“Azadlıq”. - 2008. – 18 dekabr. -
¹285. - S. 9.
“Hakimiyyət ağlını
başına yığmalıdır”
Lalə
Şövkət: «Ömürlük prezidentlik kimi
boş-boş şeylərlə yox, ölkənin
problemləri ilə məşğul olmaq lazımdır»
«Məsuliyyətsiz,
milləti ilə hesablaşmaq istəməyən iqtidarların
axırı çox pis qurtarır»
Hazırda dünyanı qlobal
maliyyə böhranı məşğul etdiyi halda
Azərbaycanda hakimiyyət nümayəndələri indiki
ölkə başçısını ömürlük “taxt”da
saxlamaq planları üzərində baş
sındırır. Konstitusiyanı dəyişib bir
şəxsin iki dəfədən artıq prezident
seçilməsinə qoyulan məhdudiyyəti ləğv
etmək artıq parlament səviyyəsində
gündəmə gətirilib. Bu isə birmənalı
qarşılanmayıb. Azərbaycan Liberal Partiyasının
lideri Lalə Şövkətlə müsahibəmizə
hakimiyyətin bu niyyətilə
bağlı suallarla başladıq. Amma dünyanın
başlıca probleminə çevrilmiş qlobal maliyyə
böhranı barədə də danışdıq.
- Parlamentdə
prezidentin iki dəfədən artıq seçilməsinə
qadağa qoyan konstitusiya maddəsini ləğv etmək
məsələsi müzakirə olunub. Bu
müzakirələri necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda feodal
dövlət qurulur. Ölkə deqradasiyaya uğrayır
və 13-cü əsrin təfəkkürü ilə
yaşayır. Bu gün feodal monarxiya qurmaq Azərbaycan üçün
prioritet məsələyə çevrilib. Bu o deməkdir ki,
hakimiyyətdə oturanların təfəkkürü
geridə qalmış təfəkkürdür. Digər
tərəfdən, görünür, prezidentin
ətrafında hansısa narahatlıq
yaşanır. Çünki çoxlarının
əlləri korrupsiyaya, mənimsəmələrə o
qədər bulaşıb ki, sabahlarına ümidləri
yoxdur, gələcək üçün qorxu
keçirirlər. Belə olan halda onları rahat etmək
üçün belə bir addım atılır ki, heç
kim narahat olmasın, bu hakimiyyət ömürlükdür.
Bu, çox primitiv və nadanlıqdan gələn bir
təfəkkürdür. Ümumiyyətlə,
Azərbaycanı böhrana aparan, onu dünyada biabır
edən bir hərəkətdir. Çox təəssüf
edirəm ki, hakimiyyətdə olan insanlar bu məsələni
aktual etmək və ona bəraət qazandırmaq
üçün növbəyə dayanıblar. Onlar öz
bugünkü komfortlarına görə milləti də, dövləti
də qurban verməyə hazırdırlar.
Dəyərləri komforta dəyişənlər
üçün yada salmaq istəyirəm ki, adətən belələri tarixdə hər ikisindən
məhrum olurlar. Onlar bu gün tarixdən də
nümunələr gətirirlər. Buna nadanlıqdan başqa
heç bir ad verə bilmərəm. Demokratik, mədəni ölkələrdə
iki dəfədən artıq prezident seçilmir. Bu, bir
qanundur. Fransanı, Amerikanı misal kimi gətirirlər. Fransa
tarixində heç bir prezident iki dəfədən artıq
prezidentliyə namizədliyini irəli sürməyib. Hətta
keçən yüzilliyin ən dahi
siyasətçilərindən olan prezident De Qoll
ikinci müddətini də başa vurmayıb, könüllü
istefaya gedib. Bu il də Fransada konstitusiyaya belə bir
əlavə qəbul olunub ki, heç kəs iki
dəfədən artıq ardıcıl prezident
seçilə bilməz. O ki qaldı Amerikaya, belə bir
əlavəni Franklin Ruzveltdən
sonra 1947-ci ildə qəbul etdilər. Ruzvelt
Amerika tarixində ən önəmli rol oynayan prezident idi. O Amerikanı
dərin böhrandan çıxarıb
fövqəldövlətə çevirmişdi. Bununla
bərabər II Dünya Müharibəsi gedirdi və bu bir
istisna idi. Amma buna baxmayaraq, Ruzveltdən
sonra ABŞ ictimaiyyəti konstitusiyaya dəyişikliyi
tələb etdi və bu məhdudiyyət öz əksini
tapdı.
