Əmək və sosial münasibətlər.-2014.-№ 2(02).-S.49-57.

 

Yeniləşən Azərbaycanda milli ideologiya məsələsi

 

İlham Soltanov,

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu

 

Müasir dövrdə Azərbaycanda milli ideologiya problemi müxtəlif informasiya vasitələrində, alimlərin, siyasətçilərin, ideoloqların yazılarında, çıxışlarında, ideologiyanın müxtəlif problemlərinə (millətçilik, turançılıq, türkçülük, azərbaycançılıq, islamçılıq, müasirlik prinsiplərinin mahiyyətinin açılması və s.) həsr edilmiş müxtəlif xarakterli yığıncaqlarda-konfranslarda, simpoziumlarda, diskussiyalarda çox intensiv müzakirə olunur. İdeoloji müzakirələr insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Kommunist ideologiyasının məhv olmasından sonra yaranan ideoloji boşluğu doldurmaq cəhdləri, köhnə ideoloji stereotiplərlə yeni ideyaların qarşıdurması, ictimai şüurun xaricdən əxz edilən yeni ideologiyaları qavramağa hazır olmaması bu cür ideoloji axtarışların və keçirilən tədbirlərin siyasətə yenicə qoşulan gənclərin siyasi savadlanması üçün çox böyük faydası vardır.

XXI əsr fəlsəfəsinin xüsusiyyətlərindən biri onun çətinliklə, mürəkkəb və gərgin yol keçərək ideoloji pressinqdən azad olmasıdır. Uzun müddət sosialist ölkələrinin tədqiqatçıları istədikləri mövzunu tədqiq edə bilməmişlər. C.P. Sartrın, M. Haydeggerin, P. Feyerbandın, Fanonun və b. əsərləri “imperializm agentləri və qullarının” və yaxud “təftişçilərin”, “mistiklərin” əsərləri kimi qələmə verilirdi. Tədqiqatçıların ideoloji möhürdən azad olması üçün xeyli vaxt lazım gəlmişdi. Avropa və Amerika alimlərinin əsərlərinin tərcümə olunması və ondan bəhrələnmə 90-cı illərdən güclənməyə başladı. Nəticədə böyük fılosofların tərcümə olunmuş əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Beləliklə, tədqiqatçılar marksist metodologiyadan uzaqlaşaraq ümumbəşəri fəlsəfı nailiyyətlərə yiyələnməklə cəmiyyətdə baş verən hadisələri, о cümlədən ideoloji problemləri obyektiv və düzgün analiz etmək imkanı əldə etdilər.

 

İDEOLOGİYA FƏLSƏFİ-SİYASİ GÖRÜŞLƏR SİSTEMİ KİMİ

Alimlər ictimai şüurun əsas struktur komponentləri kimi ideologiyanı, ictimai psixologiyanı və elmi-nəzəri şüurun müxtəlif formalarını ayırırlar. ideologiya fəlsəfı, siyasi, sosioloji, iqtisadi, əxlaqi, dini, bədii və digər görüşlər sistemidir. Fəlsəfənin cəmiyyətşünaslıq cəhətləri onun ideologiya ilə əlaqəsini üzə çıxarır. Bütün ictimai elmlər bu və ya digər dərəcədə ideolojidir. О cümlədən fəlsəfə də ideoloji cəhətlərə malikdir. Bu mənada ideologiya ilk növbədə fəlsəfı görüşlər sistemidir.

İdeologiya termini hazırda cəmiyyətin və ya sosial hərəkatın müxtəlif təbəqələrinin maraqlarını, dünyagörüşünü, ideallarmı ifadə edən ideyalar sistemi mənasını verir. ideologiya terminini ilk dəfə XIX əsrin əvvəllərində fransız filosofu və iqtisadçısı A. Destyut de Trasi özünün “Ideologiya elementləri” (1801) əsərində işlətmişdir. O, ideologiyaya ideyalar haqqında elm kimi məna vermişdir. Fransız aliminin fikrincə, ideologiya hissi təcrübədən yaranan ideyaların meydana gəlməsi və inkişafı haqqında elmdir. Onun davamçıları Kabanis “İnsanın fiziki və əxlaqi təbiətinin nisbəti”, Volney isə “Əxlaqın fiziki prinsipləri” əsərində həmin iddiada olublar. Deməli, ideologiya termininin (“idea” və “logos”) birinci mənası ideyalar haqqında elm deməkdir. Az sonra terminin etimoloji mənası unudulmuş və ideologiya mövcud ictimai quruluşu saxlamağa və ya onu dağıtmağa yönəlmiş ideyalar toplusu, sistemi mənasında istifadə edilmişdir. XIX əsrin ortaları üçün isə ideologiya cəmiyyətin həyatında ideal amillərin həlledici rolunu qəbul edən fikir və siyasi cərəyan mənasını almışdır [1, s.17]. Müasir mənada ideologiya dedikdə, insanların yaşadıqları mühitə və bir-birinə münasibətinə, siyasi, sosial-iqtisadi və mənəvi quruluşa olan baxışlar və ideyalar məcmusu kimi başa düşülür. Nəzəri cəhətdən az-çox dərəcədə sistemləşdirilmiş bu ideyalar və baxışlar məcmusu ya dəstəkləyici, ya da rədd edici mövqelərdə olur.

Müasir sosioloji cərəyanlara görə, ideologiya kollektiv inam və düşüncə səviyyəsinə qalxmış fıkir və ideyaların məcmusudur. Onun siyasi cəhəti sosial gerçəkliyə spesifık münasibət ifadə edil- [səh. 49-50] məsində üzə çıxdığından, ideologiyanın təsvir etdiyi gerçəkliyə uyğunluğu tam olmaya bilər və hətta ideologiya gerçəkliyi təhrif edə bilər. K. Manheym ideologiyanı reallığı qeyri-adekvat əks etdirən ideyalar məcmusu sayırdı [14, s. 126]. Bu fikrə M. Veberdə də rast gəlmək olur. Onlar ideologiyanı həm də birliklərin inteqrasiyası kimi şərh edirlər [23, s.83]. K. Manheym marksizm klassikləri kimi, ideologiyanı sinfi meylli şüur hesab edir və göstərir ki, ideologiya müəyyən sinfi, sosial şəraitlə və maraqlarla bağlı olduğundan gerçəkliyin elmi cəhətdən dərk edilməsinə iddia edə bilməz və bu mənada, bəşər tarixində heç bir ideologiya elmi olmamışdır. Sosial həyatı yalnız siniflərin fövqündə duran ideologiya obyektiv əks etdirə bilər (məsələn, yaradıcı ziyalılar) [14, s.157]. Lakin bu idraki məhdudiyyətlərinə baxmayaraq, ideologiya müəyyən kollektiv şüur dəyərlərinə əsaslanan qrup ideyası kimi cəmiyyət həyatında mühüm funksiyaları yerinə yetirir. О hər hansı bir sinfın və ya ictimai qrupun tələbatlarını ifadə edir, onları öz maraqlarını müdafıə etməyə səfərbər edir.

