“Xalq qəzeti”.-2008.-7 nöyabr.-¹249.-S.5
Sosioloji
biliklərdən səmərəli istifadə
cəmiyyətin tərəqqisi üçün mühüm
əhəmiyyətə malikdir
Sosiologiya
elmi cəmiyyətin problemlərinin həlli prosesində
yaxından iştirak edir. Bu məqam onun əhəmiyyətini
səciyyələndirən əsas amillərdən biridir.
Bəs, sosiologiya elminin imkanlarından bizdə necə
istifadə olunur? Azərbaycan Sosioloqlar Birliyinin icraçı
direktoru, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti
Əbülfəz Süleymanlı ilə söhbətimiz
də Azərbaycanda sosiologiya elminin mövcud durumu və
cəmiyyətimizdəki aktual sosial problemlər
barəsində oldu.
—
Əbülfəz müəllim,
Azərbaycanda sosiologiya elminin bugünkü vəziyyətini
necə qiymətləndirirsiniz?
—
— Əvvəla, bir faktı qeyd etmək
istəyirəm ki, bu elm sahəsinin ölkəmizdə
formalaşma tarixi o qədər də uzaq deyil. Sovetlər
dövründə cəmiyyətdə baş verən bir
çox neqativ halların üzə
çıxarılmasında dövlət o qədər də
maraqlı deyildi. Buna görə də sosiologiyaya “burjua elmi”
damğası vurulmuşdu və onun inkişafı süni
şəkildə “dondurulmuşdu”. Sovetlər
dağıldıqdan sonra Azərbaycanda da bu elm
sahəsində müəyyən irəliləyiş baş
verdi. Müxtəlif sahələrdə sosioloji tədqiqatlar
aparan mərkəzlər quruldu, bəzi universitetlərdə
sosiologiya fakültələri fəaliyyətə
başladı. Hazırda bu elmin inkişafı üçün
AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun sosiologiya və sosial-psixologiya
şöbəsində professor Rəfiqə Əzimovanın
rəhbərliyi altında məqsədyönlü
işlər görülür. Şöbədə son
illər həm nəzəri, həm praktiki sosial
problemlərin öyrənilməsi sahəsində aparılan
elmi araşdırmaların sayı xeyli artıb. Eyni zamanda,
sosiologiya sahəsində akademik kadrların hazırlanması
istiqamətində səmərəli fəaliyyət planı
hazırlanmış və uğurla həyata keçirilir.
Sosioloqlarımızı
vahid bir qurumda birləşdirmək məqsədi ilə
Azərbaycan Sosioloqlarının Birliyini təsis etmişik. Bu
qurum həm də xaricdəki analoji sosioloji
cəmiyyətlərlə əməkdaşlıq edir,
beynəlxalq konfranslarda fəal iştirak edir.
Lakin bununla
belə, bu sahədə problemlər qalmaqda davam edir. Əfsuslar olsun ki, biz bu günə
qədər hələ də sosiologiya elminin imkanlarından
lazımı səviyyədə istifadə edə bilmirik.
Dünya praktikasına nəzər yetirdiyimiz zaman görürük
ki, yeni qurulan dövlətlərin əksəriyyətində
sosiologiya elminin imkanlarından geniş istifadə edilir. Zənnimcə, bizim də bu sahəyə daha
çox diqqət yetirməyimizə ciddi ehtiyac duyulur. Bu
gün cəmiyyətdə baş verən proseslər
onların çox ciddi surətdə sosioloji analizinin aparılması
və gələcəyə istiqamətlənmiş
strategiyaların müəyyənləşdirilməsi
zərurətini meydana çıxarır.
— Sizcə,
bu sahədəki mövcud problemlərin əsas
səbəbləri nədir?
— Hesab
edirəm ki, hələ də cəmiyyətimizdə bu elmin
imkanları haqqında kifayət qədər məlumat yoxdur.
Bu da öz növbəsində sosioloji tədqiqatların
nəticələrinə marağı azaldır. Eyni zamanda,
aparılan sosioloji tədqiqatların keyfiyyətinin
qənaətbəxş olmaması da ona
qarşı biganəliyin yaranmasını
şərtləndirən amillərdəndir.
İnkişaf
etmiş ölkələrdə dövlətin sosial
siyasətinin müəyyənləşdirilməsində
sosioloqlar kadr kimi məsul sahələrdə
çalışdıqları halda bizdə bu göstərici
çox aşağıdır. Bu isə öz
növbəsində sosiologiya elminə meyl edənlərin
sayının azalmasına səbəb olur.
Özünü
sosioloq adlandıranlar arasında müxtəlif peşə
sahiblərinə və elmin digər sahələrinə aid
insanlara rast gəlmək olar. Bu səbəbdən də
sosiologiyada mövcud metodoloji yanaşma prinsiplərində
pərakəndəlik özünü büruzə verir. Vahid
meyarların və elmin sərhədinin
müəyyənləşdirilməsi Azərbaycanda sosiologiya
elmi qarşısında duran prioritet
məsələlərdəndir. Sosioloji təhsil
sahəsində də problemlər qalmaqdadır.