“Azərbaycan
bütün məsələlərdə Rusiyanı
yamsılayır”
Bir də demokratik, sivil,
mədəni ölkələrdə siyasi mədəniyyət
məsələsi var. Mədəniyyətin əsas
şərti hədd hissidir. O hiss hər bir insanın içində
olur. Əgər bu hissi yoxdursa, onda insana
mədəniyyətsiz deyirlər. Bu hədd hissi heç bir
mədəni, sivil ölkədə üçüncü
dəfə prezident olmağa istək yaratmayıb. Bu da siyasi
mədəniyyətlə bağlı məsələdir.
Mədəniyyətin isə yazılmamış qanunları
var. Ümumiyyətlə, mədəniyyət məhz
yazılmamış qanunlardan ibarətdir. Misal
üçün, mədəni insan asqıranda
ağzını bağlayır, bunun ki, yazılı qanunu
yoxdur. Bu bir adicə mədəniyyət məsələsidir.
Elə də siyasətdə. Yaltaqlıq, riyakarlıq
mədəniyyətsizliyin göstəricisidir.
Təəssüf edirəm ki, bu gün biz siyasi
mədəniyyət məsələsində çox
geridə qalmışıq. Adətən,
nadanlığın enerjisi çox güclü olur. Bu
məsələ də nadanlıqdan, siyasi
mədəniyyətsizlikdən irəli gələn bir
məsələdir. Onu da qeyd etmək lazımdır ki, bu
məsələ məhz Rusiyada konstitusiyaya dəyişiklik
ediləndən sonra ortaya çıxdı. Ondan sonra bunu
Azərbaycanda daha da mürtəce şəkildə
gündəmə gətirməyə başladılar. Bu
gün Azərbaycan bütün məsələlərdə
Rusiyanı yamsılayır. Və bu, ciddi məsələdir.
Düşünürəm ki, bu məsələyə dair
həm ictimaiyyət, həm bütövlükdə millət
birmənalı olaraq öz sözünü deməlidir.
Cəmiyyət, ya müqavimət göstərməlidir, ya
təslim olub feodalizmi qəbul etməlidir. Burada
üçüncü yol yoxdur. Bu gün vətənimizin,
dövlətimizin müqəddəratı artıq sual
altındadır.
“Ölkə
diktaturaya doğru iri addımlarla irəliləyir”
- Avropaya inteqrasiya etdiyini
bildirən hakimiyyətin bu addımına beynəlxalq
təşkilatların reaksiyası necə ola bilər?
- Azərbaycanda sözdə
çox şey deyilir. Ancaq sözlə əməlin
arasında böyük uçurum var. Son vaxtlar demokratiyadan
heç danışılmır. Heydər Əliyevin vaxtında
demokratiyadan çox danışılırdı, heç
olmasa imitasiya olunurdu. Son vaxtlar heç bu imitasiya da yoxdur.
Görün hansı vəziyyətə gəlib
çıxmışıq ki, bu gün dünyada qeyri-azad,
ən çox korrupsiyaya uğramış ölkələr
siyahısındayıq. Beynəlxalq təşkilatların
qiymətləndirməsinə görə, Azərbaycanda son
10-15 ildə bir dəfə də demokratik standartlara uyğun
seçkilər keçirilməyib. Söz
azadlığının boğulması, jurnalistlərin həbsi,
partiyaların fəaliyyətinin de-fakto qadağan olunması - bütün bunlar göstərir ki,
Azərbaycanda demokratik yöndə heç bir addım
atılmır, əksinə, ölkə diktaturaya doğru iri
addımlarla irəliləyir. Azərbaycan Rusiyanı,
Türkmənistanı yamsılayır. Heç vaxt
görmədik ki, Azərbaycan hakimiyyəti hansısa
Avropa dəyərlərini reallaşdıra bilsin.
O ki qaldı beynəlxalq
təşkilatların reaksiyasına, yaxşı olardı biz
cəmiyyətdən reaksiya gözləyək. Heç kim
xaricdən gəlib, millətimiz üçün ürək
yandırıb demokratiya, ədalət, azadlıq uğrunda mücadilə aparmayacaq. Bu, bizlərin borcudur.
Və biz bunu etməyi bacarmalıyıq, nə qədər
ağır olsa da.
- Bu
məsələdə cəmiyyət, müxalifət hansı
addımlar atmalıdır?
