“Respublika”.-2008.-7 dekabr.-¹275.-S.3-4
Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi insan hüquq və
azadlıqlarının müdafiəsinin təməl
sənədidir
Elmira
SÜLEYMANOVA
Artıq 60
ildir ki, demək olar ki, bütün dünya
dövlətləri 10 dekabr tarixini Beynəlxalq İnsan Hüquqları
Günü kimi qeyd edir.
İnsan
hüquqları - onun genezisi, sosial
kökləri, məqsəd və rolu
bəşəriyyətin tarixi, sosioloji-mədəni
inkişafı prosesində mühüm problemlərdən biri
olmuşdur, uzun illər boyu siyasi, hüquqi, etik, dini və
fəlsəfi fikrin diqqət mərkəzində durmuşdur.
İnsan
hüquqları şəxsin dövlətə
münasibətdə hüquqi statusunu, onun iqtisadi, sosial və
mədəni sferalarda imkan və
tələblərini xarakterizə edən
anlayışdır.
Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsində,
beynəlxalq konvensiyalarda və bir çox ölkələrin
konstitusiyalarında və digər qanun-vericilik aktlarında bu
hüquqlar daha çox cəmiyyətin özülü və
tərkib hissəsi kimi qəbul edilir.
Bəyannamə
insan hüquqları sahəsində ilk hüquqi
cəhətdən məcburi sənəd olmasa da, miqyasına
və əhəmiyyətinə görə şübhəsiz
ki, ən önəmli sənədlərdəndir. Məhz onun
əsasında sonradan yüzlərlə beynəlxalq
konvensiyalar qəbul edilmiş, əksər dövlətlər
(o cümlədən Azərbaycan) onun
müddəalarını konstitusiyalarında təsbit
etmişlər.
Preambuladan
və 30 maddədən ibarət olan "Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi" BMT
Nizam-naməsinin iqtisadi, sosial, mədəni və ya humanitar
xarakterli beynəlxalq problemlərin həll edilməsində
və irqinə, cinsinə, dilinə və ya dini
mənsubiyyətinə fərq qoyulmadan bütün
insanların əsas hüquq və azadlıqlarına
hörmətin dəstəklən-məsində və
həvəsləndirilməsində beynəlxalq
əməkdaşlığa nail olmaq" haqqındakı
maddəsini bir növ inkişaf etdirmiş və konkretləşdirmişdir.
Beynəlxalq münasibətlər tarixində ilk dəfə
olaraq məhz bu Bəyannamədə hamı
tərəfindən əməl olunması nəzərdə
tutulan əsas insan hüquqları və azadlıqları
müəyyən edilmişdir.
Bəyannamədə
təsbit edilmiş hüquqlar ümumbəşəri
dəyərlərdir. Onlar hər kəsə, məhz insan
olduğuna görə, heç bir ayrı-seçkiliyə
yol vermədən mənsubdur. Hər kəs bərabər
insan hüquqlarına malikdir və ləyaqətinə
hörmət edilməyə haqqı vardır.
Ümumi
Bəyannamədə həm mülki və siyasi, həm də
sosial-iqtisadi və mədəni hüquqların geniş
siyahısı verilib. İnsan hüquqlarının təbii
xarakterini tanıyaraq, müəllifi gör-kəmli fransız
alimi Rene Kassen və Eleonora Ruzvelt olan
Bəyannamənin elə birinci maddəsində qeyd edilib ki,
"bütün insanlar öz ləyaqət və
hüquqlarında azad və bərabər doğulurlar".
Ümumi
Bəyannamə BMT-nin Baş Məclisi tərəfindən
qətnamə formasında qəbul edilmişdir və buna
görə də o yalnız tövsiyə xarakteri
daşıyır. Eyni zamanda onun müddəalarının
hüquqi gücünə qiymət verdikdə
nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqda
müqavilə ilə birlikdə dövlətin beynəlxalq
təcrübəsi nəticəsində formalaşmış
və onlar tərəfindən tədricən hüquqi norma
kimi təsdiq olunan adətlər də mühüm rol
oynayır. Ümumi Bəyannamədə təsbit edilmiş
əsas hüquq və azadlıqlar hazırda əksər
dövlətlər tərəfindən hüquqi
cəhətdən vacib olan adət və ya müqaviləli
normalar kimi tanınır. Bir çox dövlətlərin
konstitusiyaları birbaşa bu sənədə istinad
edərək, onun bir çox müddəalarını
özündə əks etdirir. Bəyannamədə qeyd
olunmuş prinsip və normalar yeni beynəlxalq sazişlərin
bağlanması prosesində tədricən inkişaf edir
və dəqiqləşir. Bu, dövlətlərarası
münasibətlərin inkişafında həmin
sənədin reallığını və böyük
əhəmiyyətini göstərir.
