Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsi
P
R E Z İ D E N T K İ T A B X A
N A S I
––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––
Baki-Tbilisi-Qars dəmir
yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, noyabrın 21-də
Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin
qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti
Abdullah Gül və Gürcüstan Prezidenti Mixail
Saakaşvili, habelə Avropa İttifaqından, Amerika
Birləşmiş Ştatlarından və digər
ölkələrdən qonaqlar iştirak edirdilər.
“Dəmir İpək yolu” adlandırılan, Avropadan
Çinə qədər birbaşa əlaqəni təmin
etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir
yolunun işə düşməsi ilə həm də
Ermənistanın Azərbaycana hərbi təcavüzü
ilə bağlı 1993-cü ildə Türkiyə ilə Orta
Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi
yenidən bərpa olunacaqdır.
Layihəyə
əsasən, Qarsdan Axalkalakiyə qədər 105 kilometrlik
dəmir yolunun çəkilməsinə 420 milyon dollar
sərmayə qoyulacaqdır. Qarsdan Gürcüstan
sərhədinədək 76 kilometrlik hissəni Türkiyə
maliyyələşdirəcəkdir (220 milyon dollar).
Gürcüstanın Azərbaycandan aldığı 200 milyon
dollarlıq kreditlə isə Türkiyə
sərhədindən Axalkalakiyə qədər olan
təqribən 30 kilometrlik xətt inşa ediləcək
və Azərbaycan sərhədinədək mövcud olan 160
kilometrlik xətt yenidən qurulacaqdır.
Layihənin
2009-cu ildə tamamlanması nəzərdə tutulur. İlkin
hesablamalara görə, 2010-cu ildə 1,5 milyon sərnişin
və ildə 3 milyon ton yük daşınacaqdır.
2034-cü ildə isə bu yolla 3,5 milyon sərnişin və
ildə 16,5 milyon ton yük daşınacağı
proqnozlaşdırılır. Qazaxıstanın da bu
xəttə qoşulması üçün protokol
imzalanmışdır.
Xatırladaq
ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə
əlaqədar anlaşmanı 2007-ci ilin fevralında
Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev,
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
və Gürcüstan Prezidenti
Mixail
Saakaşvili imzalamışlar.
Təməlqoyma
münasibətilə keçirilən mərasimi Prezident
Mixail Saakaşvili açdı.
Türkiyə
Prezidenti Abdullah Gülün
nitqi
-Hörmətli
prezidentlər!
Çox
dəyərli qonaqlar!
Bu gün
tarixi bir gün yaşayırıq. Çox gözəl bir
səbəbdən bir yerdəyik. İnanıram ki, bu anlar
gələcəkdə ən gözəl bir
şəkildə xatırlanacaqdır. Bu gün Bakını
Qarsa bağlayacaq dəmir yolunun təməlinin qoyulması
münasibətilə buraya toplaşmışıq.
Hamınıza hörmət və sevgilərimi
çatdırıram. Türkiyə, Gürcüstan və
Azərbaycan xalqlarına xoşbəxtlik diləyirəm.
Biz bu
gün sadəcə Bakı, Tbilisi və Qarsı bir-birinə
bağlamırıq. Əslində, biz bu gün Çini
Londona bağlayırıq. Bu, böyük bir layihədir.
Çindən çıxan vaqonlar, lokomotivlər
Xəzəri, daha sonra Bakı, Tbilisi və Qarsı
keçərək, İstanbula çatacaqdır.
İstanbulda sürətlə inşa edilən
“Mərmərə ray” xətti vasitəsilə dənizin
altından keçərək, Avropanı qət edəcək
və oradan da La-Manş boğazını keçərək
Londona çatacaqdır. Əslində tarixi, coğrafiyanı
dəyişdirən böyük bir layihənin həyata
keçirilməsinin addımını atırıq. Bu
layihədə bir çox insanın əməyi olmuşdur.
1990-cı
illərin əvvəllərində həmin layihələr,
təəssüf ki, daha sonra lazım olan marağı
görmədiyi üçün bir qədər ləngidi. Amma
ötən illərdə bu layihə üzərində
üç ölkə intensiv işlədi.
Xatırlayıram, əvvəlcə Türkiyə,
Gürcüstan və Azərbaycanın nəqliyyat
nazirləri toplaşdılar və bu layihəni təkrar
canlandırmaq üçün səfərbər oldular. Daha
sonra bunun həyata keçirilməsinin
mümkünlüyü məsələsi ortaya
çıxdı. Bu ilin əvvəlində prezidentlərin,
baş nazirlərin iştirakı ilə burada
keçirilən bir mərasimə qatıldılar,
çərçivə müqaviləsi imzalandı.
Üç ölkənin siyasi qərarı ortaya qoyuldu və
bütün dünyaya, bölgəyə bəyan edildi. Ondan
sonra işlər sürətləndi və bu gün
böyük bir sevinci yaşayırıq.
Bu
layihənin həyata keçirilməsi ilə əlaqədar
addımı atırıq, onun təməlini atırıq. Bu
layihəni həyata keçirmək üçün
düyməni basırıq. Həqiqətən də,
böyük bir hadisə, böyük bir xoşbəxtlikdir.
İnanıram ki, bu layihə həyata keçiriləndən
sonra tarixi İpək yolu yenidən canlanacaqdır. O zaman
şose yolu ilə işləyən “İpək yolu”, indi
dəmir yolu ilə işləməyə başlayacaqdır.
Dediyim kimi, sadəcə, üç ölkəni yox,
Mərkəzi Asiyanı, uzaq Asiyanı, Çini Avropaya
bağlayacaqdır.
