“Bakı xəbər”-. 2008 – 27 oktyabr.-
¹234- s6
Silahlı Qüvvələr Baş
Qərargahının strukturu müəyyən oldu
Baş Qərargahın yeni səlahiyyətləri NATO-ya
inteqrasiyanı sürətləndirir
Məlumat
verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələrində
Birləşmiş Qərargahların yaradılması ilə
əlaqədar Müdafiə Nazirliyi və Baş Qərargah arasında səlahiyyət
bölgüsünə start verilib.
Verilən məlumata görə,
Baş Qərargahın səlahiyyətlərini
artırması onu, NATO ölkələrində olduğu kimi,
yarımmüstəqil struktura çevirəcək,
Müdafiə Nazirliyinin (MN) bəzi idarə və şöbələri
bu qurama tabe olacaq. Məlumata görə, nazirliyin İnspeksiya İdarəsi, habelə Hərbi
Komissarlıq bilavasitə Baş Qərargahın tabeliyinə keçəcək.
Baş Qərargahın mövcud Təşkilati Səfərbərlik
İdarəsi isə ləğv edilərək Hərbi Komissarlıqla
birləşdiriləcək.
Qeyd edək ki, NATO İlə
imzalanmış Fərdi Tərəfdaşlığın
Fəaliyyət Planına (İPAP)
əsasən, Müdafiə Nazirliyində aparılacaq
islahatlar nəticəsində bir sıra idarənin
ləğvi və birləşdirilməsi nəzərdə
tutulur.
Müdafiə Nazirliyi mətbuat
xidmətinin yaydığı məlumata görə,
bölgü məqsədilə oktyabrın 3031-də
Bakıda Müdafiə Nazirliyi və Baş Qərargahın G
strukturuna keçidi ilə əlaqədar NATO-nun Ali
Birləşmiş Transformasiya Komandanlığı
Qərargahının ekspertlərilə
Azərbaycan Müdafiə Nazirliyinin işçi qrupunun
görüşü keçiriləcək.
Görüşdə Baş Qərargah strukturunun, NATO
ölkələrində olduğu kimi, Müdafiə
Nazirliyindən ayrılması, eləcə də
Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO
strukturlarına uyğunlaşdırılması məsələlərinin
müzakirəsi gözlənilir.
Məlumat üçün
bildirək ki, G strukturuna keçid Müdafiə Nazirliyi
və Baş Qərargahın təşkilati-ştat
strukturunun tam şəkildə NATO standartlarına uyğunlaşdırılması
deməkdir.
Beləliklə, bu islahatlar
nəticəsində o, Müdafiə Nazirliyinə tabe olmayan
ayrıca struktura çevriləcək Baş Qərargah
Hərbi əməliyyatlar zamanı Quru Qoşunları,
Hərbi Hava Qüvvələri və Hava Hücumundan
Müdafiə Qoşunları, Sərhəd Qoşunları,
Daxili Qoşunlar, Milli Qvardiya kimi hərbi
birləşmələrin fəaliyyətini koordinasiya
edəcək. Baş Qərargahla birgə Silahlı
Qüvvələrdə Quru Qoşunları
komandanlığının yaradılması
planlaşdırılır. Türkiyədə və bir
sıra digər ölkələrdə olduğu kimi, Baş
Qərargah rəisi postunu rotasiya əsasında Quru Qoşunlarının
komandanı tutacaq. Qeyd edək ki, hazırda Azərbaycanda Quru
Qoşunları mövcud olsa da, bu qoşunların vahid
komandanlığı yoxdur. Quru Qoşunları müxtəlif
ordu korpuslarında və bilavasitə Müdafiə Nazirliyi
nə tabe briqadalardan ibarətdir.
Yuxarıda sadalananlardan
göründüyü kimi, aparılacaq islahatlardan sonra ordunun
idarəçilik və tabelik sistemində ciddi yeniliklər
gözlənir və bu, ilk növbədə, Baş
Qərargaha aiddir.
