Xalq qəzeti”.-2008.-31 oktyabr.-N 243.-S.5.

 

Audit qanunvericiliyi beynəlxalq təcrübəyə uyğunlaşdırılır

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, ardıcıl və məqsədyönlü şəkildə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində maliyyə nəzarətinin sivil forması olan audit institutu da durmadan inkişaf edir.
Milli audit qanunvericiliyinin təməl daşı olan "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsinin əsası qoyulmuş və sonrakı illərdə auditin inkişafı üçün zəruri olan mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bu qanunla yanaşı, ölkədə auditor xidməti Azərbaycan Respublikasının Peşə və Vergi məcəllələri də daxil olmaqla, 100-dək qanun, fərman və s. qanunvericilik aktları ilə tənzimlənir.
1996-2006-cı illər ərzində Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla, Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq, ölkədə auditor xidmətinin təşkilini tənzimləyən 48 milli audit standartı və "Auditorların Peşə Etikası Məcəlləsi", 30-dək digər normativ hüquqi sənədlər hazırlanaraq, Palata Şurası tərəfindən təsdiq edilmişdir. Həmin standartlardan bir qismi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına götürülərək, normativ hüquqi aktların dövlət qeydiyyatı haqqında şəhadətnamə almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə palatanın kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubunda deyildiyi kimi, “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir".
Son dövrlərdə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində mühüm addımlar atılmışdır. Bu sahədə Azərbaycan Respublikasının Auditorlar Palatasında da bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən “Daxili audit haqqında", "Auditorların peşə məsuliyyətinin icbari sığortası haqqında" və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının qanunlarının layihələri hazırlanaraq, müvafiq qaydada baxılması üçün Nazirlər Kabinetinə və Prezidentin İcra Aparatına təqdim edilmişdir.
“Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanunun layihəsi hazırlanarkən layihə barədə Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Vergilər nazirliklərinin, Milli Bankın, Dünya Bankının (İDF qrantı çərçivəsində Kanadanın “CGA Canada" şirkətinin hazırladığı hesabata əsasən), xarici auditor şirkətlərinin ölkəmizdə fəaliyyət göstərən filial və nümayəndəliklərinin rəy və təklifləri də öz əksini tapmaqla, auditor xidməti sahəsində 20-dən artıq xarici ölkənin audit qanunvericiliyindən istifadə edilmiş, habelə Avropa Birliyinin auditlə əlaqədar 8-ci direktivinin tələbləri nəzərə alınmışdır.
Göstərilənlərlə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən 9 sahəvi audit proqramı, o cümlədən banklarda, səhmdar cəmiyyətlərində, investisiya fondlarında, sığorta təşkilatlarında, bələdiyyələrdə, məhdud məsuliyyətli cəmiyyətlərdə və qeyri-hökumət təşkilatlarında auditin aparılmasına dair proqramlar, vergi auditi və əmlakın qiymətləndirilməsinin auditi proqramları hazırlanaraq, Palata Şurası tərəfindən təsdiq edilmiş və auditorların istifadəsinə verilmişdir.
Bu istiqamətdə görülən işlərin hüquqi bazasını “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyul tarixli, "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli, "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın (2007 – 2011-ci illər) təsdiq edilməsi barədə" və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında mühasibat uçotu və audit islahatları üzrə qrant üçün məktub-sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, eyni zamanda, digər normativ hüquqi aktlar təşkil edir.
Maliyyə nəzarətinin növləri arasında daxili audit xüsusi yer tutur. Heç də təsadüfi deyildir ki, bir sıra mühüm beynəlxalq normativ aktlarda, o cümlədən BMT-nin “Korrupsiyaya qarşı Konvensiya»sında (2003-cü il 31 oktyabr), Avropa Birliyinin 8-ci direktivində (2006-cı il redaksiyasında), Bazel Bəyannaməsində, ABŞ Konqresinin məşhur ”Sarbones-Oksley" aktında (2002-ci il) daxili auditin əhəmiyyəti və tətbiqi zərurəti irəli sürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə müvafiq qaydada baxılması üçün Milli Məclisə göndərilən “Daxili audit haqqında" və ”Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının qanun layihələri Milli Məclisin iqtisadi siyasət daimi komissiyasında və Milli Məclisin iclaslarında I, II və III oxunuş geniş müzakirələrdən sonra 2007-ci il mayın 22-də qəbul edilmiş və 332-IIIQ, 333-IIIQ saylı qərarlar ilə təsdiq edilmişdir.
Mövcud qanunvericiliyə görə, daxili audit təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatvericiməsləhətverici fəaliyyətdir.
Daxili audit daxili nəzarət sisteminin, habelə bütövlükdə idarəetmənin səmərəliliyinin qiymətləndirilməsinə yönəlmiş bir xidmət növüdür. Başqa sözlə, daxili audit daxili nəzarət sisteminin tərkib hissəsi olmaqla, onun digər qollarının (maliyyə, istehsal, xidmət, təchizat və s.) vəzifə və funksiyalarını öz üzərinə götürmədən, onların səmərəliliyini obyektiv qiymətləndirmək və mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr hazırlayıb təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim etməklə, fəaliyyətin inkişafına, səmərəliliyin yüksəldilməsinə və risklərin idarə edilməsinə təminat verir.
“Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat subyektlərinə şamil edilir. Başqa sözlə, daxili auditin ictimai əhəmiyyətli qurumlarda, banklarda, sığorta təşkilatlarında, səhmdar cəmiyyətlərində, bələdiyyələrdə, məhdud məsuliyyətli cəmiyyətlərdə və s. yaradılması məcburi xarakter daşıyır, digər təsərrüfat subyektlərinə isə bu qanun könüllülük prinsipi əsasında tətbiq edilə bilər.
Qanunun məqsədi – Azərbaycan Respublikasında daxili audit xidmətinin təşkilini, daxili auditin həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən etmək, təsərrüfat subyektinin rəhbərinin göstərişi ilə onun maliyyə-təsərrüfat fəaliyyətinin qanunvericiliyə, o cümlədən qəbul edilmiş mühasibat uçotu qaydalarına uyğunluğunun və idarəetmə prinsiplərinin səmərəliliyinin müstəqil yoxlanılması və qiymətləndirilməsi prosedurlarını həyata keçirməkdən ibarətdir.
“Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli fərmanının 1.3-cü bəndinin icrası ilə bağlı Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun məcburi auditin obyekti olan təsərrüfat subyektləri tərəfindən mərhələlərlə aşağıdakı müddətlərdə tətbiq edilməsi üzrə təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilən bu təkliflər Nazirlər Kabinetində baxılaraq, onun 2007-ci il 5 oktyabr tarixli 155 saylı qərarı ilə təsərrüfat subyektləri tərəfindən həmin qanunun tətbiqi müddətləri aşağıdakı qaydada təsdiq edilmişdir:
– Banklarda – 2007-ci ilin sonunadək; – bank olmayan kredit təşkilatlarında – 1 yanvar 2009-cu ilədək; – səhmdar cəmiyyətlərində və məhdud məsuliyyətli cəmiyyətlərdə: – illik dövriyyəsi 100 min manatdan çox olanlarda – 1 yanvar 2009-cu ilədək; – illik dövriyyəsi 100 min manatdan az olanlarda – 1 yanvar 2010-cu ilədək;
– sığorta təşkilatlarında – 1 iyul 2009-cu ilədək; – maliyyə – sənaye qruplarında – 1 yanvar 2009-cu ilədək; – fondlarda – 1 yanvar 2009-cu ilədək; – büdcədənkənar fondlarda – 1 iyul 2008-ci ilədək; – bələdiyyələrdə və bələdiyyə müəssisələrində – 1 yanvar 2010-cu ilədək; birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar tətbiq edən hüquqi şəxslərdə (holdinqlərdə) – 1 iyul 2008-ci ilədək; – təbii inhisar fəaliyyəti subyektlərində – 1 iyul 2008-ci ilədək; – qeyri-hökumət təşkilatlarında – 1 yanvar 2010-cu ilədək.
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılması, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasının təmin edilməsini nəzərdə tutur. Auditorun peşə məsuliyyəti auditor xidmətinin göstərilməsinə dair bağlanmış müqavilə üzrə, onun göstərdiyi auditor xidməti nəticəsində auditin subyektinə vurulan zərərin ödənilməsi üçün götürdüyü öhdəlikdir.
Auditorun peşə məsuliyyətinin icbari sığortası isə, qanunvericiliklə müəyyən edilmiş qaydada audit xidməti göstərən auditorun öz peşə məsuliyyətini sığorta etdirmək məqsədilə, yalnız sığorta və təkrar sığorta fəaliyyəti göstərən və xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslə müqavilənin bağlanması yolu ilə aparılan sığortadır.
Qanunun məqsədi – Azərbaycan Respublikasının ərazisində auditor xidməti ilə məşğul olan auditorların auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətlərinin tənzimlənməsi və peşə məsuliyyətinin icbari sığortasının hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsidir.
“Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli fərmanının 1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 sentyabr tarixli 151 saylı qərarı ilə baza sığorta tarifi auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün sığorta məbləğinin 1 faizi, hüquqi şəxslər üçün isə 1,5 faizi həcmində müəyyən edilmişdir. Qanunla isə auditorun peşə məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmalı minimum məbləğ fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün isə 3000 manat müəyyən olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada (2007–2011-ci illər)” nəzərdə tutulmuş tədbirlərlə və Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) tam üzvlüyü ilə əlaqədar öhdəliklərə və həmin təşkilatla imzalanmış 2008-ci il 21 aprel tarixli memoranduma əsasən, ölkəmizdə Beynəlxalq Audit Standartlarının (BAS) tətbiqinə keçilməsi ilə respublikada auditor xidmətinin dövlət tənzimlənməsinin və inkişafının səviyyəsinin yüksəldilməsi və Auditorlar Palatasının və Palata Şurasının 2008-ci il üzrə iş planlarının – “Beynəlxalq audit standartlarının (BAS) Azərbaycan dilinə tərcümə edilməsi, nəşri və tətbiqi”nin 1.2-ci və 3-cü müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Auditor Palatası üzrə verilmiş 2008-ci il 29 iyul tarixli əmrə əsasən palatanın sədri Vahid Novruzovun rəhbərliyi ilə yüksək təcrübəli peşəkar iqtisadçılar və xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən filiallarının nümayəndələrindən ibarət redaksiya heyəti yaradılmışdır.
Hazırda nəzərdə tutulmuş qrafikə uyğun olaraq Beynəlxalq Audit Standartlarının Azərbaycan dilinə tərcümə edilməsi üzrə intensiv iş aparılır və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Auditorlar Palatası qarşısında qoyduğu vəzifələrin icrası vaxtından əvvəl, yəni 2009-cu il iyul ayının 1-dək başa çatdırılacaqdır.


Cəmaləddin AXUNDOV