1948-ci
ildə "bütün xalqların və
dövlətlərin əldə etməli olduqları
standartlar" qismində qəbul edilmiş Ümumi
Bəyannamə bu gün beynəlxalq insan hüquqları
hüququnun əsas mənbələrindən biri olmaqla, bir
çox dövlətlər tərəfindən insan
hüquqlarına aid müxtəlif qanun və
sənədlərin, konstitusiyaların ayrı-ayrı
müddəalarının işlənib hazırlanması
üçün modeldir. 1948-ci ildən sonra qəbul
edilmiş 100-ə qədər milli konstitusiyada
Bəyannamənin təsiri ilə ora daxil edilən fundamental
hüquqların geniş siyahısı vardır.
Diqqətəlayiq
haldır ki, hələ suveren xalqlar ailəsinə daxil olan
an-da - Dövlət müstəqilliyi
haqqında Konstitusiya aktında (maddə 19) Azərbaycan
Respublikası Ümum-dünya İnsan Hüquqları
Bəyannaməsini tanıdığını bəyan
etmişdi. 1995-ci il noyabrın 12-də referendum yolu ilə
qəbul olunmuş ölkə Konstitusiyasında
Bəyannamənin ruhuna uyğun olaraq insan hüquq və
azadlıqlarının təsbitinə xüsusi önəm
verilmişdir. Belə demək olar ki, yeni, müstəqil
dövlət olan Azərbaycan Respublikası demokratiya və
insan hüquqlarının bir-biri ilə qırılmaz bağlılığını
əsas götürərək və demokratik, hüquqi
dövlət qurmağı ən ümdə
vəzifələrdən biri hesab edərək, insan
hüquqlarının müasir konsepsiyasını ölkə
Konstitusiyası səviyyəsində tanımış və
onun adekvat normativ əsasını yaratmışdır.
Bu gün bir
çox dövlətlər insan hüquqlarına aid
dövlətdaxili qanun-ların şərhi üçün
Bəyannamənin müddəalarından geniş istifadə
edir. Bir sıra ölkələrin məhkəmələri
öz qərarlarında Bəyannamənin
müddəalarına istinad edir.
Bir sıra
dövlətlər Bəyannaməyə əksər
hissəsi ümumməcburi normalara
çevrilmiş sənəd kimi baxırlar. Belə
yanaşma, xüsusən ona görə vacibdir ki, bəzi
dövlətlər (məsələn, Kuba, Çin,
İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və
s.) nə Mülki və siyasi hüquqlar haqqın-da
Beynəlxalq Paktın, nə də İqtisadi, sosial və
mədəni hüquqlar haqqında Beynəlxalq Paktın
iştirakçılarıdır. Belə dövlətlər
məhz Ümumi Bəyannaməni rəhbər
tutmalıdırlar.
XX əsrin
sonunda dünyada gedən davamlı siyasi proseslərin
tərkib hissəsi kimi insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
inkişafı sahəsində ciddi dönüş olmaqla
yanaşı, Azərbaycanın öz müstəqilliyini elan
edərək ümumbəşəri dəyərlərə,
demokratik ənənələrə, insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının reallığı, təminatı
və müdafiəsi prinsiplərinə sadiq qalaraq,
vətəndaş cəmiyyəti, demokratik, hüquqi,
dünyəvi dövlət və buna uyğun insan
hüquqları sisteminin yaradılmasını
özünün inkişaf yolu kimi bəyan etdi. Məhz
elə buna görə də insan hüquqlarına
hörmət ölkəmizi demokratik, hüquqi dövlət
kimi xarakterizə edən ən mühüm
keyfiyyətlərdən biri hesab olunur. Çünki hüquqi
dövlət quruculuğunun ən vacib şərti
ölkədə insan hüquqlarının və
azadlıqlarının təmin edilməsindən ibarətdir.
Dünya
birliyinin bərabərhüquqlu üzvü olan ölkəmizdə
insan hüquqlarının təmini dövlətin əsas
prioritet məqsədləri sırasına daxildir. Belə ki,
Konstitusiyada insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi dövlətin ali
məqsədi kimi təsbit olunmuşdur.