Ümumiyyətlə,
sosiologiya elmi bu gün cəmiyyətdə baş verən
proseslərə vaxtında adekvat reaksiya verməyi və
zamanın tələblərinə uyğunlaşmağı bacarmalıdır.
Dövlətin tərəqqisi və
möhkəmlənməsi şəraitində milli sosiologiyanın
inkişafı ilə bağlı yeni perspektivlər
açılır. Sosioloji biliklərdən
səmərəli istifadə, bu sahədəki tədqiqat
metodlarının düzgün və məqsədyönlü
şəkildə tətbiqi, elmi-praktik potensialın inkişaf
etdirilməsi cəmiyyətin tərəqqisində
mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu
istiqamətdə müvafiq dövlət strukturlarının
və peşəkar sosioloqların məqsədyönlü
şəkildə təşəbbüskarlıq göstərməsi
zəruridir.
—
Cəmiyyətdə olan sosioloji problemlər hansılardır?
Bir sosioloq kimi, bu barədə nə
düşünürsünüz?
— Birinci növbədə
bir məqamı qeyd etmək vacibdir ki, problemsiz cəmiyyət
yoxdur. Hətta, ən inkişaf etmiş
cəmiyyətlərdə belə problemlər mövcuddur
və onların sayı durmadan artır. Sözsüz ki,
keçid dövrünü yaşayan
cəmiyyətlərdə problemlərin mövcudluğu
təbiidir. Bununla belə, biz deyə bilərik ki,
bugünkü Azərbaycan cəmiyyətində bir sıra
prioritet problemlər önə çıxır və
sosiologiyanın ən ciddi vəzifəsi o prioritet istiqamətlərin
sosioloji təhlilini aparmaqdan ibarətdir.
Bu gün
baş verən sosial proseslərin sürəti insanı heyrətləndirir.
Əhalinin nəhəng hissəsi urbanizasiya proseslərinə
cəlb olunur, kütləvi şüur kosmik
sürətdə dəyişir, əhalinin tərkibi
dəyişir və s. Təhsilə aid müəyyən
problemlərin sosioloji tədqiqi, gəncliyin xüsusilə
mənəvi-dəyərlər oriyentasiyası
baxımından təhlili, ailədə baş verən
dəyişikliklərin izlənməsi sosial problemlər kimi
qarşımızda duran məsələlərdir.
Bütün bu proseslərin sosioloji baxımdan tədqiqi
zəruridir.
— Son
illər ailə mövzusunda bir çox tədqiqat aparmısınız. Bu sahədə
apardığınız tədqiqatların nəticəsi
haqqında nə deyə bilərsiniz?
—
Azərbaycan xalqı hər zaman ailəyə xüsusi
dəyər verməsi ilə tanınıb. Bu gün də
statistikaya nəzər yetirdiyimiz zaman digər ölkələrlə
müqayisədə Azərbaycanda insanların ailəyə
bağlılığının daha güclü olduğu
müşahidə edilir. Bunu son illər bu sahədə
apardığımız tədqiqatların
nəticələri də sübut edir. Ən son olaraq
apardığımız “Universitetin sonuncu kurs
tələbələrinin ailə haqqında
düşüncələri” tədqiqatında
gənclərin 90 faizi ailə institutunu əhəmiyyətli
hesab edir və quracağı ailə haqqında müsbət
fikirlər bəyan edirlər. Gələcəyin
təminatı olan gənclərin ailəyə dəyər
verməsi çox əhəmiyyətlidir. Gənclərin
övlad sahibi olmağa müsbət münasibəti də
demoqrafik baxımdan başqa ölkələrdə
özünü büruzə verən təhlükənin
bizim üçün ən azı son 10 ildə
gündəmdə olmayacağından xəbər verir. Lakin
bununla belə, ailə institutunda bəzi mənfi meyllərin
özünü büruzə verdiyi də bir həqiqətdir.
Xüsusilə, son zamanlar boşanma faizinin artması ciddi
düşünməyi və təcili bu sahədə
tədbirlərin görülməsini zəruri edir. Ən
çox narahatlıq doğuran məqam isə bu
məsələyə münasibətdə
cəmiyyətdə getdikcə liberal yanaşmanın
artmasıdır. Bu, çox təhlükəli meyllərdir.
Qərb ölkələrində ailə institutunun
zəifləməsində bu cür meyllər çox
böyük rol oynadı. Onların
tədqiqatçıları da bunu təsdiqləyirlər.
Bunun üçün bu məsələyə ehtiyatla
yanaşmaq lazımdır. Unutmaq olmaz ki, boşanma zamanı
ən çox uşaqlar zərər çəkirlər,
özlərinə inamı itirirlər. Belə
ailələrdə də cinayətkarlıq halları daha
çox nəzərə çarpır.
