Respublika”2008.-25 oktyabr.- ¹238.-S.7.

 

AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ XİDMƏT EDƏN NEFT KƏMƏRİ

1997-ci il oktyabrın 25-də Azərbaycan neftinin şimal marşrutu ilə nəqlinə başlanmışdır

 

Bu gün Azərbaycan öz inkişaf tempinə görə Qafqazda lider ölkədir. Bütün bunların əsası, özülü isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə gələcəyə doğru addımlamaqdadır. Ölkəmizdə qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir. İqtisadiyyatımıza xarici investisiyaların axını güclənir. Ölkənin ixrac potensialı artır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyi yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı. O cümlədən, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik tam bərqərar olunmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və o şəraitdə sərmayəni Azərbaycana cəlb etmək o qədər də asan deyildi. Böyük öndər Heydər Əliyevin müdrikliyi sayəsində bu problemlər həll edildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın böyük neft siyasəti başlanmışdır".

Bu gün artıq gerçəyə, həqiqətə, reallığa çevrilən BTC də, Bakı-Novorossiysk də, Bakı-Supsa da hələ uzun illər boyu xalqımıza, ölkəmizə fayda gətirəcək, hər bir vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcək. Çünki Azərbaycan nefti xalqımıza məxsusdur, onun sərəncamçısı da, yiyəsi də Azərbaycan xalqıdır, uca millətimizdir. Bu gün Dövlət Neft Şirkətində həyata keçirilən tədbirlər, proqram və layihələr də məhz bu ali məqsədin reallaşmasına xidmət edir.

1997-ci il oktyabrın 25-də Azərbaycan neftinin şimal marşrutu ilə nəqlinə başlanmışdır. Bununla əlaqədar Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində—Qusar rayonunun Şirvanovka yaşayış məntəqəsində tikilmiş neft ölçmə qovşağı istifadəyə verilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Rusiyanın "Transneft" Şirkətinin köməyi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən tikilmiş qovşaqda Dübəndi-Böyükşor, Siyəzən-Şirvanovka boru xətti ilə Rusiya Federasiyasına nəql edilən neftin ümumi həcmi, keyfiyyəti və miqdarı burada quraşdırılmış xüsusi cihazlarla dəqiq müəyyənləşdirilir.

Hələ o vaxt Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsın və "Transneft" Şirkətinin nümayəndəsi Vladimir Belzetskinin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev neft ölçmə qovşağının açılışını bildirən lenti kəsdi və kəmərin ventilini açdı—neftin nəqli başlandı.

Azərbaycan Dövlət Neft Şirkətinin, Beynəlxalq Əməliyyat Şirkətinin prezidentləri və "Transneft" Şirkətinin nümayəndəsi Bakı-Novorossiysk boru kəmərinin-şimal marşrutunun işə düşməsi ilə əlaqədar öz fikirlərinin təəssüratlarını mərasimə toplaşanlara bildirdilər.

Bununla da, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün şimal marşrutu ilə ilk neft nəqlinə başlandı. Bu əlamətdar hadisə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında bir sıra xarici ölkələrin nüfuzlu neft şirkətləri ilə imzalanmış müqavilələrin, Azərbaycan neftinin dünya bazarına çıxarılması sahəsində dövlətimizin başçısının gördüyü işlərin məntiqi nəticəsi idi. Dübəndi-Böyükşor- Siyəzən-Şirvanovka kəməri ilə gün ərzində 2,5 min ton xam neftin nəql olunması nəzərdə tutulurdu. 1997-ci ilin sonunadək şimal marşrutu ilə respublikamızdan 120 min ton neft ixrac edilmişdir.