Azərbaycan
Respublikasında aparılan demokratik-hüquqi islahatlar insan
hüquqlarının, beynəlxalq hüququn ümumqəbul
olunmuş prinsipləri əsasında müdafiəsi
sahəsində mühüm irəliləyişlərin
əldə edilməsinə şərait yaratmış və
bu müddət ərzində ölkəmiz bir çox
beynəlxalq konvensiyalara. qoşulmuşdur ki, bunların da
yarısından çoxu
bilavasitə və ya dolayısı ilə insan hüquq və
azadlıqları ilə bağlıdır.
Ölkə
Prezidentinin insan və vətəndaş hüquqlarının
və azadlıqlarının təmin edilməsini
ümumdövlət vəzifəsi hesab edərək,
"Ümumdünya insan Hüquqları
Bəyannaməsi"nin 50 illiyi astanasında
ölkəmizdə demokratiyanın daha da inkişaf
etdirilməsi və insan hüquqlarını qorumaq
sahəsində görülən tədbirlərin
genişləndirilməsi məqsədi ilə
imzaladığı "İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında"
22 fevral 1998-ci il tarixli fərmanı, eləcə də 18 iyun
1998-ci il tarixli "İnsan hüquqlarının
müdafiəsinə dair dövlət proqramının
təsdiq edilməsi haqqında"
sərəncamı bu sahədə aparılan irimiqyaslı
islahat-ları uğurla davam etdirməyə zəmin yaratmış
oldu.
Bu Prezident
aktlarına əsasən, Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının
yaradılması, hüquqi islahatların həyata
keçirilməsi ilə əlaqədar normativ-hüquqi
aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi üçün
tədbirlərin görülməsi, insan
hüquqlarının qorunması sahəsində hüquqi
mexanizmlərin təkmilləşdirilməsi və bu kimi
digər məsələlər əhəmiyyətli
dərəcədə öz həllini tapmışdır.
Müstəqil
dövlətimizin insan hüquqlarının müdafiəsi
ilə bağlı qanunvericiliyinin inkişafı tarixində
ən əhəmiyyətli hadisələrdən biri 28 dekabr
2001-ci ildə Milli Məclis tərəfindən "Azərbaycan
Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında"
Konstitusiya Qanununun qəbul edilməsi və həmin qanuna
müvafiq olaraq ölkə başçısının
təqdimatına əsasən Parlament tərəfindən
Azərbaycan tarixində ilk dəfə olaraq 2 iyul 2002-ci ildə
Azərbaycan Respublikasının ilk Ombudsmanının
seçilməsi olmuşdur.
Belə bir
demokratik institutun yaradılmasında əsas məqsəd
Azərbaycan Respublikasının Konstitusiyasında
və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə təsbit olunmuş və
dövlət və yerli özünüidarə orqanları,
vəzifəli şəxslər tərəfindən pozulan
insan hüquqları və azadlıqlarının bərpa
edilməsinə nail olmaqdan ibarətdir.
Bu gün
dərin inam və iftixar his-si ilə bəyan edə
bilərik ki, öz fəaliyyətini aşkarlıq,
şəffaflıq, qanunçuluq, ədalət və
qərəzsizlik kimi bəşəri prinsiplər
əsasında quran Müvəkkil təsisatı
"Ümumdünya İnsan Hüquqları
Bəyannaməsi"ndə, eləcə də ölkəmizin
tərəfdar çıxdığı beynəlxalq
hüquqi sənədlərdə, həmçinin
Azərbaycan Respublika-sının Konstitusiyası və
qanunların-da təsbit edilmiş insan hüquqlarının
və azadlıqlarının müdafiəsi üçün
qanunla müəyyən edilmiş
səlahiyyətlərdən səmərəli istifadə
etməklə öz vəzifəsini yerinə yetirir.
Məlum
olduğu kimi, insan hüquqlarının müdafiəsi
sahəsində görülən tədbirlərin
genişləndirilməsi məqsədilə 28 dekabr
2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə Azərbaycan Respublikasında insan
Hüquqlarının müdafiəsi üzrə Milli
Fəaliyyət Planı (MFP) təsdiq
edilmişdir.
MFP-nin
icrasının monitorinqi məqsədilə bu ilin iyul-sentyabr
aylarında Müvəkkil tərəfindən ölkənin
54 şəhər və rayonunda, o cümlədən Bakı
şəhərində millət vəkillərinin, yerli icra
hakimiyyəti, məhkəmə və digər
hüquq-mühafizə orqanlarının,
bələdiyyələrin, yerli QHT-lərin,
KİV-lərin, o cümlədən milli
azlıqların yerli icmalarının
nümayəndələrinin iştirakı ilə ictimai
dinləmələr keçirilmişdir.
