“525-ci qəzet”.-2008.-29 oktyabr.- ¹199.-S.5

 

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun buraxılışı N: 12

Məhkəmə qərarlarının icrası təmin edilməlidir

 

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" 21 may 1999-cu il Qanununda qeyd olunub ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarmı pozmasın. Belə hallar olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yazıya qanunvericiliyin bu müddəası ilə başlamağımız təsadüf deyil. Çünki yüzlərlə bu qəbildən işlərə baxan məhkəmələr vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası barədə qərar qəbul etsə də, bir qayda olaraq, həmin qərarların icrası işğal altında olan rayonların geri qaytarılmasına qədər təxirə salınır. Təxmini hesablamalara görə, 6 min məcburi köçkünün digər vətəndaşların mənzilində məskunlaşması nəticəsində sonuncuların mülkiyyət hüququ pozulub.

Məsələn, bu yaxınlarda ən səs-küylü məhkəmə çəkişmələrindən biri Valentina Akimovanın işinə nəzər yetirək. Qeyd edək ki, Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddət istifadə edə bilməyib. Apelyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıdı. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə saldı. Avropa Məhkəməsi Akimovanın işi ilə bağlı qəbul etdiyi qərarda qanunun normalarının düzgün tətbiq olunmadığını və vətəndaşın ədalətli məhkəmə və mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib.

Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı qərarından sonra, Ali Məhkəmənin Plenumunda Akimovanın işinə yenidən baxılıb və icranın təxirə salınması hissəsində qərar ləğv olunub.

İkinci bu tip fakt isə Bakı şəhəri, Azadlıq prospekti 11/162 saylı evin 68-ci mənzilindəndir. Belə ki, Famil Rüstəmovun ailəsi 1992-ci il mayın 8-də Şuşa rayonu işğal edildikdən sonra həmin mənzildə məskunlaşıb. Mənzilin əsl sahibi Füzuli Abdulrəhimovla isə mənzil üstündə mübahisələri yaranır. Evin qanuni yiyəsi məcburi köçkünləri oradan çıxarmaq istəyir, F. Rüstəmov isə yaşamaq üçün başqa yeri, yəni Şuşa qayıtmayınca gedəsi ünvanının olmadığını əsas gətirərək sözügedən mənzili tərk edə bilməyəcəyini deyir. Birinci instansiya məhkəməsi, yəni Binəqədi Rayon Məhkəməsi "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı»-nın 16-cı maddəsini, habelə bir sıra sənədləri və qonşuların ifadələrini əsas gətirərək F. Abdulrəhimovun mənzilə qanuni hüquqlarını təsdiqləyir, ancaq Şuşa qaytarılanadək Rüstəmovlar ailəsinin evdən çıxarılmasını təxirə salan qərar qəbul edir.

Bakı şəhər sakini Aybəniz Yusifovanın isə mənzili 1993-cü ildən məcburi köçkünlər tərəfindən tutulub. O, pozulmuş mülkiyyət hüququnun bərpası üçün 2003-cü ildə Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə Yusifovanın şikayətini qismən təmin edərək, cavabdehlərin Sumqayıt şəhəri ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla çıxarılması və həmin mənzilin mülkiyyət sahibinin istifadəsinə verilməsi barədə qərar verib. Qaçqınların ailə üzvləri ilə birlikdə zəruri tələblərə cavab verən yaşayış sahəsi ilə təmin edilməsi ,vəzifə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Apelyasiya Məhkəməsi isə 20 aprel 2007-ci il tarixli qətnaməsi ilə, onun iddiasını tam təmin edərək, mənzili tutan şəxslərin mənzildən çıxarılması və mənzilin Yusifovanın sahibliyinə və istifadəsinə verilməsi barədə qərar çıxarıb. Ali Məhkəmə də bu qətnaməni dəyişdirmədən saxlayıb. Lakin dərhal qüvvəyə minən və icra edilməli olan qətnamə bu günə qədər icra edilməyib. Yusifova məhkəmə icraçıları ilə birlikdə həmin mənzilə gəlib və məhkəmə qətnaməsinin icra olunaraq, mənzilin boşaldılmasını tələb edib. Mənzili tutan şəxslər ev sahibinə xəsarət yetirərək, ona bu haqqını reallaşdırmağa imkan verməyiblər. Ərizəçi Avropa Məhkəməsinə şikayət verib.