Ümumiyyətlə, işlərin vaxtında yerinə yetirilməsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin də böyük rolu olmuşdur. İstifadəyə verilən qovşağı ABŞ-da istehsal olunmuş, müasir standartlara uyğun cihazlarla, avadanlıqla təmin etmişdir. Dübəndi-Böyükşor- Siyəzən-Şirvanovka xətti yenidən bərpa olunmuşdur. Qovşağa ARDNŞ-in, ABƏŞ-in və "Transneft" Şirkətinin nümayəndələri nəzarət etməyə başlamışdır. Ümumi uzunluğu 1400 kilometr olan Bakı-Novorossiysk boru kəmərinin işə düşməsi respublika iqtisadiyyatında mühüm rol oynamışdır.

Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ-in hasil etdiyi xam neft ixrac boru kəməri ilə nəql olunaraq Rusiya ərazisində "Transneft" Şirkəti sistemində Rusiya ixracatçıların neftləri ilə qarışır və Novorossiysk limanından xam neft markası altında satılır.

Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı başlanandan—1997-ci ildən bu günə kimi neft kəməri ilə milyon tonlarla xam neft göndərilib.

Bakı-Novorossiysk neft kəməri ilə Beynəlxalq Neft Konsorsiumunun xam nefti də ixrac edilir. Belə hallar istehsalatla əlaqədar olaraq ABƏŞ-in Bakı-Supsa boru kəməri vasitəsilə xam neft aparılması imkanları olmayanda və ya məhdud olanda baş verir.

2005-ci ildə ABƏŞ tərəfindən hasil edilmiş 2.5 milyon xam neft Bakı-Novorossiysk marşrutu vasitəsilə ixrac olunmuşdur. 2006-2007 və 2008-ci ilin ötən ayları ərzində də bu marşrut ahəngdar işləmişdir. 2005-ci ildə ARDNŞ və ABƏŞ birlikdə 4,1 milyon ton neft bu marşrut vasitəsilə ixrac etmişdir.

2005-ci ildə Novorossiysk limanından yüklənmiş ARDNŞ nefti İtaliya, Rumıniya, Bolqarıstan, Çin, Xorvatiya, Fransa, İspaniya və s. ölkələrə ixrac olunmuşdur. İxrac olunan neft məhsullarının keyfiyyəti Azərbaycan Respublikası dövlət orqanları tərəfindən tətbiq edilmiş və MDB ölkələrində qüvvədə olan standartlara tam uyğundur.

Digər neft boru kəmərləri kimi Bakı-Novorossiysk kəməri də xalqımıza, Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə xidmət etməkdədir. Artıq Azərbaycanın iqtisadi inkişafı, sənaye potensialının daha da möhkəmlənməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Azərbaycan bölgədə güclü, qüdrətli dövlətə çevrilir. Xalqın güzəranının yaxşılaşması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan yeni neft strategiyasının bəhrəsidir.

_____________________________________________________________________________________

 

Şimal İxrac Boru Kəməri

 

Marşrut: Azərbaycanın Xəzər sahilindəki Səngəçal terminalı

Rusiyadan keçməklə Qara dəniz sahilindəki Novorossiysk limanı

Əməliyyatçı: 231 kilometr uzunluğunda Azərbaycan hissəsi ABƏŞ

tərəfindən istismar edilir. Rusiyanın Transneft şirkəti həm ABƏŞ,

həm də ARDNŞ neftinin Azərbaycan-Rusiya sərhədindən

Novorossiyskə qədər nəqlini təmin edir.

Ümumi uzunluq: 1400 kilometr

Diametr: Səngəçaldan Sumqayıtadək olan hissə (57 kilometr)-21

Düyüm /530 millimetr Sumqayıtdan Şirvanovkayadək olan hissə (174

kilometr)-28 düyüm /720

Layihə gücü: 115 000 barel /gün (sutkada 15750 ton)

İstismara verildiyi tarix: - 1997-ci il oktyabrın 25-də Şimal Boru

Kəmərinə ARDNŞ nefti vuruldu.

_____________________________________________________________________________________

 

Tofiq ƏBDÜLHƏSƏNLİ