İctimai
dinləmələr iştirakçıların yüksək
fəallığı şəraitində keçmiş
və böyük marağa səbəb olmuşdur.
Həmçinin
respublikamızın həyatında mühüm siyasi
hadisə olan prezident seçkiləri ərəfəsində
olduğu nəzərə alınaraq
dinləmələrdə seçki hüququn izahı,
seçki qanunvericiliyinin şərhinə yer verilmiş,
xüsusilə də Seçki Məcəlləsinə
edilmiş əlavə və dəyişikliklər,
Azərbaycan Respublikasında seçki praktikasının
təkmilləşdirilməsinə dair Azərbaycan
Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli və
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin hazırlanması və keçirilməsi
ilə bağlı təxirəsalınmaz tədbirlər
haqqında 25 oktyabr 2005-ci il tarixli sərəncamları,
söz azadlığı, sərbəst toplaşmaq
azadlığının təmin edilməsinin zəruriliyi,
eləcə də sərbəst toplaşmaq
azadlığı haqqında qanuna edilmiş əlavə
və dəyişikliklər haqqında ətraflı
məlumat verilmiş, seçkilərin şəffaf və
demokratik keçirilməsi üçün seçki
prosesinə icra hakimiyyəti qurumları, hüquq-mühafizə
orqanları tərəfindən hər hansı
müdaxilənin yolverilməz olduğu bildirilmiş və
bununla bağlı qanunvericiliyin tələbləri izah
olunmuşdur.
İnsan
Hüquqları üzrə Müvəkkil və Ombudsman Aparatının
əməkdaşları 15 oktyabr 2008-ci il tarixdə
keçirilmiş Prezident seçkilərini
müşahidə etmişlər. Müşahidələrin
nəticəsi kimi qeyd olunmalıdır ki, Prezident
seçkilərinin demokratik, şəffaf, ədalətli
və qanunvericiliklə müəyyən edilmiş qaydada,
nizam-intizamla, mütəşəkkil keçirilməsi,
seçki hüquqlarının təmini, səsvermə
prosesinin təşkili məqsədilə ciddi tədbirlər
görülmüşdür.
Ombudsmanın
rəhbərliyi ilə əlaqələndirici və monitorinq
funksiyalarını yerinə yetirən İşçi
qrupunun və altqrupların fəaliyyəti
nəticəsində bu Planın səmərəli icrası,
həmçinin ictimai dinləmələrdə insanların
öz fikir və təkliflərini sərbəst
surətdə ifadə etməsi bütövlükdə
demokratik, layiqli idarəetmənin təkmilləşməsi
ilə nəticələnir.
Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi ilə
bağlı bu əlamətdar tarixi hadisənin bütün
dünya dövlətlərində lazımi
səviyyədə qeyd edilməsi və bütün
dünyanın diqqətini insan hüquqlarının
müdafiəsi işinə cəlb etmək
məqsədilə BMT-nin Baş katibi tərəfindən
üzv-dövlətlərə müraciət
ünvanlanmışdır. Müraciətdə 2007-ci il
dekabrın 10-dan Bəyannamənin qəbul edilməsinin 60
illiyi ilə bağlı tədbirlərə
başlanılması tövsiyə olunurdu.
Eyni zamanda bu
ilin devizi kimi BMT-nin Baş katibi "Ləyaqət və
ədalət hamımız üçün"
kimi bəyan etmişdir.
BMT-nin insan
hüquqları üzrə ali komissarı isə bu devizi
"azadlıqdan məhrum olunmuş şəxslərin
ləyaqət və ədaləti"
probleminə yönəltməyi təklif etmişdir.
BMT Baş
katibinin müraciətini nəzərə alaraq,
həmçinin belə tədbirlərin davamlı
olmasını, bu prosesə bütün aidiyyəti
dövlət qurumlarının, vətəndaş
cəmiyyətinin, icmaların, respublikanın bütün
bölgələrinin cəlb edilməsini, Bəyannamənin
60 illiyinin ölkəmizdə yüksək səviyyədə
qeyd edilməsini yekunlaşdırmaq məqsədilə cari
ilin 10 noyabr - 10 dekabr tarixləri "insan
hüquqları aylığı" elan
olunmuşdur.
