Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
K İ T A B X A
N A S I
───────────────────────────────────────────────────────────────────────────
Azərbaycan Prezidenti
İlham Əliyevə Türkiyənin nüfuzlu “Ekovitrin”
jurnalının
“Avrasiyada ilin siyasət
adamı” mükafatı təqdim edilmişdir
Türkiyənin
ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki,
iqtisadiyyat sahəsində müxtəlif proqramlar
hazırlayaraq, Türkiyənin televiziya kanallarında
nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını
həm türk, həm də dünya ictimaiyyətinə
çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan
“Ekovitrin” aylıq jurnalı nüfuzlu əməkdaşları,
ətraflı materialları sayəsində Türkiyənin ən
sanballı nəşrlərindən birinə
çevrilmişdir. Türkiyə ilə yanaşı, Asiya
regionunda da geniş yayılan “Ekovitrin” jurnalı ənənəvi
olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya,
siyasət və yerli idarəçilik sahələrində
ilin adamlarını seçir. 2005-ci ildə Türkiyədə
və xaricdə yaşayan 9 minə yaxın oxucunun
iştirakı ilə keçirilən sorğunun nəticələrinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Avrasiyada ilin siyasət adamı” elan olunmuşdur. Azərbaycan
Prezidenti bu mükafata bir sıra sahələrdə səmərəli
fəaliyyətinə və qazandığı uğurlara
görə layiq görülmüşdür.
İyulun
12-də İstanbulun “Qrand cəvahir” mehmanxanasında Azərbaycan
Prezidenti İlham Əliyevə “Avrasiyada ilin siyasət
adamı” mükafatının təqdim edilməsinə həsr
olunmuş mərasim keçirilmişdir.
Mərasimi
“Ekovitrin” media qrupunun rəhbəri Kamuran Abacıoğlu
açdı.
Türkiyə Baş
nazirinin müavini, Xarici İşlər naziri Abdullah
Gülün
çıxışı
- Hörmətli
Prezident İlham Əliyev!
Hörmətli
qonaqlar!
Bu gün,
həqiqətən, mühüm bir görüşdür. Bu
görüşün Bakı-Tbilisi –Ceyhan neft kəmərinin
açılış mərasimi ərəfəsinə təsadüf
etməsi böyük bir məna daşıyır. Bu
baxımdan Kamuran bəy başda olmaqla, “Ekovitrin”in
bütün əməkdaşlarını təbrik edirəm.
Bu təşəbbüslərin, toplantıların daimi
olacağını gördük. Gözəl bir
platformadır. Bu platformada Türkiyənin və
dünyadakı bütün türklərin uğurları təbliğ
edilir. Bunun üçün də daim təşviqedici,
uğurları daim ön plana çıxarılan
platformalardan biridir. Bu münasibətlə sizi təbrik edirik.
Hörmətli
Prezidentin bu toplantını şərəfləndirməsi,
şübhəsiz, buna ayrı bir dəyər əlavə
etmişdir. Buradakı bütün qonaqlar adından hörmətli
Prezidentə təşəkkür edirəm. Cənab Prezident
bu axşam və sabah bir çox mühüm toplantılarda
iştirak edəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri,
həqiqətən, əsrin ən mühüm layihələrindən
biridir. Sadəcə, Qafqaz neftinin Aralıq dənizi vasitəsilə
ixrac edilməsi ilə kifayətlənilməyəcəkdir.
Bir müddət əvvəl hörmətli Prezident İlham Əliyevin
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə imzaladıqları
müqaviləyə əsasən, Qazaxıstan nefti bu kəmərlə
bütün dünyaya ixrac ediləcəkdir. Bu, çox böyük
bir uğurdur. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri
də inşa edilir. İnşallah bu ilin axırına qədər
başa çatdırılacaqdır. Bu da xüsusi strateji əhəmiyyət
daşıyan bir layihədir. Əminəm ki, bu kəmər
vasitəsilə “Şahdəniz” qazı ilə yanaşı,
Orta Asiyanın qaz ehtiyatları da ixrac ediləcək və
bütün bu uğurları birlikdə görəcəyik.
Bu mərasimi
təşkil edənlərə təşəkkür edirəm.
Burada iştirak etdiyi üçün hörmətli Prezidentə
ehtiramlarımı bildirirəm. Sağ olun.
X X X
Sonra
Türkiyə Baş nazirinin müavini, xarici işlər
naziri ABDULLAH GÜL Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə “Avrasiyada ilin siyasət adamı”
mükafatını təqdim edərək dedi:
-
Doğrusu, bu mükafatı təqdim etmək mənim
üçün böyük bir şərəfdir. Hörmətli
Prezident Azərbaycana çox böyük məharətlə
rəhbərlik edir. Seçkilərdən sonra Azərbaycan
çox böyük sıçrayışlar edir. Bir tərəfdən,
iqtisadi uğurlar qazanır, digər tərəfdən isə,
Avropa Şurasının bir üzvü olan Azərbaycan
demokratiya sahəsində də sürətlə inkişaf
edir. Bunları prioritet sahələr kimi
gördüyünüz üçün Sizi türk milləti
adından, bütün türklər adından təbrik
edirik. Türkiyənin bütün gücü, bütün dəstəyi
Azərbaycanın arxasındadır. Bu ölkənin
uğurları bizim üçün böyük bir qürur mənbəyidir.
Bütün
türk milləti bundan böyük sevinc hissi keçirir.
İnanırıq ki, qarşıdakı illərdə Azərbaycanın
bir çox uğurlarına birlikdə şahid
olacağıq. Bütün türk milləti adından Sizi
bir daha təbrik edirəm.
AzərTAc
“Xalq qəzeti”, 13 iyul 2006 -cı il