Ideologiya ilə siyasət bir-birlə six əlaqədədir. Bu əlaqədən bəhs edən Amerika nəzəriyyəçisi H. Morqentaunun fıkrincə, siyasətin mahiyyəti siyasətçinin öz fəaliyyətinin məqsədlərini bilavasitə pərdələmək üçün istifadə etməsini tələb edir [9, s.4]. Digər Amerika alimləri isə hesab edirlər ki, ideologiya siyasi inkişafın məqsədlərini və dəyərlərini işləyib hazırlayır (L. Sadjent), ideologiya həmişə status kvoya (mövcud vəziyyətə) qarşı istiqamətlənir və mühüm dəyişdirici potensialın saxlanmasının siyasi amilidir (F. Uotkins). R. Moska, R. Mixels, V. Pareto və b. siyasi ideologiyanın məzmununu həddən artıq geniş mənada qəbul edərək, dini və estetik şüur formalarını da onun təzahürü hesab edirdilər [17, s.54]. Dar mənada isə bu, ideologiyanın yayılması prosesi, kütləvi şüurda hakim ideologiyaya çevrilməsi, habelə hər bir adamın şüuruna hakim kəsilməsi deməkdir. İdeologiyanın cəmiyyətin həyatı ilə üzvi bağlılığı haqqında ideyanı T. Adorno və onun ardıcılları inkişaf etdirmişdir. Onların tənqidi nəzəriyyəsinə görə, ideologiya marksistlərin dediyi kimi, iqtisadi bazis və dövlət üzərində üstqurum deyil, müəyyən cəmiyyət tipinin ayrılmaz hissəsidir. İdeologiyanın təsir gücü ənənələrə, insanların gündəlik təcrübəsinə, habelə kütləvi şüurun dövlət və qeyri-dövlət institutlarının (televiziya, radio, mətbuat, məlumat və reklam agentlikləri) bütöv sisteminə əsaslanır [2 S.137].

İdeologiya termininin və onun haqqında təsəvvürlərin XVIII əsrdə təzahürünə baxmayaraq bəzi tədqiqatçılar iddia edirlər ki, ideologiya dövrü köhnə Avropanın süqutu və müasir dünyanın yaranması ilə başlayır. Məsələn, Fransız nəzəriyyəçisi R. Aron və Amerika tədqiqatçısı D. Bell ideologiyanın təzahürünü XVIII və XIX əsrlərdə Avropada dini etiqadın tənəzzülü və həmin dövrdə “ziyalı sinfinin” formalaşması ilə əlaqələndirirlər [3, s.208]. İdeyalar sistemini fərdlərin şüuruna yeritmək üsullarının tədqiqatçıları ideologiyanın təşəkkülünü F. Bekonun xidməti kimi qiymətləndirirlər. Onların fikrincə, Bekon insan zəkasının gerçəkliyi təhrif etmədən onu dərk edə bilməməsini izah etməyə səy göstərmişdir. Bekon dövrü tədqiqatçılar tərəfindən ictimai sərvətlərin “vahid” sisteminin dağılmasının başlanğıcı, müxtəlif ideologiyaların təşəkkülü kimi mənalandırılır.

Ən ümumi planda ideologiya dedikdə mühüm xüsusiyyəti ictimai qrupların mənafeləri və cəhdləri ilə funksional əlaqədən ibarət olan görüşlərin sistemləşdirilmiş məcmusu başa düşülür. Lakin sinfı maraqları ifadə etməyən ideologiyalar da mövcud olmuşdur (məsələn, anarxizm ideologiyası şəxsiyyətin maksimal azadlığı tərəfdarlarının cəhdlərini ifadə edir). Müasir mərhələdə sənayeyə inkişaf etmiş demokratik ölkələrdə sinfi fərqlərin itməsi ilə bağlı olaraq ön plana post maddi dəyərlər keçir (məsələn, “yaşıllar” ideologiyasında).

İdeologiya müxtəlif formalarda (siyasi, iqtisadi, dini, hüquqi və b.) ifadə oluna bilər. ideologiya о zaman yetkin, inkişaf etmiş hesab olunur ki, siyasi ideologiyaya çevrilir. Dünyagörüşünü formalaşdırmağa yönəlmiş və onun əsasında duran ideologiyalar geniş yayılır və “total” ideologiyalar (Manheym) adlandırılır [14, s. 115]. Bu cür ideologiyalara liberal, kommunist ideologiyalarını aid etmək olar. Dünyagörüşünün geniş spektrini əhatə edə bilməyən ideologiyalar isə “xüsusi” ideologiyalar adlandırılır. Məsələn, müəyyən qrupların kənd təsərrüfatı istehsalçısına möhkəm dövlət dayağı yaradılması, kənd yerlərində müasir infrastrukturun inkişaf etdirilməsi və ətraf mühitin mühafizə edilməsi kimi tələblərini əsaslandıran (kəndli ideologiyası) və i. a. ideologiyalar “xüsusi ideologiyalar” hesab olunur. [səh. 50-51]

Bütövlükdə tədqiqatçıların çoxu belə hesab edir ki, ideologiya bu və ya digər şəxslər qrupunun hakimiyyət iddialarına haqq qazandıran müəyyən doktrinadır və bu məqsədlərə uyğun olaraq ictimai rəyi öz ideyalarına tabe etdirməkdir.