- Sözsüz ki, cəmiyyət
aktiv olmayanda, hakimiyyət nə istəsə, edəcək. Bu
gün cəmiyyətin laqeydliyi, ümidsizliyi həmin fikirlərin
səslənməsinə təkan verdi. Müxalifət öz
boynuna düşəni mütləq edəcək. Lakin
müxalifət nə qədər fədakarlıq etsə
də, öz enerjisini cəmiyyətdən alır.
Görəndə ki, cəmiyyət laqeyd, ümidsizdir,
heç nəyə reaksiya vermir, onda müxalifət
üçün də çox çətin olur. Ona
görə də əsas məsələ cəmiyyətin
fəallığından asılıdır. Müxalifət
bu məsələdə cəmiyyətin
fəallığını artırmaq üçün
bütün cəhdləri edəcək. Biz birmənalı
olaraq öz sözümüzü deyəcəyik.
“Azərbaycan
hakimiyyəti özünü qeyri-adekvat aparır”
- Dünyanın
gündəmində olan əsas məsələ qlobal
maliyyə böhranıdır. Bütün proqnozlar neftdən
asılı olan ölkələrin bu böhrandan daha çox
əziyyət çəkəcəyini deməyə əsas
verir. Lakin Azərbaycan hökuməti bunu qəbul etmək
istəmir. Sizcə, belə davranışın səbəbi
nədir?
- Azərbaycan hakimiyyəti,
ümumiyyətlə özünü qeyri-adekvat aparır.
Dünyada gedən maliyyə böhranı artıq iqtisadi
böhran kimi qiymətləndirilib, bütün dünyada
mənfi çalarlara gətirib çıxardı. Amma
güclü dövlətlər bunun üçün konkret
planlar qurub həyata keçirirlər. Hər şey
edirlər ki, insanlar bundan ağır zərbə
almasınlar. Azərbaycan hakimiyyəti isə deyir ki,
böhran bizə heç nə etməyəcək, biz
güclüyük, analoqu olmayan iqtisadiyyatımız var,
bunların hamısı boş-boş söhbətlərdi. Bu
çox məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat bir
reaksiyadır. Azərbaycan neftdən asılı olan
ölkədir. İxracatının 98 faizi, büdcəsinin 70
faizi neftlə bağlıdır. Neftin qiyməti də
dünyada gedən proseslərlə bağlıdır.
Əgər bu gün, dünyanın ən böyük iqtisadiyyatları
olan Avropa İttifaqı, ABŞ, Çinin iqtisadiyyatında
geriləmə müşahidə olunursa, onda
istər-istəməz dünyada neftə tələbat
azalır. Tələbat azaldıqca, neftin qiyməti
düşür. Bu gün bir barrel neftin
qiyməti 40-50 dollar civarındadır.
Yayda bu rəqəm bundan üç dəfə yüksək
idi. Bu, artıq dünya böhranının görünən
nəticəsidir.
“Millət
problemləri içində boğulur, hakimiyyətsə
kef içindədir”
Amma bunlara baxmayaraq, Azərbaycan
2009-cu ilin büdcəsində neftin bir barelinin qiymətini 70
dollar nəzərdə tutub. Bu, absurd məsələdir. İnandığım
iqtisadi ekspertlərin hesablamalarına əsasən, dünya
bazarında bir barel neftin qiymətinin 10 dollar aşağa
düşməsi Azərbaycan üçün
gəlirlərinin 3 milyard dollar itirilməsi deməkdir. İndi
baxın, bu gün bir barel neft 50 dollar civarında,
büdcədə isə 70 dollardır. Deməli, 20
dollarlıq fərq Azərbaycanın büdcəsinin 6 milyard
dollar kəsirinə gətirə bilər. Neft istehsal edən
ölkələr bunu nəzərə alaraq
büdcələrini korrektə ediblər. Məsələn,
Qazaxıstan 2009-cu ilin büdcəsində neftin qiymətini 40
dollara endirib, Səudiyyə Ərəbistanı və Nigeriya
45 dollara. Digər neft ölkələri də bu addımı
atdı. Bir Rusiyadan başqa. Azərbaycan da ancaq Rusiyanın
etdiyini edir. Rusiya neftin qiymətini 70 dollarda saxladı, Azərbaycan
da 70 dollar etdi. Yəni, Azərbaycanın özünün
siyasəti yoxdur. Biz hər şeydə Rusiyanı
yamsılayırıq. Hökumətimizdə bir
arxayınçılıq var ki, hər bir kəsiri Neft
Fondunun hesabına örtmək olar. Sözsüz ki, Neft Fondu
bu gün iqtisadiyyatımızın “təhlükəsizlik yastığı”dır, amma bu
yastığın üstündə çox yatmaq
mümkün deyil. Orada yığılan maliyyə hüdudsuz
deyil. Biz gələcək nəsillərimiz üçün
nə qoyuruq? Gələcək problemləri necə
qarşılayacağıq? Neft tükənən
sərvətdir. Bəs sonrası nə olacaq?