Nurulovlar ailəsi isə Səbail rayon XDS İcraiyyə Komitəsinin 13 iyun 1994 - ci il tarixli qərarı ilə onlara verilmiş mənzildə cəmi iki il yaşayıb. 1996-cı ildə Rusiyanın Kazan şəhərinə, xəstə nənələrinə baş çəkməyə getmələri, onları əsl bəlaya salıb. Onlar Kazan şəhərindən qayıdanda mənzili artıq zəbt olunmuşdu.

Sənədlərdən görünür ki, Nurulovlar onların mənzilini zəbt etmiş Zəngilan rayonundan məcburi köçkün olan Məmmədovlar ailəsi ilə nə-az nə-çox, düz altı il məhkəmə yolu ilə "danışıqlar" aparıb. Amma heç bir faydası olmayıb...

...Ayrı-ayn vətəndaşların mənzillərində məskunlaşan məcburi köçkünlərlə bağlı icra edilməyən bu tip məhkəmə qərarlarının sayı yüzlərlədir, Mülki işlərlə bağlı qəbul edilən və icraya yönəldilən məhkəmə qərarlarının böyük qisminin icra olunmaması artıq adi bir hala çevrilib. İcraları həyata keçirməyin müşküllüyünü görən, Ali Məhkəmə artıq 2005-ci ilin iyun-iyul aylarından sonra məcburi köçkünlər tərəfindən mənzilləri tutulmuş vətəndaşların şikayətlərinə baxılmasını dayandırıb. Ümumilikdə isə, bu qəbildən olan işlərlə bağlı 366 qərar qəbul edilib.

Yaranmış problem Avropa Məhkəməsinə daxil olan şikayətlərin əsas yerlərindən birini tutur. Buna görə də, hökumət xüsusi mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlər dövlət hesabına mənzillə təmin olunacağını deyir. Məcburi köçkün və qaçqın ailələri üçün ev tikilməsi məqsədilə xüsusi yer ayrılması nəzərdə tutulub. Lakin evlərin zəbt olunmuş vətəndaşların üzünün nə vaxt güləcəyi bəlli deyir. Çünki hələ ki, bu proqram dövlət müəssisələrində və çadırlarda yaşayan məcburi köçkünlərin köçürülməsini əhatə edir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun dediyinə görə, ayrı-ayrı vətəndaşların mənzillərində məskunlaşan məcburi köçkünlərin çıxarılıb başqa yerdə yerləşdirilməsi məsələsi gündəmdə deyil: "Hələlik qəbul edilən dövlət proqramına uyğun olaraq fin qəsəbələrində məskunlaşan məcburi köçkünlər üçün evlər tikiləcək. Bundan başqa, 2012-ci ilədək dövrü əhatə edən Dövlət Proqramına uyğun olaraq yataqxanalar təmir olunmalıdır. Sonrakı mərhələdə isə məktəb və hərbi hissələrdə məskunlaşan köçkünlərin köçürülməsi nəzərdə tutulur".

S. Hüseynov ayrı-ayrı vətəndaşların mənzillərində məskunlaşan köçkünlərin sayının dəqiqləşdirilməsi istiqamətində iş aparılacağını bildirdi: "Yəqin ki, bu işlər hazırlanacaq Dövlət proqramına uyğun həyata keçiriləcək. Digər vətəndaşların evlərində məskunlaşan köçkünlərin sayı dəqiqləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək".