İdeoloji sahə insanlar arasında ictimai münasibətlərin xüsusi növüdür. ideoloji proses geniş mənada ideoloji fəaliyyət kimi başa düşülür. ideoloji proses strukturunda ideoloji münasibətlər xüsusi yer tutur. ideoloji proses ictimai münasibətlərin bütün məcmusuna təsir prosesini, ideyaların subyektlər arasındakı münasibətlərdə maddiləşməsini nəzərdə tutur. Sözün geniş mənasında ideoloji proses ideoloji fəaliyyət olub, ideologiyanın işlənib hazırlanmasını, onun saxlanmasını, yeniləşməsini və müdafiəsini ifadə edir. Sözün dar mənasında isə o, ideologiyanın yayılması, hakim ideologiyanın kütləvi şüura və eləcə də hər bir ayrıca fərdin şüuruna yeridilməsidir [7, s.218]. İdeoloji prosesin əsasını “ideoloji fəaliyyət” (ideologiyanın istehsalı və yayılması Üzrə fəaliyyət), “ideoloji münasibətlər” (insanlarla siyasi institutların münasibətlərinin qurulması), “ideoloji təsir” və “ideoloji təsəvvür” təşkil edir. İdeoloji münasibətlər ideoloji fəaliyyətini və onun nəticələrinin mübadiləsi formasında mövcuddur.

İdeologiyalar idraki yükünə görə elmi və qeyri-elmi, həqiqi və yanlış, doğru və illüziyalı növlərə ayrılır. Sosial yönümlərinə və funksiyalarına görə isə ideologiya mütərəqqi və konservativ, inqilabi və islahatçı, liberal və radikal, millətçi və beynəlmiləlçi, habelə, sinfi, milli və irqi, dini və dünyəvi, rasional və irrasional, universal və partikulyar, uzunmüddətli və qısamüddətli və s. Növlərə ayrılır. Rasional ideologiyalar əqli (idraki) mülahizələrə, irrasional ideologiyalar hissi intuisiyaya, ehtiraslara əsaslanır. İdeya və baxışları olduğu kimi qəbul edən bütün insanlar üçün açıq olan ideologiyalar universal ideyalar sayılır (məsələn, islam, xristianlıq universal mahiyyətə malikdir). Millətçi, irqçi ideologiyalar isə partikulyar ideologiyalar sayılır. Çünki həmin ideologiyaları qəbul edən insanların əhatə dairəsi əvvəlcədən müəyyənləşdirilir və onun genişləndirilməsi üçün imkan yeri qalmır [19, s.74]. ideologiyalar tarixi taleyinə görə də fərqlənir. Uzun müddət tarix səhnəsindən çıxmayan ideologiyalarla (məsələn, dini ideologiya) yanaşı, müəyyən tarixi mərhələdə fəaliyyət göstərən, tez bir vaxtda yaddan çıxan ideologiyalar da olur. Fəaliyyət sferasına (coğrafi məkana) görə də ideologiyaları fərqləndirirlər. Məsələn, ideologiyaların bir qrupu bütün dünyanı əhatə etdiyi halda, digər qrupu ayrı-ayrı ölkələrdə, regionlarda yayılır.

Hər bir ideologiya cəmiyyətdə mövcud olan siyasi rejimlə six bağlıdır. ideologiya ya mövcud ictimai quruluş və qaydaları müdafiə etmək vəzifələrinə xidmət göstərir, ya da onu dəyişdirmək istiqamətində qərar tutur. Demokratik cəmiyyətlərdə çoxsaylı ideoloji cərəyanlar bir-biri ilə rəqabət halında fəaliyyət göstərir, totalitar sistemlərdə isə müxtəlif ideoloji cərəyanların sərbəstliyi qadagan edildiyindən, rejimə qarşı müxalifətdə olan ideologiyalar çox zaman qeyri-leqal şəkildə yayılmağa, insanları birliklər və partiyalar şəklində birləşdirməyə məcbur olur [11, s.141].

Siyasi şüurun təbiətindən danışdıqda qeyd etmək lazımdır ki, onun məzmunu, forma və tipləri hakim siyasi sistemlərlə bilavasitə əlaqəlidir. Siyasi şüur siyasi fəaliyyətin üzvi hissəsidir və siyasi fəaliyyət formasında təzahür edir”. İnsanların siyasi fəaliyyət praktik və mənəvi fəaliyyətdir. M. Veberin sözləri ilə desək, siyasət insanın bədəninin digər üzvləri tərəfindən deyil, başla həyata keçirilir. Siyasi həyat özündə praktikanın müəyyən formaları və siyasi şüurun müxtəlif təzahürlərinin dialektik surətdə çulğalaşmasını əks etdirir [23, s.94].

Həm ideologiya, həm do siyasət cəmiyyətin sosial-iqtisadi münasibətləri ilə şərtlənir. Qeyd etmək lazımdır ki, ideologiya da, siyasət də konkret təbəələrin, birliklərin mənafeyinə xidmət göstərir və hər ikisi hakimiyyət münasibətlərinə yönəlməsi ilə fərqlənir. Siyasi ideologiya siyasi fəaliyyətin nəzəri əsası kimi çıxış edir. Eyni zamanda, siyasi ideologiya siyasi hərəkatı birləşdirən amildir.

XX əsrin ortalarından başlayaraq beynəlxalq aləmdə gərginliyin yumşalması bəzi alimlərin ideologiyanın sonunun çatdığını bəyan etməsinə səbəb oldu. Belə bir fikir hakim idi ki, ənənəvi cəmiyyətlərdən fərqli olaraq industrial cəmiyyətlərdə sosial stratifıkasiyada olan dəyişikliklər, əhalinin proletarsızlaşması, sosial qayda-qanunun əsası olan sosial sülhün, barışığın bərqərar olması ilə sosial münasibətlərdən ideoloji ölçülər do götürülmüş olur, yəni Amerikan təbliğatçısı sosioloq D. Bellin sözləri ilə desək “ideologiyanın sonu gəlib çatmışdır” [3, s.227]. E. Şelz isə “ideologiyanın [səh. 51-52] sonu” konsepsiyasını ifadə etmək üçün “ideologiyasızlaşma” terminini elmə gətirdi. industrial cəmiyyətin ideologiyanın təsirindən bu cür azad olması “ideologiyasızlaşma” adını aldı. Bu öz əksini D. Bellin, C. Ellyulun “ideologiya nə qədər az olsa, о qədər yaxşıdır” prinsipində tapdı. İdeologiyasızlaşma tərəfdarlarının sayı artdı və bu sıraya məşhur Raymond Aron da qoşuldu [2, s. 165].