Qeyd
olunmalıdır ki, bu, Ombudsmanın
təşəbbüsü ilə keçirilmiş sayca ikinci
aylıq olmuşdur. Bundan öncə isə 18 iyun - ölkəmizdə qeyd edilən İnsan
Hüquqları Günü münasibətilə
Müvəkkil mayın 19-dan iyunun 18-dək İnsan
hüquqları aylığı keçirilməsini elan
etmişdi. Həmin aylıq çərçivəsində
də insan hüquqları üzrə silsilə
tədbirlər, dəyirmi masalar, seminarlar, monitorinqlər,
baxışlar təşkil olunmuşdur.
Ümumi
Bəyannamənin yubileyi münasibətilə, o
cümlədən insan hüquqları aylığı
çərçivəsində Müvəkkil
tərəfindən silsilə tədbirlər həyata
keçirilmişdir. Bu tədbirlərdən yalnız
bəzilərini qeyd etmək istərdim.
BMT-nin
İnsan Hüquqları üzrə Ali
Komissarlığının Azərbaycan
nümayəndəliyi ilə birgə Şəki,
Gəncə, Cəlilabad və Quba şəhərlərində
Bəyannamənin 60 illiyinə həsr olunmuş seminarlar
keçirilmişdir.
Tədbirlərdə
rayon (şəhər) icra hakimiyyətlərinin, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və
Dövlət Sosial Müdafiə Fondunun yerli
bölmələrinin məsul əməkdaşları,
bələdiyyə sədrləri, insan hüquqları
sahəsində fəaliyyət göstərən yerli QHT-lərin, Ombudsmanın
regional mərkəzlərinin nümayəndələri və
KİV təmsilçiləri iştirak
etmişlər.
Seminarlarda
yubileylə əlaqədar Ombudsman
tərəfindən hazırlıq kampaniyasına start verildiyi
və ötən müddət ərzində
görülən işlər barəsində məlumatlar
verilmiş, "Ümumdünya İnsan Hüquqları
Bəyannaməsi insan hüquq və azadlıqlarının
müdafiəsinin təməl sənədidir",
"Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq
Pakt, İqtisadi sosial və mədəni hüquqlar haqqında
Beynəlxalq Pakt və onlara əlavə protokollar",
"QHT-lərin inkişafı
Dövlət Konsepsiyasının insan hüquqlarının
müdafiəsində rolu"
mövzusunda məruzələr dinlənilmişdir.
Ombudsman
və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
birgə təşkilatçılığı ilə
Ümumi Bəyannamənin 60 illiyinə həsr olunmuş
"Hüquq-mühafizə orqanlarının
fəaliyyətində insan hüquqlarının təminatı" mövzusunda elmi-praktiki
konfrans keçirilmişdir. Tədbirə BMT İnsan
Hüquqları üzrə Ali Komissarlığının
Azərbaycan nümayəndəliyinin, ATƏT-in Bakı ofisinin,
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin rəhbərləri, həmçinin
hakimlər, dövlət orqanları, QHT və KİV
nümayəndələri, hüquq sahəsində
tanınmış alimlər, Akademiyanın
professor-müəllim heyəti, kursantlar qatılmışlar.
Ombudsman
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
insan hüquqları sahəsində təməl sənəd kimi" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Tədbirdə
"insan hüquqlarının müdafiəsi sahəsində
Konstitusiya Məhkəməsinin rolu",
"Məhkəmə orqanlarının
fəaliyyətində insan hüquqlarının müdafiəsi", "Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin
beynəlxalq-hüquqi aktların qəbuluna təsiri məsələləri", "Prokurorluq
orqanlarının fəaliyyətində insan
hüquqlarının təminatı",
"DİN orqanlarının fəaliyyətində insan
hüquqlarının müdafiəsi"
mövzularında məruzələr edilmişdir.
Müvəkkil
Ümumi Bəyannamənin 60 illiyi
çərçivəsində Avropa Şurasının
İnsan Hüquqları və Hüquqi
Məsələlər üzrə Baş Direktorluğu
ilə birlikdə Avropa İnsan Hüquqları
Konvensiyasının 3-cü və 5-ci maddələri
üzrə iki günlük treninq-seminar keçirmişdir.
Avropa
Komissiyası ilə Avropa Şurasının "İnsan
hüquqları mədəniyyətinin təşviqi"
üzrə birgə proqramı
çərçivəsində təşkil olunmuş bu
tədbir Ombudsman Aparatı
əməkdaşlarının Avropa insan hüquqları
standartları haqqında təhsil, təlim, monitorinq və
məlumatlılığının artırılması,
adıçəkilən Konvensiyanın daha
mükəmməl öyrənilməsi, hüquqi biliklərin
artırılması məqsədini
daşımışdır.
