“Təzadlar”. -2008.- 22 oktyabr.-¹66.-s.9.
Ordumuzun "dedovşina"ları
Belə hallar komandir
və zabit heyətinin öz statusunu, hüququnu və gənc
əsgərlərin psixologiyasını bilməməsindən
irəli gəlir
Ermənilərə ¸dedovşina"lıq edə
bilməyənlərin gənc əsgərlərimizə
xoruzlanmağını görəndə adamın
müdafiə nazirinin yerinə əti tökülür
...1992-ci ilin sentyabr ayı idi.
Komandiri olduğum topçu batareyası Laçının
Güləbird kəndində mövqe tutmuşdu və
Laçın dəhlizinə nəzarət edirdik. Bizdən
bir az aralı, Səfiyan kəndində yerləşən
digər topçu batareyasına hərbi tapşırıqla
əlaqədar getmişdim. Gördüm komandir (adını
çəkməyə ehtiyac görmürəm) tabeliyində
olan gizir və zabitlərlə məclis qurublar. Əsgər
üçün nəzərdə tutulan mal ətindən olan
"tuşonka"nı yumurta ilə
qızardıb, yeyib-içirdilər. Əsgərlər
isə, bu nemətə həsrət olduqlarından,
böyük bir həsədlə onların
ağızlarının marçıltısına
baxırdılar. Mənimlə gəlmiş tabeliyimdə olan
əsgər isə heyrətini gizlədə bilməyib
qulağıma pıçıldadı: "Komandir, axı
Siz bizimlə bir qazandan yeyirsiniz, bunlar niyə belə
edirlər?"
Bəli, 16 il əvvəl
əsgərin verdiyi sual bu gün də aktualdır. Axı,
niyə komandirlər, çavuşlar, bir az çox xidmət
etmiş əsgərlər, lap deyək "dedovşinalar",
öz əsgər yoldaşlarına belə qənim
kəsiliblər? "Dedovşinalar"
barədə bu günlərdə internetdə
yerləşdirilmiş və hər bir
azərbaycanlının qanını donduran
səhnələrə sakit baxmaq mümkün deyil. Bir
nəfərin on nəfərdən çox əsgəri
sıraya düzüb, ən ağır
işgəncələr verməsi, onlarla quldan da betər
rəftar etməsi, söyüş söyməsi və
onları təhqir etməsi ürəkparçalayan
səhnələr idi.
Nəhayət, kadrların
ünvanı tapılıb. Həmin tükürpərdən
səhnələr DİN-nin Daxili
Qoşunlarının Şirvan raoynunda
(keçmiş Əli-Bayramlı) yerləşən hərbi
hissəsində çəkilibmiş.
Orta və yaşlı nəsil,
içi mən qarışıq (Almaniyada hərbi xidmət
keçmişəm) Sovet ordusunda qulluq edərkən, "dedovşina" görmüşük.
Gəlin açıq etiraf edək ki, belə rəzaləti
biz "Dembel" olan ruslardan,
çeçenlərdən, gürcülərdən,
hətta ermənilərdən belə görməmişdik.
Elə isə ortaya sual çıxır. Bir
azərbaycanlını digərinə qarşı belə
qəddar olmağa nə vadar edir? Bu sualın cavabını
ordudakı komandir və zabit heyətinin hüquqi
savadının az olmasında, psixologiyanı, xüsusilə
şəxsiyyətlərarası münasibətlər
psixologiyasını bilməməkdə axtarmaq
lazımdır.
İstəyirik "Hərbi qulluqçuların
statusu haqqında" Azərbaycan Respublikasının qanunun
1-ci bölmənin 3-cü maddəsinə bir daha diqqət
yetirək: "Heç kəsin ixtiyarı yoxdur ki, hərbi
qulluqçuları və onların ailə üzvlərini
Azərbaycan Respublikasının Konstitusiyasında və
qanunlarında Azərbaycan Respublikasının
vətəndaşları üçün nəzərdə
tutulmuş hər hansı hüquq və azadlıqlardan
məhrum etsin və ya onların hüquqları məhdudlaşdırılsın..."
Ancaq faktlar göstərir ki,
komandir və zabit heyətinin çoxusu
öz statusunu bilmir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz
kimi, komandir və zabit heyəti müxtəlif xarakterli və
müxtəlif ailələrdən çıxmış
yeniyetmə, gənc əsgərlərlə işlədiklərindən
psixologiyanın qanunlarını mütləq bilməlidir.
Komandir öz şəxsi "mən"ini
əsgərə qanun kimi sırımaq istəyəndə
təbii ki, həmin hərbi hissədə nizam-intizam olmayacaq.