Azadlıq və demokratiya kimi ümumbəşəri dəyərlər bu gün dünyanın hər yerində birmənalı olmadığı kimi, dünyanın bütün siyasi sistemlərinin siyasi simvolu da müxtəlif ideoloji ranq kəsb edir. Siyasi həyatın ideologiyasızlaşmasına çağırış əslində siyasi həyatın yenidən ideologiyalaşmasını, yəni marksist cərəyanlı sosialist ideologiyasının öz sosial xarakteri və istiqamətinə görə başqa ideologiya ilə – liberal-demokratik, dini, antikommunist ideologiya ilə əvəz edilməsini nəzərdə tuturdu.

Hakim və müxalif statusa malik olan ideologiyaların sosial imkanlarının, sosial yönümlərinin, siyasi məqsədlərinin (biri hakimiyyəti saxlamaq, ondan istifadə edərək cəmiyyəti idarə etmək, ikincisi isə hakimiyyətə gəlmək məqsədilə iqtidarı tənqid etmək məqsədini güdür), sosial gerçəkliyə və ölkədəki vəziyyətə münasibətlərinin (iqtidar ideologiyası gerçəklikdəki müsbət cəhətləri şişirtməyə, mənfı cəhətləri isə kiçiltməyə, ya da heç görməməyə, müxalif ideologiya isə əksinə, nöqsan və çatışmazlıqları şişirtməyə, özünün təklif etdiyi ideya və prinsipləri utopikləşdirməyə meyillidir) müxtəlif, fərqli, çox hallarda isə zidd olmasına baxmayaraq, ideologiyaların funksional yükündə bir ümumilik müşahidə olunur. Bu ümumilik ideologiyanın funksiyalarını müəyyən etmək üçün zəmin yaradır [4, s. l 15].

İdeologiyanın ümumi və siyasi funksiyaları vardır. Bu funksiyalara aşağıdakılar aiddir:

—     tarixi prosesin mahiyyəti, onu təyin edən amillər, sosial qurumlar və strukturların fəaliyyəti və idarəetmə haqqında optimal saydıgı ideya və prinsiplərin müəyyənləşdirilməsi;

—     ideologiyanın daşıyıcısı olaraq siyasi qüvvənin fəlsəfi-dünyagörüşü əsaslarının hazırlanması;

—     keçmişin, indinin və gələcəyin qiymətləndirilməsi meyarının müəyyənləşdirilməsi;

—     rəhbər tutduğu ideya və prinsiplərin doğruluğu və səmərəli olacağını əhaliyə təsdiqləmək üçün ictimai şüura təsir mexanizmi və vasitələrinin hazırlanması;

—     hakimiyyətin saxlanması və fəaliyyəti (hakim ideologiya üçün), yaxud hakimiyyətə gəlmə uğrunda (müxalif ideologiyalar üçün) mübarizə prosesini təşkil etmək.

Bu funksiyaların müəyyən edilməsində ideologiyanın hansı məqsəd və vəzifələrə xidmət göstərdiyi, cəmiyyətin həyatında oynadığı rol əsas götürülür. Reallığın özünəməxsus obrazının yaradılması, ictimai şüurun zəbt edilməsi, ictimai şüura yeni dəyərlərin tətbiq edilməsi, təbliğ edilən cəmiyyətin modelinin yaradılması və s. ideologiyanın ümumi funksiyalarına daxildir. ideologiya həmin funksiyaları yerinə yetirməklə ictimai şüurun konkret forması kimi dərketmə, qiymətləndirmə və proqnozlaşdırma vəzifələrini özünəməxsus şəkildə həyata keçirmiş olur. Cəmiyyətin siyasi inkişafının istiqamətlərinin və başlıca aparıcı qüvvələrinin müəyyən edilməsi, ideologiyanın daşıyıcılarının və tərəfdarlarının vahid məqsədi həyata keçirmək uğrunda səfərbər edilməsi, ümumi ideya və çağırışlar əsasında insanların birləşdirilməsi və s. ideologiyanın siyasi funksiyalarına daxildir.

 

AZƏRBAYСANDA MİLLİ İDEOLOGİYANIN FORMALAŞMASININ

MƏNƏVİ-İDEOLOJİ ƏSASLARI

Müasir dünyada təzahür edən və böyük rol oynayan ideoloji cərəyanlardan biri də milli ideologiyadır. Nasionalizm (millətçilik) bir millətin gücləndirilməsinə yönəlik ideoloji sistem kimi düşünülüb.

Azərbaycanın milli ideologiyasının tarixən formalaşmasında böyük xidmətləri olmuş M.F. Axundov, H. Zərdabi, C. Məmmədquluzadə, N. Nərimanov, Ü. Hacıbəyov, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin adlarmı da çəkə bilərik. Ancaq çox güman ki, ümumi bir məfkurə, milli dirçəliş və tərəqqi naminə çalışanlar üçün daxili dialoq, seçim etmə, götür-qoy və bütün bunların nəticəsində “ümumi məxrəcin tapılmasına cəhd və fəallıq daha xarakterik olmuşdur. Demokratik cəmiyyətlərdə fıkir plüralizmi hakim olduğu üçün milli ideologiyaya ehtiyac olmur. Totalitar və avtoritar rejimlərdə, keçid dövrü şəraitində, başqa bir sıra hallarda dövlət tərəfındən dəstəklənən bir ideoloji görüş (məsələn, doktrina şəklində və s.) ümummilli ideologiya kimi qəbul oluna bilər. [səh. 52-53] Müasir qloballaşma şəraitində milli mənəvi dəyərlərimizin qorunması milli ideologiyanin formalaşması ilə mümkündür [8, s.81].

Milli ideologiyanın inkişafı tarixən orta əsr strukturlarının dağılması və yeni ictimai-iqtisadi quruluşun təşəkkülü ilə əlaqədardır. Bu mənada millət ideyası yeni dövrün demokratiyasının hüquqi və ideoloji-əxlaqi cəhətdən əsaslandırılmasıdır. Milli birliklərin təşəkkülü prosesinin təzahür etdiyi ölkələrdə mono və ya yarımetnik əsasda dövlətin möhkəmləndirilməsi həyata keçirilir. Praktika təsdiqləyir ki, həmin prosesdə milli ideologiya ciddi siyasi rol oynayır.

