi.

Bir fakt xüsusi qeyd olunmalıdır ki, ana dili təlimi ideyasının meydana gəlməsində və inkişafında rus məktəbləri çox mühüm rol oynamışdır. Bu onunla izah edilir ki, XIX əsrin 30-cu illərindən başlayaraq yaradılan qəza məktəblərinin tədris planına Azərbaycan dili müstəqil fənn kimi daxil edilmişdir. 1200 il ərzində ərəb və fars dilləri tərəfindən sıxışdırılan Azərbaycan dili yalnız rus məktəbləri yarandıqdan sonra müstəqil fənn olaraq rəsmi şəkildə tədris edilməyə başlanmışdır. Düzdür, Azərbaycan dilinin dövlət məktəblərində məcburi fənn kimi tədrisi bir tərəfdən ölkədə ərəb və fars dilinin təsir dairəsini zəiflətmək idisə, digər tərəfdən rus millətindən olan şagirdlərin - ölkənin idarə edilməsi üçün hazırlanan gələcək məmurların bu dili bilməsi zərurətindən irəli gəlirdi. Bununla da Azərbaycan dilinin bütün Qafqazdakı ibtidai və orta məktəblərdə tədris edilməsi onun həyati əhəmiyyətini bir daha artırırdı.

XIX əsrin 70-ci illərinin irtica dövründə mürtəce qraf D.Tolstoyun maarif naziri təyin edilməsi ilə Azərbaycan dili məcburi fənlər cərgəsindən çıxarıldı. Lakin 1881-ci ildən mütərəqqi rus və Azərbaycan pedaqoji fikrinin təsiri ilə dilimiz yenidən ibtidai məktəblərin tədris planına daxil edildi.

Azərbaycan dilinin tədrisi və ana dili təlimi ideyasının sonrakı inkişafında Zaqafqaziya Müəllimlər Seminariyasının müstəsna rolu olmuşdur. Təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda bu seminariyanın xalq maarifi və məktəblərin inkişafı tarixindəki xidmətləri danılmazdır. Ana dili təlimi nəzəriyyəçilərinin böyük bir qrupu R.Əfəndiyev, S.Vəlibəyov, F.Köçərli, C.Məmmədquluzadə, N.Nərimanov, M.Mahmudbəyov, Ü.Hacıbəyov və onlarla başqaları məhz burada təhsil alıb yetişmişlər. Bu seminariyanın ətrafında toplanan mütərəqqi ruhlu pedaqoqlar K.D.Uşinskinin ardıcılları olan D.Semyonov, A.Çernyayevski və başqaları istər müəllim kadrları hazırlığında, istər ana dilində yeni dərsliklərin tərtibində, istərsə də tələbələrə ana dili təlimi ideyasını aşılamaqda böyük xidmətlər göstərmişlər.

Məktəb tarixçiləri Azərbaycan maarifçilərinin ana dili məktəbi uğrunda mübarizəsini iki dövrə bölürlər. Birinci dövr maarifçiliyin əsas nümayəndələri içərisində A.Bakıxanov ilə M.Ş.Vazehin, ikinci dövrdə isə M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, A.O.Çernyayevski, M.Şahtaxtlı, R.Əfəndiyev, F.Köçərli, C.Məmmədquluzadə, N.Nərimanov və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.

Birinciləri ilk maarifçilər adlandırırlar. Onların müəyyən proqramları olmasa da, əsas məqsədləri xalq kütlələri içərisində elmi, savadı yaymaq idi. A.Bakıxanovun 1832-ci ildə Bakıda məktəb açmağa təşəbbüs göstərməsi də məhz bununla bağlı idi. Sırf maarifçilik cəbhəsində çıxış etməsinə baxmayaraq A.Bakıxanovun dünyəvi məktəb açmaq təşəbbüsü ana dili məktəbi ideyasının gələcək inkişafında müsbət rol oynamışdı. Mirzə Şəfi Vazeh də gəncləri ruhani təhsilindən uzaqlaşdırmağa və müasir elmləri öyrənməyə çağırırdı. Onun ana dilində dərslik tərtib etməsi bu təlimin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.

