“Bizim yol”. - 2008. - 22 noyabr. - ¹221. - S. 13.
Nikah problemləri
Azərbaycanda qeyri-rəsmi nikah
bağlayanların sayı niyə artır?
Son vaxtlar ölkədə
boşanmaların sayı artıb. Dövlət Statistika
Komitəsinin yaydığı məlumata görə, 2008-ci
ilin birinci yarısında Azərbaycanda 33,4 min nikah və 3,9
min boşanma qeydə alınıb.
İndi dünyanın bir çox
ölkələrində ailə həyatı quranların
heç də hamısı rəsmi dövlət nikahına
girmirlər. Qərb ölkələrində ilkin nikahlar
rəsmiləşdirilsə də, qısa müddətdən
sonra onların çoxu pozulur. Və qeyri-rəsmi nikahla
yaşayanların sayı artır.
Müsəlman
ölkələrində isə fərqli
ənənələr mövcuddur. Buradakı qaydalara
görə nikahsız yaşamaq doğru sayılmır. Amma
rəsmi nikaha girmədən də ailə qurmaq,
birgəyaşayış mümkündür.
Artıq Azərbaycanda da VVAQ-da
qeydiyyatdan keçməyən ailələrin sayı
artmaqdadır. Bunun bir səbəbini son illər
ölkədə artan dini qrupların təsiri ilə də
izah etmək olar.
Sovet dövründə
vətəndaşların mütləq əksəriyyəti
VVAQ qeydiyyatında durmaqla kifayətlənirdi, çünki
qanunlar qeyri rəsmi nikah bağlamağı qadağan edirdi.
Amma indi əksər azərbaycanlı ailələr rəsmi
nikahla bərabər kəbin kəsdirməyi vacib sayırlar.
Bundan başqa çoxarvadlığa
stimul verən siğə etdirmək də geniş
yayılmağa başlayıb. Bunun üçün
məscidlərə getmək və mollalara müraciət
etmək kifayətdir.
Son dövrlərdə
Azərbaycanda da belə ailələrin sayı artıb.
Dəqiq statistika yoxdur. Yalnız ölkədə əhalinin
siyahıya alınması zamanı
təxmini rəqəm əldə etmək olar
(əgər qeyri-rəsmi nikahda olanların özləri bunu
etiraf etsə).
Qeyri-rəsmi nikahlar
cəmiyyətin inkişafında və insan həyatında
olduqca ciddi problemlərə yol açır.
Məsələn, belə nikahlardan törəyən
uşaqların dövlət qeydiyyatına alınmasında,
müavinətlərin ödənilməsində, doğum
şəhadətnaməsi və digər
sənədləşdirmələrin aparılmasında ciddi
əngəllər üzə çıxır.
Problem nədən
qaynaqlanır? Bir çox vətəndaşlar dövlət
nikahını niyə vacib saymırlar?
Şübhəsiz ki, burada
əhalinin maarifləndirilməsinin aşağı
səviyyədə olması üzə çıxır.
Əgər bu məsələ ilə bağlı dövlət,
ictimai təşkilatlar tərəfindən mütəmadi
maarifləndirmə işi aparılarsa, vətəndaş
sonradan problemlə baş-başa qalmaz.
Statistika göstərir ki,
boşanmaların əksəriyyəti rəsmi nikah
bağlamayan ailələrə təsadüf edir. Artıq
Azərbaycanda boşanma hallarının sayı xarici Qərb ölkələrindəki analoji
halların sayına yaxınlaşır. Dövlət
Statistika Komitəsinin yaydığı məlumata
görə, 2008-ci ilin birinci yarısında Azərbaycanda 33,4
min nikah və 3,9 min boşanma qeydə alınıb.
Lakin Azərbaycandakı
boşanmaların "prosedur"ları
xarici dövlətlərdəki kimi sivil və qanunlara
uyğun deyil. Bunun bir çox səbəbləri var.
Səbəblərdən biri də ailə qurarkən
tərəflərin nikah müqaviləsi bağlamağa
üstünlük verməməsidir.
Bəzi hallarda valideynlər heç bir
rəsmiləşdirmə olmadan qızı verirlər.
Oğlan tərəfi hüquqi proseduru
həyata keçirəcəklərini desə də, sonradan
lazım olan hüquqi addımları atmaqdan yayınır.