Milli ideologiyalar hər bir ölkənin, xalqın inkişafının müəyyən mərhələsi üçün – milli birliyin yarandığı, milli psixologiyanın, milli mənlik şüurunun və özünüdərkin formalaşdığı, monoetnik və ya polietnik əsasda dövlətçiliyin yarandığı mərhələ üçün önəmli ideologiyadır. Təsadüfi deyil ki, müstəmləkəçilikdən azad olmuş və ya imperiyanın dagılması nəticəsində müstəqilliyini qazanmış xalqların (keçmiş SSRİ ərazisindəki bir çox xalqların, Yuqoslaviya Federasiyasında yaşayan xalqların) milli özünütəsdiqi və milli özünü reallaşdırması üçün milli ideologiyaların rolu sıçrayışla artdı. Bu prosesdə dini-konfessional amilin də rolu var (“xristian qardaşlığı”, “islam qardaşlığı”, Hindistanda siqhizm və s.). Hazırkı şəraitdə postsovet məkanında – Yuqoslaviyada, Rusiyada, keçmiş SSRİ-nin əksər respublikalarında milli ideologiya cəmiyyətin siyasi həyatında müəyyənedici rol oynayır. Bütövlükdə ideologiyanın milli tipi vətəndaşların siyasi tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə yüksəltməyə istiqamətlənir [13, s.34].

Millətçilik ideologiyası – millətin, xalqın özünü vahid tam kimi dərk etməsini, hər bir fərddə onun etnosa mənsubiyyəti hissinin meydana gəlməsi və güclənməsini şərtləndirir. Millətçilik ideologiyası rasional-pozitiv çalardan tutmuş mürtəce-şovinist çalarlaradək çox mürəkkəb və qeyri-yekcins təbiəti ilə fərqlənir. Milli mənafeləri obyektiv şəkildə əks etdirən mütərəqqi xarakterli milli ideologiyalar etnik birliyin sosial-siyasi və mənəvi yüksəlişinə güclü təkan verdiyi halda, millətin tələb və ehtiyaclarmı təhrif edilmiş şəkildə ifadə edən, şovinist-mürtəce, separatçı məqsədlər güdən millətçilik ideologiyaları isə əksinə, xalqlar arasında nifaq salaraq ictimai-siyasi sabitliyin, sülh və əmin-amanlığın dayaqlarını laxladır, sosial tərəqqinin qarşısında əngələ çevrilir. Yeni və ən yeni tarixi dövr burjua tarixşünaslığında millətçilik dövrü kimi də xarakterizə olunur. Böyük Fransa inqilabından sonra Avropa ölkələrinin əksəriyyəti millətçiliyi və şovinizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdı. Eyni proses tədricən Şərqə köçərək milli azadlıq hərəkatlarına güclü təkan vermişdir. Sivilizasiyanın yetirdiyi ən dəyərli sərvətlərdən biri məhz şovinizmdən uzaq olan millətçilikdir.

Azərbaycan milli ideologiyası Azərbaycanda yaşayan yerli xalqların vahid dünyagörüşünə çevrilməli, bu ideologiya Azərbaycan dövlətçiliyini möhkəmləndirib inkişaf etdirməlidir. Azərbaycanın əsas milləti olan türklərlə azlıqda qalan, lakin tarixən bu torpaqda yaşayan xalqlar vahid Azərbaycan xalqını təmsil edir. Yeri gəlmişkən qeyd edək ki, əsas millət, adətən, bu və ya digər ərazidə six şəkildə yaşayan, mövcud dövlət birliyi onun adı ilə adlandırılan millət hesab olunur. Qeyri-əsas millətlərə isə əsas millətlərin ərazisində yaşayan azlıqlar (qruplar) daxildir.

Milli ideologiya ilə, yəni millətçiliklə stimullaşan siyasi hərəkat bəzi ölkələrdə millətlərarası münaqişələrin həllinə, mədəni yekcinsliyin güclənməsinə imkan yaratmaqla cəmiyyətin inteqrasiyasını şərtləndirir. Digər ölkələrdə isə separatizmə və etnik hegemonluğa rəvac verməklə (məsələn, Ermənistandan azərbaycanlıların zorla köçürülməsi, Bosniyada serblərin hərəkatı və s.) millətçilik cəmiyyətin bütövlüyünə xələl yetirir, siyasi idarəçiliyin sabitliyini pozur. Qeyd edək ki, milli ideologiya dövlətlərəarası (məsələn, Türkiyə-Azərbaycan) münasibətlərin möhkəmləndirilməsinin mənbəyi kimi də çıxış edə bilər.

Milli məsələ millətlərin qarşılıqlı əlaqədə olan inkişaf problemləri sistemini və milli münasibətləri səciyyələndirir. Müasir dövrdə milli məsələnin məzmunu bütün millətlərin azad və hərtərəfli inkişafından, onların əməkdaşlığının genişlənməsi və milli mənafelərinin ahəngdar surətdə əlaqələndirilməsindən ibarət olmalıdır. Sözsüz ki, milli məsələ sivil və demokratik yolla tənzimlənməlidir. Lakin bu heç də azlıq təşkil edən millətlərin bəzisinin, məsələn, Azərbaycan ərazisində yaşayan, onun vətəndaşı sayılan Dağlıq Qarabağ ermənilərinin özbaşınalığı ilə hesablaşmağı nəzərdə tutmur. Milli azlıq kimi ermənilərin dövlət daxilində “dövlət” yaratmaq cəhdləri heç bir hüquqi normaya [səh. 53-54] uyğun gəlmir. Belə qeyri-qanuni və qeyri-insani cəhdlər vaxtında bütün vasitələrlə aradan qaldırılmalıdır. Etnik oyanma ilə etnik iddianı fərqləndirmək lazımdır. Ermənisayağı etnik ərazi iddiaları – milli həyasızlıq mütərəqqi etnik oyanma anlayışı ilə heç bir mənada, heç bir səviyyədə bir araya sığmır.

Millətçi və separatçı siyasət, eləcə də böyük dövlətçilik şovinizmi nəticə etibarilə milli münaqişələrə gətirib çıxarır. Millətlərarası münaqişələrə sosial-iqtisadi, mədəniyyət və dil, ərazi status, separat münaqişələr daxildir. Bu münaqişələri bəzi avantürist siyasətçilər də yarada bilir. Münaqişədə iştirak edən tərəflərin hərəsi öz mövqeyini, tələblərini müxtəlif ideoloji vasitələrlə irəli sürürlər. Bunun da nəticəsində konfliktlər dərinləşib yeni mərhələyə qədəm qoyur, daha çox və yeni qüvvələri öz ətrafında toplayır. Bu məqsədləri başa düşməyən xalq həmin münaqişələrə cəlb olunur və siyasətçilərin millətin mənafeyindən yüksək duran cılız şəxsi niyyətinin qurbanı olur.