Nəticədə uzun müddət təzyiqlərə və
təhqirlərə dözməyən əsgərdə
hisslər affekt halına, yəni hisslər partlayışa
gəlib çıxacaq ki, bu da müxtəlif
faciələrə gətirib çıxarır.
Bu gün törətdikləri
müxtəlif xarakterli cinayətlərə görə
hərbi məhkəmələrdə nə qədər
komandir, çavuş, əsgər məhkəmə
qarşısında dayanıb? Bunun statistikasını aparan
varmı?
***
Ötən həftə
Ağır Cinayətlərə dair İşlər
üzrə Hərbi Məhkəmədə Milli Ordunun
əsgərini ermənilər tərəfə aparıb orada düşmənlərimizə
alçaltdıraraq "təcavüz" etdirən bir
çavuşun məhkəməsi gedirdi. İlahi, inanmaq olmur
ki, bu binamusluğu törədənin, qürur yerimiz olan Milli
Ordumuzun düşmən qarşısında
alçaqcasına təhqirinə şərait yaradanın
qanında azərbaycanlı qanı axır... Beləsi
məhkəmə qarşısında yox, dar ağacından,
özü də parça-tikə olunub asılmalıdır.
***
Orduda belə cinayət xarakterli
hallar son illər çoxalıb. Niyə? Buna cavab olaraq bir
misal da çəkmək istəyirəm. Artıq hərbi
xidmətini başa vurub gəlmiş yaxın dostumun oğlu
da belə qanunsuzluqların qurbanı olmuşdur: "
...Sərhəd Qoşunlarının Mərdəkanda
yerləşən Hərbi Təlim Bazasında qulluğa
başlayan əsgər az müddətdən sonra
valideynlərini təcili surətdə görüşə
çağırdı. Yığışıb birgə
getdik. İdmanla məşğul olan, möhkəm bədən
quruluşu olan əsgər bizləri görüb buradan
çıxarılması üçün elə
yalvarırdı ki, dəhşətə gəldik. Nə
qədər cəhd etdiksə, başına
gələnləri qorxusundan söyləmədi. Ancaq
təkidlə tələb edirdi ki, onu həmin hərbi
hissədən çıxardaq. Uzun əziyyətdən sonra
həmin əsgərin yerini dəyişdirməyə nail
olduq. Hərbi xidməti başa vurmasına baxmayaraq, bu gün
də həmin hərbi hissədə başına
gələnləri danışmağa cürət etmir." - deyir tanışım...
Araşdırmamız zamanı
məlum oldu ki, "Dedovşinalar"
həmin hərbi hissədə meydan sulayır. Bu isə
təbii ki, komandir və zabit heyətinin hüquqi biliyinin,
vətənpərvər hisslərinin olmamasından
irəli gəlirdi. Ordudakı bəzi neqativ halları, tutaq
ki, şəraitsizliyi, bit-birənin olmasını
bəlkə də bağışlamaq olar. Ancaq Vətəni
qorumağa gedən əsgərə dəhşətli
işgəncələr vermək, onun bütün hüquq
və azadlıqlarını əlindən alıb olmazın
müsibətlərə düçar etmək qətiyyən
yolverilməzdir. Hərbi hissə komandirləri həmin "Dedovşinalar"ı erməni ilə
üzbəüz sərhədə göndərsələr
(hərçənd, belələri
bəlkə də bir konserv qutusuna bütün sirrləri ermənilərə satarlar),
onların ermənilərlə yəqin ki, belə rəftar
etməyə "duxları"
çatmaz.
"Dedovşinalar"ın
səhnələşdirdiyi heyrət doğuran kadrlar, qeyd
etdiyimiz kimi Daxili Qoşunların Şirvan rayonunda yerləşən
hərbi hissəsində baş verib. Daxili Qoşunlar digər
qoşun növlərinə nisbətən həmişə
nizam-intizamı ilə seçilib. Aldığımız
məlumatlara görə Daxili Qoşunların
Lənkəranda və Bərdədə yerləşən
hərbi hissələri həm yüksək nizam-intizamı,
həm də yaradılan yüksək şəraiti ilə
fərqlənir. Təəssüf doğuran hal odur ki, hər
yerdə yaxşılar çox olduğu halda, Daxili
Qoşunların Şirvandakı hərbi hissəsi məhz
pislərə etibar olunub.