BMT-nin
İctimai İnformasiya Departamentinin Azərbaycan
nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili, Milli QHT Forumunun
təşkilatçılığı və YUNİSEF-lə
sıx əməkdaşlıqda Ümumi Bəyannamənin 60
illiyi çərçivəsində Qəbələ
rayonunda 20 noyabr - Ümumdünya
Uşaqlar Günü münasibətilə "Azərbaycanda
uşaq hüquqları-milli qanunvericilik və onun praktiki
cəhətdən implementasiyası"
mövzusunda dəyirmi masa keçirilmişdir.
Müvəkkil
Əlil Təşkilatlan ittifaqı ilə birgə
Bəyannamənin 60 illiyi və 3 dekabr Əlilliyi olan
İnsanların Beynəlxalq Günü münasibətilə
"Əlillərin hüquqları haqqında"
Konvensiya: ləyaqət və ədalət hamı üçün" mövzusunda konfrans
keçirmişdir.
Ombudsman
konfransda çıxış edərək qeyd olunan hər
iki əlamətdar günün əsas mövzusunun
ümumbəşəri prinsip olan "Ləyaqət və
ədalət hamımız üçün"
adlandırıldığını və bu devizin
cəmiyyətin ayrılmaz üzvü kimi əlilliyi olan
insanlara da aid olduğunu, fəaliyyəti dövründə
əlilliyi olan insanların vəziyyətini, onların
hüquqlarının müdafiəsi ilə bağlı
məsələləri həmişə diqqət
mərkəzində saxlamış, səlahiyyətləri
daxilində əhalinin qayğıya daha çox ehtiyacı
olan bu qrupunun problemlərinin mümkün qədər həll
edilməsi istiqamətində zəruri tədbirlərin
görüldüyünü, bir çox problemlərin
həllini tapdığını diqqətə
çatdırmışdır.
Müvəkkilin
təşəbbüsü ilə Aparatın
əməkdaşları insan hüquqları aylığı
çərçivəsində 1 dekabr HİV/AİDS-lə
Beynəlxalq Mübarizə Günü
ərəfəsində Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə
Mərkəzi ilə birlikdə həmin xəstəliyə
tutulmuş insanların hüquqlarının müdafiəsi
və bu sahədə geniş maarifləndirmə işi
aparılması istiqamətində Bakıda və
ölkənin müxtəlif bölgələrində kampaniya
şəklində silsilə tədbirlər keçirmiş, QİÇS əleyhinə təbliğat
məqsədilə əhaliyə lazımi bilgilər
verilmiş, yeniyetmələr və Gənclər
üçün treninq-seminarlar təşkil olunmuş, yerli
kütləvi informasiya vasitələrində müvafiq
maarifləndirici yazılar verilmiş, həmçinin
televiziya və radio verilişləri səsləndirilmişdir.
Dövlətdaxili
tədbirlərdən başqa, Müvəkkil və
Aparatın bir sıra əməkdaşları
Bəyannamənin 60 illiyinə həsr edilmiş bir sıra
mühüm beynəlxalq tədbirdə iştirak
edərək məruzə ilə çıxışlar
etmişlər.
Ombudsman
Keniyanın paytaxtı Nayrobi şəhərində İsveç
Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin İnkişaf
Fondunun dəstəyi ilə BMT-nin İnsan Hüquqları
üzrə Komissarlığı, İnsan Hüquqları
üzrə Milli institutların Beynəlxalq
Əlaqələndirmə Komitəsi və Keniya İnsan
Hüquqları Milli Komissiyası tərəfindən
təşkil edilmiş və Afrika, Amerika, Avropa və
Asiya-Sakit okean hövzəsinin 71 ölkəsinin Milli İnsan
Hüquqları institutlarını, ombudsmanları,
çoxsaylı qeyri-hökumət təşkilatlarını
təmsil edən 150-dən artıq
iştirakçının qatıldığı insan
hüquqları üzrə silsilə tədbirlərdə iştirak
etmişdir.
Konfrans
çərçivəsində həmçinin Ümumi
Bəyannamənin 60 illiyi ilə bağlı müxtəlif
ölkələrdə həyata keçirilən
tədbirlər üzrə regional
əlaqələndiricilərin məruzələri
dinlənilmişdir. Avropa üzrə regional koordinator,
İrlandiya İnsan Hüquqları institutunun prezidenti Ombudsman təsisatının bu sahədə
səmərəli fəaliyyətini xüsusilə
vurğulamış və yüksək
qiymətləndirmişdir.