Millətçilikdə etnik (kultural) və vətəndaş (siyasi) millətçiliyi fərqləndirmək lazımdır. Belə ki, kultural millətçilik yerli dili, ənənəvi həyat tərzini, adətləri və s. saxlamaq tərəfdarı kimi çıxış edir. Vətəndaş millətçiliyi isə hər şeydən əvvəl siyasi muxtariyyəti və suvereniteti qoruyub saxlamaq uğrunda mübarizə aparır. Türkçülük kultural millətçiliyə, azərbaycançılıq isə vətəndaş millətçiliyinə aid edilə bilər. Təqribən bu cür mövqedən çıxış edən digər tədqiqatçıların fikrincə, “milli ideologiya” və “millətçilik ideologiyası” terminlərini fərqləndirmək lazımdır [18, s.184]. Onlar öz fıkirlərini belə əsaslandırırlar ki, “milli” anlayışı ilə “millətçilik” anlayışını qarışdırmaq düzgün deyildir. Belə ki, “millətçilik” anlayışı bir millətin keyfiyyətlərini şişirtmək, nöqsanlarına isə göz yummaq yolu ilə onu digər millətlərə qarşı qoymaqdırsa, “milli” anlayışı millətin öz milli mənliyini, milli şüurunu, mədəniyyətini, dinini, tarixini, adət ənənəsini və s. layiqincə qiymətləndirilməsini, bununla yanaşı digər millətlərə də hörmət və ləyaqətlə yanaşmasını ifadə edir. Dar mənada “millətçilik” anlayışi hər hansı bir millətə olan mənsubiyyəti, milli dili, mədəniyyəti, milli psixologiyanı, mənlik şüurunu ifadə edirsə (məsələn, milli dil, milli psixologiya, milli mənlik şüuru, milli təəssübkeşlik, milli mentalitet, milli özünüdərk, milli mənsubiyyət və s.), “milli” anlayışı “dövlət” anlayışı ilə sinonim (milli iqtisadiyyat, milli ordu, milli sərhədlər, milli ərazi, milli komanda və s.) işlənir. Müasir mənada ideologiya cəmiyyətin onun siyasi sisteminin iqtisadi, siyasi, ictimai və mənəvi fəaliyyətində əsas kimi qəbul etdiyi və rəhbər tutduğu ideya və prinsiplərin cəmini ifadə edir. Məhz bu səbəbdən də ideologiya heç vəchlə sözün dar mənasında tamamilə milli məzmun ala bilməz. Bu, ideologiyanın məhdudlaşdırılması və cılızlaşması, ucuz populist məzmun alması olardı. Hər bir cəmiyyətin müxtəlif həyat sahələrinin idarə edilməsi konkret ölkənin bütün spesifik cəhətləri nəzərə alınmaqla bəşəri ideya və prinsiplər, bu ideya və prinsiplərin zəminində duran sosial, siyasi və iqtisadi qanunlar əsasında həyata keçirilməlidir. Bir cəhəti də qeyd etmək lazımdır ki, milli ideologiyanın rolunu mütləqləşdirmək olmaz, о müvəqqəti və keçicidir [22, s.235]. Ümumiyyətlə, heç zaman, heç yerdə xalis milli ideologiya ola bilməz. Hər xalq, hər ölkə xalqlar və sivilizasiyalar şəbəkəsində yaşayır, onlar bir-birindən təcrid ola bilməzlər. Yalnız milli ideologiyaya qapanmaq cəhdi faciələrlə nəticələnə bilər.

Millətçilik tez-tez siyasi və etnik vahidlərin birləşdirilməsi tələbinin prinsipi kimi şərh olunur, eləcə də mövcud siyasi vahidlər daxilində idarə edənlərin və idarə olunanların eyni etnosa mənsub olması kimi əsaslandırılır. Milli ideologiyaya belə mövqedən yanaşmaq millətin yaradıcı surətdə özünü açıqlaması sferası, xalqın özünü tənzimləməsinin və inkişafının güclü vasitəsi kimi izah olunur. Yeri gəlmişkən qeyd edək ki, son zamanlar Azərbaycanın vahid milli dövlət ideologiyasının formalaşdırılması zərurətindən danışılanda da əsas diqqət birləşdirici amil kimi ümummilli maraqları əks etdirən azərbaycançılıq ideologiyasının təbliğinə verilir. Cəmiyyətin müxtəlif sinif, təbəqə, etnos və qruplarının plüralist maraqlarının harmonik şəkildə milli ideologiyada birləşdirilməsi, dünya mədəniyyətinin mütərəqqi yenilikləri ilə harmonik vəhdətinə əsaslanaraq, demokratik prinsiplərlə ümummilli maraqları özündə birləşdirən yeni ideologiyanın yaranması vəzifə kimi göstərilir [1, s.56].

Azərbaycanda müstəqilliyin ilk illərində milli ideologiya probleminə yanaşmada müxtəlif fikirlər mövcud idi. Bəziləri islamda, digərləri türkçülükdə görürdü. Məsələn, belə fikirlər səslənirdi [səh. 54-55] ki, dövlətçilik, millətçilik, demokratizm və azərbaycançılıq ideyaları türkçülük və islamçılığı (islam fundamentalizmi istisna olmaqla) özündə birləşdirərək yeni bir xətt götürmək lazımdır.