Bu hərbi hissəyə
rəhbərlik edən komandirlər isə, öz
statuslarını bilmədiklərindən, nəinki tabe
olduğu qoşun növünün, hətta bütün
ordunun adına ləkə gətiriblər. Ona görə
də "Daxili Qoşunların Statusu haqqında"
Azərbaycan Respublikası qanunun 1 fəslin 1-ci maddəsini
sitat gətirmək istəyirik: "Azərbaycan
Respublikasının daxili qoşunları onlara həvalə
olunmuş vəzifələri yerinə yetirməklə
şəxsiyyətin, cəmiyyətin və dövlətin
mənafeyini, vətəndaşların Konstitusiya
hüquqlarını və azadlıqlarını cinayətkar
və digər hüquqa zidd qəsdlərdən qoruyur."
Şirvanda yerləşən
məlum hərbi hissədə komandir və zabit heyəti
məhz öz statuslarını bilmədiklərindən "Dedovşinalar" burada meydan sulayır və
bütün ordumuza başıaşağılıq
gətirən cinayətlərə yol verirlər. "Dedovşinalar"ın əlindən
zülmlər görmüş əsgərdə Vətəni
sevmək anlayışı olarmı? Həmin əsgər
sabah müharibə başlasa, qisası ermənidən yox,
ilkin olaraq həmin "Dedovşinalar"dan
alacaq. Onda ordumuzdakı hərc-mərcliyi təsəvvür
edirsinizmi? Və ya həmin "Dedovşinalar"ın
əlindən ölüm-zülümlə
də olsa, "hərbi xidmətini" başa vurub evə
qayıdan əsgər, gördüklərini danışandan
sonra hansı valideyn oğlunu orduya göndərmək
istəyər?
Ona görə də hər
kəs müxtəlif yollarla övladını ordudan
yayındırmağa çalışacaq.
Biz bu fikirlərimizlə
heç də ordumuzu gözdən salmaq istəmirik. Ancaq
göstərdiklərimiz ordumuzdakı reallıqlardır.
Bəzən hərbi hissələrdə elə nöqsanlar
olur ki, onları aradan qaldırmaq üçün tabor və
hərbi hissə komandirlərində sadəcə
vəzifəsinə uyğun yanaşmanı tələb edir.
Məsələn, Ağdam rayonunda yerləşən
taborların birində bit-birə əsgərləri
təngə gətirmişdi. Həmin taborda xidmət edən
dostumun oğluna baş çəkməyə gedərkən
əsgərlərin ən böyük şikayəti
bit-birədən idi. Axı, bunun qarşısını almaq
elə də ciddi problem deyildi. Elə həmin əsgərin
dostum olan atası növbəti gəlişində
aldığı dərmanla əsgərlərin
yatdığı yerləri dərmanlamaqla bir müddət bu
məsələyə son qoyuldu. Necə deyərlər,
bit-birələrin müvəqqəti də olsa kökü
kəsildi.
***
Bax belə şeylər ordunu
gözdən salır. Birində bit-birə, digərində
erməniyə xidmət etmək, başqa birisində "Dedovşinalar" məsələsi ordunu xalq
arasında gözdən salmağa xidmət edən
amillərdir. Yetər ki, Müdafiə Nazirliyinin aidiyəti qurumları öz
vəzifələrinə həssaslıqla yanaşsınlar.
Əgər jurnalistlərin iştirakı ilə orduya,
ayrı-ayrı hərbi hissələrə ictimai baxış
keçirilsə (bu məsələdə şəxsən
bir-neçə hərbi hissədə olduğumdan
nöqsanları yerindəcə göstərməyə
hazıram), hərbi hissələrə ictimai nəzarəti
təmin etsələr, onda nəinki "Dedovşinalar"
mövcud olar, hətta heç bir qanun pozuntusuna yol
verilməz.
Bundan əlavə, komandir və
zabit heyətlərinə əsgərlə davranış
qaydalarını öyrətmək üçün xüsusi
kurslar təşkil edilməlidir. Həmin kurslarda, ilk
növbədə psixoloji amillərə yiyələnmək
üstünlük təşkil etməlidir. Bütün
bunlardan sonra, orduda hər hansı neqativ halların, o
cümlədən "Dedovşina"nın
mövcud olması ehtimalı çox az olar.
İnanırıq ki,
Müdafiə Nazirliyinin rəhbərliyi bu dediklərimizi
səmimi qəbul edərək nəzərə alacaq və
gələcəkdə orduya əsgər yetişdirən valideynlər
övladlarının sonrakı talelərindən narahat
olmayacaqlar.
ELÇİN
MƏMMƏDLİ,
topçu
batareyasının sabiq komandiri