Dövlət rəsmiləri qərarların icra edilməməsinin səbəbini məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması, nəticə etibarı ilə, onları evsiz qoya, sosial gərginlik və partlayış yarada bilməsilə izah edirlər.

Vəkil Aslan İsmayılov məhkəmə qərarlarının icra olunmamasının əsas səbəbini, ilk növbədə, bu sahədə qanunvericiliyin icra olunmaması ilə əlaqələndirir. Vəkil hesab edir ki, vətəndaşların hüquqi savadsızlığı da qərarların icrasına təsir edən amillərdəndir: "Vətəndaşlar məhkəmə icraçılarını özlərini öldürməklə, yandırmaqla hədələyirlər. Hətta bu halda, məhkəmə icraçıları qərarı icra etməlidirlər. Vətəndaşlar anlamalıdır ki, məhkəmə qərarlarının icrası hamı üçün məcburidir.

Məhkəmə qərarlarının icrasına nail olmaq üçün, ilk növbədə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və cəmiyyətdə nüfuzunu qaldırmağa nail olmağı vacib sayan hüquqşünas qeyd edib ki, vətəndaşlarda qərarların ədalətliliyinə inam olmadığından, məhkəmə qərarlarını icra etmək istəmirlər: "Məhkəmə hakimiyyəti güclü olarsa, qərarları icra etməyən şəxslər barəsində məhkəmələr ədalətli qərar qəbul edərsə, qərarlar da vaxtında icra olunar".

Qeyd edək ki, Avropa İnsan Haqlan Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarların üçü (İsmayıllı rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş direktoru Bəhram Tarverdiyev, Respublika Doğum Evinin baş həkimi Lətifə Əfəndiyevanın və Akimovanın şikayətləri üzrə) məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, Avropa Məhkəməsinə göndərilən bu qəbildən olan şikayətlərlə bağlı Azərbaycan hökumətinə qarşı çoxsaylı qərarlar çıxarılacaq və hökumət böyük məbləğdə cərimələnəcək. Bu hal baş verməsin deyə, ekspertlər vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində hökumətin təxirə salınmaz tədbirlər görülməsini vacib sayır.

Göründüyü kimi, bu sahədə vəziyyət kifayət qədər ciddi və ziddiyyətlidir.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyev də qaçqın və məcburi köçkünlərin problemlərinin dövlət səviyyəsində həll edilməli olduğu qənaətindədir: "Valentina Akimovanın işində də qeyd olunub ki, dövlət qaçqın və məcburi köçkünlərin konkret olaraq həmin mənzillərdə nə qədər qalacağını vətəndaşlara bildirməlidir. Qərarın icrasının qeyri-müəyyən müddətə təxirə salınması isə başa düşülən deyil. Bu halda, dövlət vəziyyəti təhlil edib addım atmalıdır. Hesab etmirəm ki, Avropa Məhkəməsinin qərarından sonra dövlət ayrı-ayrı vətəndaşların evində məskunlaşan məcburi köçkünləri kütləvi surətdə bayıra atmalıdır. Dövlət ya mənzillərində qaçqın və məcburi köçkünlər yerləşdirilən şəxsləri razı salmalı, ya da məcburi köçkünləri başqa ərazilərdə yerləşdirməlidir. Hazırda Azərbaycan dövlətinin buna imkanı çatır.

Bu gün müxtəlif sahələrə yönəldilən vəsait ədalət prinsipini özündə ehtiva edən həmin problemin həllinə də xərclənə bilər. Məsələn, paytaxtda binaların üzlüklərinin qaşınmasına, iritutumlu nəqliyyat vasitələrinin alınmasına və s. ayrılan vəsait bu istiqamətə yönəldilə bilər. Hazırda Avropa Məhkəməsinə bu tipli onlarca iş göndərilir. Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı qəbul etdiyi qərarın bundan öncə çıxarılan qərarlarda presedent kimi tətbiq olunması da istisna edilmir".

 

Vüsalə RÜSTƏMOVA