“Xalq Cəbhəsi”. -2008.- 11 noyabr.-¹206.-S.13.
Təhlükəli
qlobal iqlim dəyişiklikləri
Ekspertlərin
fikrincə, bunun qarşısının alınması
üçün neftdən asılılıq
azaldılmalıdır
Bütün dünyanın
başı mövcud maliyyə krizisinə
qarışıb. Pul insanları elə
çaşdırıb ki, qlobal istiləşmə kimi Yer
kürəsinin qorxusu az qala gündəmdən
çıxıb. Son 50 ilin istilik normaları son yüz illik
istiləşmə normalarının demək olar ki,
ikiqatı nisbətindədir. 20-ci əsr ərzində qlobal
istiləşmə okean ərazilərinə nisbətdə
quru yerə daha çox təsir etməklə 0.740 dərəcə
artmışdır. Karbon dioksid (CO2) qlobal istiləşmənin arxasında
dayanan ən əsas parnik qazıdır.
Faydalı qazıntılar kimi hasil olunan neft, qaz və
kömür çoxlu miqdarda atmosferə karbon qazı ixrac
edir və bu da istiliyin artmasına səbəb olur.
Xatırladaq ki, 1990-cı ildə bəzi ölkələr
2012-ci ilədək karbon qazı tullantılarının 5 faiz
azaldılması barədə Kioto protokolu imzalayıb.
Gübrəni
zəhərə çevirən formul
Karbon qazı
öz-özlüyündə zəhərli deyil, əksinə
bütün bitkilərə gübrə kimi lazımdır.
Karbon qazının atmosferə daxil olması dayansa, bitkilər
bu qaz ehtiyatını cəmi 8-11 ilə sərv edib qurtarar və
onda bütün canlılar məhv olar. Məsələn,
vulkan püskürməsi zamanı karbon qazı
tullantıları bitkilərin böyüməsini
stimullaşdırır, bunun nəticəsində isə
oksigenin ayrılması baş verir. Ancaq qədərindən
artıq hər bir şey ziyan verdiyi kimi karbonun da atmosferdə
miqdarının artması bəşəriyyəti təhdid
edən qlobal istiləşməyə yol açır.
Bu yaxınlarda Hon-Konqda
keçirilən beynəlxalq konfransda alimlər bir araya gəlib,
qlobal istiləşmənin get-gedə yaratdığı
problemləri müzakirə ediblər. Amerikalı alim Nikolas Stern bildirib ki, əgər
qlobal istiləşmənin qarşısını almasaq, daha
ciddi problemlərlə üzləşəcəyik. Onun fikrincə,
karbondan daha az istifadə etmək üçün insanlar
ictimai nəqliyyatdan istifadəyə üstünlük verməli,
təbii enerji qaynaqlarından yararlanmalıdırlar. Yəni,
neft və qazdan bir yanacaq kimi istifadə
azaldılmalıdır. Təkcə karbon qazının
üstündə dayanmaq olmaz. Sulfid və dəm
qazının, benzapirenin, azot, his oksidlərinin,
ağır metalların və s. atmosferə atılması da
azaldılmalıdır.
Mütəxəssislərin
fikrincə, son 20 il ərzində Şimali Avropada iqlimin istiləşməsi
Şimal yarımkürəsində "qış yaradan"
arktik qış antisiklonunun təsirini zəiflədib. Bu da
Şimal Buzlu okeanın buz örtüyünü əriməsi
ilə izah olunur. Fritov Hansen
adına institutu təmsil edən norveçli alimlərin
hesablamalarına görə, okeanın buzluluğu hər 10
ildən bir 5 faiz azalır. Buz örtüyünün
azalmasına səbəb təkcə iqlimin dəyişməsi
yox, həm də isti Qolfstrimin - Şimali Avropanın sirkulyasınının
dəyişməsidir. Bu gün Qolfstrimi
çirkab sular, məişət və sənaye
tullantıları getdikcə daha çox çirkləndirir.
