“Xalq Cəbhəsi”. -2008.- 30 oktyabr.-¹198.-s.13.

 

Azərbaycanda radiasiya təhlükəsi

Ölkənin radiasiya təhlükəsizlik xəritəsi ən azı 10 ilə hazır olacaq

 

Azərbaycanda, əsasən də Abşeron yarımadasında radiasiyanın insanların səhhəti üçün təhlükəli həddə olduğu barədə cəmiyyətimizdə informasiyalar yayılmaqdadır. İş o yerə çatıb ki, bəziləri Azərbaycana gələn, üzərlərində radiasiyanı ölçən aparat olan yaponların elə aeroportdan geri qayıtmasından danışırlar. Bəs bütün bunlar nə dərəcədə həqiqətə uyğundur? Qeyd edək ki, Azərbaycanda bu problemləri Milli Elmlər Akademiyasının Radiasiya İnstitutu öyrənir. Araşdırmamız zamanı bu institutun tədqiqatlarının nəticələrinə diqqət yetirdik.

 

Radiasiyanı nələr törədir?

Radiasiya təhlükəsizliyindən danışarkən ilk növbədə təbii və texnogen amillər yada düşür. Təbii faktorlar sırasına torpaq, su, hava, yaşadığımız coğrafi məkan, hündürlük daxildir. Radiasiya fonu və radionuklidin tərkibi torpaqda müxtəlif olur. Texnogen faktora gəlincə, bu istehsalat prosesləri ilə əlaqədar yaranır, dağ, mədən işləri aparılan yerlərdə özünü daha çox biruzə verir. Tutaq ki, Daşkəsəndə dəmir filiz çıxarılır. Həmin filizlərin tərkibində müxtəlif radionuklidlər - uran, radium, kalium var. Onlar da ətraf mühitə səpələnir, lokal çirklənmə zonaları yaranır. Belə lokal çirklənmə zonalarına Azərbaycanda ən çox Abşeron yarımadasında rast gəlinir. Səbəbi isə yarımadada 100 ildən artıq neftin çıxarılmasıdır. Çünki neftlə bərabər yerin dərinliyindən radioaktiv elementlər də çıxır və onlar qazma quyularının ətrafında yığılır. Belə lokal çirklənmələrdə radiasiya fonu bəzən 1000-1500 mikrorentgen saata çatır. Ancaq o, xüsusi vurğulayır ki, sahəsi 10-15 kv/metrə çatan bəzi lokal çirklənmə sahələri olsa da ümumən, Abşeron yarımadasında radioaktivlik zəifdir, təhlükə törətmir.

 

Qonşularımız da təhlükə vəd edir

Ölkəmizin radiasiya təhlükəsizliyinə qonşu ölkələrin təsirinə gəlincə, Milli Elmlər Akademiyasının Radiasiya İnstitunun rəhbəri Adil Qəribov bildirib ki, son illərdə təbbitexnogen faktorlar respublikada radioekoloji duruma ciddi təsir edir, təbii izotopların qatılığı 2-3 dəfə artıb. Digər amil isə xarici faktorlardır. Azərbaycan ərazisində radiasiya fonunun yüksəlməsinə Ermənistandakı AES, Gürcüstandakı tədqiqat nüvə reaktoru, Rusiyanın Avropa hissəsində olan texnoloji nüvə qurğuları və reaktorlar, eləcə də, İranda "VVER-1000" tipli elektrik nüvə reaktoru, Qazaxıstandakı müxtəlif məqsədli nüvə reaktorları təsir edir. Resupblikamız hər tərəfdən - şimaldan Rusiya kimi nüvə texnologiyları olan bir dövlətlə, cənub tərəfdən isə İranla sərhəddir. Ən təhlükəlisi isə Atom Elektrik Stansiyasına sahib Ermənistandadır. AES-də 316 meqo/vatt gücündə olan ikinci blok işləyir. Həmin blokun həm havaya buraxdığı, həm də su soyutma sistemində olan tullantıları hava və çaylar vasitəsilə respublikamıza düşə bilər. Digər bir tərəfdən isə respublikanın zəbt olunmuş 20 faiz ərazisi nəzarətsiz qalıb ki, ermənilər həmin ərazilərdə radionkulidlərin qəbiristanlığını yarada bilərlər.

Mütəxəssislərin apardıqları araşdırmalara görə, hazırda Xəzər dənizinin suyunda stortiumselium adlı radioaktiv elementlər, izotoplar mövcuddur. Volqa çayı üzərində 36 xırda çay axır. Onların üzərində də nüvə texnoloji qurğular var. Onların çaylar vasitəsilə axıdılan tullantıları isə son zamanlar Xəzərdə radionuklidlərin qatılığı iki dəfədən çox artırıb. Ancaq bu da insan orqanizmi üçün hələ təhlükəli səviyyədə deyil. Həm də Çernobılda qəza baş verdikdən sonra Xəzərdə radionuklidlərin sıxlığının artımı müşahidə olunub.