Bu arada isə «Ayna» qəzetinin
məlumatına görə, islahatlar nəticəsində
Baş Qərargah özü altı əsas idarəyə
bölünəcək. Onlardan birincisi Şəxsi Heyətin
İdarə Olunması üzrə Baş İdarə adlandırılacaq.
Buraya, əsasən hazırkı Tərbiyəvi İşlər,
Hüquq, Təşkilat Səfərbərlik, Kadrlar və
Hərbi Təhsil idarələri daxil ediləcək. Bu
struktur Silahlı Qüvvələrin şəxsi heyətinin
humanitar vəziyyətinə, onun psixoloji durumuna cavabdeh olacaq.
Orduda nizamnamə hallarına riayət olunması, kadrların
düzgün rotasiyası, yerdəyişmə və sair
istiqamətlər məhz. Şəxsi Heyətin İdarə
Olunması üzrə Baş İdarənin
sərəncamında olacaq.
İkinci idarə isə Baş
Kəşfiyyat idarəsi adlanacaq. Buraya Müdafiə Nazirliyində
hazırda mövcud olan Kəşfiyyat İdarəsi və ona
yaxın şöbə və bölmələr daxil
ediləcək. Bu idarənin əsas işi kəşfiyyatla məşğul
olmaqdır.
Növbəti idarə olacaq
Baş Əməliyyat və Döyüş
Hazırlığı İdarəsinə isə
hazırkı Əməliyyat İdarəsi, Kadrlar və
Hərbi Təhsil İdarəsinin bir hissəsi və ona
yaxın olan bölmələrin daxil ediləcəyi bildirilir.
Bu qurum hərbi
əməliyyatların hazırlanması,
döyüşün keçirilməsi və sairə istiqamətlər
üzrə məşğul olacaq. Dördüncü
idarəyə, əsas etibarilə, Müdafiə
Nazirliyində hazırda mövcud olan ərzaq, geyim,
maliyyə, mənzil, tibb təminatı, pensiya üzrə
idarə və şöbələr daxil ediləcək. Bu,
Dəstək Qüvvələri Komandanlığı
adlanacaq. Müdafiə Planlaşdırılması Baş
İdarəsi adlanacaq növbəti quruma, əsasən,
Hərbi Komissarlıq və Təşkilati Səfərbərlik
İdarəsi daxil ediləcək.
Ən nəhayət,
altıncı idarə Rabitə və İnformasiya
Sistemləri Baş İdarəsi adlanacaq. Buraya hazırda
Müdafiə Nazirliyində mövcud olan Rabitə, informasiya
idarələri və mətbuat xidməti daxil ediləcək.
Bu struktur Silahlı Qüvvələrin rabitə təminatına,
qurumun informasiya siyasətinə cavabdeh olacaq.
Baş Qərargahın digər
fəaliyyət növləri qərargahın xüsusi
hissə idarəsinin rəhbərliyi altında gerçəkləşəcək.
O da bildirilir ki, NATO ilə
Azərbaycan arasında ilkin razılaşmaya görə,
Azərbaycanın müdafiə naziri gələn ilin
əvvəlində «2009-cu ildə Azərbaycan Silahlı
Qüvvələrinin Baş Qərargahında təşkilati
tədbirlərin həyata keçirilməsi haqqında»
əmr imzalayacaq. Məhz bu əmrin
gerçəkləşməsi nəticəsində
Azərbaycan Silahlı Qüvvələrinin baş
qərargahı dünyanın aparıcı dövlətlərinin,
o cümlədən NATO üzvü ölkələrinin
silahlı qüvvələrinin baş qərargahları
strukturuna uyğunlaşdırılacağı
vurğulanır.
Beləliklə, bütün
bunlar gələn il üçün Azərbaycan ordusunun
idarəçilik sistemində tam yeni mərhələnin
başlanacağından xəbər verir ki, bu da ölkənin
NATO-ya inteqrasiyasında kifayət qədər vacib rol
oynayır.
Fərid ABBASOV