Bundan başqa, Asiyada 500 milyon əhalini
içməli su ilə təmin edən Himalay
buzlaqlarının da ərimək təhlükəsi getdikcə
artır. Həmin buzlaqların əriməsi nəticəsində
Cənub yarımkürəsindəki ada dövlətlərinin
bir çoxu tamamilə su altında qala bilər.
Torf
karbona çevriləcək
Rusiya Milli Geokriologiya
Fondunun məlumatına əsasən, Rusiya ən böyük
materikin mərkəzində yerləşdiyi üçün
bu ölkə istiləşmənin baş verəcəyi təqdirdə
nəhəng karbon qazı təchizatçısı olacaq. Nəticədə
planetin temperaturu intensiv şəkildə artacaq. İstiləşmə
nəticəsində Sibirin əbədi buzlaşmış
torf yataqları karbon xəzinəsindən nəhəng karbon
qazının ayrılması mənbəyinə çevriləcək.
Buzlaqlar təkcə yuxarıdan yox, aşağıdan da əriməyə
başlayacaq. Aşağıda isə buz kristalları
formasında tərkibində karbon olan nəhəng qazhidrat yataqları mövcuddur. Onlar səthə
çıxaraq atmosferdə böyük həcmdə metan və
karbon qazı yaradıb bərk fazadan qaz yaradan fazaya keçəcəklər.
İstiləşmə ilə Sibir tayqasında
yanğınların sayı artacaq. Onlarla birlikdə xeyli
karbon qazı daxil olmağa başlayacaq. Fondun hesablamalarına
görə, son 100 il ərzində bəşəriyyət əsasən
yanacaq yandırmaq və korroziya hesabına artıq atmosferdən
azı 10-13 ton oksigen götürüb. Atmosferdə oksigenin
faizi azalmağa doğru gedir. Arktika
hazırda yer kürəsində olan ən sürətli iqlim
dəyişikliyini yaşayır. 81 faizi buzlaqlarla
örtülü olan Qrenlandiyada da həyat tərzi xeyli dəyişib.
Qrenlandiya
əriyir...
60 min sakini olan Qrenlandiya
adasında dünyanın bütün şirin su
ehtiyatının onda biri mövcuddur. Qlobal istiləşmə
buzlaqların sürətlə əriməsinə səbəb
olur. Belə davam edərsə, növbəti 100 il ərzində
bu bölgə daha böyük ekoloji problemlərlə
üz-üzə qalacaq. BMT-nin məruzəsinə əsasən,
Qrelandiya ərazisində temperatur gələcək
illərdə iki dəfə artacaq və şirin suyun
böyük əksəriyyəti buzlaqların əriməsi nəticəsində
dünya okeanına axacaq. Bu isə həm də dünya su
hövzəsindəki suyun səviyyəsinin qalxması deməkdir.
Hər il dünya okeanında suyun səviyyəsi 3 millimetr
artır.
Adanın qərb sahilində və
Arktika qütbünün şimalında
yerləşən Limanaq kəndi
dünyanın aysberq yaradan ən böyük
yaşayış buzlağı sayılır. Cəmi 80 sakini
olan Limanaq kəndinin ətrafı
kiçik aysberqlərlə doludur. Bu isə kəndlilərin
həyatında çətinliklər yaradır. Ekspertlər
hesab edir ki, iqlim dəyişikliyinin qarşısını
alınması üçün neftdən asılılıq
azaldılmalıdır. Ümumdünya Təbiəti
Mühafizə Birliyinin məlumatına görə, quruda
yaşayan məməlilərin 1/4-i təhlükədədir.
130 ölkənin 1700 ekspertinin apardığı tədqiqatda
göstərilir ki, quruda yaşayan məməlilərin 36
faizi, dənizdəki məməlilərin isə 61 faiz təhlükədədir.
836 növ haqqında isə məlumat yoxdur. Ekspertlər burada
əsas səbəb kimi heyvanların yaşadıqları ərazilərdə
meşələrin məhv edilməsi, həmçinin iqlim dəyişikliyini
göstərirlər.