Ana dili məktəbi uğrunda mübarizə XIX əsrin ikinci yarısında daha da güclənmişdi. Bu məsələ ictimai-siyasi hərəkatın tərkib hissəsi olmaqla Rusiyada geniş müzakirə obyektinə çevrilmiş və rus mütərəqqi pedaqoji fikri çarizmin mürtəce siyasəti əleyhinə olaraq ana dili təlimini əsaslı surətdə irəli sürmüş və müdafiə etmişdir. Rus inqilabçı demokratlarından N.Q.Çernışevski və böyük rus pedaqoqu K.D.Uşinski təlimin ana dilində aparılmasına müstəsna əhəmiyyət verirdilər. Onlar göstərirdilər ki, "...hər kəs ana dilini mənimsəməklə əcdadının fikir və hisslərini də mənimsəyir". Ana dilinin qüdrəti ondadır ki, uşaq yalnız sözləri, onların birləşmələrini və dəyişmələrini deyil, həm də saysız-hesabsız anlayışları, bir çox fikirləri, hissləri, bədii obrazları, dilin məntiqini və fəlsəfəsini də mənimsəyir.

Bu dövrdə ana dili təlimi ideyasının praktik olraq həyata keçirilməsinə ciddi cəhdlər göstərilmişdir. Bir qrup ziyalı rus dilində təhsil almasına baxmayaraq mütərəqqi pedaqoji fikrin təsiri ilə ana dilində məktəblər açır, proqram və dərsliklər tərtib edir, bu dilin tədrisini yaxşılaşdırmağa çalışırdı. XIX əsrin ortalarında və ikinci yarısında açılan ana dilli məktəblərdən biri Mirzə İsmayıl Qasirin məktəbi idi. Qasir təxəllüsü ilə məşhur olan bu şəxs Şirvanın Ləki kəndində anadan olmuşdur. O, gənclik illərində Cənubi Azərbaycanın bir sıra şəhərlərini gəzmiş, ərəb və fars dillərini mükəmməl mənimsəmiş, sonralar rus dilini öyrənmiş və 1840-cı ildə Qaradonlu sərhəd dairəsində tərcüməçilik etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarıdan olan Qasir dövrünün görkəmli maarifçiləri, o cümlədən M.F.Axundov, M.T.Sidqi, M.M.Nəvvab və başqaları, həmçinin qabaqcıl rus ədəbiyyatı və mədəniyyəti nümayəndələri ilə tanış olmuş, onlarla yaxından əlaqə saxlamışdır.

M.İ.Qasirin fəaliyyətində yeni üsullu məktəb açmaq ideyası xüsusi yer tutmuşdur. O, XIX əsrin ortalarında, təxminən 1848-ci ildə Talış mahalında məktəb açmış və burada ana dilindən dərs demişdir. Həmin məktəbin təşkilində görkəmli sərkərdə Səməd bəy Mehmandarovun atası, dövrün qabaqcıl ziyalı mülkədarı Mirzə Sadıq bəy Mehmandarovun böyük xidməti olmuşdur. Məhkəmə tərcüməçisi kimi Qarabağdan Lənkərana gələn Mirzə Sadıq bəy xalqın təhsilə olan ehtiyacını hiss edərək yerli ziyalıların yeni məktəb meylinə kömək etmiş, bu məqsədlə də Qasiri Qaradonludan Lənkərana dəvət etmişdir. O, burada ana dili ilə bərabər, rus və fars dillərini, ədəbiyyatı tədris etmiş, təbiət fənnindən ibtidai məlumat vermişdir. Qasir şagirdlərə məişətdə ən çox işlənən əməli yazılar - məktub, ərizə nümunələri yazmağı öyrətmiş və xüsusi məcmuə tərtib etmişdir. Bu materiallar əsasında 1894-cü ildə "Qanuni-Mirzə-İsmayıl-Qasir" adlı dərs vəsaiti yazmışdır. O, 18 il Lənkərandakı iki sinifli ibtidai məktəbdə ana dili və şəriət müəllimi vəzifəsində çalışmışdır. XIX əsrdə Lənkəran ziyalılarının böyük bir dəstəsi ilk təhsillərini Qasirin məktəbində almışlar.