Belə olan halda oğlan ailə qurduğu xanımı öz
mənzilinə (evinə) qeydiyyata da saldırmır. Bu
məsələnin də hüquqi müstəvidə
həlli vacibdir. Belə ki, ailə quran hər kəs
Azərbaycan respublikasının qanunlarına əsasən -
istəklərindən asılı olaraq - nikah
müqaviləsi bağlaya bilər. Lakin ölkədə ya
nadanlıqdan, ya da təcrübəsizlikdən
gənclərimiz bu addımı atmırlar. Nəticədə,
boşanma zamanı tərəflərin hər biri
üçün ciddi problemlər yaranır. Amma nikah
müqaviləsi bağlanarsa, sonda hər kəsin
hüquqlarını qorumaq çətin olmaz.
Məsələn, qızın gətirdiyi cehizi və ya
digər əşyaları oğlan evi dağıda bilər,
amma çox vaxt sonradan bunu sübut etmək mümkün
olmur. Lakin nikah müqaviləsi bağlanarsa, oğlanın
və qızın ayrılıqda nəyi olduğu, sonra
birgə qazancda nələrin əldə edildiyi məlum olar.
Boşanmalara iqtisadi proseslər də öz təsirini
göstərir. Amma burada daha çox, ailə
zorakılığı, müasir cəmiyyət
uyğunlaşma meylləri üstünlük təşkil
edir.
Rəsmi statistika yalnız
rəsmi nikahda olanları özündə əks etdirir.
Mövzu ilə bağlı
fakta müraciət edək. Şəhla Məmmədova
adlı xanım artıq iki ildir ailə həyatı
qurmağına baxmayaraq, nikahını rəsmiləşdirməyib.
Həyat yoldaşı ilə molla nikahında yaşayan bu
xanım deyir: "Mən ailə qurduqdan sonra yoldaşımla
Bakıya köçmüşük. Artıq üç
ildir bir yerdəyik. Əslində zənnimcə bu pis adət
deyil. Sadəcə son zamanlar övladımızı
xəstəxanaya aparanda şəhadətnamə
istəyirlər. Biz isə onu hələ almamışıq.
Deyilənə görə bunun üçün mütləq
rəsmi dövlət orqanında qeydiyyat lazımdı.
Yoldaşımın isə işi ağır olduğundan vaxt
tapıb bunu edə bilmirik. Yəqin ki, yaxın vaxtlarda
nikahımız rəsmiləşər".
Mövzu ilə bağlı
ekspert nə deyir? Ailə İşləri üzrə
Məhkəmə Məsləhətçisi kimi
fəaliyyət göstərmiş İsa Əliyev
suallarımızı cavablandırıb.
Ekspert deyir ki, molla nikahı
sadəcə birgə yaşayış üçün formal
sənət hesab olunur. "Bundan yararlanan insanlar,
sadəcə özlərini aldatmış olurlar. Həm
də belə insanlar üçün bəzi dövlət
qanunları ziddir. Onlara şəxsiyyət vəsiqəsi,
uşaqlar üçün şəhadətnamə,
yaşayış yerindən arayış, şəxsi
mülkiyyətlər üçün sənəd almaq
problemli olur. Həm də bu cür ailələrin
xanımlarının birgə ev haqqında heç bir hüququ
olmur. Onların yoldaşları ilə ümumi heç bir
avadanlığı qeydə alınmır". Bəs
dində bu məsələ öz əksini necə tapıb?
Ekspert deyir ki, əslində din
üçün bu ziddir. "Ailə quran hər bir kişi
və xanım öz münasibətlərini tələb
olunan dövlət orqanında təsdiq etdirməlidir.
Düzdür, bu hamının şəxsi işi olsa da,
boşanmaların artma sürəti ölkənin
gələcəyinə də pis təsir göstərir".
Bəs niyə bir çox
kişilər bilərəkdən molla nikahına
üstünlük verir? İsa Əliyev deyir ki, ola bilsin molla
nikahı evin xanımını və bəzən
uşaqların hüququnu
məhdudlaşdırdığına görə belə
addım atılır".
Bəs qeyri-rəsmi nikahlar
uşaqlara, onların psixologiyasına, ailədə
davranışına və ümumiyyətlə,
gələcəkdə hansı problemlərə yol aça
bilər? Ekspertin sözlərinə görə, ən
böyük problem ailələrin dağılması ola
bilər. Digər tərəfdən uşaqlar
böyüdükcə, molla kəbini haqda informasiyaları
məktəbdən, televiziyadan və başqa məlumat
yerlərindən aldıqca, onlarda hətta qorxu hiss yaranır
ki, ataları evi tərk etsə və ya onları qovsa nə
baş verəcək. Bu da psixologiyanın pozulmasına
səbəb ola bilər. Digər tərəfdən molla
nikahı yolu ilə qurulmuş ailə gələcək
birgə həyata təminat vermir. Rəsmi nikah isə
hörmət, inam, məhəbbət, təminat
deməkdir".
Səbinə