Qlobal
istilik rəqəmlərdə
Birləşmiş Millətlər
Təşkilatının qlobal iqlim dəyişikliyi ilə
mübarizəyə aid hesabatına görə, son 150 ildə
dünyada temperatur 1 dərəcə yüksəlib. Bu
yüksəlişin yarısı son 25 ilə təsadüf
edir. Əgər temperatur bu sürətlə qalxmaqda davam etsə,
2050-ci ilə qədər hərarət 2-2,5
dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə
qədər yüksələ bilər. Bu isə bəşəriyyət
üçün böyük fəlakətlər,
quraqlıqlar, sel-daşqınlar deməkdir. İstiləşmə
nəticəsində Antraktidada və Arktikadakı buzlaqlar əriyərsə okean
suyunun səviyyəsi təxminən 60 metr yüksələcək.
Britaniya alimlərinin araşdırmalarına görə, buz
örtüyü indiki sürətlə əriməyə
başlayarsa, 21 əsrin sonunda təhlükə gözlənilir.
Qlobal istiləşmənin fəsadları Şimali Afrika, Saxara səhrası, Cənubi Asiyada daha
geniş özünü göstərəcək. Rusiyanın
Sibir, Ural və Avropa hissəsi, eləcə də Orta Asiya, Cənubi
Qafqaz regionunda isə Azərbaycan daha təhlükəli zona
hesab olunur.
20-ci əsr son minilliyin ən
isti əsri hesab olunur. 1990-cı ildən 1998-ci ilə qədər
Yer kürəsində temperatur 0,7 dərəcə artıb.
1861-ci ildən aparılan temperatur ölçülərinə
görə, 1998-ci ildən sonra ən isti il sayılan 2001-ci
ildə 2371 insan dünyasını dəyişib. Qlobal istiləşmənin
iqtisadi ziyanları da yetərincə böyükdür. 1998-ci
ildən 2001-ci ilə kim qlobal istiləşmə nəticəsində
ABŞ iqtisadiyyatı 13 milyard dollar ziyana düşüb.
İqlim
dəyişikliyi 12 ən təhlükəli infeksiya yayacaq
Qlobal istiləşmə yeni xəstəliklərin
yaranmasına gətirib çıxara bilər. Bu zaman insan
heyvanlardan da yoluxa bilər. Bu yaxınlarda Ümumdünya Təbiəti
Mühafizə Xidməti Barselonada keçirilən konqresdə
iqlim dəyişikliyi nəticəsində ən təhlükəli
infeksiyaların yayılacağını bildirib. Heyvanlardan
keçən 12 ən təhlükəli zoonoz
infeksion xəstəliyi insanlar arasında geniş yayıla bilər.
Alimlər artıq şimal regionlarda Laym xəstəliyi,
Qərbi Hil qızdırması xəstəliklərinin
yaxınlaşdığını qeyd ediblər. Bu xəstəliklər
əsasən birələr və milçəklərlə
yoluxur. Həmin həşəratlar vaxtilə soyuq ölkələrdə
donurdular, indi isə onlar yeni şəraitdə yaşamağa
uyğunlaşırlar. Bu da insanlar üçün təhlükəli
olan quş qripi, Ebol virusu, Rift
qızdırması və digər bu kimi infeksiyaların
yayılmasına gətirib çıxara bilər. Digər tərəfdən,
quraqlıq olduğu üçün ev heyvanları ilə vəhşi
heyvanlar eyni mənbədən su içirlər. Nəticədə
xəstəliklərin ev heyvanlarından insanlara yoluxması
baş verir.