Cəmiyyətimizin gələcək həyatında islam dini dəyərlərini yüksək tutmaqla müasirlikdən irəli gələn dünyəvlik prinsipi aparıcı olmalıdır. İnsanların həyatında, cəmiyyətin keçmişində, indisində və gələcəyində dinin oynadığı və oynayacağı rol nə qədər böyük olsa da, unudulmamalıdır ki, inam və etiqad hər bir vətəndaşın vicdan məsələsidir. Bu mənada, dindən siyasi məqsədlər üçün istifadə etmək heç cür məqbul sayılmamalıdır. Türkçülük prinsipi məhz azərbaycançılığı qoruyan prinsipdir. Azərbaycanın gələcəyini bu prinsipi yüksək tutan xalqımız qura bilər. Həm sosial, həm də coğrafi mənada konkret tarixi şəraitdən asılı olaraq aktuallaşan azərbaycançılıq türkçülüyü tamamlayan prinsip olmalıdır. Beləliklə, bizim ideologiyamız azadlığa, dövlətçiliyə, ədalətə, türkçülüyə, azərbaycaııçılığa, müasirliyə və dünyəviliyə əsaslanan bir ideologiya olmalıdır. Azərbaycançılıq, əslində dövlət ideologiyası kimi milli-mənəvi dəyərlərin qorunmasında əsas amillərdən biridir [8, s.81].

İnsana öz həyatının mənasını anlamaqda, axtarıb-tapmaqda və reallaşdırmaqda fundamental əsası olan milli ideologiya, hər şeydən əlavə, insanda və cəmiyyətdə insanlıq uğrunda mübarizədir, vicdana və məsuliyyətə çağırışdır. Bu çağırış bir çoxları üçün nə qədər də arxaik, dəbdən düşmüş olsa da, onsuz heç bir dolğun, mütərəqqi həyat mümkün deyil.

Milli iedologiya məhz о fenomen-varlıqdır ki, bir tərəfdən, ictimai əhəmiyyətli, taleyüklü problemlər üzərində düşünməyi cəmiyyət üzvlərinə aşılayır, məna axtarışında və reallaşmasında insanı öz “həcm”indən kənara çıxmağa – transsendləşmə prosesinə sövq edir və burada ona yardımçı olur, digər tərəfdən unikal insan mövcudluğunun özü üçün oriyentirlər verir, istiqamətverici ideya və prinsiplər, təsəvvürlər sistemi ortaya qoyur.

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov həb 1997-ci ildə “ideologiya və ictimai-siyasi fıkir” adlı məqaləsində yazdığı kimi, müstəqilliyimizin ilk çağlarında “ideologiyasızlaşdırma kampaniyasının səbəblərindən biri, ümumiyyətlə, “ideologiya” anlayışının о vaxta qədər yeganə leqal ideoloji sistem olan kommunist ideologiyası ilə eyniləşdirilməsi idisə, digər səbəb dövlətin başında duran adamların yeni dövrün ümumi səciyyəsini vermək, siyasi, iqtisadi, mədəni inkişaf perspektivlərini müəyyənləşdirmək, xalqın, dövlətin ümummilli mənafeyini elmi şəkildə şərh etmək, mənəviyyatın bütün sahələrini əhatə edən ideyaları ümumiləşdirib konsepsiya səviyyəsinə qaldırmaq iqtidarında olmaması idi” [10, s.65].

Yeri gəlmişkən, milli ideologiyaya münasibətdə formalaşmış laqeydlik müəyyən qədər Sovetlər İttifaqının dağılması ilə bağlı olmuşdur, daha dəqiq desək, bu dağılma prosesini düzgün anlamamaq nəticəsində yaranmışdır. Bu günün özündə də çoxları belə düşünürlər: SSRİ yeganə və vahid bir hakim ideologiya – kommunist ideologiyası çərçivəsində yaşamağa iddialı və qərarlı olduğundan süquta uğradı və dağıldı, ona görə də, əgər biz demokratik cəmiyyət qururuqsa, rəsmi hakim ideologiya ola bilməz. Bəziləri isə, bir qədər də yanlışlığa vararaq və qabaqcıl ölkələrin inkişaf tarixindən səhv nəticə çıxararaq, deyirlər: “hər cür ideologiya buxovundan azad olmaq lazımdır”, “cəmiyyətin mütərəqqi inkişafı onun ideologiyasızlaşdırılmasındadır”.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində yazır: “Ötən illərin tarixi təcrübəsi göstərmişdir ki, cəmiyyətdə canlı və anlaşıqlı ideya olmadıqda, dövlətin və millətin siyasi, iqtisadi və mənəvi inkişafının əsasları sayılan ideoloji oriyentirlər olmadıqda hökmən boşluq yaranır və o, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və ideologiyaların qarışığı ilə dolur. Bu, dövlətçiliyin formalaşması prosesinə və millətin simasına mütləq təsir göstərir. 1991-1993-cü illərin praktikası göstərdi ki, dövləti kortəbii, situativ şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq nəyə gətirib çıxara bilər. Odur ki, ideoloji sistemi cəmiyyəti mənən dirçəltməyə, onun yaradıcılıq potensialmı gücləndirməyə, ictimai şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir struktur kimi qurmaq niyyəti Heydər Əliyev siyasətinin əsası olmuşdur” [15, s.457].

Müasir Azərbaycanın dirçəldilməsində və inkişafında, onun müstəqilliyinin və dövlət suverenliyinin möhkəmlənməsində, milli maraqların ardıcıl olaraq müdafıə edilməsində və reallaşdırılmasında, [səh. 55-56] milli inkişaf konsepsiyasının həm müəyyənləşməsində, həm də uğurla həyata keçirilməsində danılmaz xidmətləri olan dəyərli şəxsiyyətlərimiz dönə-dönə milli ideologiyanın vacibliyindən, əhəmiyyətindən, onun kəsb etdiyi məzmun-mahiyyətindən, səciyyəvi xüsusiyyətlərindən, məqsəd və vəzifələrindən, aparıcı ideya-prinsiplərindən danışmış, istiqamət vermişlər, eyni zamanda problemlə bağlı xeyli praktiki və nəzəri işlər görmüşlər.