Azərbaycan maarifçiləri içərisində Həsən bəy Zərdabinin xidmətləri misilsizdir. O, M.F.Axundovdan sonra ana dili təlimini inkişaf etdirərək yeni yüksəkliyə qaldırmışdır. Savad təlimi ideyasını irəli sürən Həsən bəy uşaqların ümumi təhsilini ana dilində dünyəvi məktəblər yaratmaqda görürdü və bunu dövrün tələblərinə müvafiq olaraq əsaslandırırdı. O, Azərbaycanda ana dilində təhsilin, eyni zamanda, qadın təhsilinin zəruri olduğunu bildirirdi. Həsən bəy pedaqoji fəaliyyətə 1865-ci ildə başlamışdır. 1869-cu ilin noyabrında Bakı realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilmişdir. H.Zərdabi yalnız dərs deməklə kifayətlənməmiş, o həm də azərbaycanlı balalarını məktəbə cəlb etmiş, tələbələrə maddi kömək məqsədilə bir tərəfdən teatr tamaşaları təşkil etmiş, digər tərəfdən də xeyriyyə cəmiyyətləri yaratmışdır. 1875-ci il iyul ayının 22-də Azərbaycanda ana dilində ilk milli mətbuatımız olan "Əkinçi" qəzetini nəşr etmişdir. Rusiyanın bir çox şəhərlərindən göndərilən təbrik teleqramlarında "Əkinçi" "maarif xəzinəsinin qapısı" adlandırılmışdır.

Həsən bəy Bakı realnı məktəbində 1878-ci ilə qədər işləmiş və "Əkinçi"ni də ancaq bu dövrdə çıxarmağa nail olmuşdur. Rusiya ilə Türkiyə arasında müharibənin başlanması, Dağıstanda olan üsyanlar nəticəsində "Əkinçi"nin üzərində senzor nəzarəti güclənmiş, Həsən bəyin özünün siyasi cəhətdən təhlükəli və etibarsız adlandırılması onun müəllimlikdən azad edilməsinə səbəb olmuşdur. H.Zərdabi ömrünün 16 ilini doğma Zərdab kəndində keçirmiş, mürtəcelərin təzyiqinə baxmayaraq orada məktəb açmağa təşəbbüs etmişdir. 1896-cı ildə Bakıya qayıdan Həsən bəy "Kaspi" qəzetində əməkdaşlıq etməklə 1897-ci ildən ömrünün sonunadək şəhər dumasında məktəb komissiyasının daimi üzvü olmuşdur. Həsən bəy Zərdabi ana dili məktəbləri ilə bərabər, dünyəvi təhsil uğrunda da mübarizə aparırdı.

XIX əsr Azərbaycan pedaqoji fikrinin görkəmli simalarından biri də Seyid Əzim Şirvani olmuşdur. Onun pedaqoji fəaliyyətə başladığı dövr 1860-1870-ci illərə təsadüf edir. Bu vaxt Şamaxı şəhərində ayrı-ayrı şəxslər tərəfindən açılmış məhəlli məktəblər mövcud idi. Onların bəzilərində təlimin məzmunu köhnə məktəblərdən fərqlənirdi. Belə təhsil ocaqlarından biri də Seyid Əzim tərəfindən 1869-cu ildə açılan xüsusi məktəb idi.