Azərbaycanı
20 il sonra su çatışmazlığı gözləyir
Azərbaycan Ermənistan və
Gürcüstanda içməli su mənbələrinin toplam resursları 20 il sonra 12 faiz, 40 il sonra isə
42 faiz azalacaq. Böyük və Kiçik Qafqaz dağ silsiləsində
hazırda mövcud olan buzlaqların 65 faizi əriyəcək,
Alp çəmənləri və dağətəyi
otlaqların 34 faizi güclü eroziyaya məruz qalacaq. Əkin
üçün yararlı torpaq ərazilərinin toplam sahəsi 12 faiz azalacaq, münbit qumus layı isə 23
il ərzində 8 faiz tükənəcək. İçməli
su və suvarma mənbələrinin tədricən tükənməsi,
quraqlıqlar Cənubi Qafqazdakı yaşam şəraitini
xeyli çətinləşdirəcək. Ekoloqların
proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində
Azərbaycanı daşqınlar, içməli su
ehtiyatlarının çatışmazlığı gözləyə
bilər. Su ehtiyatları, meşələrə, kənd təsərrüfatına
ciddi ziyan vura bilər. Lap yaxın illərdə Xəzər dənizinin
səviyyəsinin daha bir metr qalxacağı gözlənilir.
Dağlıq Qarabağ
münaqişəsi və bir sıra rayonlarımızın
erməni işğalı altında olması vəziyyəti
daha da ağırlaşdırır. Ekspertlərin
hesablamalarına görə, Bakı şəhərində, təkə
Abşeron yarımadasında məişət
tullantıları və zibilxanalar havanın orta temperaturunun 1
dərəcə dəyişməsinə səbəb olub. Bu
ilin əvvəlindən Bakının atmosferinə 50 min tondan
artıq zəhərli maddə və kimyəvi birləşmələr
buraxılıb. 1970-80-ci illərdə
"ölü şəhər" adlanan Sumqayıtda olan bəzi
fabrik və zavodlar Sovetlər Birliyi dağılandan sonra fəaliyyətini
dayandırıb. 1990-cı ildən şəhərin atmosferinə
96,4 min ton zəhərli kimyəvi tullantı
atılmışdısa, 2000-ci ildən bu rəqəm 17,6
min, indi isə 9 min tona bərabərdir.
Azərbaycanda iqlim şəraitinin
fəsil və ərazi üzrə dəyişmələri
müxtəlifdir. Qış fəslində ölkə ərazisi
üzrə əhəmiyyətli dərəcədə istiləşmə
gedir. Yazda isə soyuma baş verir. Tədqiqatlar göstərir
ki, son 100 ildə temperatur Bakıda 0,8, Zaqatalada 0,7,
Naxçıvanda 0,9, Qubada 1,3, Salyanda 0,7 dərəcə
artıb. Ümumiyyətlə, 1960-1990-cı
illər ərzində bütün Azərbaycan ərazisi boyu 0,3-0,6 dərəcəyə qədər istiləşmə
gedib, yağıntıların miqdarı isə 18 faiz
azalıb.
Qlobal istiləşmə ilə
əlaqədar karbon qazının 2 dəfə, temperaturun isə
2-4,5 dərəcə artması nəticəsində
Azərbaycanda çayların su ehtiyatlarının 15-20 faiz
azalacağı gözlənilir. Hazırda Azərbaycanda
bütün sahilboyu 4865 min hektar torpağı su basıb və
2020-2040-cı illərdə səviyyənin
yenidən qalxması gözlənilir. Belə olan halda torpaq
itkiləri 130-160 min hektar ola bilər. Ekoloji durum
baxımından Ermənistanın vəziyyəti daha pisdir.
Orada fəaliyyət göstərən dövlət və
özəl sənaye müəssisələri atmosferə
sutkada 24 dəfə artıq zəhərli maddə və kimyəvi
tullantılar atır. Qlobal istiləşməyə
qarşı ən yaxşı mübarizə aparan dövlətlər
İsveç, Böyük Britaniya, Danimarka, Malta və Almaniya
hesab edilir. Postsovet ölkələri arasında isə ən
yaxşı göstərici Latviyaya məxsusdur. ABŞ, Səudiyyə
Ərəbistanı və Çin kimi qüdrətli dövlətlər
isə bu siyahıda sonuncu yeri bölüşürlər.
Gülnar
Tofiqli