“Paritet”.-2008.-30-31 oktyabr.- ¹111.-S.6
Milli bazarda
rəqabət qabiliyyətini
artıra bilərik
Azərbaycan
Ümumdünya Ticarət Təşkilatında söz sahibi
ola bilər
Azərbaycan
Ümumdünya Ticarət Təşkilatına (UTT) üzv olmaq ərəfəsindədir.
Bunun üçün də hökumət tərəfindən
bu istiqamətdə müəyyən tədbirlər həyata
keçirilir. Dünya maliyyə bazarındakı
böhranların xammal bazarına keçməsi bir daha onu
göstərdi ki, periferik ölkələrində
vəziyyət o qədər də ürəkaçan deyil.
Azərbaycan bu məsuliyyəti dərk edərək ilk
növbədə qeyri-neft sektoru istiqamətində
təşəbbüsləri daha da genişləndirir.
Özümüz də müəyyən
istiqamətlərdə çalışmalıyıq ki,
rəqabət qabiliyyətimizi artırmağa
yönələn fəaliyyətləri gücləndirək.
Bəzi yerli
iqtisadçı ekspertlər hesab edir ki, Azərbaycan
çoxdan ÜTT-yə üzv olmalıydı. Çünki vaxtında
üzv olanların üzvlük xərclərilə
indiki üzvlük xərcləri arasında böyük
fərq var. Bir neçə il bundan əvvəl ÜTT-nin şərtləri o qədər
də sərt deyildi. Amma indi kifayət qədər
tələblər sərtləşib, təşkilata üzv
olmaq "xərcləri" də artıb.
İqtisadi
Tədqiqatlar Mərkəzinin (İTM)
rəhbəri Qubad İbadoğlunun sözlərinə
görə, itirilmiş imkanları yalnız milli
iqtisadiyyatın gücləndirilməsi və qeyri-neft
sektorunun inkişafı hesabına bərpa edə bilərik. ÜTT-yə üzv olanda Azərbaycanın
qazandıqları ilə yanaşı, itkilərinin də
olacağını deyən Q. İbadoğlu hesab edir ki, bu
prosesdə birmənalı şəkildə yalnız qazanclar
əldə ediləcək: "Təşkilatın ən
böyük qazancı o olacaq ki, biz dünyanın
müxtəlif ölkələrinin bazarlarına
sərbəst çıxış imkanları əldə edəcəyik".
Onun sözlərinə görə, burada Ermənistan istisna
olmaqla, heç bir tranzit və ticarət diskriminasiyası
olmayacaq: "Son nəticədə Azərbaycanın sərbəst
ticarət rejiminin formalaşdırılması,
ixracatçıların insan haqlarının, ticarət - investisiya müstəvisində sərbəst
hərəkət imkanlarının yaradılması
Azərbaycanın öz potensialını daha da inkişaf
etdirməsinə gətirib çıxaracaq".
ÜTT-yə üzv olmaqla ticarət
mübahisələrinin
ədalətli həllinə
nail olunacaq
Ekspertin qənaətincə, Azərbaycan inkişaf
etdikcə dünyaya daha çox inteqrasiya olma imkanları
qazanacaq: "Bunun müsbət və mənfi
tərəfləri var. Çünki bu gün mövcud olan
dünya səviyyəsindəki böhran da göstərdi ki,
dünya iqtisadiyyatı ilə inteqrasiya olunmuş
ölkələrin iqtisadiyyatında müəyyən
dərəcədə ciddi problemlər yaranır". Q.
İbadoğlu hesab edir ki, ticarət müstəvisində
inteqrasiyanın Azərbaycana müəyyən mənada
əhəmiyyəti olacaq.
İqtisadçının
sözlərinə görə, ÜTT-yə
üzv olmaqla geniş məkanda informasiyaya
çıxış imkanlarına da nail olmaq olar: "ÜTT-nin köməyilə
biz ticarət mübahisələrinin ədalətli
həllinə nail ola bilərik. Eyni zamanda, ÜTT-yə
üzv olan bütün dövlətlərin bazarına
təminatlı çıxış imkanları əldə
edərik. Ticarət danışıqlarında çoxtərəfli,
ikitərəfli və bərabər hüquqlu bir
dövlət olaraq iştirak edərik, xüsusilə də
dünya ticarət siyasətinə təsir imkanları
qazanarıq".
ÜTT-yə
üzv olmaqla milli bazarda rəqabət qabiliyyətini artıra
biləcəyimizi deyən Q. İbadoğlu bildirdi ki, bununla da
istehlakçılar daha ucuz və keyfiyyətli mallara
çıxış imkanları əldə edə bilərlər:
"Tariflərin aşağı düşməsi xammal
materiallarının, yarımfabrikatların
və digər məhsulların ucuzlaşmasına gətirib
çıxara bilər".
Bu
istiqamətdə müəyyən qazancların əldə
olunacağını deyən ekspert belə hesab edir ki, bu prosesdən
cəmiyyət özü də qazana biləcək:
"Ən azı milli qanunvericiliyi beynəlxalq
qanunvericiliyə uyğunlaşdırmaq istiqamətində,
xüsusən də bu sferada daha proqressiv
ölkələrin standartlarının tətbiqi
imkanlarını əldə edə bilərik".
Q.
İbadoğlunun qənaətincə, bu
proses Azərbaycanın xarici ticarətdə investisiya
əməkdaşlığını stimullaşdıra
bilər: "Ölkəyə inam artacaq. Xarici investorlar tərəfindən investisiya və
kreditin cəlb edilməsi riski azala bilər. Eyni zamanda
bütün bunların xarici
ticarət proseduralarının
sadələşdirilməsinə, idxal-ixrac
əməliyyatlarının, hesabatlarının beynəlxalq
standartlara uyğunlaşdırılmasına,
şəffaflaşdırılmasına, süni bürokratik
əngəllərin azalmasına, gizli ticarət
dövriyyəsinin və korrupsiyanın həddinin
aşağı düşməsinə gətirib
çıxara bilər".