S.Ə.Şirvaninin pedaqoji fəaliyyəti daha iki məktəblə sıx bağlı olmuşdur. Bu məktəblərdən biri Bakı vilayəti ruhani məclisinin nəzarəti altında olan, 1874-cü ildə Şamaxıda açılan yarı dünyəvi və yarı ruhani məktəbi idi. Azərbaycanın məktəb tarixinə daxil olmuş bu təhsil ocağı özünün quruluşu, tədris planı və proqramı ilə fərqlənirdi. Uşaqlar dizi üstə yox, xüsusi skamyalarda otururdular. Dərs otağında yazı taxtası var idi. Məktəbin tədris planında ana dili əsas yer tuturdu. Məhz bu xüsusiyyətinə görə həmin təhsil ocağı Azərbaycan tarixində ilk nümunəvi ana dilli məktəb hesab edilir. Burada Azərbaycan və rus dilləri ilə yanaşı, ərəb və fars dillərinin tədrisi də aparılırdı. O vaxtlar hələ də ərəb və fars dilləri Azərbaycanda elmi və ədəbi dil kimi öz nüfuzunu saxlayırdı. Klassik Şərq ədəbiyyatı ilə tanışlıq üçün də bu dillər böyük əhəmiyyət kəsb edirdi. Lakin bununla belə, Seyid Əzimin məktəbi burada ərəb və fars dilləri tədris edildiyinə görə deyil, Azərbaycan və rus dilləri öyrənildiyinə görə məşhurlaşdı. Bunun nəticəsi idi ki, Şamaxının bəzi mühafizəkar adamları öz uşaqlarını mollaxanalardan çıxarıb həmin məktəbə gətirirdilər. Seyid Əzimin məktəbi 14 il fəaliyyət göstərdi. 1887-ci ildə mürtəce ruhanilərin təzyiqi və ağır maddi vəziyyətlə əlaqədar olaraq bağlandı. Bu dövrdə Seyid Əzim birinci və ikinci sinif şagirdləri üçün "Rəbiül-Ətfal" və "Tacül-Kütüb" adlı dərslik yazmış, "Şəriət" adlı dərs vəsaiti tərtib etmişdir.

M.F.Axundov, H.Zərdabi və onların ideya ardıcıllarının ana dili təlimi ideyası, S.Ə.Şirvaninin ana dili məktəbinin uğurları digər yerlərdə də yeni üsullu təhsil ocaqlarının yaranmasına təkan verdi. Belə məktəblərdən biri də XIX əsrin sonlarında dövrünün məşhur müəllimi və pedaqoqu, "Sidqi" təxəllüsü ilə tanınan M.T.Səfərovun məktəbi idi.

Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubad şəhərində ilk dəfə olaraq İbrahim xan mədrəsəsi adlanan binada ana dilində məktəb açmış və ona "Əxtər" (Ulduz) adı vermişdir. Burada yeni təlim və tərbiyə üsulları tətbiq edilirdi. Onun tədris planına ana dili, hesab, coğrafiya, hifsi-səhiyyə, fars və ərəb dilləri daxil idi. Şagirdlər partalarda otururdu. Ordubadda belə bir məktəbin açılmasını alqışlayan əhali 1894-cü ildə M.T.Sidqini Naxçıvana dəvət etməyi qərara aldı. O, burada "Məktəbi-tərbiyə" adlanan təhsil ocağı açdı. Onun mühüm xidmətlərindən biri də ilk dəfə "Pedaqogika" adlı dərsliyi tərtib etməsi idi.

XIX əsrin sonlarında ana dilində məktəb açan görkəmli müəllimlərdən biri də Mir Möhsum Nəvvab idi. O, ruhani təhsili almasına baxmayaraq ədəbi və pedaqoji fəalliyətində yeniliyə meyil edirdi. Nəvvab 1890-cı illərdə Şuşada yeni üsullu ana dili məktəbi açmışdır. Orada Azərbaycan dili və ədəbiyyatı, fars dili, təbiət elmləri üzrə fənlər tədris edilir, dünyəvi elmlərdən məlumat verilirdi. M.M.Nəvvab "Kəşf-ül-həqiqə", "Kifayət-ül-ətfal", "Vüzuh-ül-ərqam" və "Nəsihətnamə" adlı dörd dərsliyin müəllifi idi. Ana dilli məktəblərin inkişafında Firudin bəy Köçərlinin, Rəşid bəy Əfəndiyevin, Səfərəli bəy Vəlibəyovun, M.Mahmudbəyovun, M.Şahtaxtlının və başqalarının mühüm xidmətləri olmuşdur. Ona görə də XIX əsrin 80-ci illərindən başlayaraq Bakı, Şuşa, Naxçıvan, Şamaxı, Şəki və s. şəhərlərdə dövrün qabaqcıl ziyalıları tərəfindən ana dili məktəbləri yaratmaq cəhdləri get-gedə artmışdır. Bu təsir sonralar Tiflis və İrəvan kimi iri şəhərlərdə də özünü göstərmiş və kütləvi şəkildə yeni üsullu məktəblər meydana gəlməyə başlamışdır.

 

İ.ƏLİYEVA,