Bu
tədbirlərdə Müvəkkil çıxış
etmiş və müvafiq sahələrdə insan
hüquqlarının təmin olunması vəziyyəti, Ombudsman təsisatının fəaliyyəti
və vəzifələri, həmçinin bu ilin devizinə
("Ləyaqət və ədalət hamı üçün")
uyğun olaraq həyata keçirilmiş tədbirlər
barəsində ətraflı məlumat vermişdir.
Ombudsman
Dərbənd şəhərində YUNESKO-nun təşkil
etdiyi "Qafqaz qadınlarının siyasi fəallığı" mövzusunda regional konfransda iştirak
etmişdir. O, konfransda çıxış edərək
Bəyannamənin 60-cı ildönümü ilə
bağlı ötən ilin dekabrında BMT Baş katibinin dünya
ictimaiyyətinə müraciətinə uyğun olaraq,
fəaliyyətində qadınların, o cümlədən
məhkum qadınların hüquqlarının
müdafiəsinə və təmin olunmasına daim diqqət
yetirdiyini, bu sahədə mühüm tədbirlər
həyata keçirdiyini qeyd etmişdir.
Müvəkkil
minilliyin inkişaf strategiyalarına, BMT-nin insan
hüquqları və sülh siyasətinə uyğun olaraq,
qadınları səyləri birləşdirməyə,
fəallığa, təşəbbüskarlığı
artıraraq çətinlikləri aradan qaldırmağa
çağırmışdır.
Ombudsman
Avropa Şurası və Gürcüstanın Xarici
İşlər Nazirliyi tərəfindən 19-20 noyabr 2008-ci
il tarixdə Tiflisdə "Cənubi Qafqazda ədliyyə
və qanunun aliliyi - hüquqşünas
peşəsinin nailiyyətləri və vəzifələri"
mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak
etmişdir.
Aparılan
müzakirələr zamanı Müvəkkil insan hüquq
və azadlıqlarına dair beynəlxalq sənədlər
və Avropa standartlarına müvafiq olaraq, cinayət
işlərində ittiham olunan və azadlıqdan məhrum
edilən şəxslərin Bəyannamənin 60 illik yubileyi
ilə bağlı irəli sürülmüş devizə
uyğun surətdə insan hüquqlarının və
ləyaqətinin müdafiəsinin təmin olunması,
həmçinin alternativ sanksiyaların və yuvenal
ədliyyənin, habelə mediasiya
institutunun tətbiq olunması istiqamətində
məhkəmələrin fəaliyyətinin və
qanunvericiliyin təkmilləşdirilməsi işinin davam
etdirilməsinə dair müddəanın bəyanatda əks
etdirilməsi təklifi ilə çıxış
etmişdir. Göstərilən müddəalar
müzakirələrdən sonra bəyanatın mətninə
daxil edilmişdir.
Müvəkkil
Bolqarıstanın paytaxtı Sofiya şəhərində
"insan hüquqlarının səmərəli təmin
olunmasında qanunun aliliyi və ədalət prinsipləri"
mövzusunda keçirilmiş beynəlxalq konfransda
Azərbaycanda insan hüquqlarının müdafiəsinin
vəziyyəti, bu sahədə Müvəkkil
təsisatının fəaliyyəti və
vəzifələri barədə geniş məlumat vermiş,
ölkəmizdə BMT-nin insan hüquqları sahəsində
yeni mexanizm olan Ümumi Dövri İcmal üzrə
dövlət məruzəsinin hazırlandığını
və Ombudsman tərəfindən bununla
bağlı hesabatın artıq təqdim olunduğunu da diqqətə
çatdırmışdır.
O,
Çexiyanın paytaxtı Praqa şəhərində
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosu və Böyük Britaniyanın Bristol Universitetinin
Hüquq məktəbi tərəfindən təşkil
edilmiş, ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 60-cı ildönümünə həsr
olunmuş beynəlxalq konfransın
iştirakçısıdır.
Konfransda İşgəncələr
Əleyhinə Konvensiyaya Əlavə Protokol (OP-CAT),
onun mahiyyəti və həyata keçirilməsi
məsələləri müzakirə olunmuşdur. Bu
müzakirələrə işgəncələrin qarşısını
almaq üzrə beynəlxalq qurumlar, Bristol Universitetinin alim
və mütəxəssisləri, Xarici işlər və
Ədliyyə nazirliklərinin nümayəndələri, bir
neçə Avropa ölkəsinin, o cümlədən
Cənubi Qafqaz ölkələrinin ombudsman
təsisatları, qeyri-hökumət təşkilatlarının
nümayəndələri qatılmışlar.