İstehlakçıların
seçim hüququ artacaq
Azad
İstehlakçılar Birliyinin (AİB)
sədri Eyyub Hüseynov isə
Azərbaycanın ÜTT-yə səbrlə, gecikmə ilə daxil
olmasının tərəfdarıdır. Azərbaycanın
sözügedən təşkilata üzv olmağa
hələ hazır olmadığını deyən E. Hüseynovun
sözlərinə görə, qonşu Gürcüstan və
Ermənistan qısa müddətə təşkilata daxil
oldular: "Lakin ÜTT onların istehlak
bazarına demək olar ki, heç bir şey vermədi".
Məsələyə
yalnız istehlakçı hüquqları
müstəvisində yanaşan Birliyin sədri hesab edir ki,
Azərbaycanın ÜTT-yə üzv
olması istehlakçıların seçim hüququnu
artıracaq: "Yəni, bazarda külli miqdarda mal olacaq və
istehlakçı bu istiqamətdə əziyyət
çəkməyəcək. Bu prosesdə
istehlakçının seçim hüququ ilə
yanaşı, malların təhlükəsizliyi, mallar
haqqında informasiya almaq və digər çoxsaylı
beynəlxalq hüquqlar da mühüm rol oynayacaq".
ÜTT-nin
istehlakçı siyasətinin olmadığını
deyən E. Hüseynov buna təəssüf etdi: "Təsadüfi
deyil ki, Çin dövləti 4 ildən çoxdur ki, ÜTT-nin üzvüdür. Lakin bütün
dünya bazarını öz saxta malları ilə
çirkləndirməklə məşğuldur.
Dəfələrlə bu fikirləri ÜTT-nin,
Çinin nümayəndələri yanında,
səfirliklərdə demişəm, o cümlədən
Amerika Ticarət Palatasında bu məsələləri
səsləndirmişəm". Ekspert hesab edir ki, ÜTT-nin istehlakçı siyasəti
formalaşmalıdır.
E. Hüseynov
həmçinin bildirdi ki, ÜTT-nin
əhaliyə məlum olmayan çox ciddi mənfi
cəhətlərindən biri üzv olan ölkələrin
kənd təsərrüfatında subsidiyalara kvotaların
qoyulmasıdır: "Yəni əgər hər hansı bir
ölkə ÜTT-yə daxil olarsa, ondan
sonra o ölkə öz kənd təsərrüfatını
inkişaf etdirmək üçün sonuncu ildə kənd
təsərrüfatından gələn gəlirin 10 faizi
qədər subsidiya qoya bilər. Artıq qoya bilməz.
Hətta ölkə nə qədər varlı
olsa belə" Ekspert ÜTT-ni qlobal
iqtisadi oyuna bənzədir: "Burada udan və uduzan
ölkələr var. Udan ölkələr o
ölkələrdir ki, onların iqtisadiyyatı güclü
inkişaf edib, onlar özlərinə təzə bazarlar
axtarırlar. Lakin zəif ölkələr yalnız
idxalçı ölkəyə çevrilir".
E. Hüseynov
başqa mal nişanı ilə istehsal olunmuş
təhlükəli məhsullara qarşı ÜTT-nin
heç bir siyasətinin olmadığını da qeyd etdi:
"ÜTT ginetik motifikasiya olunmuş (GMO)
ərzaq məhsullarının yayılmasının
tərəfdarıdır. Keçən ay Amerikadakı
görüşlərimdə Amerika Ticarət Nazirliyində GMO mallarının bəzi
ölkələrdə tanınmamasına
intellektual mülkiyyət barədə hüququn pozulması
kimi şərh etdilər.
Azərbaycan
inkişaf edən ölkədir. Azərbaycanda GMO
malları satılmamalıdır. Baxmayaraq ki, cari il 13 iyunda ÜTT-nin təzyiqi nəticəsində
"Ekoloji kənd təsərrüfatı haqqında"
qanunun qəbulu ilə Azərbaycanda GMO
mallarının satışına yaşıl işıq
yandırıldı".
E. Hüseynov
onu bildirdi ki, Azərbaycanın ÜTT-yə
üzv olması prosesi mal seçimi hüququnu
gücləndirəcək, bazarı liberallaşdıracaq,
eyni zamanda gömrükdə müəyyən korrupsiyanın
qarşısını alacaq.
Qeyd edək
ki, cari ilin dekabr ayında Cenevrə şəhərində ÜTT Katibliyində Azərbaycan üzrə
yaradılmış İşçi Qrupun 6-cı
iclasının və ikitərəfli
danışıqların növbəti raundu
keçiriləcək. İclasda müzakirə
ediləcək sənədlər, o cümlədən tarif
və xidmətlər üzrə təkliflər, ÜTT üzvlərinin suallarına cavablar
və s. sənədlər artıq hazırlanaraq
təşkilatın katibliyinə təqdim olunub.
İşçi Qrupun 6-cı iclasında ortaq məxrəc
tapılsa, 2009-cu ildə Azərbaycanın ÜTT-yə
üzvlüyü gerçəkləşə bilər.
P. S: Yazı İİN-nin
"Azərbaycan və
Ümumdünya
Ticarət Təşkilatı"
mövzusunda
keçirdiyi müsabiqəyə
təqdim
olunur.