 

Təhlükəli ərazilər

Bakının Ramana kəndi və Suraxanı rayonu ərazilərində vaxtilə fəaliyyət göstərən yod zavodunu, yəqin ki, xatırlayırsınız.

Aparılan araşdırmalar göstərib ki, Suraxanı və Ramanada fəaliyyət göstərən yod zavodunda istehsal edilən sorbentlərin tərkibindəki izotoplar normadan dəfələrlə artıqdır. Aparılan analizlər izotoparın həmin nümunələrdə aktivliyinin 200-500 vk/kq-yə çatdığını göstərib. Həmin ərazilərdə radiasiya fonu bəzi vaxtlarda 500 mkr/ saata (mikrorentgen) çatır. Bu isə normadan dəfələrlə çoxdur. Normaya əsasən radiasiya fonu 10-15 mkr/ saat arasında müəyyən edilib. Suraxanı qəsəbəsində yerləşən yod zavodunun ərazisi lokal çirklənmiş ərazi hesab olunur. Çünki orada fəaliyyət göstərən yod zavodunda aktivləşmiş kömür istehsal olunur və kömürün təmizlənmə prosesində təbii radionkulidlər əmələ gəlir. Hazırda həmin ərazilərdə araşdırmalar aparılır. Lokal çirklənmə zonasında, kömürün üzərində və onun 10 metr yaxınlığındakı sahədə radiasiya fonu yuxarıdır. İzotoplar da əsasən alfa şüaları buraxır ki, bu da uzaq məsafələrə təsir etmir. Radiasiya fonu üçün təhlükəli qamma şüaları buraxan isə dradium və kaliumdur. Bu şüalar hava və bitkilər vasitəsilə insan orqanizminə daxil olarsa, orada mürəkkəb proseslər baş verə bilər. Yəni, heyvanların yediyi otlar vasitəsilə şüaların orqanizmə daxil olması istisna edilmir. Radionuklidələrin ölkəmizdə və Rusiyanın müxtəlif laboratoriyalarında analizindən məlum olub ki, radioekoloji cəhətdən onlar təhlükəli tullantıdır.

Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan yüksək dağ rayonlarında təhlükəli hədd olmasa da, radiasiya fonu yüksəkdir. Çünki həmin filizlər bəzi yerlərdə aşınma, yaxud insanlar tərəfindən mədən işləri aparılarkən üzə çıxır.

Ümumiyyətlə, respublikamızda lokal çirkləşmiş ərazi Abşeron yarımadası sayılır. Bundan başqa bir neçə göldə - Əmircanda və Zığda olan göllərdə də radioaktiv elementlər aşkarlanıb.

Kərpiclə tikilən evlərdə, həmçinin daş evlərdəki kərpic sobaların yanında radiasiya fonu nisbətən yüksək olur. Buna görə də tikilən evlərə gigiyenik pasportların alınması zəruridir. Əslində tikinti işləri aparılan rayonların hamısının ərazisində ölçü işləri aparılmalıdır. Bunu tikinti aparan şirkətlər maliyyələşdirməlidir. Lakin Azərbaycanda buna əməl edilmir. Təəssüflər olsun ki, radioekoloji gigiyenik mədəniyyətimiz o səviyyədə deyil ki, biz bunu edək. Radiasiya İnstitutunda gileylənirlər ki, onlara bunun üçün pul verən yoxdur. Məsələn, ərazinin radiasiya fonunu ölçəndə ABŞ-da 600 dollar pul alırlar. Radiasiya İnstitutuna bu yöndə xahiş ünvanlansa, həmin ərazini daha az məbləğə ölçərlər.

 

Radiasiya xərçəngə səbəb olur

Bəs radiasiyanın fəsadları hansılardır? Bütün dünyada indiyə qədər yüksək radiasiyalar öyrənildiyindən, zəif radiasiyanın əmələ gətirdiyi problemlər hələ də tədqiq olunmayıb. Ancaq zəif radiasiya belə orqanizmə təsir edir. Sonra isə xərçəng, qan xəstəliyi, dəridə müxtəlif xəstəliklər yarada bilir. Respublikamızda bu cür xəstəliklər əsasən Çernobıl qəza zonasında olanlarda müşahidə olunur. Hadisədən 10 il keçməsinə baxmayaraq, fəsadlar daha da artıb. Səhiyyə Nazirliyi tərəfindən zavodların tullantı yığılan ərazisində sanitar müdafiə zonası yaradılmalıdır.