Hamısını elə bu gün yeyib-dağıtmaq
lazımdır? Axı bu, millətin sərvətidir.
Hakimiyyətin belə davranışı millət,
gələcək nəsillər qarşısında
məsuliyyətsizlikdir. Bu gün hakimiyyət özünü
millət qarşısında cavabdeh hiss etmir. Azərbaycanda
iki paralel dünya var: hakimiyyət özü üçün
yaşayır, millət özü üçün. Millət
öz problemləri içində boğulur, hakimiyyət
isə kef içindədir. Belə məsələlər
həmişə pis qurtarır. Məsuliyyətsiz, milləti
ilə hesablaşmaq istəməyən, özünü
millətindən böyük hesab edən, öz bildiyini
həyata keçirən iqtidarların axırı çox
pis qurtarır. Bunlar tarixi dərslərdir. Bu
dərslərdən ibrət götürməliyik.
Əgər bizim iqtidar bunu başa düşə bilmirsə,
deməli, hələ eyforiya
vəziyyətindədir. Həmin eyforiya
da neft pullarının hesabına yaranıb. Bu gün onlar
nə dünyada gedən prosesləri görürlər,
nə də dünyadakı analizləri eşidirlər.
Düşünürəm ki, onlar bu eyforiyadan
çox tez çıxacaqlar. Çünki böhran artıq
Azərbaycanda hiss olunur. Gələn il ölkədə bunun
daha da ağır nəticələri olacaq. Hakimiyyət
bəlkə o məqamda eyforiyadan
çıxa bildi. Amma qorxuram, onda gec ola.
“İqtisadi
tənəzzül siyasi dəyişikliklərə gətirir”
- Maliyyə
böhranı iqtisadi proseslə yanaşı siyasi proses kimi
də qiymətləndirilir. Sizcə, hansı
ölkələr bu prosesdən qalib, hansılar məğlub
durumda çıxacaq?
- Böhran sözü çin
dilində iki iyeroqlifdən ibarətdir.
Onun biri təhlükə, o biri isə imkan deməkdir.
Böhran həm təhlükə, həm də bir imkan,
şansdır. Sözsüz ki, güclü
dövlətlər bu şansdan istifadə edib daha da
güclənəcəklər. Bu, həmişə belə
olub. Maliyyə böhranı dünyada birinci dəfə deyil.
Azərbaycan kimi zəif dövlətlər isə nəinki
belə böhrandan çıxa bilirlər, onlar elə
çökürlər ki, sonda onların
dirçəlməsi çox uzun və ağır prosesə
çevrilir. Belə iqtisadi tənəzzül isə siyasi
dəyişikliklərə, bəzən də siyasi
təlatümlərə gətirir. Bu da tarixdir. Bunu biz icad
etməmişik. Azərbaycanı da bu gözləyə
bilər. Hakimiyyət ağlını başına
yığıb ömürlük prezidentlik kimi boş-boş
şeylərlə yox, ölkənin problemləri ilə
məşğul olsa, problemləri həll etmək
istiqamətində təcili proqramları reallaşdırsa,
biz bu təlatümlərdən sığortalana bilərik.
“Birləşmək
istəyənlər birləşəcəklər”
- Müxalifətdaxili
danışıqlarla bağlı vəziyyət nə
yerdədir. Müsavat Partiyasının fərqli mövqeyini
necə şərh edərdiniz? Danışıqlar
nəticə verməsə, növbəti addım
nədən ibarət olacaq?
- Danışıqlar davam edir
ki, bu birlik alınsın. Düşünürəm ki, birləşmək
istəyənlər onsuz da birləşəcəklər. Bu
gün bunu səmimi münasibətlər üzərində
qurulan “Azadlıq” Blokunun timsalında görürük. Çox
dayanıqlı blokdur, artıq üçüncü ildir
fəaliyyətdədir. Ümumiyyətlə,
birləşmək istəyənlər
birləşəcəklər, istəməyənlər birləşməyəcəklər.
Ona görə də burada o qədər də böyük
şərhə ehtiyac duymuram.
Fizzə
Heydərli