Ombudsman
məruzəsində artıq 20 ildir ki, davam edən erməni
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, bir milyonadək
soydaşımızın qaçqın və məcburi
köçkünə çevrildiyini, dinc əhalidən olan
əsir götürülmüş qadınların,
ahılların, uşaqların ağır-fiziki və
mənəvi işgəncələrə məruz
qaldığını işgəncələrə
qarşı beynəlxalq qurumların və tanınmış
mütəxəssislərin diqqətinə
çatdırmışdır.
Müvəkkil
1-2 dekabr 2008-ci il tarixdə Misir Ərəb
Respublikasının paytaxtı Qahirə şəhərində
YUNESKO və Misirin İnsan Hüquqları Şurası
tərəfindən Ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 60 illiyinə həsr olunmuş
"Cəmiyyətin dəyişməsində milli insan
hüquqları institutları və qeyri-hökumət
təşkilatlarının rolu"
mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.
"Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi 60 il sonra: ritorika
və reallıq arasında" devizi ilə təşkil
olunmuş mötəbər tədbirdə, əsasən iqtisadi,
sosial və mədəni hüquqların ədalətli
təmini, insan hüquqları mədəniyyətinin
yüksəldilməsi, insan hüquqlarının
universallığı və hər kəsə mənsub
olmasının təmin edilməsi sahəsində regional
razılaşmaların əhəmiyyəti, təşviqi
yolları və digər aktual məsələlər
müzakirə edilmişdir.
Müvəkkil
konfransda "Sülh, tolerantlıq və davamlı inkişafa
qadınların töhfəsi" mövzusunda məruzə
ilə çıxış edərək, bu məsələ
ilə əlaqədar müxtəlif beynəlxalq
sənədlərə istinad etməklə qadınların
cəmiyyətdəki rolunun artırılmasının
zəruriliyini vurğulamış, bu sahədə
Azərbaycanda həyata keçirilən tədbirlərdən
söz açmış, qadın hüquqlarının
qorunması üçün Sülh və İnkişaf
Alyansının yaradıldığını bildirmişdir.
Ombudsman
həmçinin Polşanın Krakov şəhərində
Bəyannamənin 60 illiyi münasibətilə
keçirilmiş konfransda iştirak etmişdir.
İnsan
Hüquqları üzrə Müvəkkil hər il
ənənə olaraq Beynəlxalq İnsan Hüquqları
gününə həsr edilmiş tədbir keçirir,
"Hüquqlar hamı üçün" mövzusunda
jurnalist yazılarının, habelə "Mən və
hüquqlarım" mövzusunda uşaq rəsmləri
müsabiqələrini təşkil edir. Müsabiqədə
iştirak edən şəxslərin təqdim etdiyi yazı və
rəsmlər ixtisaslaşmış münsiflər heyəti
tərəfindən qiymətləndirilir və sonda Ombudsman tərəfindən hər iki
müsabiqədə qaliblərə pul mükafatları və
sertifikatlar təqdim edilir. Ənənəyə sadiq qalaraq, bu
il də ötən illərdə olduğu kimi, beynəlxalq
insan hüquqları günü ərəfəsində
haqqında bəhs olunan müsabiqələr
keçirilmişdir.
Hesab
edirəm ki, bu kimi tədbirlərin və
müsabiqələrin keçirilməsi insan
hüquqlarının öyrənilməsi, təmini və
müdafiəsi baxımından çox önəmlidir və
gələcəkdə də davam etdiriləcəkdir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili olaraq, bütün soydaşlarımızı
Beynəlxalq İnsan Hüquqları Günü
münasibətilə təbrik edirəm.
Gələcəkdə də dövlət qurumları,
vətəndaş cəmiyyəti, icmalar, həmçinin KİV-lə sıx
əməkdaşlığımıza, əhalinin
bütün qruplarının -
qadınların, uşaqların, ahılların,
qaçqın və məcburi köçkünlərin,
məhkumların, hərbi qulluqçuların, milli
azlıqların və b. vətəndaş, siyasi, iqtisadi,
sosial və mədəni hüquqlarının, həm də
yeni nəsildən olan kollektiv hüquqların, sülh,
inkişaf, sağlam ətraf mühitdə yaşamaq və
digər hüquqların daha etibarlı
təmin olunmasına, pozulduğu halda bərpası, eyni
zamanda pozulmasının qarşısını almaq
istiqamətində fəaliyyətimizin birgə
səylərlə uğurlu olacağına inanıram.