Digər tərəfdən, respublikadakı təbii qazın tərkibindəki buradon qazı radioaktivdir. Bu təsirsiz qaz olsa da, ziyanına görə zərərli qazdır. Amma onun xüsusi izotopu var. O, alfa hissəciyi buraxır. Biz də onu uduruq. Ancaq yaxşı ki, o 2-8 gündən sonra parçalanır və bərk halda yerə çökür. Bu qazın miqdarı daş karxanalarında, yaşayış mənzillərinin zirzəmilərində çoxdur. Bütün dünyada bu problem insanın ümumi aldığı radiasiya fonunun təqribən 48 faizi kimi qiymətləndirilir. Bu da böyük şüalanmadır.

Radiasiya İnstiuttunda bildirirlər ki, qaz emalı zavodlarında kimyəvi tullantılar çoxdur. Bu, axşamlar qazı yandıranda hiss olunur. Sumqayıta getmək də mümkün deyil. Xlorlu birləşmələri axşamlar havaya buraxırlar. Təbii ki, Sumqayıtda olan zavodların heç də hamısı tədqiq olunmayıb. Respublikanı sistemli şəkildə öyrənmək lazımdır.

Bakıda içdiyimiz su da həmin xəstəliklərin törənməsi baxımından "əlverişlidir". Kür çayında olan radioaktiv maddələr heç bir çayın tərkibində yoxdur. Bütün kanalizasiyaların, reaktiv zavodların tullantıları Kürə axıdılır. Təəssüflər olsun ki, biz də bu sudan içirik.

Elə dağ çayları var ki, onların da tərkibi öyrənilməlidir. Çünki çaylar dağlardan zəngin radionuklidli olan filizləri yuyub gətirirlər.

 

Çirkli zonalara qarşı necə mübarizə aparılır?

Lokal çirklənmə zonaları olsa da, Radiasiya İnstitutunda hesab edirlər ki, Abşeron yarımadasında ümumən radiasiyanın yüksək olması ilə bağlı deyilənlər şayiədir. Bildirirlər ki, lokal çirklənmə zonaları olsa da, onlar yaşayış yerlərindən xeyli uzaqdadırlar, daha çox neft çıxarılan yerlərdədir. Çünki orada neftlə bərabər qum da çıxır. Həmin radionuklidlər quma hopur. Neft çıxarma idarələrində qum ayrılır. Radionuklid isə yerdə qalır. Belə çirklənmə zonaları aşkarlanaraq, ora lövhə qoyulub. Onu da qeyd edək ki, Pirküşküldə sovetlər dönəmində radionuklidləri basdırmaq üçün müasir tələblərə cavab verən qəbiristanlıq yaradılıb.

Radiasiya təhlükəsizliyini müəyyənləşdirmək üçün xəritə hazırlamaq lazımdır. Ancaq müxtəlif ərazilərdə araşdırmalar aparılsa da, hələ xəritəmiz yoxdur. Bu, külli miqdarda vəsait tələb edir. Bütün ərazi boyunca xəritə çəkmək üçün rayonlarda piyada ölçü işləri aparılmalıdır. Bu tez bir zamanın işi deyil. Xəritə hazır olandan sonra Azərbaycanda təbii radiasiya fonunun hansı səviyyədə olduğunu bilmək olar. Respublikamızın bəzi dağ rayonlarında radiasiya fonu yüksəkdir. Həmin ərazilərdə yaşayan insanlarla bağlı xüsusi tibbi tədqiqatlar aparılmalıdır. Ona görə ki, radiasiya fonunun yüksəkliyi həmin insanlara təsir edir. Radiasiya İnstitutundan bildirdilər ki, ölkənin radiasiya təhlükəsizlik xəritəsi ən azı 10 ilə hazır olacaq. Çünki bunun üçün hər rayonu qarış-qarış gəzmək lazımdır. Artıq işlərə başlanılıb.

Radiasiya İnstitutunda hesab edirlər ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan təbii radiasiya fonu keçmiş sovet respublikaları ilə müqayisədə aşağı fon hesab olunur. Bakının radiasiya fonu 5-8 mikrorentgen/saatdır. Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan və bir çox MDB ölkələrində isə bu göstərici 13-17 mikrorentgen/saata qədərdir. Ukraynada və ya Orta Asiyanın bir sıra ölkələrində təbii radiasiya fonu 18-30 mkr/saata çatır. Qəribovun sözlərinə görə, keçmiş SSRİ-nin normativlərinə görə 30-60 mkr, yəni otaq üçün 30 mkr/saat, açıq hava üçünsə 60 mkr/saat hesablanır. Bu isə o deməkdir ki, respublikada belə bir təhlükə faktoru yoxdur.

Ancaq radiasiya təhlükəsizliyi probleminin Azərbaycanda getdikcə artma ehtimalı da var. Ona görə də radiasiya təhlükəsizliyini normal vəziyyətə gətirilməsi üçün beynəlxalq təşkilatlarla birgə işlər aparılır. Digər tərəfdən, neftimizin keyfiyyəti yüksək olduğundan onun tərkibində radioaktiv maddələr də azdır.

 

Gülnar Tofiqli