Sözsüz ki, bugünkü Azərbaycan cəmiyyəti üçün milli ideya axtarışları mühüm əhəmiyyət kəsb edir, ona görə də milli ideologiyamızın nədən ibarət olacağı məsələsi bu gün istər ictimaiyyatşünas alimləri, istərsə də geniş xalq kütlələrini maraqlandıran məsələlərdən biri sayılır. Tədqiqatçıların bir qrupu demokratik cəmiyyətlərdə vahid ideologiyanın bərqərar olmasını absurd sayır. Azərbaycan vətəndaşlarının vahid bir ideya-siyasi xətt ətrafında birləşməsi zərurətini cəmiyyətimizin istər iqtisadi, istərsə də sosial-siyasi sahələrdə keçid dövrünü yaşaması, respublikamızın ərazisinin təcavüzə məruz qalması, qaçqınlıq, məcburi köçkünlük, işsizlik kimi sosial bəlalarla üzləşməsi ilə əlaqələndirir. Vahid milli ideologiyanın yaradılması cəmiyyətdə milli həmrəyliyin yaradılmasına xidmət etməlidir. Milli ideologiya azərbaycanlıların milli idealı olan azadlıq və müstəqilliyin, milli inkişafın təmin olunmasına, respublikanın ərazi bütövlüyünün qorunub saxlanmasına, xarici təcavüzlərdən etibarlı müdafıə olunmasına və bu işdə etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların iştirakının təmin olunmasına xidmət etməlidir. Milli ideologiya, habelə azərbaycanlıların bır millət kimi formalaşmasına, azərbaycançılıq şüurunun bütün vasitələrlə inkişaf etdirilməsinə, Azərbaycan Respublikasına mənsubluq, onun maddi və mənəvi sərvətlərinin tam və bərabərhüquqlu sahib olmaq şüurunun möhkəmləndirilməsinə xidmət etməlidir.

 

Açar sözlər: azərbaycançılıq, modernləşmə, ideologiya, qloballaşma, dəyər

 

İstifadə edilmiş ədəbiyyat

1.                      Azərbaycanda yeniləşmə prosesinin sosial-fəlsəfi problemləri (məqalələr toplusu) / Bakı: “Elm”, 1998,95 s.

2.                      Арон Р. Демократия и тоталитаризм / М.: Текст, 1993, 303 с.

3.                      Белл Д. Грядущее постиндустриальное общество: Опыт социального прогнозирования. Пер. с англ. под ред. В.J1.Иноземцева. М.: 1999, 956 с.

4.                      Бердяев. Философия свободного духа. М.: Республика, 1994, 450 с.

5.                      Берк Э. Размышления о революции во Франции // Социологические исследования, 1991, №6, с. 114-121.

6.                      Бжезинский 3. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международные Отношения, 2000, 256 с.

7.                      Dahl R. Demokratiya haqqında. Bakı: Azərbaycan, 2004, 248 s.

8.                      Həsənov A. Milli ideologiya və milli mənəvi dəyərlər. Bakı: Təknur, 2013, 175 s.

9.                      Хеффе О. Плюрализм и толерантность: к легитимации в современном мире // Философские науки, 1991, № 12, с. 3-9

10.                  Xəlilov S.S. Fəlsəfədən siyasətə. Bakı: 1998, 340 s.

11.                  Kərimov Y. Demokratiya bəşəriyyətin bu günü və sabahı. Bakı: 2009, 387 s.

12.                  Qloballaşma və Azərbaycan mədəniyyəti / II Respublika elmi-praktiki konfransının materialları. Bakı: Araz, 2004, 440 s.

13.                  Гаджиев K.C. Консерватизм: современные интерпретации. / Научно-аналитический обзор. М.: ИНИОН, 1990, 50 с.

14.                  Мангейм К. Идеология и утопия // Утопия и утопические мышления. Пер. с общ. ред. В.А. Чаликовой. М.: Прогресс, 1991, 404 с.

15.                  Mehdiyev R. Yeni siyasət: inkişafa doğru. I cild. Bakı: 2008, s. 457-458

16.                  Мельвиль А.Ю. Социальная философия современного американского консерватизма. М.: Политиздат, 1980, 143 с. [səh. 56-57]

17.                   Михельс Р. Рабочие вожди пролетарского происхождения//Диалог, 1990, №18, с.53-56.

18.                  Parenti М. Seçilmişlər üçün demokratiya. Bakı, 2008, 512 s.

19.                  Rüstəmov Y. Siyasi-hüquqi təlimlər tarixi (mühazirə kursu). Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 2000, 318 s.

20.                  Смит А. Исследование о природе и причинах богатства народов (Вступ. статья и коммент. В.С. Афанасьева). М.: Соцэкгиз, 1962, 684 с.

21.                  Современный консерватизм / (К.С.Гаджиев, С.П. Перегудов, В.А. Скорорходов и др.; Отв. ред. С.П. Перегудов, В.А. Скорорходов); Рос. АН, Ин-т мировой экономики и междунар. Отношений. М.: Наука, 1992, 262 с.

22.                  Stiqlitz J. Qloballaşma və onun doğurduğu narazılıqlar / ingilis dilindən tərcümə. Bakı: Xəzri Ekspress MMC, 2004, 317 s.

23.                  Вебер М. Избранные произведения / Пер. с нем. Сост., общ. ред. и послесл. Ю.Н. Давыдова; Предисл. П. Гайденко. М.: Прогресс, 1990, 804 с.

 

Илхам Солтанов

РОЛЬ НАЦИОНАЛЬНОЙ ИДЕОЛОГИИ И ИНФОРМАЦИИ В РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОГО ГОСУДАРСТВА РЕЗЮМЕ

В статье анализируются моральные и идеологические аспекты формирования национальной идеологии в Азербайджане, были выдвинуты мнения ученых и исследователей, изложивших свои взгляды и мнения по поводу этой сферы. Отмечено, что, в условиях модернизации должна быть связь между новыми и национально-нравственными ценностями. Развитие национальной идеологии имеет важное значение с точки зрения сохранения национально-нравственных ценностей и это служит обеспечению идеологической сохранности. В то же время отмечено, что национальная идеология должна служить обеспечению свободы и независимости, национальному развитию, сохранению территориальной целостности республики, надежной защиты от внешних агрессий.

Ключевые слова: азербайджанство, модернизация, идеология, глобализация, ценность

 

Ilham Soltanov

ROLE OF NATIONAL IDEOLOGY AND INFORMATION IN THE DEVELOPMENT OF THE AZERBAIJAN STATE

SUMMARY

Moral and ideological aspects of formation of national ideology in Azerbaijan are analyzed; opinions of the scientists and researchers who stated opinions on this sphere were put forward in the article. It is noted that, in the conditions of modernization there has to be a communication between new and national moral values. Development of national ideology is important from the point of view of preservation of national and moral values and it serves ensuring ideological safety. At the same time it is noted that the national ideology has to serve ensuring freedom and independence, national development, preservation of territorial integrity of the republic, reliable protection against external aggressions.

Key words: azerbaijanism, modernization, ideology, globalization, value