Cinayətkarlığa qurşanmayanlar isə
cəmiyyətdə həyatdan bezmiş kimi yaşayırlar
və bəziləri hətta intihar edərək
həyatlarına son qoyurlar.
—
Qloballaşmanın milli mədəniyyət üzərində
təsirini necə qiymətləndirmək olar?
—
Qloballaşmanın ən çox hiss edildiyi və təsir
etdiyi sahələrdən biri də, heç
şübhəsiz, mədəniyyətdir. Bunun
üçün də bu prosesdə milli mədəniyyətlərin
qorunub saxlanılması və xüsusi strategiyaların
müəyyənləşdirilməsi milli
dövlətlərin qarşısında duran ən aktual
məsələlərdən biridir. Son dövrlərdə
qloballaşmanın meydana gətirdiyi nəticə onu
göstərir ki, lokallaşaraq qorunan deyil, əksinə
qloballaşaraq qorunan milli dəyərlər öz
mövcudluqlarını davam etdirə bilirlər.
Unutmaq olmaz
ki, qloballaşma şəraitində kommunikasiya və
nəqliyyat vasitələrinə nəzarət edən
ölkələrin mədəniyyətləri daha
üstün mövqe qazanır. Bunun üçün də
yerli televiziya kanallarımız çox ciddi strategiya
işləyib hazırlamalı, öz verilişlərinin
beynəlxalq miqyasda rəqabətə davamlı
səviyyəyə yüksəltməlidirlər. Həm
də rəqabətin uğurlu olması üçün milli
proqramların təkcə mənəvi məzmunu deyil, həm
də texniki səviyyəsi Qərb standartlarından geri
qalmamalıdır. Xalqın milli kimliyini qoruya bilməsi, milli
mədəniyyətinə, tarixinə və ana dilinə sahib
çıxması ancaq bu şərtlə mümkün ola
bilər.
— Siz eyni
zamanda Türk Dünyası Sosioloqlar Birliyinin
vitse-prezidentisiniz. Bu təşkilat haqqında bir qədər
məlumat verə bilərsinizmi?
— Türk
Dünyası Sosioloqlar Birliyi türk dünyasının
müxtəlif ölkələrindən olan sosioloqları
birləşdirən qurumdur. Məqsəd türk
dünyasının yaxın tarixdə və müasir
dövrdə qarşılaşdığı problemlərin
açıqlanması sahəsində sosiologiya elminin
imkanlarından istifadə edə bilmək, problemlərə
ortaq həll yolunun tapılmasında sosioloqlar arasında
qarşılıqlı fikir mübadiləsinə nail
olmaqdır.
2005-ci ilin
noyabr ayında Türkiyənin Kocaeli
şəhərində TİKA və Kocaeli Böyük Şəhər
Bələdiyyəsinin dəstəyi ilə Türk
Dünyası Sosioloqları Birliyinin birinci təsis
qurultayı keçirildi. “Milli dövlət və
qloballaşma” adı altında keçirilən qurultayda
birliyin idarə heyəti formalaşdı və bu qurum
qurultaydan sonrakı dövr ərzində sosioloqlar arasında
koordinasiya fəaliyyətini həyata keçirməyə
başladı. Cari ilin aprel ayında Qazaxıstanın
Almatı şəhərində qurumun ikinci qurultayı
keçirilmişdir. İkinci qurultayın əsas
müzakirə obyekti “Vətəndaş cəmiyyəti və
sosial tərəqqi” mövzusu idi. Sonuncu
qurultayın əsas nəticələrindən biri birliyin
jurnalının təsis olunmasına qərar verilməsi idi. Artıq
2010-cu ildə üçüncü qurultayın
Qırğızıstanda keçirilməsi qərara
alınıb. Bundan əlavə, müxtəlif
sahələrdə əməkdaşlıq edir,
müxtəlif mövzularda birgə tədqiqatlar aparır,
kitablar, məqalələr hazırlayırıq. Birliyimizin
sıralarında kifayət qədər tanınmış sosioloqlar
cəmləşib. Nümunə üçün qeyd etmək
istəyirəm ki, Qazaxıstan Respublikasının xarici
işlər naziri, sosiologiya elmləri doktoru Marat
Tacin birliyimizin vitse-prezidentidir. Birliyin
mərkəzi ofisi İstanbul şəhərindədir.
İstanbul Universiteti ədəbiyyat fakültəsinin
dekanı, professor Korkut Tuna
qurumun prezidentidir.
Hesab
edirəm ki, birliyin yaranması çox ciddi addımdır
və digər elm sahəsində çalışan elm
adamları üçün də nümunə ola bilər.
Xüsusilə, qloballaşmanın vüsət
aldığı bir dövrdə türk dünyası ölkələri
arasındakı tarixi və mədəni
bağlılığı üzə çıxartmaq,
dövlətlərarası münasibətləri
gündəmdə saxlamaq üçün elm
adamlarının öhdəsinə böyük iş
düşür .
Müsahibəni qələmə
aldı:
İbrahim ÖMƏROV