Qazaxıstanın
qoşulması bu layihəni, həqiqətən də,
işləyən hala gətirmişdir. Bunu burada ifadə
etmək, hörmətli Nazarbayevə də
təşəkkür etmək istəyirəm. Onun bu
layihəyə olan marağını yaxından bilən
insanlardan biriyəm.
Xatırlayacaqsınız,
ötən il keçirilən toplantılarda Qazaxıstan bu
dəmir yolu ilə 10 milyon ton yük
göndərəcəyini bildirmişdir. Bildiyiniz kimi,
sadəcə, sərnişin daşınmayacaq, eyni zamanda,
yüklər də daşınacaqdır.
Layihənin
bölgənin iqtisadi inkişafına çox böyük
fayda verəcəyinə, bölgəmizdəki insanların
rifahının yaxşılaşacağına çox
inanıram. Bir tərəfdən hava yolları, bir
tərəfdən dəniz yolu, bir tərəfdən dəmir
yolları, digər tərəfdən də avtomobil yolları
bu üç ölkəni bir-birinə daha çox
bağlayır və ortaq iqtisadi bölgə yaranır.
Bildiyiniz kimi, Batumi hava limanı ortaq istifadəyə
açılmışdır.
Gəncə
ilə Bakı arasında, Tbilisi ilə Bakı arasında
avtomobil yolu yenidən qurulduqdan sonra bütün bunlar Qara
dəniz nəqliyyat yoluna bağlanacaq və Bakıdan
çıxan avtomobillər çox gözəl yollardan
keçərək İstanbula çatacaqlar.
Bütün
bunlar həyəcanverici böyük layihələrdir. Bir
vaxtlar bunlar haqqında danışılarkən, bunları
röya kimi, xəyal kimi görənlər olmuşdur. Amma, bu
gün görürük ki, bütün bu layihələr
gerçəkləşir. Bakı-Tbilisi-Ceyhan neft boru
xətti necə gerçəkləşdisə və
tankerlər Orta Asiyanın, Qafqazların neftini Aralıq
dənizindən dünya bazarına necə
daşıyırsa, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti
necə tamamlandısa, əminəm ki, Bakı-Tbilisi-Qars yolu
da ən qısa müddətdə tamamlanacaq və bundan
sadəcə, bölgəmiz, sadəcə üç
ölkə deyil, bütün dünya faydalanacaqdır. Bunlar
tarixi hadisələrdir. Belə tarixi bir hadisəni
sizlərlə - dəyərli prezidentlərlə, həmkarlarımla
birlikdə yaşamaqdan böyük sevinc duyuram. Bu
layihələrin daha fərqli layihələri təşviq
edəcək nümunə olacağına inanıram.
Sadəcə, bölgəmizdə deyil, dünyanın
başqa bölgələrində də bunlardan nümunə
alacaqlarına inanıram.
Bu bir
həqiqətdir ki, təhlükəsizlik, sabitlik, iqtisadi
inkişaf, rifah bir-biri ilə bağlı amillərdir.
Dünyada sülhü, sabitliyi qorumaq və nəticədə
insanların rifahını, xoşbəxtliyini təmin
etmək bizim üzərimizə düşən ən
böyük vəzifədir.
Bu
səbəbdən demək istəyirəm, əslində,
Qafqaz bölgəsində bu layihələr bütün
ölkələrə açıqdır. Sülh, sabitlik
bərqərar olduqda heç kimi kənarlaşdırmaq niyyətimiz
yoxdur. Hər kəs bu layihələrə qatıla bilər.
Bütün bölgənin insanları irqi, dini
ayrı-seçkilik olmadan bu layihələrin faydalarından
yararlana və öz xalqlarının, ölkələrinin,
millətlərinin rifahını artıra bilərlər.
Ümid
edirəm ki, layihələr bu şəkildə dərk
olunmalıdır. Bu layihələrin həyata
keçirilməsi yanlış şəkildə dərk
edilməməlidir. Bu layihələrin, sadəcə,
üç ölkəyə deyil, bir gün bütün bu
coğrafiyaya xidmət edəcəyinə də inanıram. Bu
sahədə əməyi olan hər kəsə
təşəkkür edirəm. Yaxın vaxtda bu layihələrin
bitdiyini və relslər üzərində insanları,
yükləri daşıyan vaqonların hərəkət
edəcəyini və onun da açılışını
bir yerdə yaşayacağımıza ümid edirəm.
Təkrarən
hamınıza hörmət və sevgilərimi
çatdırıram.
X X X
Sonra dövlət başçıları “Bakı-Tbilisi-Qars
xəttinin təməli 2007-ci il noyabrın 21-də
Gürcüstanın Tetri-Skaro rayonunun Marabda kəndi
ərazisində Azərbaycan Prezidenti İlham Əliyev,
Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan
Prezidenti Mixail Saakaşvili tərəfindən qoyulmuşdur”
sözləri yazılmış vərəqi imzalayaraq gilizin
içinə qoydular. Prezidentlər gilizi təmələ
qoydular və beton qarışığı
tökdülər.
Dövlət
başçılarına xatirə hədiyyələri
təqdim olundu.
Mərasim
başa çatandan sonra Azərbaycan, Türkiyə və
Gürcüstan prezidentləri ilk sərnişinlər kimi,
dəmir yolunun rəmzi olaraq çəkilmiş
təxminən iki yüz metrlik hissəsini qatarla
keçdilər.
X X X
Noyabrın 21-də
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin adından
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə
Prezidenti Abdullah Gülün şərəfinə nahar verildi.
AzərTac
21 noyabr 2007-ci il